Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1303/2021 21.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, İddiaçı və onun vəkili X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(012)-3723/2020 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili E.İ.Yusifovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(012)-3723/2020 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı faktiki tikiliyə köçürülmə tələbinə dair iddiası təmin edilib, İddiaçı övladları 11.08.2010-cu il təvəllüdlü X8 və 11 03.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Abşeron rayonu, Novxanı bağlar massivi 576 torpaq sahəsində tikilmiş özbaşına tikiliyə köçürülmələri qət edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili E.İ.Yusifov apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(012)-3723/2020 saylı qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 07 avqust 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahları Abşeron rayonu VVADQ şöbəsində qeydiyyata alınmış və bu haqda 474 saylı qeyd aparılmışdır. Birgə nikah dövründə 11.08.2010-cu il təvəllüdlü Fəqan və 20.03.2013-cü il təvəllüdlü Ülkər adlı uşaqları olmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra cavabdehin atası, Maraqlı şəxs məxsus Abşeron rayonu Novxanı bağlar massivi 576 torpaq sahəsində tikilmiş özbaşına tikiliyə cehiz əmlakları ilə birlikdə köçürülmüşdür. Birgə nikahdan olan övladları həmin ünvanın sahə daxilində poliklinika qeydiyyatına alınmış və ərazi üzrə orta məktəbdə təhsil almışdır. Cavabdehlə ailə münasibətləri pozulmağa başlamışdır. Belə ki, cavabdeh müxtəlif bəhanələrdən evə söz söhbət salmış, onu təhqir etmiş, bir neçə dəfə döymüşdür. Övladlarının boşanmış ailədə yaşamaması üçün düzələcəyinə ümid edərək yoldaşının hərəkətlərinə dözməyə çalışsa da, nəticəsi olmamışdır. Sonuncu dəfə baş verən şiddətli mübahisəyə ailəsinin məlumatı olduğundan onun döyülməməyindən ötrü evdən sadəcə geyim əşyaları ilə birlikdə aranın sakitləşməsi üçün məcbur olub çıxarmışlar. Daha sonra nikahın pozulması barədə məhkəməyə müraciət edilmişdir. O, cavabdehlərlə birlikdə həmin evin bərpasında abadlıq işlərində iştirak etməklə birgə təsərrüfat aparmışdır. Əmlakları hazırda həmin evdədir. Həmin mənzil özbaşına tikili olmaqla mülkiyyətdə deyildir. Onun başqa yaşayış ünvanı yoxdur. Dəfələrlə övladları ilə birlikdə əmlaklarının olduğu evə qayıtmaq istəsə də, cavabdehlər onu evə buraxmaqdan imtina etmişdir. Ona görə də, onun, övladları-11.08.2010-cu il təvəllüdlü X8 və 11 03.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Abşeron rayonu Novxanı bağlar massivi 576 torpaq sahəsində tikilmiş özbaşına tikiliyə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdehin nümayəndəsi və vəkili E.İ.Yusifov verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 28 oktyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.8, 158.4-cü maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Maraqlı şəxs cavabdehlikdən çıxarıldıqdan sonra onun məlumatı olmadan oğlunun nümayəndəsi kimi məhkəmədə iştirak etmiş həyat yoldaşı Fəridə Əliyeva tərəfindən iddianın etiraf edilməsi barədə ərizə verilmiş və məhkəmə tərəfindən həmin etiraf qəbul edilərək iddia tələbinin hüquqi əsasının olub-olmaması yoxlanılmadan iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. İddiaçı və Cavabdeh ailə qurduqdan sonra faktiki olaraq Maraqlı şəxs məxsus evə gəlin köçmüş və onun razılığı ilə həmin evdə yaşamışlar. Cavabdeh məxsus Novxanı qəsəbəsində fərdi yaşayış evi mövcud deyildir və Maraqlı şəxs özünə məxsus olan və hazırda yaşadığı evi Fəridə verməmişdir. Maraqlı şəxs İddiaçı yaşamaq üçün evlə təmin etmək öhdəliyi daşımır. Bununla bağlı onların arasında hər hansı bir müqavilə bağlanmamış və Maraqlı şəxs onun qarşısında ailəsi dağılacağı halda belə bir vəzifə daşıyacağı barədə vəd verməmişdir. İddiaçı Cavabdehlə ailə qurmamışdan əvvəl Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən və valideynlərinə məxsus olan evdə yaşamış və Fəridlə ayrıldıqdan sonra da həmin evdə yaşamaqda davam edir. Göründüyü kimi iddiaçının daimi yaşamaq üçün yaşayış sahəsi vardır. Mübahisə predmeti olan ev Maraqlı şəxs Azərbaycan SSR Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 03.09.1988-ci il tarixli, 150/6 saylı qərarı ilə Novxanı qəsəbəsi ərazisində 530 saylı sahədə verilmiş 600 kv.metrlik torpaq sahəsində yerləşir və faktiki olaraq onun sahiblik və istifadəsindədir. Həmin fərdi yaşayış evinin Maraqlı şəxs tərəfindən tikilməsi və faktiki olaraq ona məxsus olması işin mübahisələndirilməyən halı olmaqla, işin bu halı İddiaçı tərəfindən verilmiş iddia ərizəsində də göstərilmiş, iddiaçı tərəfindən təsdiq və etiraf edilmişdir. Maraqlı şəxs qeyd olunan evə mülkiyyətçi hüquqları olsa da, iddiaçının həmin evə dair heç bir hüququ mövcud deyildir. Belə olan halda İddiaçı heç bir hüququ olmadan, Maraqlı şəxs faktiki sahiblik və istifadəsində (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları olmaqla) olan fərdi yaşayış evinə onun razılığı olmadan köçürülməsi qanunsuz və əsassızdır. Həmçinin qeyd edirəm ki, İddiaçı Maraqlı şəxs məxsus fərdi yaşayış evinə köçməsinə əsas verən qanunvericilik normaları yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Maraqlı şəxs nümayəndəsi və vəkili X6 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili R.Ə.Vəliyev apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak dən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli 150/6 saylı qərarından çıxarışdan görünür ki, X2 Novxanı Sovxozu ərazisindən 600 kv.m torpaq sahəsi ayrılmışdır. Nikah haqqında arayışın surətindən görünür ki, Cavabdeh və X5 07.08.2009-cu ildə rəsmi nikah bağlanmış və iddiaçı Abşeron rayonu, Novxanı bağlar massivi 576 saylı torpaq sahəsində tikilmiş Maraqlı şəxs məxsus yaşayış evinə cavabdehlərin razılıqları ilə gəlin köçmüş və həmin vaxt cehiz əşyalarını həmin yaçayış sahəsinə yerləşdirmişdir. Doğum haqqında arayışlardan görünür ki, Cavabdeh və X3 birgə nikahından 11.08.2010-cu il təvəllüdlü X8 və 20.03.2013-cü il təvəllüdlü X7 doğulmuşdur. Azərbacan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında olan münasibətlər 07.08.2009-cu ildə yarandığına görə hazırkı mülki hüquq münasibətlərinə həmin tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə qiymət verilməlidir.. Belə ki, yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, araşdırılmalı məsələlərdən biri istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yerin statusu məsələsidir. Bu baxımdan nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin məqsədləri nöqteyi-nəzərindən mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir (Mənzil Məcəlləsinin 12.1 və 12.5-ci maddələri). Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 07.08.2009-cu il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində rəsmi olaraq nikaha girməklə ailə qurmuş, birgə nikahlarından 11.08.2010-cu il təvəllüdlü X8 və 20.03.2013-cü il təvəllüdlü X7 doğulmuşlar. Ailə qurduqdan sonra İddiaçı Cavabdeh atası Maraqlı şəxs məxsus Abşeron rayonu, Novxanı bağlar massivi 576 torpaq sahəsində tikilmiş yaşayış evinə cehiz əmlakları ilə birlikdə köçürülmüşdür. Sonradan İddiaçı və Cavabdeh arasında olan ailə münasibətləri pozulmuş və iddiaçı sözügedən evdən çıxarılmışdır. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edib, himayəsində olan iki azyaşlı uşağı ilə Abşeron rayonu, Novxanı bağlar massivi 576 torpaq sahəsində yerləşən yaşayış evinə köçürülməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 və 14.3-cü maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin tələblərinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi) Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93) Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. İşin tədqiq edilən hallarından da göründüyü kimi İddiaçı cavabdeh F.H.Əliyev ilə evlənərək sonuncunun atası Maraqlı şəxs məxus olan yaşayış evinə gəlin köçərkən yaşayış evinin istifadəçisi ilə müqavilə bağlamaq mümkün deyildi. Ona görə də, iddiaçı gəlin köçərkən həmin vaxt yaşayış evində yaşayan şəxslər onu ailə üzvü kimi qəbul etmişlər. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı İddiaçı Maraqlı şəxs məxsus mübahisəli evə gəlin köçərkən onun ailə üzvlərinin öz razılığı ilə onun evinə gəlin köçmüş, bu zaman onun evə köçməsi, orada yaşaması ilə bağlı onun qarşısında hər hansı bir şərt qoyulmamış, iddiaçı bütün cehiz əşyalarını həmin evə yerləşdirmiş və hazırda da əmlakının bir hissəsi mübahisəli evdədir. İddiaçının gəlin köçən zaman bütün cehiz əşyalarını gəlin köçdüyü evə gətirməsi onun həmin evə müvəqqəti deyil, daimi yaşamaq üçün gəlməsini təsdiq edən dəlillərdir. O, həmin yaşayış sahəsindən burada yaşayan cavabdehlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsini istisna edən hər hansı qanuni və ya müqavilə əsasının olması müəyyən edilməmişdir. İş materialları ilə müəyyən olur ki, birinci instansiya məhkəməsində işə baxılarkən mübahisəli yaşayış evinin faktiki sahibi cavabdeh Maraqlı şəxs iştirakı təmin edilməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Bundan əlavə işin 19-cu vərəqəsində olan 06 oktyabr 2020-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolu, işin 20-ci vərəqəsində olan 06 oktyabr 2020-ci il tarixli mülki işin miəhkəmə baxışına təyin edilməsi haqqında qərardad və işin 31-32-ci vərəqələrində olan 28 oktyabr 2020-ci il tarixli məhkəmə baxışı iclasının protokolu işə baxan sədrlik edən hakim tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1 və 217.4-cü maddələrinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci və 387.2.7-ci maddələrinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa və işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona gğrə də apelyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia təmin edilməli, İddiaçı övladları, 11.08.2010-cu il təvəllüdlü X8 və 11 03.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Abşeron rayonu, Novxanı bağlar massivi 576 saylı torpaq sahəsində tikilmiş Maraqlı şəxs məxsus yaşayış evinə köçürülməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehin nümayəndəsi və vəkili E.İ.Yusifovun verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(012)-3723/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı yaşayış evinə köçürülmə tələbinə dair iddiası təmin edilsin. İddiaçı övladları, 11.08.2010-cu il təvəllüdlü X8 və 11 03.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Abşeron rayonu, Novxanı bağlar massivi 576 saylı torpaq sahəsində tikilmiş Maraqlı şəxs məxsus yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1303/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1303/2021
21.04.2021 · Sair mülki iş - Digər - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver