Məhkəmə qərarları › İş №2(105)-1419/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1419/2022

31.10.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1419/2022 31.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçıların nümayəndəsi və vəkili: Vəkil2, Cavabdehin nümayəndəsi: Nümayəndə2, Üçüncü şəxsin nümayəndəsi: Nümayəndə1 iştirakları ilə, İddiaçı X4 cavabdeh "xxxx" Məhdud Məsuliyyatli Cəmiyyətinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5rşı son haqq-hesabın gecikdirilməsinə görə faizin və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddianın qismən təmin edilməsi, İddiaçı işdən azad olunarkən son haqqhesab olan ümumilikdə 10056 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin 345 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 2(105)-2292/2021 saylı qətnaməsi ilə iddiaçı A.M.Dadaşzadənin apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin isə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2022-ci il tarixli 2(102)-1348/2022 saylı Qərarına əsasən iddiaçı A.M.Dadaşzadənin kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-2292/2021 saylı 03 sentyabr 2021-ci il tarixli qətnaməsinin iddianın rədd edilməsi hissələrində ləğv edilməsi, işin həmin hissələrdə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən son haqq-hesab 10056 manat, 120 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 12700 manat pulun, 500 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdeh "xxxx" MMC-dən son haqq-hesab 10056 manat, 345 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 25 iyun 2018-ci ildə "xxxx" MMC-də “Baş direktor məsləhətçisi” vəzifəsində işə qəbul olmuşdur. xx.xx.2018-ci il tarixdə “Direktorun satış üzrə müavini-satış departamentinin rəisi” vəzifəsinə təyin olunmuşdur. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ bəndinə əsasən o öz xahişiylə işdən azad edilmişdir. xx.xx.2019-cu il tarixdə işdən azad olunan zaman son haqq-hesab, ümumilikdə 10056 manat cavabdeh şirkət tərəfindən ona ödənilməmiş, bu barədə MMC rəhbərliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Qeyd etmək lazımdır ki, cavabdeh "xxxx" MMC ilə onun arasında olan əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə uyğun olaraq, yəni tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmiş, həmin məcəllənin 69-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq o öz ərizəsi əsasında işdən azad olunmuşdur. Həmin vaxt cavabdehlə onun arasında əmək mübahisəsi olmamışdır. Belə ki, mövcud məcəllənin Xİ bölməsində qeyd edilən əmək mübahisələrindən heç bir hal cavabdehlə onun arasında baş verməmişdir. Bu səbəbdən də "xxxx" MMC-nin gecikdirilmiş hər gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödənc verməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı A.M.Dadaşzadə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin onun son haqq-hesabı vaxtında ola bilməməsi və cavabdeh "xxxx" MMC-nin son haqq-hesabı gecikdirməsi onun tərəfindən sübut etməməsi işdə olan qeyd edilən sübutlarla tam təkzib edilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Cavabdehin uzun müddət iddiaçıya işdən azad olunduguna görə son haqqhesabı ödəməməsi ona maddi ziyan vurmuş və mənəvi cəhətdən onu azab-əziyyət, iztirab keçirməsinə səbəb olmuşdur. Son haqq-hesab ona vaxtında ödənilmədiyinə görə mənəvi ziyan dəymişdir. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(012)-360/2021 saylı qətnaməsini ləğv edib, cavabdeh "xxxx" MMC-dən onun xeyrinə 10.056 manat son haqq-hesab, 36225 manat son haqq-hesabın gecikdirilməsinə görə və 500 manat mənəvi ziyana görə pulu alıb verilməsinə dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı A.M.Dadaşzadənin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, iddia tələbinin 345 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin cavabdeh tərəfindən iddiaçıya verilməməsi səbəbinin maddi imkanlarının olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı A.M.Dadaşzadənin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 29 oktyabr 2019-cu il tarixli, AZT İR-1/292 №-li işdən azad olma haqqında əmrdən görünür ki, Cəmiyyətin Direktorun satış üzrə müavini-satış departamentinin rəisi İddiaçı əmək müqaviləsinə 29 oktyabr 2019cu il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə (işçinin öz xahişi) əsasən xitam verilmişdir. İşdə olan 06 mart 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru V.Bağırov Əmək Məcəlləsinin 832-ci maddəsinin tələblərini pozmuş və İddiaçı son haqq-hesabları ödənilməmişdir. Nəticədə "xxxx" MMCnin direktoru V.Bağırov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, faizin və maddi zərərin tutulması hissəsində mübahisələndirilməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir. Hər kəsin qanunla qadagan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlırının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin 1 hissələri). Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasıın Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təstiq olunmasıdır ( Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutdugu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli S.Əliyevanın şikayəti üzrə qərarı). İşdən göründüyü kimi, iddiaçı işdən azad edildiyi əsas gətirərək cavabdehdən gecikdirilmiş hər gün üçün ona əmək haqqının azı bir faizi məbləğində cərimə və maddi ziyanın ödənci verildiyini iddia edir. Əmək qanunvericiliyinin qeyd olunan maddəsinin mənasına görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə ödənilir. Əmək haqqının verilməsində gecikmə halları olduqda və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, işəgötürən işçilərə gecikdirilən hər gün üçün əmək haqqının azı bir faizi məbləğində əlavə ödənc verilməlidir. Bu hal fərdi əmək mübahisəsi yaradıbsa, onda qeyd olunan məsələlər Əmək Məcəlləsinin əmək mübahisələri bölməsində nəzərdə tutulan qaydada tənzimlənir. Bu müddətdə nəzərdə tutulmuş gecikmənin işəgötürənin təqsiri üzündən baş verməsi və bu halın fərdi əmək mübahisəsi yaratmaması birlikdə mövcud olmalıdır. Lakin hazırkı işdə qeyd olunan halların birlikdə mövcud olması işdə görünmür. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 172ci maddəsinin «qeyd» hissəsində «işəgötürənin təqsiri üzündən əmək haqqının gecikdirilməsi» anlayışı verilmiş və göstərilmişdir ki, əmək haqqı işəgötürənin müştərisi oldugu bankın, qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyətların düzgün aparılmaması, bankın müflişləşməsi, görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində gecikkərsə, bu işəgötürənin özündən asılı olmayan səbəblərə görə gecikmə hesab edilir və o, bunun üçün məsuliyyət daşımır. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında qeyd etmişdir ki, iddiaçıya tələb edilən məbləğin ödənilməməsi səbəbini təmsil etdiyi şirkətin göstərdiyi xidmətlərin, satdıgı texnika və avadanlıqların haqqının vaxtında ödənilməməsi və davam edən məhkəmə mübahisələri və qəbul edilmiş qətnamələrin icrası ilə bağlı vəsaitin şirkətə ödənilməməsi səbəb olmuşdur. Məhkəməyə təqdim edilmiş 21 iyul 2022-ci il tarixli arayışdan görünür ki, 2019-cu ilin oktyabr 2020-ci ilin iyul dövrü ərzində şirkətin qeyri-sabit maliyyə vəziyyəti var idi. 2020-ci ilin əvvəllində başlayan pandemiya şirkətin maliyyə vəziyyətini agırlaşdırıb. Şirkət tərəfindən 2019-cu ilin avqust ayında bir il müddətinə alınmış kreditin müddəti, göstərilən müddətdə geri qaytarılması mümkün olmadıgı üçün uzadılıb. Dövrün sonuna 773.826.10 EUR məbləğ borc yaranıb. Bankla aparılan danışıqlardan sonra kreditin yenidən maliyyələşdirilməsi ilə bağlı razılıq əldə olunub. Qeyd olunandövr üçün hesablanmış əmək haqqının ödənilməsi xeyli gecikmə ilə baş verib. Dövrün sonuna 346.633,66 AZN məbləğ borc yaranıb. Qeyd olunan dövr ərzində hesablanmış vergi və sosial ödəniqlər də gecikmə ilə baş verib, buna görə şirkət 19.691,31 AZN cərimələr ödəyib. İşə əlavə edilmiş bir çox qətnamələr ilə müəyyən edilir ki, digər MMC-dən iddiaçı "xxxx" MMC-yə ödənilmələr olunması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli 9/5638 saylı rəydən görünür ki, İddiaçı 19 oktyabr 2019-cu il tarixdən işdən azad olan vaxtından 20 iyul 2020-ci il tarixə qədər (məhkəməyə daxil olan vaxt) son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla hesablanan məbləğ 27.248,59 manat təşkil edir. Göründüyü kimi, iddiaçıya hesablanmış məbləğin ödənilməməsi cavabdehin özündən asılı olmayan səbəblərə görə əmələ gəldiyindən, sonuncunun iddiaçı qarşısında məsuliyyəti yaranmır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hesablanmış son haqq-hesabın ödənilməməsi cavabdehin özündən asılı olmayan səbəblərə görə yarandıgından, iddia tələbini bu hissədə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası ekspert rəyini bu iş üzrə sübut növü kimi qəbul etmir. İddiaçı ona vurulmuş mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenumun qərarında məhkəmələrə izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı X4 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 19 aprel 2021-ci il tarixli e-2(012)-360/2021 nömrəli qətnaməsi son haqq-hesabın gecikdirilməsinə görə faizin və mənəvi zərərin ödənilməsi tələbinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul X3 alınaraq SAP (XİİS) hesabı X1 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar