Məhkəmə qərarları › İş №2(105)-1328/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1328/2021

07.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1328/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2349/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 2(012)-2349/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 29 iyul 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 19.05.2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. (hakim H.Əhmədov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-2349/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 29 iyul 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 29 iyun 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 29.06.2007-ci ildə X2 doğulmuşdur. 2019-cu ildə nikahın pozulması və uşağın atanın yanında qalması tələbi ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2(012)-5110/2019 saylı qətnaməsi ilə nikahları pozularaq 29 iyul 2008-ci il təvəllüdlü X1 onun yanında qalması müəyyən olunmuşdur. Onlar neçə ildir ayrı yaşamaqlarına baxmayaraq, övladı onun himayəsində yaşayır. Yaşadıqları müddət ərzində cavabdeh uşağına görə ona maddi yardım etməmişdir. Dəfələrlə cavabdehə uşağına görə ona maddi yardım göstərməsi ilə bağlı xahiş etsə də, cavabdeh uşağına laqeyd yanaşmışdır. Ona görə də o məhkəməyə müraciət etməyi qərara almışdır və göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuzdur. Mübahisə ilə bağlı keçirilmiş məhkəmə iclaslarına o, dəvət edilməmiş və mübahisə onun iştirakı olmadan yarımçıq araşdırılmışdır. Birgə nikahda olarkən onlar “xxxx” ASC-dən 12000 manat kredit götürmüşlər. Bundan başqa, digər banklara da borcları vardır. Bütün bu borclar birgə nikahda olarkən yarandığından onlar birgə məsuliyyət daşısalar da, həmin kreditləri o, tək ödəyir. Bundan başqa, o, ikinci dəfə nikaha girmişdir və bu nikahdan onun 06 may 2020-ci ildə Murad adlı uşağı olmuşdur. Bu uşağın da maddi ehtiyaclarını o, ödəyir. İddiaçının maddi vəziyyəti yaxşıdır, birgə nikah zamanı onun gəlirləri hesabına əldə edilmiş avtomobilini satmış və özünə yeni avtomobil almışdır. Bununla da işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı bildirdi ki, qət edilmiş qətnamə qanuni və əsaslı olduğundan apelyasiya şikayəti rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 06.10.2020-ci il tarixdə verilmiş AZ-İ 149238 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 29.07.2008-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası Cavabdehdır. Yenə iş materiallarında olan Abşeron rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli, 2(012)-5110/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 29 iyun 2007-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabının 282-ci səhifəsində nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra 29 iyul 2008-ci il təvəllüdlü X2 atası İddiaçı yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Yenə də iş materiallarında olan məhkəmə əmrlərinin (2014-2017-ci illərdə) surətlərindən görünür ki, Cavabdeh “xxxx” ASC-yə kredit müqavilələri üzrə borcları var. İşdə olan AZ-İİ 403336 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə Cavabdeh 23 iyul 2020-ci il tarixdə nikaha girmişlər. Yenə işdə olan AZ-İV 444514 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 ilə Cavabdeh nikahından 06 may 2020-ci il tarixdə Murad adlı uşaq doğulmuşdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2349/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qətnaməsi aliment hissəsində dəyişdirilməli, birgə nikahdan doğulmuş Zəhra adlı uşağın saxlanılması üçün hər ay tutulacaq alimentin məbləği 100 manat müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər 29 iyun 2007-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından 29 iyul 2008-ci ildə Zəhra adlı uşaq doğulmuşdur. Abşeron rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli, 2(012)-5110/2019 saylı qətnaməsilə tərəflər arasındakı nikah pozulmuş və azyaşlı Zəhra atasının himayəsinə verilmişdir. Hazırda da birgə nikahdan doğulmuş azyaşlı Zəhra iddiaçının himayəsindədir və əsas mübahisə bu uşağın saxlanılması üçün alimentin məbləği barədədir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlıların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2020-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 170 manat təşkil etmişdir. Hazırda bu məbləğ 175 manatdır. Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş alimentin yüksək olduğunu, kredit borclarının olmasını, ikinci nikahdan doğulmuş övladının onun himayəsində olmasını, bu səbəbdən də qətnamənin ləğv olunmasını xahiş etmişdir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh ikinci dəfə nikaha girmişdir və bu nikahdan da onun uşağı (Murad adlı) olmuşdur. İşin tədqiq olunan faktiki hallarını, cavabdehin daimi iş yerinin olmaması və sabit gəlirə malik olmamasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən 1 uşağa görə hər ay ümumilikdə 100 manat məbləğində aliment tutulması ağlabatn olardı. Lakin sadalanan faktlar ondan ümumiyyətlə alimentin tutulmaması üçün əsas hesab edilə bilməz. Bu hallara qiymət verərək, məhkəmə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi tərəflərin birgə nikahından doğulmuş Zəhra adlı azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit aliment məbləği 170 manatdan 100 manata endirilməlidir və bu məbləğ hazırkı mərhələdə hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətlərini, ən başlıcası isə birgə nikahdan doğulmuş Zəhra adlı uşağın mənafeyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2349/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilməli, tutulacaq alimentin məbləği hər ay 100 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X4rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahından 29 iyul 2008-ci ildə doğulmuş Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2349/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilsin. Cavabdeh 19.05.2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 29 iyul 2008-ci ildə doğulmuş Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamə Cavabdeh iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar