Məhkəmə qərarları › İş №2(105)-1336/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1336/2023

19.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1336/2023 19.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment borcunun bir hissəsindən azad edilmə tələbinə dair (Açar sözlər: aliment borcunun bir hissəsindən azad edilmə ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment üzrə borcların bir hissəsindən azad etmə tələbinə dair Zəngilan Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(034)-412/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İş materiallarında olan Azərbaycan Respublikası Saatlı rayon İcra Başçısının Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 01/85 və 01/86 nömrəli arayışlarından görünür ki, Nümayəndə və İddiaçı Saatlı rayonun Əhməbdəyli kəndində qeydiyyatdadırlar.

2. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi Lisey tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 294 nömrəli arayışdan görünür ki, mərhum X3 2016-2019-cu illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır.

3. İş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli 2(034)-88/2013 nömrəli qiyabi qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı 23 yanvar 2002-ci il tarixdə doğulan X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 aprel 2013-cü il tarixdən etibarən hər ya 87 manat məbləğində sabit aliment tutularaq iddiaçı (uşağın anası) Cavabdeh ödənilməsi qət edilmişdir.

4. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Saatlı rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 8010/2011-69-5 nömrəli 01 mart 2021-ci il tarixli arayışdan görünür ki, borclu İddiaçı bu günə kimi 8265 manat məbləğində aliment borcu vardır.

5. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Saatlı rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 8010/2011-69-5 nömrəli 18 iyul 2022-ci il tarixli arayışdan görünür ki, borclu İddiaçı bu günə kimi hazırda 7134 manat məbləğində aliment borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı "aliment üzrə borcların bir hissəsindən azad etmə tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 88/2013 saylı, 26 aprel 2013-cü il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentdən 2016-2019-cu ilədək olan müddətə hesablanmış aliment borcundan azad edilməsi barədə qətnamə çıxırlımasını xahiş etmişdir .

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 88/2013 saylı, 26 aprel 2013-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Nayib oğlundan 23 yanvar 2002-ci il tarixdə doğulan X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 aprel 2013-cü il tarixdən etibarən hər ay 87 manat məbləğində sabit aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. X3 2016-2019-cu illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır. Həmin müddətdə İsmayıl Mehdiyev dövlət təminatında olmuşdur. Həmin müddətlər üçün də iddiaçıya hər ay 87 manat aliment hesablanmışdır. İddiaçı aliment məbləğinə xitam verilməsini xahiş edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

8. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmuşdur. Ərizədə iddianın rədd edilməsi xahiş edilmişdir.

9. Zəngilan Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(034)-412/2022 nömrəli qətnaməsi ilə (hakim G.İmanova) iddia rədd edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının oğlunun Heydər Əliyev adına Hərbi Liseydə təhsil alması aliment borcundan azad edilməsi üçün əsas deyildir.İddiaçı elə aliment təyin olunandan uşağın yetkinlik yaşına çatana kimi, yəni 2020cu ilə kimi aliment ödəməmişdir. İddiaçının həmin müddət ərzində, Saatlı rayon İcra və probasiya Şöbəsi tərəfindən verilmiş məktubundan da göründüyü kimi 8265 manat aliment borcu yaranmışdır. Eyni zamanda, iddiaçı alimenti xəstə olması və maddi vəziyyətinin ağır olması ilə bağlı alimenti ödəməyə imkanın olmamasını bildirsə də, xəstəliyi və maddi imkanının olmaması ilə bağı möhtəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1, 107.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verib, Zəngilan Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(034)-412/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi əsassızdır. Məhkəmə tərəfindən Ailə Məcəlləsinin 107.2-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə aliment təyin edilmiş uşağın, yəni, X2 xx.xx.2016-xx.xx.2019-cu illərdə (30 ay) Heydər Əliyev adına Hərbi Liseydə təhsil almasını və həmin müddətdə İsmayıl Mehdiyev dövlət təminatında olmasını nəzərə almamışdır. Bununla da kifayət qədər əsaslı iddianı təmin etməməklə, iddiaçının hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iddia tələbi əsaslı və qanuni olduğu halda məhkəmə iddianı əsassız şəkildə rədd etmişdir. Şikayət əsaslıdır, iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ədalətsizdir. O iddiaçının anası, mərhum İsmayıl Mehdiyevin isə nənəsidir. İsmayılın sağlığına qədər onların münasibətləri həmişə yaxşı olmuşdur. İddiaçı övladına həmişə maddi yardım etmişdir. İddiaçı hazırda iddia tələbində qeyd olunan illərdə hesablanmış aliment borcunun silinməsini tələb edir. Məhkəmə isə əsassız şəkildə iddianı rədd etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur.

19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:

3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 107.1-ci maddəsinin tələbinə görə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətindən görünür ki, apellyator Zəngilan Rayon Məhkəməsinin 2(034)- 412/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Zəngilan Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli 2(034)-88/2013 nömrəli qiyabi qətnaməsi ilə hazırkı iş üzrə tərəflərin birgə nikahlarından olan 23 yanvar 2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı 04 aprel 2013-cü il tarixdən etibarən hər ay 87 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

26. İddiaçı hazırkı iddia tələbində Zəngilan Rayon Məhkəməsinin 2(034)-88/2013 saylı, 26 aprel 2013-cü il tarixli qətnaməsinə əsasən təyin edilmiş aliment borcunun 2016-2019-cu ilədək olan müddətə hesablanmış hissəsindən azad edilməsini tələb edir. İddianın əsası kimi oğlu İsmayıl Mehdiyevin 2016-2019-cu illər ərzində Heydər Əliyev adına Hərbi Liseydə təhsil almasını və bu müddət ərzində dövlətin təminatında olmasını, həmçinin özünün xəstə olmasını, maddi vəziyyətinin alimenti ödəməyə yetmədiyini əsas gətirərək yaranmış aliment borcunun ödənilməsindən azad edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş, narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

27. Apellyasiya kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəylə razılaşır və yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. İddiaçının iddia tələbinin hüquqi əsası Ailə Məcəlləsinin 107.2-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. İddiaçı qeyd olunan hüquqi əsasla məhkəməyə müraciət etmiş və ərizəsində qeyd etdiyi halları ( İsmayıl Mehdiyevin 2016-2019-cu illər ərzində Heydər Əliyev adına Hərbi Liseydə təhsil almasını və bu müddət ərzində dövlətin təminatında olmasını, həmçinin özünün xəstə olmasını, maddi vəziyyətinin alimenti ödəməyə yetmədiyini) faktiki hallar kimi göstərməklə iddianın təmin edilməsini xahiş etmişdir.

29. Apellyasiya kollegiyası iddia tələbinin qeyd edilən dəlilləri ilə razılaşmır və qeyd edir ki, sadalanan hallar iddiaçı tərəfindən təkzibolunmaz sübutlarla əlaqələndirilmədiyi kimi, eləcə də bu hallar iddiaçını qeyd edilən aliment öhdəliyindən azad edə bilməz.

30. İddiaçı iddiasının əsas dəlili kimi aliment tutulmalı şəxs İsmayıl Mehdiyevin 2016- 2019-cu illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almasını və bu müddət ərzində dövlətin təminatında olmasını qeyd edir ki, kollegiya bu dəlili Ailə Məcəlləsinin 107.2-ci maddəsində qeyd olunan hallardan hesab etmir.

31. Belə ki, İsmayıl Mehdiyevin 2016-2019-cu illər ərzində Hərbi Akademiyada təhsil alması müvafiq olaraq sonuncunun Hərbi Akademiyada təhsil almanın ümumi qaydalarına uyğun olaraq gündəlik qida və qalmaqla bağlı zəruri təminat xərclərinin qarşılanmasını təmin edir ki, bu hal iddiaçının həmin müddətdə aliment öhdəliyindən azad edilməsinə əsas vermir.

32. Aliment bir şəxsin digər şəxsə qanuna uyğun olaraq verməli olduğu dolanacaq xərci mənasında başa düşülsə də, uşağın üstün mənafeyi baxımından bu məbləğ bütün mümkün hallarda yalnız dolanacaq xərci kimi deyil, həm də uşağın təhsil, idman habelə digər sosial imkanlardan yararlanması üçün sərf edilə biləcək vəsait anlamında başa düşülməlidir. Hazırkı işdən isə görünür ki, aliment təyin olunandan uşağın yetkinlik yaşına çatana kimi, yəni 2020-ci ilə kimi iddiaçı aliment ödəməmişdir. Saatlı rayon İcra və probasiya Şöbəsi tərəfindən verilmiş məktubundan da göründüyü kimi iddiaçının həmin müddət ərzində 8265 manat aliment borcu yaranmışdır.

33. Belə olan halda mərhum İsmayıl Mehdiyevin qeyd olunan dövrdə bütün zəruri maddi ehtiyaclarının cavabdeh tərəfindən təkbaşına qarşılanması müəyyən edilir. Beləliklə iddiaçının iddia tələbində göstərdiyi hallar onun üzürlü səbəbdən aliment ödəmək imkanının olmamasına dəlalət etmədiyindən, bu hallar, onu aliment borcunu ödəməkdən azad edə bilməz.

34. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı işdə mübahisələndirilən iddianın qiyməti (2016-2019-cu illər ərzində aylıq aliment məbləğinin cəmi) 3132 (36x87=3132) manat təşkil edir.

35. Kollegiya belə qənaətə gəlir ki, hazırki iddia tələbinin qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-412/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar