Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1401/2024 09.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2na, Cavabdeh1nə, Cavabdeh3 qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs ƏMDK yanında DƏDRX-in 5 saylı Ərazi İdarəsi) mülki iş üzrə (Açar sözlər: ipotekaya xitam, ipoteka saxlayanın ipoteka predmetini əldə etmə müddəti, əmlakın yüklülükdən azad edilməsi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3 oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2na, Cavabdeh1nə, Cavabdeh3 qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs ƏMDK yanında DƏDRX-in 5 saylı Ərazi İdarəsi) ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın yüklülükdən azad edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 30 avqust 2017-ci il tarixli, 2(027)-1750/2017 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. İş materiallarında olan, "xxxx" Açıq Səhmdar Cəmiyyəti İddiaçı arasında bağlanmış 09 sentyabr 2009-cu il tarixli, 02 saylı ipoteka müqaviləsindən görünür ki, İpoteka saxlayanla Borcalan arasında bağlanmış17 avqust 2009-cu il tarixli, 02SF saylı Kredit Müqaviləsinə əsasən 1.980.000 manat məbləğində 5 (beş) il müddətinə verilən kredit və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər. Quba şəhəri 22-ci məhəllədə 0,02023 ha torpaq sahəsində yerləşən 2 girişli ümumi sahəsi 171,3 kv.metr sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası ipoteka predmeti hesab olunur.
2. Nəsimi rayon İcra Şöbəsinin xx/xx-5150/11 saylı, xx.xx.2014-cü il tarixli Sifariş məktubundan görünür ki, İddiaçı Quba şəhəri 22-ci məhəllədə 0,02023 ha torpaq sahəsində yerləşən 2 girişli, ümum sahəsi171,3 kv.metr sahədən ibarət qeyri yaşayış sahəsi 150.000 manat qiymətləndirilməklə X3 tələblərinə əsasən satılması üçün Hərraca çıxarılmışdır.
3. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin hərracın baş tutmaması barədə xx.xx.2014cü il tarixli, 1004 saylı protokoluna əsasən X3 43.1.2-ci maddəsinə əsasən hərracda alıcı olmadığından hərrac baş tutmamış və həmin Qanunun 43.5-ci maddəsinə əsasən ilkin satış qiymətindən 15% aşağı (127500 AZN) təkrar hərraca çıxarılması qərara alınmışdır.
4. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin hərracın baş tutmaması barədə xx.xx.2014cü il tarixli, 1125 saylı protokoluna əsasən X3 43.1.2-ci maddəsinə əsasən hərracda alıcı olmadığından hərrac baş tutmamış və həmin Qanunun 43.7-ci maddəsinə əsasən 95625 manata ipoteka saxlayana təklif edilmiş və Həmin Qanununn 43.8-ci maddəsinə əsasən alqı-satqı baş tutmadığı halda İcra sənədinin İcra Şöbəsinə geri qaytarılması qərara alınmışdır.
5. Əmlak İxtisaslaşdırılmış Hərrac X7 ASC-yə ünvanladığı xx.xx.2014-cü il tarixli, 2827 saylı təklif bildirişindən görünür ki, Hərracın baş tutmaması barədə elan market qəzetinin 52(785) saylı, xx.xx.2014-cü il tarixli sayında dərc edilmişdir. xx.xx.2015-ci il tarixədək əmlakı almadıqları halda işin Sifarişçi icra şöbəsinə geri qaytarılacağı bildirilmişdir. Həmçinin “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi halda, ipotekaya xitam verilməsi barədə məlumat verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh2na, Cavabdeh1nə, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba şəhəri 22-ci məhəllədə 0,02023 ha torpaq sahəsində yerləşən 2 girişli ümumi sahəsi 171,3 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə dair İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi, Quba şəhəri 22-ci məhəllədə 0,02023 ha torpaq sahəsində yerləşən 2 girişli ümumi sahəsi 171.3 kv.metr sahədən ibarət qeyri yaşayış sahəsinin yüklülükdən azad edilməsi və Cavabdeh2 ASC-nin adına DƏDRX-in 5 saylı Ərazi İdarəsindən verilmiş yüklülük Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh3 ilə Cavabdeh2 ASC arasında 17 avqust 2009-cu il tarixdə, 02SF saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən Cavabdeh3 1.980.000 (bir milyon doqquz yüz səksən) manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən kredit üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı məxsus Quba şəhəri 22-ci məhəllədə 0,02023 ha torpaq sahəsində yerləşən 2 girişli ümumi sahəsi 171,3 kv.metr sahədən ibarət qeyri yaşayış sahəsi girov qoyulmuşdur. Müqavilə şərtlərinə uygun olaraq borclu tərəfindən ödənişlər vaxtında həyata keçirilsə də, sonradan borclunun maliyyə vəziyyətində problemlər yarandığından kredit müqaviləsi üzrə ödənişlərin gecikməsi baş vermişdir. Borc Cavabdeh3 tərəfindən ödənilmədiyinə görə Bank məhkəməyə müraciət etmiş və Nəsimi rayon məhkəməsinin 2(006)-2091-2014 saylı, 25 iyul 2014-cü il tarixli qətnaməsi ilə pul vəsaitinin tutulması və tutulacaq məbləğin iddiaçıya məxsus girov qoyulmuş Quba şəhəri 22-ci məhəllədə, 0,02023 ha torpaq sahəsində yerləşən 2 girişli ümumi sahəsi 171.3 kv.metr sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi qət edilmişdir. Bu qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Nəsimi rayon İcra Şöbəsinin xx/xx- 5150/11 saylı, xx.xx.2014-cü il tarixli Sifariş məktubu ilə əmlak 150.000 manat qiymətləndirilməklə X3 tələblərinə əsasən satılması üçün Hərraca çıxarılırmışdır. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin hərracın baş tutmaması barədə xx.xx.2014-cü il tarixli, 1004 saylı və xx.xx.2014-cü il tarixli, 1125 saylı protokolu ilə hərrac baş tutmamış və sonda ipoteka saxlayana alması üçün təklif edilmişdir. xx.xx.2014-cü il tarixli təklif bildirişində Quba şəhəri, 22-ci məhəllədə, 0,02023 ha torpaq sahəsində yerləşən 2 girişli ümumi sahəsi 171,3 kv.metr sahədən ibarət qeyri yaşayış sahəsinin qiymətindən 25% aşağı qiymətə ala bilmələri barədə məlumat verilmişdir. Həmçinin predmetini almadıqları təqdirdə 30 təqvim günü ərzində ipotekaya xitam veriləcəyi bildirilmişdir. Həmçinin Əmlak İxtisaslaşdırılmış X4 İcra Şöbəsinə xx.xx.2015-ci il tarixdə ünvanladığı 1336 saylı məktubla bu iş üzrə hərracın baş tutmadığı əmlak alınmadığından geri qaytarıldığını bildirmişdir. Yuxarıda qeyd edilənlərə müvafiq olaraq X3 42-43-cü maddələrinin tələblərinə əsasən 2 dəfə hərrac keçirilmiş və hərracda alıcı olmadığından əmlak satılmamışdır. Belə olan halda sonuncu hərracın keçirilməsindən 30 gün müddətində Bank iddiaçıya məxsus əmlakı öz mülkiyyətinə keçirməli idi. Lakin buna baxmayaraq Bank hərracın yekunları barədə protokolu imzalamamış və əmlakı almamışdır. Hesab edir ki, Вank tərəfindən Hərrac Mərkəzinin ona məxsus Quba şəhəri, 22-ci məhəllədə 0,02023 ha torpaq sahəsində yerləşən 2 girişli ümumi sahəsi 171,3 kv.metr sahədən ibarət qeyri yaşayış sahəsinə dair göndərdiyi sonuncu bildiriş məktubundan 30 gün ərzində münasibət bildirilmədiyindən və əmlakı almadığından ipotekaya xitam verilməli və əmlak girovdan azad edilməlidir.
8. Quba Rayon Məhkəməsinin 30 avqust 2017-ci il tarixli, 2(027)-1750/2017 nömrəli qətnaməsi ilə (hakim F.Pənahov) iddia təmin edilərək, İddiaçı məxsus Quba şəhəri, 22-ci məhəllədə, 0,02023 hektar torpaq sahəsində yerləşən 2 girişli, ümumi sahəsi 171,3 kv.metr olan qeyri yaşayış sahəsinə dair İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 02 saylı, 09 entyabr 2009-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, həmin qeyri yaşayış sahəsinin yüklülükdən azad edilməklə DƏDRX-in 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş yüklülük Çıxarışının ləğv edilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edildi ki, Cavabdeh3 ilə Cavabdeh2 ASC arasında kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən Cavabdeh3 kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən öhdəliklərin icrasının təminatı kimi İddiaçı məxsus Quba şəhəri, 22-ci məhəllədə, 0,02023 hektar torpaq sahəsində yerləşən 2 girişli, ümumi sahəsi 171,3 kv.metr olan qeyri yaşayış sahəsi girov qoyulmuşdur. Borc Cavabdeh3 tərəfindən ödənilmədiyinə görə Bank məhkəməyə müraciət etmiş və Nəsimi rayon məhkəməsinin 2(006)-2091-2014 saylı, 25 iyul 2014-cü il tarixli qətnaməsi ilə pul vəsaitinin tutulması və tutulacaq məbləğin iddiaçıya məxsus girov qoyulmuş Quba şəhəri 22-ci məhəllədə, 0,02023 ha torpaq sahəsində yerləşən 2 girişli ümumi sahəsi 171.3 kv.metr sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi qət edilmişdir. Bu qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Nəsimi rayon İcra Şöbəsinin xx/xx-5150/11 saylı, xx.xx.2014-cü il tarixli Sifariş məktubu ilə əmlak 150.000 manat qiymətləndirilməklə X3 tələblərinə əsasən satılması üçün Hərraca çıxarılırmışdır. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin hərracın baş tutmaması barədə xx.xx.2014-cü il tarixli, 1004 saylı və xx.xx.2014-cü il tarixli, 1125 saylı protokolu ilə hərrac baş tutmamış və sonda ipoteka saxlayana alması üçün təklif edilmişdir. xx.xx.2014-cü il tarixli təklif bildirişində Quba şəhəri, 22-ci məhəllədə, 0,02023 ha torpaq sahəsində yerləşən 2 girişli ümumi sahəsi 171,3 kv.metr sahədən ibarət qeyri yaşayış sahəsinin qiymətindən 25% aşağı qiymətə ala bilmələri barədə məlumat verilmişdir. Həmçinin predmetini almadıqları təqdirdə 30 təqvim günü ərzində ipotekaya xitam veriləcəyi bildirilmişdir. Həmçinin Əmlak İxtisaslaşdırılmış X4 İcra Şöbəsinə xx.xx.2015-ci il tarixdə ünvanladığı 1336 saylı məktubla bu iş üzrə hərracın baş tutmadığı əmlak alınmadığından geri qaytarıldığını bildirmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsasını nəzərdən keçirərək, hesab edib ki, X3 42-43-cü maddələrinə əsasən 2 dəfə hərrac keçirilmiş, və hərracda alıcı olmadığından əmlak satılmadığından, sonuncu hərracın keçirilməsindən 30 gün müddətində Bank iddiaçıya məxsus əmlakı öz mülkiyyətinə keçirmədiyindən, əmlakı almaqdan imtina etdiyindən Quba şəhəri, 22-ci məhəllədə, 0,02023 ha torpaq sahəsində yerləşən 2 girişli ümumi sahəsi 171,3 kv.metr sahədən ibarət qeyri yaşayış sahəsinə dair bağlanmış 02 saylı, 09 entyabr 2009-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməli, həmin qeyri yaşayış sahəsinin yüklülükdən azad edilməklə DƏDRX-in 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MH ******* seriyalı, 02 dekabr 2009-cu il tarixli yüklülük Çıxarışı ləğv edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 269, 317.1-ci maddələri, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33 ,42, 43-cü maddəninin müvafiq bəndləri, Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan Cavabdeh2 ASC apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edilmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin hazırkı qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Qətnamənin əsaslandırılma hissəsində Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin keçirilmiş hərracların baş tutmaması səbəbindən xx.xx.2014-cü il tarixində təklif bildirişi ilə banka müraciət etməsi və Quba şəhəri, 22-ci məhəllədə 0.02023 ha torpaq sahəsində yerləşən 171.3 kv.m sahədən ibarət qeyri yaşayış sahəsinin banka alınması üçün təklif edilməsi, həmçinin ipoteka predmetini almadıqları təqdirdə 30 təqvim günü ərzində ipotekaya xitam veriləcəyinin bildirilməsi qeyd olunmuşdur. Lakin, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərdə keçirilmiş hərraclar barədə bildirişlər hərrac təşkilatı tərəfindən banka göndərilməmiş, bank hərracın keçirilməsindən məlumatsız olmuşdur. Eyni zamanda Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin keçirilmiş hərracların baş tutmaması səbəbindən xx.xx.2014-cü il tarixində banka göndərdiyi təklif bildirişi də banka rəsmi surətdə təqdim edilməmişdir. Bu səbəbdən də bank hərracın keçirilməsindən və hərracın baş tutmaması səbəbindən əmlakın ona təklif edilməsi barədə məlumatsız olmuşdur. Odur ki, məhkəmə tərəfindən sonuncu hərracın keçirilməsindən 30 gün müddətin keçməsinə baxmayaraq bankın ipoteka pedmeti olan əmlakı öz mülkiyyətinə keçirməməsi səbəbindən iddiaçının iddia tələbinin təmin edilməsi və ipotekaya xitam verilərək əmlakın girovdan azad edilməsi barədə qət etdiyi qətnamə qanunsuz və əsassızdır. Ümumiyyətlə qanunvericiliyin qeyd olunan 30 gün müddətinin tətbiq olunmasında əsas meyar kimi bunun kökündə duran ipoteka saxlayanın ipoteka predmetini almaq niyyətinin olubolmaması, olmadığı təqdirdə ipoteka saxlayanın həmin predmeti bu və ya digər yollarla realizə etməsində vaxt itkisi ilə üzləşməyinin qarşısını almaqdan ibarətdir. Lakin, bu mübahisə ilə bağlı iddiaçı sırf qanunun hərfi mənasından çıxış edərək 30 gün müddətinin keçdiyini iddia edir. Bankın əmlakı qəbul etmək istəyini bildirməkdən başqa daha hər hansı addımları atması barədə qanunvericilikdə heç bir müddəa nəzərdə tutulmamışdır. Dolayısı ilə, Bankın hazırkı iş üzrə hərracın keçirilməsi zamanı hər hansı hüquq normasına riayət etməməsi və ya pozması halı müəyyən olunmur. İşə baxan məhkəmə isə bu hallara düzgün hüquqi qiymət verə bilməmiş nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məlum olduğu kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2091-2014 saylı, 25 iyul 2014-cü il tarixli qətnaməsi ilə pul vəsaitinin tutulması və tutulacaq məbləğin iddiaçıya məxsus girov qoyulmuş Quba şəhəri 22-ci məhəllədə, 0,02023 ha torpaq sahəsində yerləşən 2 girişli ümumi sahəsi 171.3 kv.metr sahədən ibarət qeyri yaşayış sahəsinə və Cavabdeh3 məxsus Quba rayonu Aşağı Xuc kəndində 4 ha torpaq sahəsində yerləşən 3784.2 kv.m olan əmlak kompleksinə yönəldilməsi qət edilmişdir. Hazırkı iş üzrə iddia tələbi məhz həmin qətnamənin icrasından yayınmaq məqsədi ilə verilmişdir. "xxxx" ASC-nin sözügedən qətnamədən məlumatı olmamışdır. Bank bu qətnamədən yalnız Cavabdeh3 analoji iddiası üzrə məhkəmə mübahisəsi zamanı məlumatlı olmuşdur. Belə ki, həmin iş üzrə cavabdeh məhz hazırkı qətnaməni sübut kimi təqdim etmişdir ki, bank bundan sonra müvafiq qaydada qətnaməni əldə edib, apellyasiya şikayəti vermişdir. Digər tərəfdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2091-2014 saylı, 25 iyul 2014-cü il tarixli qətnaməsi ilə borcun yönəldilməli olduğu ipoteka predmetlərindən Cavabdeh3 məxsus Quba rayonu Aşağı Xuc kəndində 4 ha torpaq sahəsində yerləşən 3784.2 kv.m olan əmlak kompleksi daha dəyərli və borcun ödənilməsinə kifayət edəcək məbləğdə olması səbəbindən bank daim icra icraatı çərçivəsində, habelə digər məhkəmə mübahisələrində məhz həmin predmetə münasibətdə diqqətli olmuş, bu hissədə bütün prosessual hüquqlarından istifadə etmişdir. Çünki bankın əsas məqsədi borcun ödənilməsini təmin etmək olmuşdur. Bununla belə digər ipoteka predmeti üzrə ipotekaya xitam verilməsi, yaxud digər alternativ qaydada tərəflər arasında razılaşma olmamışdır. Məhz bu səbəbdən bank hazırkı qətnamədən məlumatlı olan kimi qətnamədən apellyasiya şikayəti vermişdir. Göstərilənlərə əsasən nümayəndə və vəkil sonda apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin hüquqi əsası yoxdur. Belə ki, bank tərəfindən ipoteka predmetlərindən daha artıq qiymətə malik olan əmlakın nəzarətdə saxlanılması və borcun həmin əmlak hesabına ödənilməsinin təmin edilməsi barədə mövqeyi hüquqauyğun deyildir. Belə ki, icra mərhələsində ipoteka predmeti olan əmlak hərracda banka təklif edilmiş, bank isə öz növbəsində əmlakı almaqdan imtina etmiş və rəsmi qaydada bildirmişdir ki, əmlakın bir hissəsini əldə etməyə razıdır, əks təqdirdə əmlakın qalan dəyəri üçün borcluya pul ödəmək niyyəti yoxdur. Qanunvericilikdə qeyd olunan mexanizm nəzərdə tutulmamışdır. İpoteka predmeti qanunla müəyyən edilmiş qaydada əldə edilmədiyindən və artıq müddət ötdüyündən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və iddiası təmin edilmişdir. Hesab edir ki, həmin qətnamə qanuni və əsaslıdır. Apellyatorun bu qətnamədən məlumatının olmaması barədə arqumentləri əsassızdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 izahatında bildirdi ki, mövcud qətnamədən bank xeyli müddət əvvəl məlumatlı olub. Borcun ödənilməsinin razılaşdırılmış qrafikə salınması məqsədi ilə bir neçə dəfə Əmanətlərin Sığortalanması Fonduna dəvət olunmuş, hətta yeni qaydalar əsasında ödənişlər etmək barədə razılıq da əldə etmişlər. Ona məxsus ipoteka predmeti olan əmlak kompleksi üzərində ½ hissə payının müəyyən olunması məqsədilə arvadı tərəfindən iddia qaldırılmış və məhkəmə qətnaməsinə əsasən iddia təmin olunmuşdur. O bundan sonra da Banka bildirmişdir ki, ½ hissə payı naturada bölünəndən sonra, tələbin onun payına yönəldilməsinə, hətta həmin ½ hissənin Bankın (LPO-nun) mülkiyyətinə keçməsinə etiraz etmir. O, bu gün də qarşılıqlı razılıq əsasında məsələni həll etməkdən yayınmadığını bildirmişdir.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1nə, və müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında DƏDRX-in 5 saylı Ərazi İdarəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq qeyd olunan şəxslər məhkəmə iclasında təmsil olunmamış və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2.).
21. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Mddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda
22. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarında irəli sürülmüş mövqeyə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarı
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətindən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin 30 avqust 2017-ci il tarixli, 2(027)-1750/2017 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur
28. Tələb ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ipotekasına xitam verilməsi və yüklülükdən azad edilməsi barədədir.
29. Araşdırılan işin faktiki hallarından müəyyən edilmişdir ki, Cavabdeh3 ilə Cavabdeh2 ASC arasında kredit müqaviləsi bağlanmış və müqavilə şərtlərinə əsasən Bank Cavabdeh3 kredit vermişdir.
30. Kredit müqaviləsinin təminatı kimi iki daşınmaz əmlak, o cümlədən İddiaçı məxsus Quba şəhəri, 22-ci məhəllədə, 0,02023 hektar torpaq sahəsində yerləşən 2 girişli, ümumi sahəsi 171,3 kv.metr olan qeyri yaşayış sahəsi ipoteka (girov) qoyulmuşdur.
31. Kredit müqaviləsinin şərtlərinə görə borc Cavabdeh3 tərəfindən ödənilmədiyinə görə Bank məhkəməyə müraciət etmiş və Nəsimi rayon məhkəməsinin 2(006)-2091/2014 saylı, 25 iyul 2014-cü il tarixli qətnaməsi ilə pul vəsaitinin tutulması və tutulacaq məbləğin iddiaçıya məxsus ipoteka qoyulmuş Quba şəhəri 22-ci məhəllədə, 0,02023 ha torpaq sahəsində yerləşən 2 girişli ümumi sahəsi 171.3 kv.metr sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi qət edilmişdir.
32. Sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Nəsimi rayon İcra Şöbəsinin xx/xx-5150/11 saylı, xx.xx.2014-cü il tarixli Sifariş məktubu ilə əmlak 150.000 manat qiymətləndirilməklə X3 tələblərinə əsasən satılması üçün Hərraca çıxarılırmışdır.
33. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin hərracın baş tutmaması barədə xx.xx.2014-cü il tarixli, 1004 saylı və xx.xx.2014-cü il tarixli, 1125 saylı protokolu ilə hərrac baş tutmamış və sonda ipoteka saxlayana alması üçün yazılı müraciət (təklif) edilmişdir.
34. xx.xx.2014-cü il tarixli yazılı müraciətdə Quba şəhəri, 22-ci məhəllədə, 0,02023 ha torpaq sahəsində yerləşən 2 girişli ümumi sahəsi 171,3 kv.metr sahədən ibarət qeyriyaşayış sahəsinin qiymətindən 25% aşağı qiymətə ala bilmələri barədə məlumat verilmiş, həmçinin ipoteka predmetini almadıqları təqdirdə 30 təqvim günü ərzində ipotekaya xitam veriləcəyi bildirilmişdir.
35. İşdən həmçinin müəyyən olunur ki, Əmlak İxtisaslaşdırılmış X4 İcra Şöbəsinə xx.xx.2015-ci il tarixdə ünvanladığı 1336 saylı məktubla bu iş üzrə hərracın baş tutmadığı, əmlak alınmadığından geri qaytarıldığını bildirmişdir.
36. Beləliklə yuxarıda sadalanan ardıcıllıqdan görünür ki, hazırki işdə mübahisələndirilən əmlakın ipoteka predmeti olması, ipoteka predmetlərinin satılması ilə bağlı hərracların keçirilməsi və təkrar hərracın baş tutmamış elan olunması, eləcə də hərrac təşkilatı tərəfindən ipoteka saxlayana yazılı təklif göndərilməsi və sonuncunun həmin məktubu alaraq cavablandırması, sonda isə əmlak alınmadığından icra işinin geri qaytarılması işin mübahisəsiz hallarıdır.
37. Araşdırılan iş üzrə həmçinin mübahisəsiz olaraq müəyyən etmişdir ki, təkrar hərrac baş tutmamış elan olunduqdan sonra “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində ipoteka saxlayan ipoteka predmetlərinin əldə edilməsi ilə bağlı hərrac təşkilatına yazılı müraciət etmiş, lakin hərracın nəticələrinə dair protokol, habelə hərrac təşkilatı ilə ipoteka saxlayan arasında alqı-satqı müqavilələri bağlanmamış, qanunvericiliklə müəyyən olunmuş 30 günlük müddətə riayət olunmamışdır.
38. Təsadüfü deyil ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi öhdəliyin təminatı olaraq ipotekaya qoyulmuş əmlakın açıq hərrac vasitəsilə satılmasının mümkün olmadığı və ipoteka saxlayanın əmlakı əldə etmədiyi halda işə düşür. Ona görə də qeyd olunan normanın dispozisiya şərtlərinin yaranması üçün aşağıdakı zəruri əsaslar məcmu halda mövcud olmalıdır: 1) ipoteka ilə yüklü edilmiş əmlak barəsində iki hərracın keçirilməsi; 2) hər iki hərracın baş tutmamış elan olunması; 3) təkrar hərracın baş tutmamış elan olunmasından 30 təqvim günü ərzində ipoteka saxlayanın ipoteka predmetini əldə etməməsi. Həmin əsaslardan hər hansı birinin mövcud olmaması istinad olunan normanın tətbiqini istisna edir. Göründüyü kimi ipotekaya xitam verilməsi tələbinin təmin edilməsi üçün bu şərtlərin məcmu halda mövcudluğunun müəyyən edilməsi zəruri hesab edilmişdir.
39. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan kollegiya qeyd edir ki, cavabdeh bank yazılı müraciətə qanunvericiliklə nəzərdə tutulmayan şərtlər irəli sürməklə yanaşı, ipoteka predmetinin əldə edilməsi barədə iradəsini 30 təqvim günü ərzində ifadə etməmişdir.
40. Kollegiya apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşmayaraq hesab edir ki, Qanunun 43.8-ci maddəsindəki “əldə etmə” ifadəsi yalnız ofertanı aksept etməsini deyil, bunun nəticəsində müqavilənin bağlanmasını nəzərdə tutur.
41. Nəzərə alınmalıdır ki, bu məsələ ilə bağlı məhkəmə təcrübəsində fərqli hüquqi yanaşmalar olduğu üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli qərardad qəbul edilmişdir.
42. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilmənin təkrar hərracın baş tutmamış elan edilməsindən 30 təqvim günü ərzində əldə edilməməsi şərti ilə bağlı isə qeyd edilməlidir ki, bu şərt özü-özlüyündə 2 məsələyə aydınlıq gətirilməsini tələb edir: 30 günlük müddətin axımının başlanması anı və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası.
43. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır (Qərardadın 33-35-ci bəndləri)
44. Həmin Qərardadın 44-54-cü bəndlərində ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası ilə bağlı qanunvericilik ətraflı şərh olunmuş və belə nəticəyə gəlinmişdir ki, ipoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir.
45. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları 14 dekabr 2022-ci il tarixli qərardadında bu məsələyə də münasibət bildirərək göstərmişdir ki, məhkəmə təcrübəsində ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması hallarına rast gəlinir. ... Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. ... Belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. ... Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər. ... Beləliklə, ipoteka saxlayan protokolun imzalanmış hesab edilməsi tələbinə dair müstəqil iddia ilə məhkəməyə müraciət etmədiyi halda, ipoteka qoyanın “İpoteka haqqında” Qanunun 43.8ci maddəsinə əsasən ipotekaya xitam vermə tələbi, bu Qərardadın 24-cü bəndlndə qeyd edildiyi kimi, yəni həmin maddənin dispozisiya şərtlərinin mövcud olması əsası ilə təmin edilməlidir. Xüsusi olaraq vurğulanmalıdır ki, protokolun imzalanmış hesab edilməsi tələbi müstəqil iddia şəklində buna cavab verməli olan hərrac təşkilatçısına qarşı qaldırılmalı olduğundan, bununla bağlı verilmiş etirazlar ipoteka qoyana qarşı qaldırılmış ipotekaya xitam verilməsi tələbi çərçivəsində araşdırma predmeti və iddianın rədd olunması üçün əsas ola bilməz. (Qərardadın 55, 57, 59, 64-cü bəndləri)
46. Göründüyü kimi, formalaşmış məhkəmə təcrübəsinə görə, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması halında da, hüquqlarının pozulduğunu hesab edən ipoteka saxlayan müvafiq iddia ilə məhkəməyə müraciət etməlidir; bu məsələyə ipotekaya xitam verilməsi tələbi çərçivəsində hüquqi qiymət verilməsinə yol verilmir. Hazırki halda isə, Ləğv prosesində olan cavabdeh "xxxx" ASC-nin belə iddia verməsi müəyyən olunmur.
47. Nəhayət qeyd olunmalıdır ki, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək hüququ olduğu kimi, ipoteka qoyanın da ipoteka saxlayanın sözügedən hüququndan istifadə etmədiyi və ya vaxtında istifadə etmədiyi halda ipotekaya xitam verilməsi ilə bağlı tələb irəli sürmək hüququ vardır.
48. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları, həmçinin bu kateqoriya işlər üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin edən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının qeyd olunan qərardadına əsasən hesab edir ki, hazırki iş üzrə ipoteka saxlayanın yazılı müraciətə yuxarıda göstərilən formada şərtlə razılıq bildirməsi (aksepti) ipoteka predmetini əldə etmə kimi qiymətləndirilə bilməz.
49. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
50. Kollegiya, məhkəmə proseslərinin (icranın) uzun sürməsini nəzərə alaraq səlahiyyətləri çərçivəsində daha ərtaflı araşdırmağa səy göstərmişdir.
51. Bu məqsədlə hazırkı iddia tələbi Nəsimi Rayon Məhkəməsinin 2(006)-2091-2014 saylı, 25 iyul 2014-cü il tarixli qətnaməsinin aid olduğu iddia tələbi ilə birbaşa əlaqəli olduğundan, habelə bu iş üzrə qəbul edilmiş məhkəmə aktının istinad olunan məhkəmə aktının icrasına bu və ya digər formada təsiri ola bilmə ehtimalını nəzərə alan kollegiya hər iki qətnamə üzrə icra sənədinin icra vəziyyətini paralel təhlil etmişdir.
52. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya tərəfindən aidiyyəti orqanlara sorğular verilmiş və əldə olunmuş çoxsaylı sənədlərdən müəyyən edilmişdir ki, mübahisəli kredit müqaviləsinin təminatı kimi çıxış edən digər əmlak, yəni Quba rayonu Aşağı Xuc kəndində 4 ha torpaq sahəsində yerləşən 3784.2 kv.m olan əmlak kompleksi ilə bağlı çoxsaylı məhkəmə çəkişmələri olmuş, bütün sənədləşmələrdə də yalnız həmin əmlakın adı çəkilmişdir.
53. Əldə edilən məlumatlardan müəyyən edilmişdir ki, bank icra mərhələsində davamlı olaraq Nəsimi Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə tutma yönəldilən Cavabdeh3 məxsus Quba rayonu, Aşağı Xuc kəndində yerləşən ümumi sahəsi 3784.2 kv.m olan, torpaq sahəsi 4.0 ha olan əmlak kompleksinə (ilkin satış qiyməti-3.900.000 manat) aid hissədə marağını nümayiş etdirmiş və bu istiqamətdə müvafiq prosessual hüquqdan istifadə etmişdir.
54. Kollegiyanın göstərilən məsələyə də aydınlıq gətirməyi zəruri hesab etmiş və bu məqsədlə tərəflər sorğu-sual edilmişdir. Cavabdehin nümayəndəsi (vəkili) cavab olaraq bildirmişdir ki, hazırki mübahisəli əmlakın (171.3 kv.m sahəsi olan mağazanın) dəyəri az, digər ipoteka predmetinin (əmlak komleksinin) dəyəri isə kfayət qədər çox olduğundan, onların marağı daha çox o biri əmlaka (əmlak komleksinə) yönəlmişdir, bu əmlakda (171.3 kv.m sahəsi olan mağazada) bir o qədər də maraqları olmamışdır. Çünki, digər ipoteka predmetinin (əmlak komleksinin) dəyəri onların borcunun tam ödənilməsinə kifayət edirdi. Lakin iddiaçı tərəf bu ötən müddət ərzində borcunu ödəməkdən yayınmaqla yanaşı, həm də dəyəri çox olan əmlak kompleksi barədə əlavə məhkəmə çəkişmələri yaratmağa, icra işini süni şəkildə yubatmağa nail olmuşdur.
55. İzahat vermiş Cavabdeh3 isə cavabdeh tərəfin nümayəndəsinin (vəkilinin) dedikləri ilə tam razılaşmayaraq bildirmişdir ki, əvvəla Bank tərəf mövcud qətnamədən xeyli müddət əvvəl məlumatlı olub. O, bir neçə dəfə də bu məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna da dəvət olunmuş, hətta yeni qaydalar əsasında ödənişlər etmək barədə razılıq da əldə etmişlər. Hətta dəyəri böyük olan əmlak kompleksi üzərində ½ hissə payının müəyyən olunması məqsədilə arvadı tərəfindən iddia qaldırılmış və məhkəmə qətnaməsinə əsasən iddia təmin olunmuşdur. O bundan sonra da Banka bildirmişdir ki, ½ hissə payı naturada bölünəndən sonra, tələbin onun payına yönəldilməsinə, hətta həmin ½ hissənin Bankın (LPO-nun) mülkiyyətinə keçməsinə etiraz etmir. Sonuncu bu gün də qarşılıqlı razılıq əsasında məsələnin həll etməkdən yayınmadığını bildirmişdir.
56. Beləliklə yuxarıda qeyd olunanlara rəğmən kollegiya belə qənaətə gəlir ki, məlum kredit müqaviləsi üzrə iki daşınmaz əmlak-həm hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsi, həm də Quba rayonu Aşağı Xuc kəndində 4 ha torpaq sahəsində yerləşən 3784.2 kv.m olan əmlak kompleksi ipoteka qoyulmuşdur. Birinci əmlak (qeyri-yaşayış sahəsi) qiymətləndirmə təşkilatı tərəfindən 150 000 manata, digəri isə 3 900 000 manata qiymətləndirilmişdir. Göründüyü kimi hazırki əmlakın ipotekasına xitam verilməsi halında, kredit verənin (ipoteka saxlayanın) hüquqları heç də tam məhdudlaşdırılmır. Belə ki, qeyd olunan ipoteka predmeti olan əmlak kompleksinin dəyəri borcun təminatı kimi tam çıxış etmək iqtidarındadır.
57. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi apellyatora münasibətdə yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə və Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının qeyd olunan qərardadında müəyyən etdiyi hüquqi mövqelərə cavab verir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh2 ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 30 avqust 2017-ci il tarixli, 2(027)-1750/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.