Məhkəmə qərarları › İş №2(105)-1383/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1383/2022

01.06.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1383/2022 01.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Xaçmaz rayon peşə məktəbinə qarşı əmək haqqına əlavənin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(067)- 997/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin yazılı icraat qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərardadı ilə (hakim A.Sadıqov) İddiaçı Xaçmaz rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(067)-997/2021 saylı qərardadından verdiyi şikayətin təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə 7 (yeddi) gün müddətində aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmiş, İddiaçı apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə vermiş, birinci instansiya məhkəməsi ərizənin geri qaytarılmasını qərara almış, iddiaçı həmin qərardaddan şikayət vermiş, lakin şikayətində 25 aprel 2022-ci il tarixli qərardadının ləğv olunmasını qeyd etmiş, birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, şikayəti geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir (Mülki Prosessual Məcəllənin 361.1., 361.1.1., 361.1.2., 361.1.3., 361.1.4. və 361.1.5. maddələri). Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (Mülki Prosessual Məcəllənin 364-cü maddəsi). Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, şikayət verilərkən şikayətin forma məzmununa riayət edilməli olmasının ilkin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsi olsa da, birinci instansiya məhkəməsi qərardaddan şikayət verilərkən barəsində şikayət verilən məhkəmə aktının tarixinin düzgün göstərilməməsini nəzərə almamış, MPM-nin 361-ci maddəsinə uyğun olmayan şikayəti apellyasiya qaydasında baxılmasından ötrü Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, şikayət MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, İddiaçı tərəfindən verilmiş şikayətin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayətin Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar