Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1303/2025 18.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5416/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5416/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi tələbi”nə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır (hakim Şəbnəm Həxiyeva). İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5416/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, icra məmuruna kifayət qədər sübut təqdim etsə də, icra məmuru bunu qəbul etmir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən borcun silinməsi tələbinə məhkəmə qaydasında, mülki məhkəmə icraatında baxılır. Buna dair Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərarlar var. Eyni zamanda o, bundan əvvəl də eyni tələb üzrə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin digər hakimi yalnız dövlət rüsumunun ödənilməməsini əsas gətirərək ərizəni geri qaytarmış, lakin iddianın yolverilməz olduğunu qeyd etməmişdir. Bu da ziddiyyətin mövcud olmasını göstərir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia ərizəsində irəli sürülən tələb məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll olunmalı məsələdir. Halbuki, icra məmurunun hərəkətlərindən şikayət bu mübahisənin mahiyyətinə cavab vermir və tərəflər arasında mövcud olan bu mübahisəni həll edə bilmir. Əgər icra məmuru məbləğlərin ödənilməsini qəbul etmirsə, aliment borcunda xeyli pul tərəfindən ödənilmişsə bu mübahisə məhkəmə yolu ilə həll edilməlidir. Faktiki olaraq cavabdehlə onun arasında mübahisə var. Cavabdeh borcun qismən ödənildiyini etiraf etmişdir. Bu halda mübahisənin yalnız məhkəmə yolu ilə həll olunması mümkündür. İcra məmurunun hərəkətlərindən şikayət etmək mübahisəni həll etmir. Məhkəmə yolu ilə çəkişmə prinsipinə əsasən mübahisənin həll olunması qanuni və əsaslıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5323/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli qərardadı ilə iddiaçı X2 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5416/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Şəbnəm Həxiyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi öz qərardadını aşağıdakı kimi əsaslandırmışdır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, alimentin hesablanma tarixi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsbit olunmuşdur və iddiaçının tələbi məhz həmin tarixdən etibarən icra məmuru tərəfindən hesablanan borcun silinməsi ilə bağlıdır. İddiaçı 2020-ci ilin dekabr ayından başlayaraq, cavabdehin kart hesabına 2441 manat, bank hesabına isə xx.xx.2025-ci il tarixdə 3000 manat və xx.xx.2025-ci il tarixdə 3500 manat pul köçürdüyünü bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Belə ki, qanunvericiliklə şəxsin aliment borcundan tam və ya qismən azad edilməsi ilə bağlı iddialara iddia icraatı qaydasında da baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi durumu və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı, ümumiyyətlə, icra məmuru tərəfindən borcun hesablanması ilə razı deyil və onun borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsində irəli sürülən tələb məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll olunmalı məsələdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.5-ci maddəsinə əsasən, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Bu barədə icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5416/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1303/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1303/2025
18.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver