Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1408/2024 29.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: uşaqların üc yaşınadək aliment tələbi) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, e-2(012)-3004/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən (yəni, mediasiyadan arayışı aldığı vaxtdan) başlayaraq Cavabdeh hər ay qazancının və başqa gəlirlərin üçdə bir hissəsi məbləğində aliment, habelə uşaqlar üç yaşına çatanadək hər ay hər biri üçün 100 (yüz) manat olmaqla, cəmi iki uşağa görə 200 (iki yüz) manat maddi yardımın, mediasiya üçün ödədiyi 55 manat və hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan iki övladları xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 doğulmuşlar. Cavabdehlə ailə qurduqları ilk günlərdən aralarında normal ailə münasibəti olmuşdur. Lakin son vaxtlar münasibətləri pisləşmişdir. Bunun nəticəsində artıq ayrı yaşayırlar. Cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya maddi cəhətdən heç bir köməklik etmir. O, öz valideynlərinin köməyi ilə uşaqlarını saxlayır. Cavabdeh hərbiçidir və Cəlilabad rayonu Göytəpə qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə işləyir, aylıq gəliri 1309 manat təşkil edir. Həmçinin 80 manat təqaüd alır. O, ilkin olaraq mediasiyaya müraciət etmiş və cavabdehə bu barədə təklif məktubu göndərilmişdir. Lakin cavabdeh mediasiyada iştirak etmədiyindən, ilkin mediasiya sessiyası baş tutmamış və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
4. Etiraz onunla əsaslandırılmışdır ki, o, bir valideyn kimi öz məsuliyyətini dərk edir və bildirir ki, uşaqları saxlamaq valideynlərin borcudur. Lakin indiki halda alimenti iddiaçının tələb etdiyi miqdarda ödəmək iqtidarında deyil. Bunun üçün onun vəsaiti də yoxdur, imkanları ilə üst-üstə düşmür. Belə ki, aldığı məvacib iddiaçının və atasının ona vurduqları maddi, fiziki və mənəvi ziyana görə sağlamlığının bərpasına çatmır. Hesab edir ki, alimentin əmək haqqının 1/3 hissədə tutulması Qanunun tələbidir və uşaqların saxlanılması üçündür. Lakin iddia ərizəsində alimentin xx.xx.2023-cü il tarixdən tutulmasını qəbul edə bilmir. Belə ki, iddiaçının yazdığından belə çıxır ki, o, Mediasiya təşkilatına keçən ilin sentyabr ayında müraciət edib, lakin 9 ay sonra məhkəməyə müraciət edir. O, uşaqlar üçün hər şey etmişdir. İddiaçının ondan uşaqlar 3 yaşına çatana kimi hər uşağa görə 100 manat maddi yardımın tutulması qanunsuz və əsassızdır. O, bu məbləğ üçün yetərli vəsaitə malik deyil. İddiaçının özü də hal-hazırda işləyir. Odur ki, o, iddiaçının aliment tələbinə dair iddiasını qismən, yəni alimentə dair iddia ərizəsinin məhkəməyə verildiyi gündən başlayaraq əmək haqqının 1/3 hissəsində qəbul edir, qalan hissədə isə iddianı qəbul etmir.
5. Nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2000-ci il tarixdə Sumqayıt “Asan Xidmət Mərkəzi” Qeydiyyat Şöbəsində 1995 akt qeydi ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 anadan olmuşlar.
6. xx.xx.2023-cü il tarixli MŞB/10-00536 saylı ilkin mediasiya sesiyyasında iştirak edilməməsi barədə arayış iddia ərizəsinə əlavə edilmişdir, mediasiya üçün 55 manat rusum ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, e-2(012)-3004/2024 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi məbləğində aliment və hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat pulun tutularaq İddiaçı verilməsi, iddia tələbinin digər hissədə rədd edilməsi, Cavabdeh 76.40 (yetmiş altı manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi, alimentin tutulmasının 19 aprel 2024-cü il tarixdən başlanılması və qətnamənin dərhal icra edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndi, 18-ci maddəsinin 1-ci bəndi və 27-ci maddəsinin 2-ci bəndi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7, 75.1, 75.4 və 76.1.2-ci maddələri, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1, 119., 234.2.1, 14.2, 77.1, 218.3, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
9. Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, e-2(012)-3004/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin olunmayan hissələrində ləğv edərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, iddia tələbinin təmin olunmayan hissələrindən narazıdır. Hesab edir ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İşdən görünür ki, o, iddia tələbində alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanmasını xahiş etmişdir. Məhkəmə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanaraq alimenti məhkəməyə müraciət etdiyi vaxtdan müəyyən etmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Belə ki, işdə olan mediasiya barədə arayışdan görünür ki, həmin arayış ona xx.xx.2023-cü il tarixdə verilmişdir. Yəni həmin arayışın verilməsindən 20-25-gün qabaq isə iddiaçı cavabdehə alimentlə bağlı təklif göndərmişdir. Yəni cavabdeh iddiaçının tələbindən xəbərdar olmuş, lakin uşaqların saxlanması üçün hər hansı bir maddi köməklik etməmişdir. İddia tələbinə əlavə olunan sənədlərdən görünür ki, iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görüb, lakin aliment ödəməli olan şəxs aliment verməkdən boyun qaçırmışdır. Ona görə də hesab edir ki, məhkəmə Ailə Məcəlləsinin 100.3-cü maddəsini tətbiq etməməklə, maddi hüquq normasını pozmuşdur. Məhkəmə iddia tələbinin əlavə olaraq xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatana kimi hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat maddi yardımın cavabdehdən tutularaq iddiaçıya verilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehin hər ay əlavə olaraq 200 manat məbləğini ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Belə ki, işdən görünür ki, cavabdeh hərbiçidir və Cəlilabad rayonu, Göytəpə qəsəbəsində yerləşən N saylı hərbi hissədə işləyir, aylıq gəliri 1309 manat təşkil edir. Həmçinin o, 80 manat da təqaüd alır. Belə olan halda məhkəmənin iddia tələbini həmin hissədə təmin etməməsi tamamilə qanunsuz və əsassızdır. Çünki cavabdehin rəsmi iş yerinin və gəlirinin olması barədə məhkəməyə sübut təqdim etmişdir. Bundan başqa iddia tələbinin 55 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin xərc məhkəmə xərclərinə aid olmadığından, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmənin bu mövqeyi ilə də razı deyil. Çünki formalaşmış məhkəmə praktikasında məhkəmələr məhz mediasiya üçün ödənilən rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı qərar qəbul edirlər. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İşin faktiki hallarına düzgün qiymət verməmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
12. Etiraz onunla əsaslandırılmışdır ki, o, Abşeron Rayon Məhkəməsinə nümayəndəsi (atası- Nümayəndə) vasitəsi ilə etirazını göndərmişdir. Etirazda da bildirmişdir ki, özü evindən kənarda işlədiyi üçün bir çox xərclər çəkir. Yəni, faktiki olaraq əmək haqqı özünə çatmır. Həmçinin, iddiaçının atası ona ağır xəsarət yetirdiyi üçün hələ də sağlamlığı tam bərpa edilməmişdir. Lakin, buna baxmayaraq alimentin 1/3 hissədə tutulması qanunun tələbidir və buna etiraz etmir. Lakin, məhkəmə vəkilə ödədiyi məbləğin ondan tutulması hissəsində qanunun tələbini pozmuşdur. Hətta bu hissədə o, apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Lakin sonra fikirləşmişdir ki, əlavə vaxt getməsin. İndi isə iddiaçı vəkilə ödəmiş olduğu məbləğin ondan tutulmasını görüncə əsassız olaraq apellyasiya şikayəti vermişdir. O, məhkəməyə etirazında da bildirmişdir ki, iddiaçı ilə heç 4 ay belə bir yerdə yaşamamışdır. O mütəmadi olaraq valideynlərinin yanında olub, halhazırda da işləyir. Apellyasiya şikayətinin dəlilləri tam əsassızdır. O, hərbiçidir, aylıq məvacibindən başqa heç bir qazanc və gəliri yoxdur, olması da mümkün deyil. Yuxarıda da qeyd etdiyi kimi hal-hazırda da valideynlərinin yardımı olmasa özünü dolandıra bilməz. Onun əlavə qazancları barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin apellyasiya şikayətinin özündə də göstərilir ki, aliment məhkəməyə ərizə verən gündən hesablanır. Apellyasiya şikayətində göstərilir ki, guya iddiaçı ondan əvvəllər də aliment tutulmasını tələb edib, lakin o, ödəməmişdir. Ancaq bu barədə heç bir sübut təqdim etmir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının atası ona ağır xəsarət yetirdiyi üçün AR CM-nin 126.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildikdən sonra nəinki alimet tələb etmək, hətta bütün ailə üzvləri ilə birlikdə yalvararaq ümumiyyətlə gələcəkdə aliment tələblərinin olmayacağını bildirmişdirlər. Sözsüz ki, o, iddiaçının atasından şikayətçi olmamış, ondan hər hansı bir maddi tələbi olmamış və aliment məsələsini də şərt kimi ortalığa gətirməmişdir. Yəni aliment vermək onun valideynlik borcudur. Ona görə də aliment tələbi hissəsində iddianı qəbul etmişdir, digər hissələrdə isə iddianı qəbul etmir. Ona görə də hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
14. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissələrində ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; Maddə 86. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Maddə 99. Ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
17. Dövlət rüsümü haqqında Azərbaycan Respublikasının Qanunu: 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilməlidir.
20. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahlarından iki övladları anadan olmuşdur. İddiaçı, xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən (yəni, mediasiyadan arayışı aldığı vaxtdan) başlayaraq Cavabdeh hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi məbləğində aliment, habelə uşaqlar üç yaşına çatanadək hər ay hər biri üçün 100 (yüz) manat olmaqla, cəmi iki uşağa görə 200 (iki yüz) manat maddi yardımın, mediasiya üçün ödədiyi 55 manat və hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi məbləğində aliment və hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat pulun tutularaq İddiaçı verilməsi, iddia tələbinin digər hissədə rədd edilməsi, Cavabdeh 76.40 (yetmiş altı manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi, alimentin tutulmasının 19 aprel 2024-cü il tarixdən başlanılması və qətnamənin dərhal icra edilməsi qət edilmişdir.
22. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin qazancı müntəzəm olmaqla alimentin müəyyən hissə kimi tutulması mümkün olduğuna görə xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir.
23. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbində alimentin tutulmasını xx.xx.2023-cü il tarixdən hesablanmasını xahiş etsə də, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Ona görə də, alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi gündən yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.
24. Məhkəmə iddia tələbinin əlavə olaraq xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatana kimi hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat maddi yardımın cavabdehdən tutularaq iddiaçıya verilməsinə ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehin hər ay əlavə olaraq 200 manat məbləğini ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə rədd edilməlidir.
25. Bundan başqa, iddia tələbinin 55 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin xərc məhkəmə xərclərinə aid olmadığından, iddia tələbi bu hissədə rədd edilməlidir.
26. Məhkəmə qətnaməsindən narazı qalan iddiaçı iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti vermişdir.
27. Göründüyü kimi apelyator şikayətin dəlili olaraq alimentin əvvəlinin hesablanması vaxtını, uşaqların 3 yaşına çatanadək hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat maddi yardımın tutulmasını və mediasiya xərcinin əvəzinin cavabdehdən tutulmasını mübahisələndirmişdir.
28. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
29. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd edir:
30. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən kollegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi üçün əsaslıdır.
31. Belə ki, məhkəmə kollegiyası şikayətin alimentin əvvəlinin mediasiyaya müraciət edildiyi xx.xx.2023-cü il tarixdən hesablanmasına dair dəlilini əsassız hesab edir. Bu hissədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmənin alimentin əvvəlinin məhkəməyə müraciət edildiyi - xx.xx.2024-cü il tarixdən hesablanmasına dair mövqeyi Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə uyğun olmaqla qanuni və əsaslıdır. Bu hissədə qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur.
32. Məhkəmə kollegiyası ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində ananın saxlanılmasına görə hər ay cəmi 200 manat alimentin tutulması hissədə şikayətin dəlilini isə qismən əsaslı hesab edir.
33. Kollegiyanın qənaətincə bu hissədə iddianı tam təmin etməməklə birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmişdir.
34. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdehin daimi iş yeri olmaqla aylıq qazancı 1309 manat və 80 manat, cəmi 1389 manat təşkil edir. Həmin məbləğin 1/3 hissəsi həddində yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutulması qət edilmişdir. Bu isə ümumi məbləğin 436,33 manatı təşkil edir.
35. Cavabdeh mübahisələndirilən tələbə etiraz edərək iddiaçının işlədiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
36. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, iddiaçı Vüsalə Məmmədanın əmək fəaliyyəti barədə məlumatlar yoxdur.
37. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunverici məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarını keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqlarından, ərin zəruri vəsaitə malik olmasında asılı etmişdir.
38. Məhkəmə kollegiyasının qənaətincə cavabdehin müəyyən edilmiş əmlak vəziyyəti (aylıq gəliri) iddiaçının əlavə subut təqdim etməsi zərurətini aradan qaldırmaqla, mübahisələndirilən hissədə tələbin qismən təmin edilməsinə əsas verir.
39. Bununla yanaşı qeyd olunmalıdır ki, alimentin miqdarı üzərinə vəzifə qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, hüquqlarını pozmamalıdır.
40. Kollegiya cavabdehin əmlak mənafeyini, habelə uşaqların azyaşlı olmaqla qulluğa ehtiyaclarının olmasını və iddiaçının işləməməsini nəzərə alaraq uşaqların 3 yaşına çatanadək ananın saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasını hər iki tərəfə münasibətdə ədalətli və qanuni hesab edir.
41. Məhkəmə kollegiyası hesab edir ki, Ailə Məcəllənin 85-ci maddəsi bu Məcəllənin «Ailə üzvlərinin aliment öhdəlikləri» adlandırılan beşinci bölməsində nəzərdə tutulduğundan uşaqların 3 yaşına çatanadək ananın saxlanılması üçün aliment tutulmasının əvvəli həmin Məcəllənin 100.2-ci maddəsinə müvafiq olaraq 19 aprel 2014-cü il tarixdən hesablanmalıdır.
42. Məhkəmə kollegiyası mediasiya xərcinin əvəzinin tutulmasına dair şikayətin dəlili ilə də razılaşır.
43. Kollegiya hesab edir ki, MPM-nin 119-cu maddəsinin və Dövlət rüsümü haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən iş üzrə ödənilmiş mediasiya xərci ilə bağlı rüsum nəzərə alınmalı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən 55 manat iddiaçının xeyrinə tutulmalıdır.
44. X11 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.
45. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, xx.xx.2022-ci il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X3 üç yaşına çatanadək ananın saxlanılması üçün hər ay 50 (əlli) manat aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalı, alimentin əvvəli 19 aprel 2024-cü il tarixdən hesablanmalı, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 55 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 384- 385, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, e-2(012)-3004/2024 nömrəli qətnaməsi qismən – iddianın təmin olunmayan hissədə ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin olunsun. xx.xx.2022-ci il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X3 üç yaşına çatanadək ananın saxlanılması üçün hər ay 50 (əlli) manat aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Alimentin əvvəli 19 aprel 2024-cü il tarixdən hesablansın. Ödənilmiş mediasiya xərcinin əvəzi olaaq 55 (əlli beş) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.