Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1411/2024 26.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment üzrə yığılan borcları ödəməkdən azad edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1890/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərardadı ilə (hakim S.Səmədzadə) İddiaçı Cavabdeh qarşı aliment üzrə yığılan borcları ödəməkdən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin hazırlıq icraatına xitam verilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Xaçmaz rayon məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(067)-1890/2024 saylı qərardadından verdiyi şikayəti təmin edilməsin. Şikayət baxılması üçün mülki işlə birlikdə 7 (yeddi) gün müddətində aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz Rayon Məhkəməsinin 2(067)-733 nömrəli 10 aprel 2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən cavabdehə borclu qaldığı 5780 aliment borcunu ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Əliyev X3 Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və işin yenidən Xaçmaz Rayon Məhkəməsinin icraatında baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1890/2024 nömrəli 19 iyul 2024-cü il tarixli qərardadı qanunsuz və əsassızdır. 01 iyun 2018-ci ildən tərəflərin birgə nikahından olan uşaqları - xx.xx.2004-cü il təvəllüdlü Adgözəl və xx.xx.2005-ci il təvəllüdlü Aynurə iddiaçının yanındadırlar. Bu fakt məhkəmənin 2019-cu il tarixli qətnaməsində öz əksini tapıb və uşaqlar atanın himayəsinə verilmişlər. 2021-ci ildə isə aliment ödəməkdən azad etmə barədə qətnamə çıxmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Bütün bu qətnamələrlə təsdiq olunur ki, uşaqlar 01 iyun 2018-ci ildən atasının yanındadırlar. Hazırda aliment üzrə yığılmış 5780 borc vardır, iddiaçı onları ödəməkdən azad edilməli və borclar silinməlidir. İcra şöbəsinin iddia qaldırdığı zaman verdiyi arayışından da müəyyən olunur ki, 5780 manat aliment borcu vardır. Həmin borc da xx.xx.2018-ci ildən 31 avqust 2021-ci il tarixədək olan, yəni aliment ödəməkdən azad etmə barədə qətnamə qəbul edilənədək olan borcdur. İcra vərəqəsi isə 2014-cü ildə verilib. 2018- ci ildən 2021-ci ilədək 3 il ərzində borc yığılıb. Aliment uşağın saxlanılması üçün verilir. Bütün qətnamələrlə təsdiq olunur ki, uşaqlar atanın yanında olublar. Ona görə də həmin borc silinməlidir. Əvvəl qətnamə çıxarılarkən borc 6345 manat olmuş, həmin borcdan 500 manat ödənilmişdir. İcra şöbəsi arayış vermişdir ki, hazırda borc 5780 manatdır. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 19 iyul 2024-cü il tarixli 6821/03 saylı arayışından qeyd olunur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-733 nömrəli 10 aprel 2014-cü il tarixli icra vərəqəsinə əsasən iki uşağın saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment tələbkar Cavabdeh ödənməlidir. İcra vərəqəsi üzrə pensiyadan tutulan və özünün ödədiyi 6345 manat İddiaçı tərəfindən ödənilmiş pul məbləği 2014-cü ildən 01 iyun 2018-ci il dövründə aylar üzrə İddiaçı ödənilməmiş borclarına çıxılmışdır. Hazırda İddiaçı yaranmış 5780 manat məbləğində aliment borcu xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək olan borcdur. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin arayışdan da tam aydın olur ki, onun tərəfindən ödənilmiş 6345 manat pul İddiaçı 2014-cü ildən 01 iyun 2018-ci ilə qədər aliment üzrə ödənilməmiş borcları olduğundan həmin ödənilmiş 6345 manat məbləğ icra vərəqəsi üzrə borcların ödənilməsinə yönəldilmişdir. Aliment uşaqların saxlanması üçün maddi vəsaitdir. 01 iyun 2018-ci il tarixdən də uşaqlar İddiaçı himayəsində olduğu işin mübahisəsiz halıdır. Aliment uşaqların saxlanması üçün ödənilməli məbləğ olduğundan, ödənilməmiş aliment borcuda olmadığından, yaranmış aliment borcu 01 iyun 2018-ci ildən 30 avqust 2021-ci ilə qədər olan borc olduğundan, 01 iyun 2018-ci ildən uşaqlar atalarının himayəsində olduğunundan ödəniləcək aliment məbləği uşaqlar iddiaçının himayəsində olması təsdiq oluna-oluna kimin xeyrinə ödəniləcəkdir. Xaçmaz Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi və verilmiş apellyasiya və kassasiya şikayətlərində də onun ödədiyi 6345 manatın geri qaytarılmasından söhbət getməkdədir. Həmin qətnamələr üzrə hüquqi əsas kimi isə cavabdehin əsassız varlanma nəticəsində əldə etdiklərinin qaytarılması göstərilmişdir, bu işi üzrə isə aliment borcunun silinməsindən söhbət gedir. Həmçinin yığılmış borc 01 iyun 2018-ci ildən 30 avqust 2021-cil tarixə qədər olan borcdur. Onun tərəfindən ödənilmiş Xaçmaz Rayon Məhkəməsinin qərardadında göstərilən 6345 manat məbləğ İddiaçı əvvəllər icra vərəqəsi üzrə yaranmış borclarına Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən silinmişdir. Məhkəmədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin işə cəlb olunması barədə vəsatət versə də, məhkəmə vəsatəti təmin etməmiş, işi tam araşdırmadan hüquqlarını pozmuşdur. Bu faktı Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin arayışı da təsdiq edir. Verdiyi ərizə eyni əsas, eyni predmet deyildir. Bir sözlə qərardad tam əsassızdır, ləğv edilməlidir. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutları araşdırmamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bu qərardad qəbul olunan zaman məhkəmə onun üçün lazımi şərait yaratmamış, işi obyektiv və hərtərəfli araşdırmamışdır. Məhkəmə işə obyektiv, qərəzsiz və hərtərəfli baxmamışdır. O, öz faktlarını hesab edir ki, sübut etmişdir. Məhkəmə qeyri-mötəbər, ziddiyətli, faktlara və sübutlara söykənməyən qərardad çıxarmışdır. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli və onunla bağlı 25 iyul 2024-cü il tarixli qərardadları ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə icrata xitam verilməsini hazırki iddia üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aşağıdakı əsaslara qanuni və əsaslı hesab etmir. Məlum olduğu kimi məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən biri, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olmasıdır. Qeyd edilməlidir ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraat MPM-nin 261.0.2-ci maddəsi əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslarla tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, hazırkı iddia tələbi ilə yuxarıda qeyd olunan Xaçmaz Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi üzrə işdə iştirak etmiş tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun. Nəzərə alınmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasının xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetini qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İşdən görünür ki, hazırkı işdən əvvəl İddiaçı xx.xx.2021-ci ildə iddia tələbini dəqiqləşdirərək, xx.xx.2018-ci il tarixdən uşaqları 26 aprel 2004-cü il təvəllüdlü X2, 10 iyun 2005-ci il təvəllüdlü X1 onun yanında olduqlarını nəzərə alaraq Cavabdeh xeyrinə tutulmuş alimentin ödənilməsindən azad edilməsini xahiş etmiş və Xaçmaz Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının alimentin ödənilməsindən qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan azad edilməsi qət edilmişdir. Göründüyü kimi iddiaçı mövcud məhkəmə aktı ilə cavabdehin xeyrinə tutulmuş alimentin ödənilməsindən qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan azad edilmişdir. Lakin hazırda verilmiş iddia üzrə iddiaçının tələbinin əvvəlki tələb ilə eyni predmet, eyni əsas olması məhkəmə tərəfindən ətraflı yoxlanılıb qiymət verilməmişdir. Məlumdur ki, aliment üzrə borcların müəyyən edilməsi, aliment üzrə borcları ödəməkdən azad edilməsi və aliment ödəməkdən azad edilməsi qaydası və əsasları Ailə Məcəlləsinin 106, 107 və 112-ci maddələri ilə tənzimlənir. İşdən göründüyü kimi iddiaçının mövcud tələbi əvvəlki mübahisə üzrə iddia tələbindən fərqlidir. Belə ki, hazırkı iddia tələbindən iddiaçı xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən yığılmış 5780 manat məbləğində aliment borcunun ödənilməsindən azad edilməsi təşkil etdiyi halda, əvvəlki iddia tələbi isə alimentin ödənilməsindən azad edilməsi olmuşdur. Aliment üzrə borcları ödəməkdən azad etmənin əsaslarını və qaydasını nəzərdə tutan Ailə Məcəlləsinin 107.1. və 107.2. maddələrinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, aliment üzrə borclar dedikdə, tərəflər arasında saziş üzrə müəyyən edilən və yaxud məhkəmə qətnaməsi ilə tutulan, lakin faktiki ödənilməyən borclar başa düşülür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli və onunla bağlı 25 iyul 2024-cü il tarixli qərardadları ləğv edilməli, işə mahiyyəti üzrə baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli və onunla bağlı 25 iyul 2024cü il tarixli qərardadları ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment üzrə yığılan borcları ödəməkdən azad edilməsi tələbinə dair işə mahiyyəti üzrə baxılması üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1411/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1411/2024
26.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver