Məhkəmə qərarları › İş №2(105)-1286/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1286/2021

16.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1286/2021 16.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(067)-44/2019 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(067)-44/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına qoyulmuş darvazanın götürülməsi, maddi və mənəzi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddiası qismən təmin edilmiş, Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən İddiaçı məxsus 56 kv.metr ölçüdə olan mağazanın qarşısında quraşdırılmış darvazanın cavabdehlərin hesabına çıxarılaraq ərazinin əvvəlki vəziyyətinə gətirilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmiş, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona dəymiş maddi zərərin əvəzi olaraq 27280 manat və mənəvi zərərin əvəzi kimi 50000 manat, cəmi 77280 manat pulun alınıb ona verilməsi, habelə cavabdehlər tərəfindən mağazanın qarşısında özbaşına quraşdırılmış dəmir darvazanın çıxarılaraq ərazinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2013-cü il tarixli, 2(067)-159/2013 saylı qətnaməsi ilə onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və pul tələbinə dair iddiası qismən təmin edilərək Xaçmaz rayonu, Qobuqıraq kəndində yerləşən 0,0075 ha torpaq sahəsində inşa etdiyi 56 kv.metr ölçüdə fərdi mağaza binasının cavabdehlərin qanunsuz istifadəsindən alınaraq ona qaytarılması qət edilmiş, cavabdehlərin ona qarşı çıxarışın və alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Qətnamədən cavabdehlərin verdikləri apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2016-cı il tarixli, 2(105)- 06/2016 saylı qətnaməsi ilə təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2013cü il tarixli, 2(067)-159/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2016-cı il tarixli, 2(102)- 5227/2016 saylı qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2016-cı il tarixli, 2(105)-06/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnamələri ilə qeyd olunan 0,0075 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən mağaza binasının ona məxsus olması tam təsdiq olunmuşdur. Bununla belə məhkəmə qaydasında iddialarının təmin olunmadığını görən cavabdehlər torpaq sahəsinə və mağazaya giriş-çıxış üçün nəzərdə tutulmuş ərazidə özbaşına olaraq dəmir darvaza quraşdırmış, faktiki olaraq mağazanın təyinatına görə fəaliyyət göstərməsinin qarşısını almış, habelə mağazanın içərisində olmuş 3 ədəd soyuducunu, 1 ədəd kondisioneri, vitrinləri və piştaxtaları götürmüş və məhv etmiş, mağazanın yanındakı boş torpaq sahəsində quraşdırdığı talvarı dağıdaraq talan etmiş, ona küllü miqdarda, 10000 manat məbləğində maddi ziyan vurmuşlar. 2013-cü ildən etibarən əmlakından təyinatına görə istifadə edə bilməmiş, hər il orta hesabla mağazadan əldə etdiyi gəlir 4200 manat, ötən 4 il ərzində isə 16800 manat təşkil edir. Bundan başqa, ödənilməmiş elektrik enerjisinə görə 480 manat pul da cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə çəkişmələrini uduzduqdan sonra cavabdehlər tələm-tələsik mağazanın qarşısına dəmir darvaza quraşdırmaqla, faktiki olaraq mağazanı mühasirəyə almış və ona mağazadan istifadə etməsinə imkan verməmişlər. Həmin özbaşına quraşdırılmış darvaza çıxarılaraq ərazi əvvəlki vəziyyətinə gətirilməlidir. Bundan başqa, o, əsassız məhkəmə çəkişmələrinə cəlb edildiyinə, əmlakına küllü miqdarda ziyan vurduqlarına, cavabdehlərin qanunsuz əməlləri nəticəsində əmlakından təyinatına uyğun istifadə edə bilmədiyinə görə ciddi mənəvi iztirablar və sarsıntılar keçirmiş və hazırda da vəziyyəti kritik olaraq qalır, bu səbəbdən ona mənəvi ziyan dəymişdir. Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək ilk iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsi, mağazanın tikintisi və istismarı ilə bağlı çəkdikləri 7750 manat məbləğində xərcin, habelə onlara vurulmuş mənəvi zərərə görə 2000 manat həcmində zərərin əvəzinin, ümumilikdə 9950 məbləğində vəsaitin İddiaçı onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələblərini onunla əsaslandırmışlar ki, 2006-cı ildə İddiaçı Cavabdeh1 və əri Qalib Quliyevə onların alqı-satqı müqaviləsinə əsasən əldə etdikləri həyətyanı torpaq sahəsində mağaza tikib istifadə etmələrini və gəliri bölüşdürmələrini təklif etmişdir. İddiaçı Qarabağ veteranı olduğu üçün imtiyazlı surətdə tikilini sənədləşdirmək imkanı olduğunu demişdir. Onlar razılaşaraq evlərinin qarşısında yerləşən torpaq sahəsində İddiaçı tərəfindən mağazanın tikilməsinə dair notarial qaydada təsdiq olunmuş razılıq vermişlər. 75 kv.metr ölçülü mağazanın ona məxsus torpaq sahəsində tikilməsinə icazəyə dair Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 11.09.2006-cı il tarixli sərəncam verilmiş, bu sərəncam əsasında baş memar tərəfindən eskiz-sxem tərtib olunmuşdur. Lakin mağaza faktiki olaraq onların əmlakları kimi tikilmişdir. Mağazanı Cavabdeh1 əri, həm aldığı kredit vəsaiti hesabına, həm də nisyə aldığı tikinti materialları hesabına tikdirmişdir. Bundan başqa, onlar adlarına kreditlər alıb mağazaya sərf etmişlər. Mağazanın məhz onların əmlakı olduğunu mağazanın üzərindəki reklam lövhəsində Cavabdeh1 ərinin adının - “Qalib” sözünün yazılması da təsdiq edir. Mağaza müvafiq komissiyanın aktı ilə istismara qəbul edilmişdir. 13.12.2006-cı il tarixli müraciətə əsasən mağaza elektrik şəbəkəsinə qoşulmuşdur. Mağazaya 27 mart 2007-ci il tarixdə texniki pasport verilmişdir. 2011-ci ildə mağazanın ona məxsus torpaq sahəsindən kənarda tikildiyi məlum olduqda, İddiaçı onlardan gizlin olaraq mağazanın altındakı torpaq sahəsini Xaçmaz rayonu Qobuqıraq bələdiyyəsindən 20.11.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə İddiaçı təkrarən 75 kv.m sahədə mağaza tikintisinə icazə verilmiş, lakin əvvəl verilmiş sərəncam ləğv olunmamışdır. Göründüyü kimi, mağaza onlara məxsus torpaq sahəsində və onlara məxsus tikinti kimi inşa olunmuş və vəsait əsasən onlar tərəfindən sərf olunmuşdur. Mağazanı Cavabdeh1 satıcı kimi işlətmiş, müvafiq avadanlıqlar almış, əmtəə mallarını da nisyə olaraq firmalardan almışdır. Ərzaq mallarının saxlanması üçün firma su içkiləri üçün soyuducular da vermişdir. Bir neçə ildən sonra mağazanın işlədilməsi ilə bağlı İddiaçıla aralarında narazılıq yaranmışdır. Narazılıqlar ondan yaranmışdır ki, iddiaçı mağazanın gəlirlərini tənasübsüz surətdə öz şəxsi tələbatı üçün istifadə etdiyindən mağazanın fəaliyyətini iflic vəziyyətə çatdırmış, buna görə də yığılmış borcların altından çıxa bilməmişdilər. Bununla bağlı mağazanın fəaliyyəti tam dayandırılmış, satılmamış malları və soyuducuları firmalara qaytarmışlar. Firmalara olan külli miqdarda borcu Cavabdeh1 və əri həm kreditlər hesabına, həm satdıqarı avadanlıqlar hesabına, həm də sair gəlirləri hesabına ödəmişlər. Borcun qaytarılmasında çətinlikləri olduğu üçün hətta firmalardan biri Cavabdeh1 ərini məhkəməyə də vermişdi. Soyuducular və digər əmlakın dəyərinə, habelə elektrik enerjisinə görə 480 manat ödəniş etməyinə dair İddiaçı tələbi bu əsaslara görə uydurmadır və əsassız varlanma məqsədi daşıyır. Əvvəlki məhkəmə çəkişmələri zamanı İddiaçı iddia ərizəsində onlara qarşı tələbində 2 ədəd soyuducunun dəyərinin ödənilməsi tələbini qoysa da, hazırda soyuducuların sayını 3-ə qədər çoxaltmış, əmlak tələbini kondisioner, vitrinlər və piştaxtalar hesabına artırmışdır. Bu hal öz-özlüyündə tələbin yalan olmasına dəlalət edir. İddiaçı əvvəllər verdiyi iddia ərizəsinin əmlak tələbinə, o cümlədən enerji haqqına ondan 584 manat göstərdiyinə dair hissəsi Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2013-cü il tarixli, 2(067)-159/13 saylı qətnaməsi ilə əsassız hesab edilərək təmin edilməmişdir. Buna görə həmin tələb uydurma olması ilə yanaşı, məhkəmə qərarı olduğu üçün təkrarən irəli sürülə bilməz. İddiaçı 4 il ərzində mağazanı təyinatı üzrə istifadə edə bilməməsi bəhanəsi ilə onlardan təzminat istəməsi də bu əsaslara görə əsassız varlanma məqsədi daşıyır. Aralarında mübahisə düşəndən və mağaza tam boşaldıqdan sonra İddiaçı özü mağazanı baxımsız qoymuş, təyinatı üzrə istifadəsi üçün heç bir səy göstərməmişdir. Əvvəlki məhkəmə çəkişmələri zamanı iddiaçı mağazanın onların qanunsuz istifadəsindən alınması tələbini qoysa da, reallıqda həmin mağaza onların istifadəsində olmamışdır. Bu barədə heç bir sübut yoxdur, ola da bilməz. Əvvəlki məhkəmə çəkişmələrinin nəticəsi olan Ali Məhkəmənin qərarından keçmiş 1 ilədək müddət ərzində mağazanın İddiaçı tərəfindən işlədilməməsi də onun bir daha qərəzli tələb irəli sürdüyünə dəlalət edir. Yaşayış məntəqəsinin abadlaşdırılması işləri nəticəsində mağaza daş hasarla küçədən təcrid edilmiş, bu da həmin mağazanın fəaliyyət göstərməklə gəlir mənbəyi olması ehtimalını heçə endirmişdir. Göründüyü kimi, mağazanı işlədə bilməməsi bəhanəsi ilə İddiaçı onlardan böyük həcmdə pul qoparmaq niyyətindədir. İddiaçı özünün olduğunu iddia etdiyi mağazanın qarşısındakı darvazanın sökülməsini də bu əsasa görə tələb edə bilməz. Mağazanın giriş-çıxışını onlar bağlamamışdır. Yaşayış məntəqəsinin abadlaşdırılması zamanı daş hasar tikilərkən onların evinə giriş-çıxış üçün hasarda yer saxlanılmış və darvaza məhz həmin yerdədir. Sözügedən hasarda 2 darvaza üçün yer saxlanılmışdı. Darvaza qoyulmadığı üçün ikinci yer hasarla hörülmüşdür. Bu darvazanın və daş hasarın yerləşdiyi torpaq sahəsinin İddiaçı mağaza tikintisi üçün Qobuqıraq bələdiyyəsi tərəfindən sənədlər saxtalaşdırılmaqla satılmış torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Buna görə də dəmir darvazanın sökülməsi barədə tələb də əsassızdır. İddiaçı hər hansı zərər vurmadıqları, onlara qarşı irəli sürdüyü əmlak tələbi əsassız olduğu üçün iddiaçıya hər hansı mənəvi zərər vurulmamışdır. Buna görə də iddiaçının mənəvi zərərin əvəzi olaraq onlardan pul tələb etmək ixtiyarı yoxdur. İddiaçı iddialı olduğu mağazaya mülkiyyət hüququnu təsdiq edən sənədi belə yoxdur. Mağaza qanunsuz olaraq satılmış, yüksək gərginlikli elektrik xəttinin altında yerləşən torpaq sahəsində inşa edildiyi üçün Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən mağazaya mülkiyyət hüququ qeydə alınmır. Dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlakla bağlı hüquqların müdafiəsinə isə dövlət təminat vermir. Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya fəaliyyəti ilə məşğul ola bilməsi üçün də mağazanın ticarət obyekti kimi Dövlət Reyestri Xidmətində qeydə alınması lazımdır. Beləliklə, İddiaçı onlara qarşı darvazanın götürülməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi tam əsassızdır. Mağazanın divarlarının tikintisi üçün Cavabdeh1 əri Qalib Quliyevin vasitəsilə iki “Kamaz” mişar daşı alınmış və buna görə 600 manat xərci çıxmışdır. Mağaza fəaliyyət göstərə bilsin deyə əri Qalib Quliyevin vasitəsilə 5 ədəd soyuducu alınmışdır. Onlardan biri 1200 manata, digəri 350 manata, başqa 2 ədədi isə hərəsi 500 manata onların vəsaiti hesabına alınmışdır. Bu soyuducular satılaraq mağazanın borcları ödənilmişdir. Mağazada hava tənzimlənməsi üçün 900 manata kondinsioner alınmışdır. Mağazanın fəaliyyəti iflic olandan sonra kondinsioneri mağazanın borclu qaldığı “Xırdalan” firması aparmışdır. Mağaza üçün Cavabdeh1 əri 700 manat vəsaiti hesabına 7 ədəd piştaxtalar düzəltdirmişdi. Bu piştaxtaları da sataraq mağazanın borclarına vermişlər. Mağazanın tikintisində işləmiş ustaların zəhmət haqqı olaraq 3000 manatadək pulu Cavabdeh1 əri vermişdir. Beləliklə, mağazanın tikintisi və istismarı ilə bağlı etdiyi 7750 manat məbləğində xərcin əvəzi İddiaçı tutulmalıdır. Eyni zamanda, İddiaçı onlara qarşı etdiyi qanuna və işgüzar münasibətlərə zidd hərəkətləri nəticəsində onlara mənəvi zərər də vurulmuşdur. Bu zərərə görə kompensasiya şəklində dəyərləndikləri 2000 manat həcmində təzminat iddiaçı tərəfindən ödənilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2013-cü il tarixli, 2(067)-159/2013 saylı qətnaməsi ilə onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və pul tələbinə dair iddiası qismən təmin edilərək Xaçmaz rayonu, Qobuqıraq kəndində yerləşən 0,0075 ha torpaq sahəsində inşa etdiyi 56 kv.metr ölçüdə fərdi mağaza binasının cavabdehlərin qanunsuz istifadəsindən alınaraq ona qaytarılması qət edilmiş, cavabdehlərin ona qarşı çıxarışın və alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Qətnamədən cavabdehlərin verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyun 2016-cı il tarixli, 2(105)-06/2016 saylı qətnaməsi ilə təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2013-cü il tarixli, 2(067)-159/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2016-cı il tarixli, 2(102)-5227/2016 saylı qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyun 2016-cı il tarixli, 2(105)-06/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnamələri ilə qeyd olunan 0,075 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən mağaza binasının ona məxsus olması tam təsdiq olunmuşdur. Bununla belə məhkəmə qaydasında iddialarının təmin olunmadığını görən cavabdehlər torpaq sahəsinə və mağazaya giriş-çıxış üçün nəzərdə tutulmuş ərazidə özbaşına olaraq dəmir darvaza quraşdırmış, faktiki olaraq mağazanın təyinatına görə fəaliyyət göstərməsinin qarşısını almış, habelə mağazanın içərisində olmuş 3 ədəd soyuducunu, 1 ədəd kondisioneri, vitrinləri və piştaxtaları götürmüş və məhv etmiş, mağazanın yanındakı boş torpaq sahəsində quraşdırdığı talvarı dağıdaraq talan etmiş, ona küllü miqdarda, 10000 manat maddi ziyan vurmuşlar. 2013-cü ildən etibarən əmlakından təyinatına görə istifadə edə bilməmiş, hər il orta hesabla mağazadan əldə etdiyi gəlir 4200 manat, ötən 4 il ərzində isə 16800 manat təşkil edir. Bundan başqa, ödənilməmiş elektrik enerjisinə görə 480 manat pul da cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə çəkişmələrini uduzduqdan sonra cavabdehlər tələm-tələsik mağazanın qarşısına dəmir darvaza quraşdırmaqla, faktiki olaraq mağazanı mühasirəyə almış və istifadə etməsinə imkan verməmişlər. Həmin özbaşına quraşdırılmış darvaza çıxarılaraq ərazi əvvəlki vəziyyətinə gətirilməlidir. Bundan başqa, o, əsassız məhkəmə çəkişmələrinə cəlb edildiyinə, əmlakına küllü miqdarda ziyan vurduqlarına, cavabdehlərin qanunsuz əməlləri nəticəsində əmlakından təyinatına uyğun istifadə edə bilmədiyinə görə ciddi, mənəvi iztirablar və sarsıntılar keçirmişdir. Bu səbəbdən ona mənəvi ziyan dəymişdir. Mənəvi ziyana görə cavabdehlər ona 50000 manat pul ödəməlidir. Qarşılıqlı iddia ərizəsində göstərilənlər yalandır. Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2013-cü il tarixli qətnaməsi ilə mülkiyyətinə verilmiş Xaçmaz rayonu Qobuqıraq kəndində 0,0075 ha torpaq sahəsində yerləşən 56 kv.metr ölçüdə olan mağazanı X7 hər ayı 300 manata icarəyə vermişdi. Zaur Əliyevlə icarə müqaviləsi bağlayarkən 1 ilin pulu olan 3600 manatı əvvəlcədən almışdır. Cavabdehlər məhkəmələri qəsdən uzatmış, ona görə də bu günə kimi Zaur Əliyevə borcu qalmışdır. Bundan əlavə, mağazanın içindəki vitrinləri, soyuducuları, kondisioneri 5000 manata öz şəxsi pul ilə almışdır və bu günə kimi Oqtay Əsədova 900 manat borcu qalmışdır. O, soyuducuları, kondisioneri, vitrinləri aldığı şəxsləri məhkəmədə şahid qismində dindirilməsini xahiş etsə də, məhkəmə bunu təmin etməmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ilk iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi X8 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin ilk iddiaya aid hissədə dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi 2 ədəd soyuducu və elektrik enerjisinə görə 480 manat pul tələbinə dair olan hissələrdə istisna olmaqla, ilk iddia tələbinin təmin edilməyən qalan hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq ilk iddia tələbininin təmin edilməyən hissələrində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 09.01.2012-ci il tarixli, 09 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Xaçmaz şəhər sakini İddiaçı özünə məxsus 75 kv.metr torpaq sahəsində fərdi mağaza tikintisinə icazə verilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2013-cü il tarixli, 2(067)-159/2013 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilk iddia üzrə Cavabdeh2 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və pul tələbinə dair ilk iddiası qismən təmin edilmiş, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 22 noyabr 2011-ci il tarixdə bağlanmış AN-1 seriyalı, ******* saylı alqısatqı müqaviləsinə əsasən Xaçmaz rayonu, Qobuqıraq bələdiyyəsindən satın aldığı Xaçmaz rayonu, Qobuqıraq kəndində yerləşən 0,0075 ha torpaq sahəsində Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 09.01.2012-ci il tarixli, 09 saylı sərəncamına əsasən inşa etdiyi 56 kv.metr (7 m x 8 m) ölçüdə fərdi mağaza binasından təyinatına görə istifadə etməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 22 noyabr 2011-ci il tarixdə bağlanmış AN-1 seriyalı, ******* saylı alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayonu, Qobuqıraq bələdiyyəsindən satın aldığı Xaçmaz rayonu, Qobuqıraq kəndində yerləşən 0,0075 ha torpaq sahəsində Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 09.01.2012-ci il tarixli, 09 saylı sərəncamına əsasən inşa etdiyi 56 kv.metr (7 m x 8 m) ölçüdə fərdi mağaza binasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılması, ilk iddianın qalan hissəsinin təmin edilməməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı çıxarışın və alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyun 2016-cı il tarixli, 2(105)-06/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2013-cü il tarixli, 2(067)-159/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2016-cı il tarixli, 2(102)-5227/2016 saylı qərarının surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 16 iyun 2016-cı il tarixli, 2(105)-06/2016 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 20 iyul 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, Əzizov X6 Rayon Nəhkəməsinin 05 iyul 2013-cü il tarixli qətnaməsi ilə mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Qobu-Qıraq kəndində 0,0075 ha torpaq sahəsində yerləşən 56 kv.metr ölçüdə mağazanı bir il müddətinə hər ayı 300 manata X7 icarəyə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin 25 aprel 2019-cu il tarixli, **********13300 nömrəli məktubundan görünür ki, İddiaçı 07.03.2006-cı il tarixdə 3 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti başçısı aparatının 378 saylı, 29.03.2019-cu il tarixli məktubundan görünür ki, Xaçmaz rayonu, Qobuqıraq kəndi ərazisində inşa edilmiş 56 kv.metr ölçüdə olan mağazanın qarşısında quraşdırılmış dəmir darvazanın həmin mağazanın təyinatı üzrə fəaliyyət göstərməsinə qismən mane olduğu məlum olmuşdur, həmin inşa olunmuş mağazaya giriş-çıxış yolunun hansı tərəfdən açılmasını ayırd etmək mümkün olmamışdır. İş üzrə keçirilmiş ekspertizanın 07 oktyabr 2019-cu il tarixli, 13082 saylı rəyindən görünür ki, Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən, İddiaçı tərəfindən inşa olunmuş 56 kv.metr ölçüdə mağazanın qarşısında mübahisəli darvazanın quraşdırılması ilə, həmin mağazanın təyinatı üzrə fəaliyyət göstərməsinə məhdudiyyət yarandığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası tərəfindən tələb edilərək nəzərdən keçirilmiş 2(067)-159/2013 saylı mülki iş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və pul tələbinə dair iddia ilə, Cavabdeh1 İddiaçı qarşı çıxarışın və alqı-satqı müqaviləsinin ləğv edilməsina dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş, Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2013-cü il tarixli, 2(067)-159/2013 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 22 noyabr 2011-ci il tarixdə bağlanmış AN-1 seriyalı, ******* saylı alqısatqı müqaviləsinə əsasən Xaçmaz rayonu, Qobuqıraq bələdiyyəsindən satın aldığı Xaçmaz rayonu, Qobuqıraq kəndində yerləşən 0,0075 ha torpaq sahəsində Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 09.01.2012-ci il tarixli, 09 saylı sərəncamına əsasən inşa etdiyi 56 kv.metr (7 m x 8 m) ölçüdə fərdi mağaza binasından təyinatına görə istifadə etməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 22 noyabr 2011-ci il tarixdə bağlanmış AN-1 seriyalı, ******* saylı alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayonu, Qobuqıraq bələdiyyəsindən satın aldığı Xaçmaz rayonu, Qobuqıraq kəndində yerləşən 0,0075 ha torpaq sahəsində Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 09.01.2012-ci il tarixli, 09 saylı sərəncamına əsasən inşa etdiyi 56 kv.metr (7 m x 8 m) ölçüdə fərdi mağaza binasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılması, ilk iddianın qalan hissəsinin təmin edilməməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı çıxarışın və alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyun 2016-cı il tarixli, 2(105)-06/2016 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2013-cü il tarixli, 2(067)- 159/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2016-cı il tarixli, 2(102)-5227/2016 saylı qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 16 iyun 2016-cı il tarixli, 2(105)-06/2016 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. “İnsan hüquqlarının və X4 haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrdən əlavə, bir-birilərinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. İş üzrə keçirilmiş ekspertizanın 07 oktyabr 2019-cu il tarixli, 13082 saylı rəyi ilə Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən, İddiaçı tərəfindən inşa olunmuş 56 kv.metr ölçüdə mağazanın qarşısında mübahisəli darvazanın quraşdırılması ilə, həmin mağazanın təyinatı üzrə fəaliyyət göstərməsinə məhdudiyyət yarandığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qanuni qüvvəyə minmiş Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2013-cü il tarixli, 2(067)-159/2013 saylı qətnaməsi ilə Xaçmaz rayonu, Qobuqıraq bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış Xaçmaz rayonu, Qobuqıraq kəndində yerləşən 0,0075 ha torpaq sahəsinə dair 22 noyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olaraq olaraq bağlanması müəyyən edilmiş və Azərbaycan Respublikası MM-nin 146.1-ci maddəsinə əsasən İddiaçı həmin torpaq sahəsinə sahiblik və istifadə hüququ yaranmışdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarından, ilk iddia ərizəsindən görünür ki, İddiaçı maddi ziyanla bağlı Cavabdeh1 və Cavabdeh2 27280 manat tələb edir və bunu mağazanın içərisində olmuş 3 ədəd soyuducunu, 1 ədəd kondisioneri, vitrinləri və piştaxtaları cavabdehlərin götürərək məhv etməsi, mağazanın yanındakı boş torpaq sahəsində quraşdırdığı talvarın dağıdılması nəticəsində ona 10000 manat məbləğində maddi ziyan dəyməsi, hər il mağazadan orta hesabla 4200 manat gəlir əldə etməsi nəzərə alınmaqla, 2013-cü ildən etibarən əmlakından təyinatına görə istifadə edə bilməməsi nəticəsində 4 il ərzində 16800 manat məbləğində faydadan məhrum olması, elektrik enerjisinə görə 480 manatın ödənilməməsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və pul tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı çıxarışın və alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı iddiasına dair 2(067)-159/2013 saylı mülki iş üzrə İddiaçı ilk iddia tələbində 2 ədəd soyuducunun dəyəri olaraq 400 manat, 3 ay ərzində əldən çıxmış fayda kimi hər ay 300 manat olmaqla 900 manat, elektrik enerjisindən istifadə borcu olaraq 584 manat tələb etmiş, lakin bu halları sübut edə bilmədiyinə görə həmin tələbləri rədd edilmişdir. Hazırki iş üzrə iddia tələbində isə İddiaçı cavabdehlərdən 3 ədəd soyuducu tələb edir və bunu əvvəlki iş üzrə iddia ərizəsində səhvən 2 ədəd soyuducu tələb etməsi, mağazada 2 deyil, 3 ədəd soyuducu, elektrik enerjisindən istifadə borcunun isə 584 manat deyil, faktiki olaraq 480 manat olması ilə izah etmişdir. İddiaçı mağazada əlavə 1 soyuducu, 1 ədəd kondisioner, vitrin və piştaxtalar olmasına, mağazanın yanındakı boş torpaq sahəsində talvar quraşdırmasına, həmin torpaq sahəsinin qanuni istifadəsində olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, 2(067)-159/2013 saylı mülki iş üzrə iddiasında İddiaçı cavabdehlərdən kondisioner, vitrin, piştaxtalar və talvarın dəyərini də tələb etməmişdir. Halbuki İddiaçı 2012-ci ildə iddia ilə məhkəməyə müraciət edərkən həmin vaxt və hazırda da mağazadan istifadə edə bilmədiyini göstərmişdir. İddiaçı cavabdehlərdən əldən çıxmış fayda kimi 16800 manat tələb etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı iddia tələbinin əldən çıxmış faydaya dair olan hissəsini əsaslandırmaq üçün apellyasiya şikayətində Xaçmaz rayon Qobuqıraq kəndində 0,0075 ha torpaq sahəsində yerləşən 56 kv.metr ölçüdə olan mağazanı X7 hər ay 300 manata icarəyə verməsinə istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan icarə müqaviləsinin müddəti 20 iyul 2018-ci il tarixdən 20 iyul 2019-cu il tarixədək müəyyən edilmişdir. Digər tərəfdən, İddiaçı 12 dekabr 2017-ci il tarixdə, yəni qeyd edilən müqavilə bağlanmamışdan 7 ay əvvəl hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Özünün də etiraf etdiyi kimi faktiki istifadə edə bilmədiyi əmlakın İddiaçı tərəfindən icarəyə verilməsini məhkəmə kollegiyası inandırıcı hesab etmir. İddiaçı Xaçmaz rayonunun Qobu-Qıraq kəndində 0,0075 ha torpaq sahəsində yerləşən 56 kv.metr ölçüdə mağazadan istifadə etməklə hər hansı gəlir əldə etməsinə dair də iş materiallarında heç bir sübut yoxdur. İddiaçı Cavabdeh1 və Cavabdeh2 həmçinin mənəvi zərərə görə 50000 manat tələb etmişdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İş materiallarında İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkət və ya hərəkətsizlikləri nəticəsində baş verməsini təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələblərinin 2 ədəd soyuducu və elektrik enerjisinə görə 480 manat pul tələbinə dair olan hissələrdə istisna olmaqla, ilk iddia tələbinin təmin edilməyən qalan hissələrində qanuni və əsaslıdır. Yuxarıda qeyd olunan qanunvericilik normalarından çıxış edərək məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edi. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi 2 ədəd soyuducu və elektrik enerjisinə görə 480 manat pul tələbinə dair olan hissələrdə istisna olmaqla, ilk iddia tələbinin təmin edilməyən qalan hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(067)-44/2019 saylı qətnaməsi 2 ədəd soyuducu və elektrik enerjisinə görə 480 manat pul tələbinə dair olan hissələrdə istisna olmaqla, ilk iddia tələbinin təmin edilməyən qalan hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar