Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1360/2021 29.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi və vəkili X8 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(060)-5707/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(060)-5707/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rəşad Qoşqarlı) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4800/2011 saylı, 22 noyabr 2011-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 31.08.2008-ci il təvəllüdlü X6 və 21.07.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, dəyişdirilən alimentin məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 31.08.2008-ci il təvəllüdlü X6 və 21.07.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 30.12.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 31.08.2008-ci il tarixdə X11 və 21.07.2009-cu il tarixdə X9 anadan olmuşlar. Nikahlarının ilk vaxtlarında münasibətləri normal olmuşdır. Lakin sonradan münasibətləri pisləşmiş və o, nikahın pozulması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Sumqayıt Şəhər Məkəməsinin 2(060)- 4800/2011 saylı, 22 noyabr 2011-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, 31.08.2008ci il təvəllüdlü X6 və 21.07.2009-cu il təvəllüdlü X5 onun himayəsinə verilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 31.09.2011-ci il tarixdən başlayaraq cavabdehin qazancının üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda o, hər ay 212 manat məbləğində aliment alır və bu da iki uşağın saxlanılması üçün kifayət etmir. Ona görə alimentin sabit pul məbləğində müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4800/2011 saylı, 22.11.2011-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan aliment miqdarını dəyişdirilərək, Cavabdeh 31.08.2008-ci il təvəllüdlü X6 və 21.07.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız hesab edir. Məhkəmə işə birtərəfli və əsassız baxaraq İddiaçı mənafeyini üstün tutmuşdur. Cünki o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Goranboy rayon İcra və probasiya şöbəsində icra məmuru işlədiyi və dövlətdən rəsmi əmək haqqı aldığı və eyni zamanda Sumqayış Şəhər Məhkəməsinin 2(060)-4800/2011 saylı, 22.11.2020-ci il tarixli qətnaməsi ilə ondan əmək haqqına uyğun olaraq qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulduğu halda, məhkəmə qanunun tələblərinə məhəl qoymadan və dövlətdən əmək haqqı aldığı halda, iddiaçının mənafeyini üstün tutaraq hər uşağa 150 manat olmaqla, 300 manat alimentin tutulması barədə qətnamə qəbul etmişdir. Məhkəmə qətnamədə onun 740,40 manat əmək haqqı almağı barədə arayışın olmasını əsas götürmüş, lakin qeyd etməmişdir ki, həmin məbləğin 99 manatı gəlir vergisi, həmkarlar təşkilatına və sosial müdafiəyəyə tutulur, nəticədə 641 manat əmək haqqı qalır, bunun da 1/3 hissəsi iki uşağın saxlanılması üçün alimentə tutulur, yerdə qalan əmək haqqı ilə yenidən qurduğu ailədən olan iki digər övladının saxlanılması və digər xərclərini ödəyir. Bundan başqa, məhkəməyə iddia ərizəsinə verdiyi etirazda iddiaçının özünün Sumqayıt şəhər uşaq xəstəxanasında işlədiyini, əmək haqqı aldığını, gözəllik salonlarında işlədiyini nəzərə almamış və “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumunun uşaqlar üçün 170 manat məbləğində müəyyən edildiyini qeyd etmişdir. Məhkəmə qətnamədə onun əmək haqqından may ayında 211,63 manat, iyun ayında 324,05 manat və iyul ayında 82,79 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının hesabına köçürülməsini, bununla da Ailə Məcəlləsinin 78.1-ci maddəsini əsasən qazancın qeyri müntəzəm, dəyişkən olmasını əsas götürərək sabit pul məbləğində alimentin verilməsini təmin etmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən Ədliyyə Nazirliyi tərəfindən əmək haqqı barədə verilən arayışı əsas götürməmiş və hansı səbəbdən may ayında 211,63, iyun ayında 324,05 və iyul ayında 82,79 manat aliment tutulmasını araşdırmamış və bunu dəyişən, qeyri müntəzəm kimi qiymətləndirmişdir. O, dövlətdən əmək haqqı alır və işlədiyi ay əmək haqqının 1/3 hissəsi, yəni 211,63 manat aylıq aliment tutulur. İyun ayında ondan 324,05 manat aliment tutulması həmin ay məzuniyyətə çıxması ilə bağlı olmuş, iyul ayında isə işdə olmadığı üçün 82,79 manat aliment tutulmuşdu. O, qanunvericiliyə uyğun olaraq üzərinə düşən aliment öhdəliyini 2011-ci ildən əmək haqqından tutulma ilə vaxtlı-vaxtında ödəmiş və imkanı çatan qədər də digər köməkliklər etmişdir. Məhkəmə qətnamə qəbul edərkən onun ədliyyə qulluqçusu olduğunu, ədliyyə qulluqçusunun yeganə gəlir yeri onun aldığı əmək haqqı və mükafatlardan ibarət olduğunu hansı maraqlardansa nəzərə almamışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X13 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti faktiki olaraq iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahından 31.07.2008-ci il tarixdə X11 və 21.07.2009-cu il tarixdə X9 anadan olmuşlar. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4800/2011 saylı, 22 noyabr 2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə X7 arasında 30 dekabr 2007-ci ildə Bərdə rayonu VVADQ şöbəsində 893 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikahdan pozulduqdan sonra 31 iyul 2008-ci il təvəllüdlü X6 və 21 iyul 2009-cu il təvəllüdlü X5 X7 ilə qalmaları, 31 iyul 2008-ci il təvəllüdlü X6 və 21 iyul 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 31 oktyabr 2011-ci ildən başlayaraq hər ay Cavabdeh qazancının üçdə bir hissəsi miqdarında alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 03.10.2019cu il tarixli, 8/890 saylı arayışından görünür ki, Cavabdeh Goranboy rayon İcra və probasiya şöbəsində icra məmuru vəzifəsində işləyir və aylıq əmək haqqı 740,40 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İddiaçı ünvanladığı 17.08.2020-ci il tarixli, 8/633 saylı məktubdan görünür ki, icra sənədinə əsasən Cavabdeh əmək haqqından may ayında 211,63 manat, iyun ayında 324,05 manat və iyul ayında 82,79 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Azərbaycan Beynəlxalq Bankındakı hesab nömrəsinə köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçı alimentin miqdarının dəyişdirilməsi barədə iddia tələbi irəli sürməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində qanuni və əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4800/2011 saylı, 22 noyabr 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X7 arasında 30 dekabr 2007-ci ildə Bərdə rayonu, VVADQ şöbəsində 893 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 31 iyul 2008-ci il təvəllüdlü X6 və 21 iyul 2009-cu il təvəllüdlü X5 X7 ilə qalmalar, 31 iyul 2008-ci il təvəllüdlü X6 və 21 iyul 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 31 oktyabr 2011-ci ildən başlayaraq hər ay Cavabdeh qazancının üçdə bir hissəsi miqdarında alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2011-ci ildə yaşayış minimumu uşaqlar üçün 76 manat məbləğində müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4800/2011 saylı, 22 noyabr 2011-ci il tarixli qətnaməsi qəbul olunan vaxtdan keçən 9 ilə yaxın müddət ərzində uşaqların yaşayış minimumu üçün müəyyən edilmiş məbləğ artmış, bu isə iddiaçının uşağın saxlanmasına, tələbatının ödənilməsinə daha çox vəsait sərf etməsinə, başqa sözlə, onun maddi vəziyyətinin dəyişilməsinə səbəb olmuşdur. Həmçinin “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, 31 iyul 2008-ci il təvəllüdlü X11 və 21 iyul 2009cu il təvəllüdlü X9 iddiaçının himayəsindədirlər, uşaqlara qulluq, onların təhsil, sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşür. Digər tərəfdən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4800/2011 saylı, 22 noyabr 2011-ci il tarixli qətnaməsi ilə alimentin miqdarının müəyyən edildiyi 2011-ci ildən sonra istehlak mallarının qiymətində bahalaşma olduğundan, uşaqların saxlanılması üçün Cavabdeh qazancının üçdə bir hissəsi miqdarında, yəni 211 manat aliment istehlak bazarında mövcud olan hazırki real qiymətlərlə uzlaşmır və uşaqların minimal tələbatlarının ödənilməsi üçün kifayət deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehin hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment ödəmək iqtidarındadır. Digər tərəfdən, qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh məhkəmə kollegiyasına ünvanladığı 10.03.2021-ci il tarixli ərizəsində hər ay hər uşağa 120 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi texniki səhvə yol verərək qətnamədə X6 doğum tarixini 31.07.2008-ci il əvəzinə, 31.08.2008-ci il göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçının dəyişdirilməsini tələb etdiyi alimentin bir illik miqdarı 4080 (340 manat x 12 ay) manat, qətnamə ilə uşaqların saxlanılması üçün Cavabdeh qazancının üçdə bir hissəsi miqdarında tutulan alimentin illik miqdarı 2532 (211 manat x 12 ay) manat təşkil edir. Göründüyü kimi, X2 dəyişdirilməsini tələb etdiyi alimentin illik məbləği 1548 (4080 manat-2532 manat) manatdır, yəni iki min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(060)- 5707/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. X1 doğum tarixi 31.07.2008-ci il kimi göstərilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1360/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1360/2021
29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver