Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1354/2023 30.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil2, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin müəyyən olunması və aliment ödəməkdən azad edilmə tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(067)-46/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh birgə nikahdan olan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 yaşayış yerləri ataları İddiaçı yanında olması müəyyən edilməsi, İddiaçı qətnamə qəbul edildiyi gündən aliment ödəməkdən azad edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul Cavabdeh tutularaq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34JTRE******************** hesabına keçirilməsi, İş üzrə ödənilmiş mediasiya xərci və dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlə 20 avqust 2006-ci il tarixli nikahlarından doğulmuş xx.xx.2007təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yaşayış yerinin onun yanımda olması barədə, onu övladlarına münasibətdə aliment ödəməkdən azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 20 avqust 2006-cı il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Bu nikahdan xx.xx.2007-ci il təvəllüdlü X5 və 23 mart 2009-cu il təvəllüdlü X6 anadan olmuşdur. Xaçmaz rayon Məhkəməsinin qətnaməsinə əsasən nikah pozulduqdan sonra 2 övladı cavabdehin himayəsində qalmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Xaçmaz rayon Məhkəməsinin qətnaməsinə əsasən hər həftəninin şənbə və bazar günləri uşaqlarıyla mütəmadi olaraq görüşürdü. Övladları analarının yanına getmək istəmədiklərindən xx.xx.2021 -ci il tarixindən hal-hazıra kimi onun himayəsindədirlər. Bununla bağlı Xaçmaz rayon Polis və İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmiş profilaktik söhbətlər zamanı uşaqların analarına getməmələri barədə akt tərtib olunmuşdur. Xaçmaz rayon Müşkür kənd İnzibati Ərazi Dairəsi Köhnə Xaçmaz kəndi nümayəndəsinin 29 sentyabr 2021 -ci il tarixli aktına əsasən 18 oktyabr 2007-ci il tarixdə doğulmuş X5 23 mart 2009-cu il tarixdə doğulmuş X6 hal-hazırda Xaçmaz rayon Köhnə Xaçmaz kəndində valideyni İddiaçı himayəsində yaşayır və İddiaçı övladlarının gündəlik qayğıları ilə şəxsən məşğul olur. Hal-hazırda övladları onun yanandadırlar və anaları Cavabdeh yanında qalmaq istəmirlər. Bu hallar ekspertiza təyin edilsə üzə çıxacaqdır. Onun uşağı onun yanımda yaşaması və normal inkişaf etməsi üçün hər cür maddi və mənzil şəraiti vardır. Xaçmaz rayon Məhkəməsinin 2(067)-1396 saylı, 24 iyul 2013-cü il tarixli əmrinə əsasən Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yaşayan borclu İddiaçı hər ay qazancının üçdə bir hissəsi 22 iyul 2013-cü il tarixdən başlayaraq tutulub. 2007- ci ildə anadan olmuş Orxanın və 23 mart 2009-cu ildə anadan olmuş Ayxanın yetkinlik çatana kimi saxlanması üçün Xaçmaz şəhəri,Təbriz küçəsi, 14 saylı evdə yaşayanan X4 verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşaqların psixoloji təsir və ya digər zorakılıq təsiri altında belə göstərmələri növbəti məhkəmə psixoloji ekspertizası tərəfindən ciddi surətdə yoxlanılmalıdır. Ona görə də hesab edir ki, iş üzrə təkrar məhkəmə psixoloji ekspertizasının keçirilməsi zərurətə çevrilmişdir. Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi məhkəmə üçün məcburi qüvvəyə malik deyildir. Məhkəmə qanunun tələbinə riayət etməmişdir. Məhkəmə təkrar məhkəmə psixoloji ekspertizası təyin etməmişdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir. Xaçmaz Rayon Məhkəməsi isə qətnaməni əsaslandırmaq üçün başqa dəlillərə istinad etməmişdir. Bununla da məhkəmə Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilən göstərişlərə əməl etməmişdir. Məhkəmə uşaqların ona qarşı (hətta onunla görüşmək istəməmələri) aqressiv münasibət bildirmələrinin səbəbini aydınlaşdırmamış, uşaqların psixoloji və ya digər zorakı təsir altında fikir söyləmələrini müəyyən etmək üçün təkrar məhkəmə psixoloji ekspertizası təyin etməmişdir. Bütün sübutlar etiraz ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Lakin qətnamədə bu barədə heç bir qeyd yoxdur və həmin sənədlər məhkəmə tərəfindən qiymətləndirməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən X5 11-ci sinifdə oxuduğunu, atası, nənəsi, atasının ailəsi və qardaşı ilə birlikdə yaşadığını, qardaşının 9-cu sinifdə oxuduğunu, anasının öz ata evində yaşadığını, dərsləri ilə atasının məşğul olduğunu, babasının onu döydüyünü, anası ilə yaşamaq istəmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən X6 atası ilə yaşamaq istədiyini, anasının və onun qohumlarının onları döydüyünü, ana babasının anasının yanında onu döydüyünü və anasının heç nə demədiyini, səbəbsiz yerə döydüklərini, atasının yeni evləndiyini və ona ikinci anasının baxaraq paltarlarını yuduğunu və anası ilə qalmaq istəmədiyini bildirmişdir. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni iş materiallarına əsasən və uşaqların mənafeyini nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən cavabdeh apellyasiya şikayəti verərək, məhkəmənin gəldiyi nəticəni mübahisələndirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın aildə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (Ailə Məcəlləsinin Ailə Məcəlləsinin 58.1. və 58.2. maddələri). İlk öncə qeyd edilməlidir ki, valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Ailə münasibətləri davam etdiyi müddətdə bu vəzifə valideynlər tərəfindən birgə həyata keçirilir. Valideynlər arasında nikah münasibətlərinə xitam verilərkən uşaqların hansı valideynin yanında qalması həll olunduqdan sonra digər valideynin uşaqların qayğısına qalmaq hüququnun realizə edilməsi istisna edilməməklə təmin edilməlidir. Tərəflərin birgə nikahlarından iki övladı olmuş, hazırda onların öz müstəqil fikirləri ilə birinci instansiya məhkəməsində iclas zamanı Xaçmaz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı ilə hər ikisi ataları ilə qalmaq istədiklərini bildirmişdirlər. Eyni fikirləri apellyasiya baxışı zamanı dindirilərkən bir daha təsdiq edərək atalarının yanında qaldıqlarını və anaları ilə yaşamaq istəmədiklərini göstərmişlər. Baxılan iş üzrə məhkəmə tərəfindən keçirilən məhkəmə psixoloji ekspertizasının rəyinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 ataları İddiaçı bağlılıqları üzə çıxmaqla, anaları Cavabdeh bağlılıqları müəyyən olunmur. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər (Ailə Məcəlləsinin 52-ci maddəsi). "Uşaq hüquqları haqqında" 12 noyabr 1989-cu il tarixli BMT Konvensiyasının 3-cü maddəsinə görə uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 1996-cı il tarixli "Yohansen Norveçə qarşı" işi üzrə qərarına əsasən, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasını təmin edilməsinə dair pozitiv öhdəlik qoyur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz . Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 yaşayış yerlərinin ataları İddiaçı yanında müəyyən edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. İddia tələbinin alimentdən azad edilməsi hissəsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 ataları İddiaçı yanında olması müəyyən edildiyindən, eləcə də uşaqların xx.xx.2021-ci il tarixdən atalarının yanında yaşadıqlarından iddiaçının aliment ödəməkdən azad edilməsinin qətnamənin qəbul etdiyi gündən hesablanması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1354/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1354/2023
30.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver