Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1285/2021 16.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X4, Cavabdeh1 vəkili və nümayəndəsi X3, İşə cəlb edilməyən, lakin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı bağışlama müqavilənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)-9559/2015 saylı qətnaməsindən işə cəlb edilməyən, lakin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh2 tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)-9559/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. (hakim İ.Məmmədov) Qətnamədən narazı qalan Cavabdeh2 ondan apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın isə rədd olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhəri, 6-cı mkr., 27 saylı evin 170 saylı mənzilinə dair onunla Cavabdeh1 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli bağışlama müqaviləsinin, habelə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı yeni iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhəri, 6-cı mkr., 27 saylı evin 170 saylı mənzilinə dair onunla Cavabdeh1 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evin 170 saylı mənzili xx.xx.1985-ci il tarixli, 13/73 saylı order əsasında mərhum həyat yoldaşı X8 verilmişdir. Əri xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. xx.xx.2003-cü il tarixdə mənzil kirayə müqaviləsi onun adına bağlanmışdır və xx.xx.2009-cu il tarixdən həmin mənzil onun xüsusi mülkiyyətində olmuşdur. Uzun illərdir ki, o, “epilepsiyanın generalizə olunmuş fonu, təşviş pozuntusu” diaqnozu ilə müalicə olunur. xx.xx.2012-ci il tarixdə övladı-Cavabdeh1 onun xəstəliyindən istifadə edərək, onu notariat kontoruna aparmış, həmin mənzili ona bağışlamağına dair müqaviləni imzalatdırmışdır. Halbuki, onun mübahisəli mənzili cavabdehə bağışlamaq niyyəti olmamışdır. Bu yaxınlarda Mənzil İstismar Sahəsindən müvafiq arayış alarkən ona məlum olmuşdur ki, mülkiyyətindəki mənzilini qızları öz adlarına sənədləşdirmişlər və 10 nəfərə qədər ailə üzvlərini həmin mənzilə qeydiyyata aldırmışlar. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Hazırkı iş üzrə iddiaçı onun anası, digər cavahdeh isə bacısıdır. Mübahisəli mənzil ilkin olaraq mərhum atası X9 adında olmuşdur. xx.xx.2002-ci il tarixdə atası vəfat etmişdir. Öldükdən bir neçə müddət əvvəl, atası şifahi şəkildə mülkiyyətində olan bu mənzili hətta bir neçə qohumların şahidliyi ilə onun böyük qızı Bağırova Aydana vəsiyyət etmişdir. Bu vəsiyyətanmənin yazılı olmaması və anasının hələ sağ olması səbəbindən evi övladının adına keçirtmək mümkün olmamışdır. Lakin bır müddət sonra, bu mənzil anasının mülkiyətinə verilmişdir. Anası həmin mübahisəli mənzili bankdan pul götürmək məqsədi ilə xx.xx.2012-ci il tarixli bağışlanma müqaviləsi ilə Cavabdeh1 bağışlamışdır. Günay kredit borcunu vaxtında ödəmədiyinə görə mənzil bank tərəfindən satışa çıxarılmışdır. Günay bununla bağlı ona müraciət edərək banka 18500 manat məbləğində borcu yarandığını bildirmişdir. Əgər bəmin məbləğ ödənilməzsə, ev bank tərəfindən dəyər-dəyməz qiymətinə satışa çıxarılacaqdır. Həmin borcu bağlamağı, əvəzində də evin yarısının onun adına keçirəcəyinə dair aralarında şifahi razılığa gəlmişlər. X1 əlbəəl Günaya 18500 manat məbləğində pul vermişdir. Həmin pulla ev bankdakı girovluqdan çıxarılmış, xx.xx.2013-cü il tarixli bağışlanma müqaviləsi ilə həmin evin A hissəsini Güııay ona bağışlamışdır. Atası öləndən hazırkı vaxta kimi bu mənzildə kirayəşinlər yaşamış, kirayə pulunu iddaçı və cavabdeh almışlar. Məhkəmə proseslərinin yeri və vaxtı haqqında ona heç bir bildiriş göndərilməmiş, onun məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Bu qətnamədən isə İddiaçı ona qarşı mənzilə istifadə hüququnun xitam verilməsi tələbinə dair mübahisəyə dair məhkəmə prosesləri zamanı məlumatı olmuşdur. Qətnamədə qeyd edildiyi kimi Cavabdeh1 anasını aldadaraq mənzili öz adına keçirtmişsə, bunun ona heç bir aidiyyəti yoxdur. O, heç kəsi aldatmamış, mənzilin yarısını qanuni yolla əldə etmişdir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətini müdafiə edib şikayətin təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, hazırki məhkəmə mübahisəsinin təşklatçısı bacısı Cavabdeh1dır. Anasının bu işlərdən xəbəri olmadığı kimi, marağı da yoxdur. İddia ərizəsində yazılanlar həqiqəti əks etdirmir. Anası tam fəaliyyət qabiliyyətli insandır. Yaşına görə müəyyən xəstəlikləri olsa da ağlı, huşu üstündədir. Əks təqdirdə o, bu iddianı necə qaldıra bilərdi. Bundan əlavə Günay mənzilin bir hissəsini ona bağışayanda anasının da razılığı olub və o, şəxsən norariusa gedib, razılıq ərizəsi yazıb. İddiaçı vəkili və nümayəndəsi X10 və Cavabdeh1 vəkili və nümayəndəsi X7 məhkəmə kollegiyasının iclasında bildirdilər ki, qətnamə qanunidir və apelyasiya şikayəti əsassızdır, buna görə də şikayət təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə şöbəsinin Sumqayıt 3 saylı şəhər poliklinikasının xx.xx.2015-ci il tarixli arayışından görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X5 “epilepsiyanın generalizə olunmuş fonu, təşviş pozuntusu” diaqnozu ilə Sumqayıt 3 saylı şəhər poliklinikasında tibbi müayinə olunmuşdur. Yenə işdə olan Sumqayıt şəhər 13 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2015-ci il tarixli, 2 saylı forma və ətraflı arayışlarından görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 27-də yerləşən 170 saylı mənzilin sahibi Cavabdeh1dır və 9 (doqquz) nəfər həmin mənzildə daimi qeydiyyatdadırlar. Yenə də işdə olan MH ******* saylı, xx.xx.2009-cu il tarixli reyestrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 27-də yerləşən 170 saylı mənzilin mülkiyyətçisi X2r. İşə əlavə olunan xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinin surətindən müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 14/30-44 nömrəli arayışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinin 21,09.2009-cu il tarixli, MH ******* saylı çıxarışına əsasən Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evdə yerləşən ümumi sahəsi 54,4 kv.metr, yaşayış sahəsi 29,3 kv.metr, yardımçı sahəsi 25,1 kv.metr olan iki otaqlı 170 saylı mənzilini övladı-Cavabdeh1 bağışlamışdır. Yenə işə əlavə edilmiş RX ******* saylı, xx.xx.2012-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 27-də yerləşən 170 saylı mənzilin mülkiyyətçisi Cavabdeh1dır. Yenə də işə əlavə edilmiş xx.xx.2013-cü il tarixli mənzilin bağışlama müqaviləsinə dair notariat işinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 14A/461 nömrəli arayışına və Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, RX ******* saylı çıxarışına əsasən Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evdə yerləşən ümumi sahəsi 54,4 kv.metr, yaşayış sahəsi 29,3 kv.metr, yardımçı sahəsi 25,1 kv.metr olan iki otaqlı 170 saylı mənzilinin “A” hissəsini bacısı Cavabdeh2 bağışlamışdır. Bu zaman İddiaçı xx.xx.2013-cü il tarixli razılıq ərizəsi yazmışdır. İşdə olan RX ******* saylı, xx.xx.2013-cü il tarixli reyestrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 27-də yerləşən 170 saylı mənzilin 1\2 hissəsinin mülkiyyətçisi Cavabdeh2 Vəli qızıdır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)-9559/2015 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisə araşdırılarkən birinci instansiya məhkəməsi tərəfindən kobud prosessual pozuntulara yol verilmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı məhkəməyə birinci dəfə iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhəri, 6-cı mkr., 27 saylı evin 170 saylı mənzilinə dair onunla Cavabdeh1 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli bağışlama müqaviləsinin, habelə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə bu tələb üzrə icraata başlamışdır. Məhkəmənin gedişatında İddiaçı yeni iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhəri, 6-cı mkr., 27 saylı evin 170 saylı mənzilinə dair onunla Cavabdeh1 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə birinci iddia üzrə heç bir prosessual araşdırma aparmamış, bu tələb üzrə qərar qəbul etməmiş, yalnız sonrakı iddia üzrə məhkəmə araşdırması apararaq yekun nəticəyə gəlmişdir. Birinci iddia ərizəsində Cavabdeh2 cavabdeh kimi göstərilsə də, sonrakı iddida cavabdeh olaraq yalnız Cavabdeh1 göstərilmişdir. Başqa sözlə, iddiaçının birinci iddiası üzrə Cavabdeh2 qarşı tələbindən imtina edib-etməməsi məlum olmur. Beləliklə də, məhkəmənin gəldiyi nəticə mübahisəli mənzilin mülkiyyətçilərindən olan Cavabdeh2 hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, o, işə cəlb edilməmiş, onun hüquq və vəzifələrinə dair məsələ həll edilmişdir. Halbuki, AR MPM-nin 9-cu maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 57.1-ci maddəsinə görə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Qeyd edildiyi kimi, Cavabdeh2 birinci iddia üzrə cavabdeh olsa da, ikinci iddia üzrə cavabdehlikdən çıxarılmış, mübahisəli mənzilin mülkiyyətçilərindən biri olmasına baxmayaraq, o, yeni tələb üzrə ən azı məhkəmənin təşəbbüsü ilə üçüncü çəxs kimi icraata cəlb edilməmiş, son nəticədə onun hüquqlarına toxunan qətnamə qəbul edilmişdir. Bundan əlavə, yaranmış mübahisə üzrə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından göründüyü kimi, İddiaçı Sumqayıt şəhəri, 6-cı mkr., 27 saylı evin 170 saylı mənzilinə dair onunla Cavabdeh1 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması barədə tələb irəli sürmüşdür. Bu zaman iddiaçı əsas dəlil kimi “epilepsiyanın generalizə olunmuş fonu, təşviş pozuntusu” diaqnozu ilə müalicə olunmasına, xx.xx.2012-ci il tarixdə qızı Cavabdeh1 onun xəstəliyindən istifadə edərək, onu notariat kontoruna aparmasına, həmin mənzili ona bağışlamağına dair müqaviləni imzalatdırmağına, onun isə mübahisəli mənzili cavabdehə bağışlamaq niyyəti olmamasına istinad etmişdir. İddiaçı iddia edir ki, qızları tərəfindən hüquqlarının pozulmasını mənzilə dair arayış alarkən 2015-ci ildə bilmişdir. İşin tədqiq olunan faktiki hallarına qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mübahisəli mənzilin bağışlanmasına dair müqavilənin etibarsızlığına əsas verən hallar müəyyən edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakı hüquq normalarına istinad etməyi zəruri hesab edir. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki hüquqla tənzimlənən münasibətlər sahəsində tətbiq olunan müqavilələr mülki hüquqi müqavilələr anlayışı ilə əhatə olunur və hüquqi fakt, müqavilə öhdəliyi, sənəd mənasında işlədilir. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Yuxarıdakı normaların tələblərindən görünür ki, mülkiyyətçi özgəninkiləşdirilməsi məhdudlaşdırılmayan daşınmaz əmlakını notariat qaydasında təsdiqlənən müqavilə bağlamaqla digər şəxsə bağışlaya bilər və onun tərəfindən əmlakın qəbul edilməsi ilə bağışlama müqaviləsi bağlanmış sayılır. Eyni zamanda bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Mülki Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. İşin tədqiq olunan faktiki hallarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə AR Mülki Məcəlləsinin 673-cü maddəsi ilə müəyyən edilmiş bağışlamaqdan imtina üçün də heç bir əsas mövcud deyildir. İşdən göründüyü kimi iddiaçı ərizəsində Mülki Məcəllənin 673-cü maddəsinə istinad etsə də, lakin o, bağışlamadan imtina barədə iddia qaldırmamış, müqavilənin etibarsızlığını tələb etmişdir. Bu tələbi irəli sürərkən o, tələbin hüquqi əsası kimi Mülk Məcəllənin 339.2, 339.3-cü maddələrinə istinad etmiş, işə baxan məhkəmə də iddianı təmin edərkən maddi hüquq norması kimi həmin maddələrə istinad etmişdir. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarında aldatma ilə bağlı qeyd edilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (Mülki Məcəllənin 339.2. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin aldadılması ilə əqd barədə yanlış təsəvvür yaratmaqla iradəsinə zidd əqd bağlanmasının müəyyənləşdirilməsindən ötrü, şəxs həmin halları təsdiq etməlidir. İşdən görünür ki, hazırkı iddiada İddiaçı xəstəliyindən istifadə edən qızı Cavabdeh1 tərəfindən notariat kontoruna gətirildiyini, məlum bağışlama müqaviləsi imzalatmasını göstərmiş və qeyd etmişdir ki, onun mübahisəli mənzili qızı Cavabdeh1 bağışlamaq niyyəti olmamışdır. İş materiallarında İddiaçı “epilepsiyanın generalizə olunmuş fonu, təşviş pozuntusu” diaqnozu ilə Sumqayıt 3 saylı şəhər poliklinikasında tibbi müayinə olunması barədə xx.xx.2015-ci il tarixli arayış olsa da(mübahisələndirilən müqavilə xx.xx.2012-ci ildə bağlanmışdır), onun fəaliyyət qabiliyyətsiz hesab olunması barədə hər hansı mötəbər sübut növü (məhkəmə aktı, müavfiq icra hakimiyyəti orqanının sərəncamı, ekspertiza rəyi və s.) yoxdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xəstəliklə bağlı dəlili öz təsdiqini tapmır. Digər tərəfdən işdən göründüyü kimi həmin bağışlama müqaviləsindən 17 ay sonra, mənzilin yeni mülkiyyətçisi Cavabdeh1 mənzilin yarısını yeni bağışlama müqaviləsi ilə bacısı Cavabdeh2 bağışlamış, bu zaman İddiaçı həmin əqdin bağalnması üçün notarial qaydada təsdiq edilmiş razılıq vermişdir. “Notariat haqqında” AR Qanununun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. AR Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 19--cu bəndinə əsasən, əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır. Həmin Təlimatın 39-cu bəndinə əsasən, əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyə və ya ağılı zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini, yaxud spirtli içkilərdən və ya narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salmasını, yaxud digər israfçılıq hərəkətləri ilə ailəsini dolanacaq xərclərindən məhrum etməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır Yuxarıdakı normaların tələblərindən görünür ki, notarius əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyətini və əqdin məzmununa onların həqiqi niyyətini aydınlaşdırır. Əks halda prosesi təxirə salaraq, müvafiq tədbirlər görür. İşə əlavə olunmuş bağışlama müqavilələrinə dair sənədlərdən görünür ki, notarius bu vəzifəsini yerinə yetirmişdir. Hazırki halda notariusun həmin hərəkətləri etməməsinə dair iddia tərəfi heç bir sübut təqdim edə bilməmişdir. Başqa sözlə, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, mövcud əqdin bağlanması zamanı Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmiş və mülki qanunvericilikdə nəzərdə tutulan şərtlər pozulmamışdır. Digər tərəfdən, işdən görünür ki, hazırda mənzilin yarısının, yəni 2/1 hissəsinin mülkiyyətçisi Cavabdeh2dır, onun mülkiyyət hüququna dair rəsmi reyestrdə qeydiyyat hazırda qüvvədədir, bu və ya digər qaydada mübahisələndirilməmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırkı iddianı qaldırarkən müddəti ötürmüşdür. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İş materiallarından görünür ki, İddiaçı bağışlama müqaviləsini xx xxxx 2012-ci il tarixdə imzalamış, lakin bu müqaviləni xx xxxxxxxx 2015-ci ildə mübahisələndirmişdir ki, bununla da qanunla nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmüşdür. Başqa sözlə, İddiaçı hazırkı iddiasını xx xxxx 2013-cü ilədək qaldırmadığından, bağışlama müqaviləsini mübahisələndirmək hüququnu itirmişdir. Qeyd edilənlərlə yanaşı işdən görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh iddianın etirafı haqqında məhkəməyə ərizə təqdim etmiş və işə baxan məhkəmə də cavabdehin iddianı etirafını qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul etməklə MPM-in 52.5-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin normaya əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. İddiaçı hər iki iddia ərizəsində mülkiyyətində olmuş mənzilin onun iradəsinə zidd olaraq qızları tərəfindən öz adlarına sənədləşdirilməsini vurğulamış, bu səbəbdən də hazırki iddianı qaldırdığını bildirmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi işə baxan məhkəmə hazırki mübahisəyə birbaşa aidiyyatı olan digər şəxs də olmasını bilə-bilə, buna əhəmiyyət verməmiş, Cavabdeh2 işə cəlb etməmiş, onun hüquqlarını və qanunla qorunan mənafeyini pozmasına baxmayaraq cavabdehin iddianı etirafını qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual normaları kobud şəkildə pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)- 9559/2015 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı tutularaq ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)-9559/2015 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və İddiaçı Cavabdeh1 qarşı bağışlama müqavilənin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmasın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh2 qaytarılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1285/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1285/2021
16.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver