Məhkəmə qərarları › İş №2(105)-1378/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1378/2023

12.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1378/2023 12.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair ilk, Cavabdeh3 Rüstəmova Səadət Əmirəddin qızına qarşı cehiz əmlakların mənzildən çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X11 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair ilk, Cavabdeh3 İddiaçı qarşı cehiz əmlakların mənzildən çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1211/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X6 ilə X1 xx.xx.2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahdan sonra arvada “Rüstəmova” soyadı verilmişdir. X6 ilə X1 ailə qurduqdan sonra bir müddət Bakı şəhəri, Sabunçu rayonu, Əliyar Əliyev küçəsində yerləşən fərdi yaşayış evində, 2017-ci ildən 2020-ci il tarixədək isə Abşeron rayonu, Digah qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən fərdi yaşayış evində yaşamışdırlar.

2. X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiamı təmin etməklə, onun Abşeron rayonu Digah kəndində son vaxtlar yaşadığı və cehiz əşyalarının yerləşdiyi ikimərtəbəli özbaşına tikilmiş evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cəbrayıl rayon Dağ Tumas kənd sakini, faktiki olaraq Bakı şəhəri Sabunçu rayonu Əliyar Əliyev küçəsi (keçmiş Anaşkin) küçəsində yaşayan X6 ilə el adəti ilə ailə quraraq, nikahlarını 05 aprel 2016-cı il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 380 №-İi akt qeydi ilə qeydiyyata aldırmışlar. O, toydan sonra cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Əliyar Əliyev (keçmiş Anaşkin) küçəsində qanunsuz tikərək yaşadıqları evə gəlin köçmüşdür. Müəyyən müddət orada yaşadıqdan sonra o və həyat yoldaşı Abşeron rayonu Digah kəndində yerləşən digər bir evə köçməli olmuşlar. Həmin ev həyat yoldaşı tərəfindən alınmışdır. Həmin ərazidə heyvan saxladığına görə həmin evi özlərininki bilərək ora köçüb yaşamağa başlamışlar. 2020-ci ilin yanvar ayının 12-də həyat yoldaşı X16 kəndində yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişmiş, onun dəfn mərasimi onun atası və onun tərəfindən keçirilmişdir. Onun ölümündən sonra ona qarşı münasibət kəskinləşdiyindən müəyyən müddət atasıgildə yaşamağa başlamışdır. Lakin sonradan hiss etmişdir ki, o cavabdehlər üçün ümumiyyətlə maraqlı deyil, belə ki yol-nəqliyyat hadisəsi ilə bağlı olaraq zərərçəkmiş şəxsin hüquq varisi kimi tanınmalı olmağına baxmayaraq, onu həmin prosesə cəlb olunmağına imkan verməyərək, təqsirləndirilən şəxslə barışaraq, onunla müəyyən razılığa gəlmişlər. Bundan sonra həyat yoldaşı ilə yaşadıqları və özlərininki bildiyi evə köçüb yaşamaq istəsə də, ona imkan verməmişdirlər. Sonradan məhkəmədə iddia qaldırmaq üçün vəkillə müqavilə bağlamış və sorğulara gələn cavablardan müəyyən etmişdir ki, həmin evin qaz və işıq sayğacı Muradın qardaşının adınadır, halbuki həmin ev onun həyat yoldaşı tərəfindən alınmışdır və usta olduğuna görə evin natamam olan bəzi işlərinidə özü təmir etmişdir. Hal-hazırda onun cehiz əşyaları həmin evdədir.

5. Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı məxsus olan qonaq dəsti- şüşəli dolab-1 ədəd, yemək masası-1 ədəd, oturacaq-6 ədəd, divan-1 ədəd, kreslo-2 ədəd, şüşə balaca masa-1 ədəd, yataq dəsti-dolab-1 ədəd, çarpayı-1 ədəd, güzgülü kamod-1 ədəd, əşyalar-paıtaryuyan maşın-1 ədəd, tozsoran-1 ədəd, çıl-çıraq-1 ədəd, xalça-1 ədəd, yorğan döşək dəsti-1 ədəd, güldan- 1 ədəd, qazan dəsti-1 ədəd olan cehiz əmlakının ilkin iddiaçının hesabına Abşeron rayonu, Digah qəsəbəsi, Ə. Vahid küçəsində, 2 mərtəbəli fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın verilməsi üçün tərəfindən ödənilmiş 100 manat dövlət rusmunun cavabdehdən tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə ıddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 19 dekabr 2013-cü ildə Abşeron rayonu, Digah qəsəbəsi, Ə.Vahid küçəsində 2 mərtəbəli yarımçıq tikili olan fərdi yaşayış evini satın almış, əsaslı təmir etdikdən sonra orada yaşamışdır. Lakin 2017-ci ildən qardaşı X6 bir müddət həmin evdə müvəqqəti olaraq yaşamışdır. Belə ki, qardaşı X6 2015-ci ildə ailə qurmuş, 2015-ci ildə 2017-ci ilə qədər atası Rüstəmov Ələmşaha məxsus Bakı şəhəri, Sabunçu rayonu, Əliyar Əliyev küçəsində ailəsi ilə birlikdə müvəqqəti olaraq yaşamış sonradan 2017-ci ildən 2019-cı ilə qədər və xx.xx.2020-xx.xx.2020-ci il tarixədək ona məxsus olan Abşeron rayonu, Digah qəsəbəsi, Ə.Vahid küçəsində 2 mərtəbəli fərdi yaşayış evində yaşamışlar. 12 01.2020-ci ildə qardaşı X6 yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Bundan sonra həyat yoldaşı İddiaçı öz istəyi ilə evi tərk etmiş, oz şəxsi əşyalarını və cehiz əmlakının çox qismini özü ilə aparmışdır. Cehiz əmlakının cüzi bır hissəsi isə daşınması üçün yük avtomobilərinin olmadığını bəhanə edərək götürməmiş və evin 1 otağında saxlamışdır. Dəfələrlə cehiz əmlakının götürülməsi təkid edilsə də muxtəlıf bəhanələrlə bundan imtina etmişdir. Hal-hazırda ailəsi ilə (həyat yoldaşı X8, övladları X15 oglu, X9) birlikdə həmin evdə yaşayır və öz əmlaklarını yerləşdirməkdə manə olur. İlk iddiaçı öz əmlakını götürməməklə istifadə hüquqlarını pozur. Həmin əmlakın siyahısı aşağıdakılardır: Qonaq dəsti: şüşəli dolab-1 ədəd, yemək masası-1 ədəd, oturacaq-6 ədəd, divan-1 ədəd, kreslo-2 ədəd, şüşə balaca masa-1 ədəd, yataq dəsti: dolab-1 ədəd, çarpayı-1 ədəd, güzgülü kamod-1 ədəd, əşyalar: paltaryuyan maşın-1 ədəd, tozsoran-1 ədəd, çil-çıraq-1 ədəd, xalça-1 ədəd, yorğan döşək dəsti-1 ədəd, güldan-1 ədəd, qazan dəsti-1 ədəd. Həmin fərdi yaşayış evi ilkin iddiaçı və qardaşı X13 oglu birgə vəsaiti hesabına tikilməmişdir və bu barədə də heç bir sübut yoxdur. İlkin iddiaçının qardaşı ilə nikaha girməsi və həmin evə nikaha girdikdən 2 il sonra sonra köçməsi onun həmin evdə yaşayış hüququnun mübahisəsiz yaranması demək deyildir. İlkin iddiaçının evin sahibi olan onun ailə üzvi deyildir, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanmasını tələb etmək hüququ olmadığından bu ev özbaşına tikili olsa da, ilkin iddiaçının həmin yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti yoxdur.

7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1211/2023 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) ilk iddianın təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, İddiaçı məxsus cehiz əşyaları: qonaq dəsti- şüşəli dolab -1 ədəd, yemək masası-1 ədəd, oturacaq-6 ədəd, divan-1 ədəd, kreslo-2 ədəd, şüşə balaca masa-1 ədəd,yataq dəsti-dolab-1 ədəd, çarpayı-1 ədəd, güzgülü kamod-1 ədəd, əşyalarpaltaryuyan maşın-1 ədəd, tozsoran-1 ədəd, çil-çıraq-1 ədəd, xalça-1 ədəd, yorğan döşək dəsti-1 ədəd, güldan-1 ədəd, qazan dəsti-1 ədəd olan cehiz əmlakının ilkin iddiaçının hesabına Abşeron rayonu, Digah qəsəbəsi, Ə.Vahid küçəsində 2 mərtəbəli fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli özbaşına tikilini sahibi mərhum ərinin qardaşı Cavabdeh3 ailə üzvü hesab olunan şəxs olmadığından onun, həmin tikilidə yaşamaq hüququ yaranmamışdır. İlk iddia tələbi təmin edilməməli olduğundan qarşılıqlı iddia tələbi də elə qeyd edilən əsaslara görə əsaslı hesab edilib təmin edilməlidir.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 180-ci, Mənzil Məcəlləsinin 30-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh3 Abşeron rayonu, Digah qəsəbəsi, Ə.Vahid küçəsində 2 mərtəbəli yarımçıq tikili olan fərdi yaşayış evini satın almasına dair məsələlər araşdırılmamışdır. İddiaçı və onun mərhum əri X4 Abşeron rayonu, Digah qəsəbəsində yerləşən özbaşına tikinti sayılan yaşayış evində birgə yaşadıqları vaxtadək, yəni 2020-ci ilin yanvar ayınadək olan dövr ərzində istifadə olunmuş qaz, su və işıq üzrə abonent olaraq kimin qeydiyyatdan keçməsi məsələsi də məhkəmə tərəfindən yoxlanılmamışdır. Fərdi yaşayış evinin və Bakı şəhəri, Digah qəsəbəsində yerləşən 70 saylı fərdi yaşayış evinin eyni ev olması məsələsi və ya hansı evdə yaşaması məsələsi də məhkəmə tərəfindən araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

14. Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. (...) 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, tərəflər arasındakı münasibətlər 2016-cı ildə yarandığına görə hazırkı mülki hüquq münasibətlərinə analoji münasibətləri tənzimləyən hüquq normasına - həmin tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə qiymət verilməlidir.

23. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

24. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

25. İşin mübahisəsiz hallarından görünür ki, mübahisəli ev statusuna görə özbaşına tikilidir.

26. İddiaçı fərdi yaşayış evinin əri tərəfindən alındığına istinad etsə də, işdə olan Məhəmmədli kənd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarından görünür ki, Abşeron rayonunun Məhəmmədli kəndində yaşayan X2 bələdiyyə tərəfindən ev tikib yaşaması üçün 0,05 hektar torpaq sahəsi ayrılmışdır. X5 tərəfindən Cavabdeh3 verilmiş xx.xx.2013cü il tarixli etibarnamənin surətindən görünür ki, X5 həmin etibarnamə ilə Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində yerləşən istifadəsində olan 500 kv.m torpaq sahəsinə dair zəruri sənədlər toplamağı, özəlləşdirməyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən kadastr planı almağı, bütün idarə va təşkilatlara müraciət etməyi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsindən çıxarış, məhdudiyyət (yuklülük) barədə arayış aldıqdan sonra torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, bağışlamağı, müqavilə imzalamağı, bununla bağlı adından ənzə verməyi, imza etməyi və digər hərəkətlər etməyi 19 dekabr 2093-cü ilədək Cavabdeh3 etibar etmişdir.

27. "xxxx" ASC tərəfindən verilmiş müraciətə baxılması haqqında xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 cəmiyyətin elektron abonent bazasında Sabunçu rayonu, İ.Aslanov küçəsi, ev 13/B (kod:**********062) ünvanında, Cavabdeh3 isə ünvan 2 qeydiyyatdan keçmişdir.

28. "xxxx" ASC tərəfindən verilmiş müraciətə cavab məktubdan görünür ki, cəmiyyətin elektron bazasında Cavabdeh1 **********50383 nömrəli abunə kodu ilə ünvan 3 ünvanında, Cavabdeh3 isə **********00001 nömrəli abunə kodu ilə Bakı şəhəri, Digah qəsəbəsində yerləşən 70 saylı fərdi yaşayış evində abonent olaraq qeydiyyata alınması barədə məlumat vardır. Abunə kodu **********00001 olan ünvan üzrə Cavabdeh3 adına 23.92 manat borc yazılmışdır.

29. Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Məhkəmə iclasında tədqiqi olunmuş iş materialları ilə müəyyən edildi ki, mübahisəli ev Cavabdeh3 faktiki istifadəsində və sahibliyindədir. İddiaçı Cavabdeh3 ailə üzvü deyildir. Belə olan halda onun həmin evdən yaşayış sahəsi kimi istifadə etmək hüququ yoxdur.

30. Digər tərəfdən, iddiaçı mübahisəli yaşayış evinin mərhum əri tərəfindən alındığına dair hər hansı sübut növü təqdim etməmişdir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

33. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

34. Odur ki, ilkin iddia üzrə tələbin təmin edilməsi üçün əsas olmadığından həmin iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə tələbin isə təmin edilməsi barədə birinci instansiya məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

36. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1211/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar