Məhkəmə qərarları › İş №2(105)-1319/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1319/2023

05.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1319/2023 05.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X12 Company” MMC-yə qarşı torpaq sahəsindən çıxarılma və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X9 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və cavabdeh “X12 Company” MMC-nin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “X12 Company” MMC-yə qarşı su xəttinin torpaq sahəsindən çıxarılması və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-230/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Şamaxı rayonu, Günəşli kəndində yerləşən 1.893701 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Seriya MH ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı, X1, X3, X4, X2 mülkiyyətindədir.

2. Tərəflər arasında mübahisə həmin torpaq sahəsindən keçən su xəttinin çıxarılması ilə əlaqədar yaranmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh “X12 Company” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15000 manat kompensasiyanın və 4400 manat maddi zərərin 150 manat ödənilmiş dövlət rüsumunun cavabdeh “X12 Company” MMC-dən alınaraq ona verilməsi və cavabdehə məxsus su xəttinin mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Şamaxı rayonu Şərədil kəndi ərazisində 1.89 ha əkin təyinatlı torpaq sahəsi var. Torpaq sahəsinə dair çıxarış da almışdır. 2013-cü ildə cavabdeh mülkiyyətində olan otelə su xətti çəkdirmək istəyən zaman aralarında razılaşma olmuşdur ki, həmin borunun ona məxsus torpaq sahəsindən keçən 150 metr uzunluğunda hissəsinə görə 15000 manat pul ödəyəcəklər. O, da razılıq vermişdir. Həmin vaxtdan 8 il keçməsinə baxmayaraq bir manat da olsun onlara pul verilməmişdir. Üstəllik, 2018-ci ildə su xətti partlayaraq torpaq sahəsini yararsız hala salmışdır. Həmin vaxt onlar cəmiyyətin əvvəlki sədrinin yanında olmuş, tələb etmişdirlər ki, ya su xəttini torpaqdan çıxartsınlar, ya da onlara verdiyi vədi yerinə yetirib kompensasiyanı ödəsinlər. O da onlara söz vermişdir ki, yaxın günlərdə pulu verəcək. Bir neçə gün sonra onu çıxartdılar, yeni sədr gəldi. O, isə əvvəl dedi ki, məsələni həll edəcək, lakin sonradan kim söz verib onunla danışmağını bildirdi. Hər il 1 hektara 300 manat olmaqla, 1.89 ha sahəyə görə 550 manat fayda əldən çıxır. Bu isə 8 ildə 4400 manat ziyan deməkdir.

5. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-230/2022 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Günəşli kəndində yerləşən 1.893701 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən “X12 Company” MMC tərəfindən çəkilən su xətlərinin həmin torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 318,50 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 150 manat pulun cavabdeh “X12 Company” MMC-dən tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pulun cavabdeh “X12 Company” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Günəşli kəndində yerləşən 1.893701 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X1, X3, X4, X2 mülkiyyətindədir. “X12 Company” MMC-yə çəkilən su xətləri İddiaçı və ailə üzvlərinə məxsus Şamaxı rayonu Günəşli kəndində yerləşən 1.893701 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ona və ailə üzvlərinə məxsus torpaq sahəsində yerləşən cavabdehə məxsus su xətlərinin həmin torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddia tələbinin 15000 manat kompensasiyanın və 4400 manat zərərin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən su borularının çəkilməsinə görə kompensasiya ödənilməsi ilə bağlı cavabdehlə razılaşmasına dair və ona zərər vurulmasına dair heç bir sübut təqdim edilməmişdir.

7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152,157, 213-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

8. Qətnamədən cavabdeh “X12 Company” MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə otelin mülkiyyətçisini müəyyən etməmişdir. Hazırda otel “X10” adlanır. Otelin sahibi və mülkiyyətçisi "xxxx" MMC-dir. Hazırkı işdə iştirak edən cavabdeh isə əmlakın kirayəçisidir. “X12 Company” MMC iddiaçının iddiasına qarşı cavab verə bilməz, çünki həmin su xətti onun mülkiyyətində və balansında olmamaqla hər hansı iş görə bilməz. Şirkət oteli və otelin əmlakını 05 yanvar 2022-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-dən icarəyə götürmüşdür. Məhkəmə araşdırması zamanı bu hallar araşdırılmamışdır. İş üzrə həm mütəxəssis, həm də ekspert tərəfindən yanlışlığa yol verilmiş, su xəttinin “X12 Company” MMC-yə çəkilməsini hesab etmişlər. Halbuki, su xətti “X10” otelinə çəkilmişdir. Qeyd olunduğu kimi cavabdeh düzgün seçilmədiyi üçün iddiaçının mülkiyyətinə əsl qəsd edən şəxs müəyyən edilməmişdir. “X12 Company” MMC otelin kirayəçisidir və otelə gedən su xətti onun balansında deyil. Kirayəçi kirayə verənin başqa şəxslərin hüquqlarına qəsd edən əmlakına görə cavabdeh deyildir. Məhkəmə iş üzrə kifayət qədər araşdırma aparmamış, əsl olmayan cavabdehi əsl cavabdeh ilə əvəz etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X12 Company” MMCnin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs "xxxx" MMC-yə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. (....)

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...)

Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (...) 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 50. Tərəflər 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər.[82] 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir.

19. Belə ki, işdən görünür ki, Şamaxı rayonu, Günəşli kəndində yerləşən 1.893701 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Seriya MH ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı, X1, X3, X4, X2 mülkiyyətindədir.

20. İddiaçı ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan torpaq sahəsindən keçən su xəttinə görə ona pul ödənilmədiyinə, su xəttinin torpaq sahəsini yararsız hala salmasına istinad edərək, hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş və tələbini “X12 Company” MMC-yə qarşı yönəltmişdir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

23. Həmin Məcəllənin 50.1 və 50.3-cü maddələrinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

24. MPM-in tələblərindən göründüyü kimi, iş üzrə tərəflər yalnız iddiaçı və cavabdehdir. Tələb etmək hüququ olan şəxs iddiaçı, iddiaya cavab vermək vəzifəsi olan şəxs isə cavabdehdir.

25. Apellyasiya şikayətinə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlardan görünür ki, Şamaxı rayonu, Günəşli ə/d, Şərədil kəndində yerləşən sahəsi 1955.5 kv.m, sahəsi 19867.4 kv.m və sahəsi 4606.2 kv.m olan əmlak kompleksi kimi müəssisələr üzərində "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

26. İcarəyə verən "xxxx" MMC ilə icarəçi “X12 Company” MMC arasında bağlanmış (səh.125) 15 mart 2022-ci il tarixli icarə müqaviləsindən müəyyən olunur ki, icarəyə verən Şamaxı rayonu, Şərədil kəndində yerləşən mülkiyyətində olan əmlakı icarəçiyə 3 il müddətinə icarəyə verir, icarəyə götürülən əmlak otel kimi istifadə edilməlidir.

27. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, mübahisəli su xətti cavabdehlə bağlanmış icarə müqaviləsinə qədər artıq mövcud olmuşdur.

28. Belə olan halda “X12 Company” MMC iddiaya cavab verməli olan şəxs deyildir. Odur ki, iddia tələbi ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mövcud iddia tələbi təmin edilməməlidir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə işin bütün faktiki hallarını araşdırmayaraq iddiaya cavab verməli olmayan şəxsə qarşı iddianın qismən təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.

30. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

31. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-230/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “X12 Company” MMC-yə qarşı su xəttinin torpaq sahəsindən çıxarılması və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri – (50 əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar