Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1301/2025 05.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması və valideyinin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin sabit pul məbləğində tutulması və valideyinin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), X10 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı X3 nümayəndəsi X2 iştirakı ilə, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-723/2025 nömrəli qətnaməsindən iddiaçı Abdullayeva (Məmmədova) Fidan Murad qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları
1. Şabran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2024-cü ildə Sevgi adlı uşaqları anadan olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı X7 Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması və valideyinin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən övladları xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində müəyyən edilərək alimentin tutulması və əlavə olaraq övladları xx.xx.2024-cü il təvəllüdlü X1 uşağın üç yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat məbləğində əlavə xərclərə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan bir övladları xx.xx.2024-cü il təvəllüdlü X4 anadan olmuşdur. Övladı onun yanındadır. Onlar hal-hazırda cavabdehlə birgə yaşamırlar. Cavabdeh övladı ilə maraqlanmır. Bu günə qədər övladının bütün təminatlarını özü ödəyir. Ancaq baxır ki, ona bir ana kimi çətin olur. Övladının bəzi xərclərini çatdıra bilmir. Cavabdehin imkanı yaxşıdır. Cavabdeh evə ailəsinə baxmır. Övladının qayğısına qalmır. Buda onun üçün maddi cəhətddən çox çətin olur. Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdeh X7 ilə xx.xx.2023-cü il tarxidə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2024-cü il təvəllüdlü X4 adlı qız övladları dünyaya gəlmişdir. Faktiki olaraq cavabdehlə ayrı yaşayırlar və uşaq cavabdehin yanındadır. Hal-hazırda Şabran Rayon Məhkəməsində hakim Könül Mirzəfərovanın sədrliyi ilə 2(031)-642/2025 saylı iş üzrə "Nikahın ləğvi, uşağın yanında saxlanılması və aliment tələbi " iddiası üzrə müraciəti mövcuddur. Ailə qurduqları ilk dövrdə münasibətləri yaxşı olsa da sonradan cavabdehin əxlaqsız hərəkətləri üzündən pozulmuşdur. Belə ki, ailə qurduqları ilk 2 ayda cavabdehin tik-tok sosial şəbəkəsində oğlanlarla danışmasından xəbər tutub ayrılmaq qərarına gəlsə də qaynanası onlara gəlmiş, qızının səhv etdiyini bildirmiş, bir də olmayacağını demişdir. Lakin sonradan cavabdehin telefonuna gələn yad kişi nömrələrindən olan zəng və sevgi dolu vatsap mesajları yenidən ailələrinə söz-söhbət salmış, yenə anası qızını bu dəfə də bağışlanmasını istəmiş, boşanmamaq üçün çox cəhd göstərmişdir. Sonuncu dəfə gecə saat 3-də ayılıb Fidanın otaqda olmadığını gördükdə onu axtarmağa başlamışdır. Qonşu otaqda hansısa yad kişi ilə telefonla danışdığını eşitmiş, otağa daxil olmaq istərkən qapının cırıltı səsini eşidib danışığı sonlandırmış, aralarında mübahisə düşmüş və səhər anası gəlib qızını aparmışdır. Fidan atasının evinə getdikdən sonra telefonu evdə qalmış və əsil məsələ bundan sonra ortaya çıxmışıdr. Telefonun Fidan olduğunu düşünən yazışıbdanışdığı kişilər yenidən yazmağa başlamış və sonradan dəhşətli faktlar ortaya çıxmışıdr. Belə ki, hələ də sayını tam bilmədikləri 100-ə yaxın tanımadıqları, lakin həm Şabran rayonundan, həm digər Cəlilabad, Biləsuvar, Hacıqabul və s. rayondan olan kişilərlə tiktokda tanış olmuş, onlarla sevgi münasibətləri, cinsi münasibətdə olmuşdur. Qeyd edir ki, Fidan bunları bilmirdi və əvvəlcə onu alimentlə hədələyirdi. Sonradan faktlar üzə çıxdıqdan sonra etdiklərini etiraf etmişdir. Fidan yad kişilərlə mesajlaşmaq, telefonla yazışmaqdan savayı onlara şəkillərini atmış, onlarla parkda görüşmüş, ən sonda isə lap irəli gedərək həmin adamları evə çağırmış, pəncərdən içəri salmış, cinsi əlaqədə olmuş və yenə də öz xain, əxlaqsız hərəkətlərini dayandırmamışdır. Təəssüf ki, bütün bunları azyaşlı qız uşağının yanında etmiş və heç nədən çəkinməmişdir. Xahiş edir, iddiaçı X3 aliment tələbi rədd edilsin.
5. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-723/2025 qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2024cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh iddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində alimentin tutulması, Cavabdeh xx.xx.2024-cü ildə anadan olmuş X1 üç yaşı tamam olanadək 40 (qırx) manat əlavə xərc tutularaq iddiaçı X5 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının dərhal icra edilməsi qət edilmişdir (hakim Ayaz Məmmədov).
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 75-78, 81, 82 və 100.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1, 82.3, 234.2.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı Abdullayeva (Məmmədova) Fidan Murad qızı apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-723/2025 nömrəli qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması və valideyinin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən övladları xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində müəyyən edilərək alimentin tutulması və əlavə olaraq övladları xx.xx.2024-cü il təvəllüdlü X1 uşağın üç yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat məbləğində əlavə xərclərə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2024-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulmasını, Cavabdeh xx.xx.2024-cü ildə anadan olmuş X1 üç yaşı tamam olanadək 40 (qırx) manat əlavə xərcin tutularaq ona ödənilməsini qət etmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Halhazırda ölkə üzrə aliment miqdarı 0.61 mislidir. Əlavə olaraq 3 yaşadək uşağın saxlanılması 100 manat təşkil edir. Məhkəmə çox aşağı aliment müəyyən etmişdir. Cavabdehin imkanı yaxşıdır. Bu səbəbdən də aliment miqdarı çox aşağı qət edilmişdir. Bundan başqada ölkədə bir uşaq üçün aliment 246 manat nəzərdə tutulsa da məhkəmə bunları nəzərə almamışdır. Hesab edir ki, prosesdə məhkəmə bütün göstərdiklərinə əhəmiyyət verməmişdir. Ona görədə hesab edir ki, apellyasiya məhkəməsi şikayətinə obyektiv baxaraq, ədalətli qərar qəbul edəcəkdir.
9. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutları araşdırmamışdır. Sübutlarını təqdim etmək üçün məhkəmə onun iştirakını təmin etməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
“Uşaq hüquqları haqqında” Konvensiya
15. Maddə 27.2. Valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.
“Uşaq hüquqları haqqında” Qanun
16. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
19. Maddə 85.1.1. Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər.
20. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
21. Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
22. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.
23. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
24. Maddə 19.1. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. İddiaçı Abdullayeva (Məmmədova) Fidan Murad qızı apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-723/2025 nömrəli qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir. Odur ki, kollegiya Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, həmin apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə ilə müəyyən edilən aliment məbləği dəyişdirilməlidir.
35. İşin hallarına görə tərəflərin birgə münasibətlərindən xx.xx.2024-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur.
36. Apellyasiya şikayətinin dəlillərinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, tərəflər uşağın saxlanılması üçün birgə və bərabər məsuliyyət daşıyırlar.
37. Göründüyü kimi istər milli, istərsə də beynəlxalq qanunvericiliyə görə uşaq şəxsiyyətinin tam inkişafı üçün valideyinlərinin himayəsində və onların məsuliyyəti altında və hər bir halda, məhəbbət, maddi-mənəvi təminat mühitində böyüməlidir. Valideynlər arasında uşaqla bağlı mübahisə ilk növbədə uşaqların hüquq və mənafeləri, maraqları nəzərə alınmaqla həll edilməlidir. Hər bir halda uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməli, uşağın üstün mənafeyi ilk növbədə nəzərə alınmalıdır.
38. Uşağın üstün mənafelərinin qorunması, habelə prosessual qənaət prinsipləri rəhbər tutularaq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilməli, xx.xx.2024-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh iddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir.
39. Qətnamənin mübahisələndirilən digər hissəsi - X1 üç yaşı tamam olanadək 40 (qırx) manat əlavə xərcin tutularaq iddiaçı X5 verilməsi hissəsi ilə bağlı isə kollegiya qeyd edir ki, müəyyən edilmiş məbləğ ağlabatan olmaqla tərəflərin maddi vəziyyətinə, diqqətə alınmalı olan hallara uyğundur. Ona görə də kollegiya hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
41. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
42. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
43. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.
44. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-723/2025 nömrəli qətnaməsi xx.xx.2024-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh iddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilsin. xx.xx.2024-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh iddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.