Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1374/2024 29.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Elbəyli Vüsalə Rasim qızının katibliyi, İddiaçı, onun və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi X13, Cavabdeh və onun nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, e-2(060)-3277/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmək haqqından hər ay ¼ hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi, alimentin tutulmasının ərizəsinin məhkəməyə daxil olduğu gündən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh ilə bir evdə yaşayırdılar. Cavabdeh ailə qurduqdan sonra özünə şəxsi mənzil almış və ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. Lakin, cavabdeh bir övlad kimi onu saymır, hörmət etmir, 3 ilə yaxın müddətdir ümumiyyətlə halından xəbər tutmur. Qeyd edir ki, o, evdar qadındır, uşaqlıqdan İİ qrup əlildir, əmək qabiliyyətini tamamilə itirib, ayağı amputasiya olunacaq. Əlilliklə yanaşı digər xəstəliklərdən də əziyyət çəkir. Cavabdeh onun heç bir müayinə, müalicə xərclərinə kömək etmir. Əlil olsa da, o, cavabdehdən ana qayğısını əsirgəməyib, onun sağlam fərd kimi böyüməsi üçün əlindən gələni edib. Onun heç bir yerdən gəliri, qazancı yoxdur. Çarəsiz, köməksiz vəziyyətdə kirayədə yaşayır. Maddi durumu çox ağırdır. Xəstə, çarəsiz valideyinə hörmət etmək, maraqlanmaq, ehtiyaclarına kömək etmək hər bir övladının borcudur. Valideynlərin uşaqlarını saxlamaq üçün aliment ödəmək vəzifəsi olduğu kimi, yetkinlik yaşına çatmış övladların da valideynlərini saxlamaq vəzifəsi var. Hesab edir ki, Cavabdeh əmək haqqısından hər ay 1/4 hissəsi qədər aliment tutularaq ona ödənilməlidir. Bu səbəbdən də, aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 450 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, e-2(060)-3277/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, e-2(060)- 3277/2024nömrəli qətnaməsinin ləğv edilməsi və Cavabdeh 450 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 368 manat pensiya alır.Vəkil sorğusuna əsasən yoldaşının 507.46 manat əmək haqqı alması müəyyən olunsa da, məhkəmə sorğunun cavabına istinad edən zaman nəzərə almamışdır ki,sorğu yalnız 2024-cü ilin aprel ayını əhatə etmişdir. Cavabdeh hərbiçi olduğu üçün həmin tarixdə atasına əlavənin yüklənməsini bilərək vəkilindən yalnız həmin ay üzrə sorğu verməsini tələb etmişdir. Cavabdehin kirayədə qalmasına münasibətdə isə qeyd etmişdir ki, hazırda N saylı hərbi hissənin qeydiyyatındadır.Buna əsasən onun kirayə xərci hərbi hissə tərəfindən qarşılanır. Azərbaycan Respublikası İpoteka Kredit Zəmanət Fondu ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90 kv/m olan mənzil cavabdehə 208002.52 manata satılmışdır və aylıq ödənişin 12 misli cavabdeh tərəfindən müqavilənin digər tərəfinə ödənilmişdir. Qeyd edir ki,cavabdehin aldığı mənzil istismara yararlıdır və hazırda cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Dövlətdən aldığı 300 manat kirayə haqqını isə şəxsi məqsədləri üçün xərcləyir. Cavabdeh həyat yoldaşının gözdən əlil olmasını bildirsə də, lakin onun 3-cü qrup əlilliyə görə pensiya alması hissəsinə toxunmamış və bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Adına olan mənzilin qızına bağışlanması məsələsinə və cavabdehin şəxsi biznesi olmaması məsələsinə münasibətdə isə qeyd etmişdir ki, Beyləqan rayonunda yerləşən mənzilini iki hissəyə bölərək onun 17 kv.m. özünə saxlamaq şərti ilə qalanını isə cavabdeh və digər övladına bağışlamışdır. Sonradan cavabdehin biznes qurmaq niyyəti olduğundan digər övladı X8 cavabdehə evin dəyərinin cavabdehə düşən hissəsinin pulunu verərək cavabdehə məxsus payı özününkiləşdirmişdir. Cavabdeh həmin zamanlarda maşın biznesinə girişdiyi üçün təcili pula ehtiyacı var idi. Buna əsasən qızı ona evdə olan payın qarşılığında 12000 (on iki min) manat pul vermişdir. Cavabdeh bundan sonra payından imtina edib. Cavabdeh hazırda xarici ölkələrdən maşın gətirilməsi işinə baxır. Digər övladı tərəfindən cavabdehə verilən pul bank vasitəsilə cavabdehin xaricdən maşın gətirdiyi şirkətin hesabına köçürülmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsindən verilən xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, Respublika ərazisində onun adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. X1 məxsus mənzilin kirayəyə verilməsi və onun maddi vəziyyətinin yaxşı olması məsələsinə münasibətdə isə bildirir ki,qızı ailəlidir və 3 övladı var. Həyat yoldaşı sərnişin daşıma xidməti ilə məşğul olsa da, özü rəsmi olaraq işsizdir və kirayədə qalır. Eyni zamanda qızının hicab mağazası olması məsələsi ilə bağlı bildirir ki, qızı heç bir halda sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Buna onun nə maddi vəziyyəti, nə də ailə şəraiti imkan vermir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı qalxanabənzər vəzin ultrasəs müayinəsindən görünür ki, sağ pay : 24 smx 2.4 smx 41.sm; eynicinslidir, dənəvaridir. 05sm ölçülü kistaya bənzər, düyünə bənzər anexogen sahələr qeyd olunur, düyün qeyd olunur, DPM də qanlanan.qanlanmayan; 05 smx0.5 sm kista qeyd olunur(2 ədəd), 05x04sm düyün izlənir. Sol pay: 2.4 smx 2.3 smx 4 sm; eynicinslidir, dənəvaridir, 0.3 sm ölçülü kistaya bənzər, düyünə bənzər anexogen sahələr qeyd olunur, düyün qeyd olunur, DPM də qanlanan.qanlanmayan. Cismi: 0.5 sm düyün qeyd olunur. DPM də qanlanan. qanlanmayan. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu Cavabdeh aylıq əmək haqqı vergilər tutulduqdan sonra 1876.30 (bir min səkkiz yüz yetmiş altı manat 30 qəpik) manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mənzillərin, evlərin müvəqqəti istifadəyə verilməsi müqaviləsindən (kirayə müqavilə) görünür ki, X16 ona məxsus Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 112C, 24 saylı mənzili aylıq 300 manat kirayə haqqı ödənilmək şərtilə Cavabdeh kirayəyə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, KM 2519 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsindən və həmin müqavilə üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İpoteka Kredit Zəmanət Fonduna müqavilə ilə nəzərdə tutulmuş 694.11 manat məbləğində ödəniş edir, həmin ödənişləri 2047-ci ilədək icra etmək öhdəliyi daşıyır. İş materiallarında olan AZ İİİ 349375 saylı və AZ İİİ 836504 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X6 birgə nikahından xx.xx.2014-ci il təvəllüdlü Səfərli Linara Tural qızı və xx.xx.2016-cı il təvəllüdlü X10 adlı iki uşaqları doğulmuşdur. İş materiallarında olan 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 11 mart 2024-cü il tarixli, 33 nömrəli arayışından görünür ki, ünvan 2 ünvanında yaşayan xx.xx.2014-ci il təvəllüdlü Səfərli Linara Tural qızı ünvan 3 ASM-də terapevt müayinəsində olmuş “Çolyak xəstəliyi, Bronxial astma, Allerqik komponentlər“ diaqnozu ilə dispanser qeydiyyatdadır və ambulator müalicədədir. İş materiallarında olan Səfərli Linara Tural qızının Unikal Klinika tərəfindən edilmiş xx.xx.2023-cü il tarixli endoskopik müayinəsindən görünür ki, qida borusuna sərbəst keçirilir. Z xətti 24. cmdə düzənli izlənir. Proksimal, torakal və distal ezofagus mukozasmda və mənfəzində patoloji dəyişiklik aşkar olunmadı. Mədə - Fundus, korpus mukozasında və mənfəzində patoloji dəyişiklik aşkar olunmadı. Antrum mukozasında hiperemiya və ödem mövcud. Pilor forme, Retrofleksiyada alt ezofagus sfikteri cihazı tam sıxır. Duodenum - Bulbus mukozasında və duodenumun 2-ci qisminə keçildi, mukozasında "çatlamış torpak" mənzərəsi izlənir. İş materiallarında olan X5 Mərkəzi və Poliklinikası tərəfindən edilmiş xx.xx.2023-cü il tarixli materialın histoloji müayinəsindən görünür ki, xx.xx.2014-ci il təvəllüdlü Səfərli Linara Tural qızına xroniki qastrit diaqnozu qoyulmuşdur. İş materiallarında olan ailə tərkibi barədə arayışdan görünür ki, X2 Tural Səfər oğlunun həyat yoldaşıdır. İş materiallarında olan Tibbi-Sosial Eksperiza Müayinəsindən çıxarışdan görünür ki, X9 ümumi xəstəlik, gözdən əlil olması əsası ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 83.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3—82.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir. İddiaçının iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 82-ci maddəsi təşkil edir ki, həmin maddi hüquq normasına görə isə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olması qeyd olunmaqla valideynlərin və övladların da maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçı maddi yardıma ehtiyacının olması təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarına əsasən müəyyən edilri ki, iddiaçı 2-ci qrup əlil olsa da, o bununla bağlı 368.87 manat pensiya alır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməli olmasını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ailəlidir və onun həyat yoldaşı X13 N nömrəli hərbi hissənin mənzil istismar xidmətinin qazanxana operatoru vəzifəsində işləməklə 507.46 manat əmək haqqı alır. Həmçinin “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat (iki yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin təmin olunması üçün əsas deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi aliment müəyyən edərkən məhkəmə həmçinin övladların da maddi və ailə vəziyyətini nəzərə almalıdır. İş materiallarına əsasən müəyyən edilir ki, cavabdehin övladı Səfərli Linara Tural qızının səhhətində problemlər var, Ailə Məcəlləsinə əsasən isə onun da qayğısına qalmaq valideynin borcudur.Həmçinin cavabdeh Azərbaycan Respublikası İpoteka Kredit Zəmanət Fonduna müqavilə ilə nəzərdə tutulmuş hər ay 694.11 manat məbləğində ödəniş edir.Bundan əlavə cavabdehin həyat yoldaşı gözdən əlil olmaqla ona müddətsiz üçüncü qrup əlillik təyin edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin də maddi və ailə vəziyyətini nəzərə almaqla iddia tələbinin təmin edilməməsinə dair düzgün hüquqi nəticəyə gəlmişdir.İddiaçı apellyasiya şikayətində cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, əlavə gəlirlərinin olduğunu qeyd etsə də, həmin halları sübut edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, e-2(060)-3277/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1374/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1374/2024
29.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver