Məhkəmə qərarları › İş №2(105)-1427/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1427/2024

02.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1427/2024 02.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı, İddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin əvəzinin) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X12 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh, onun vəkili X4 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(060)-2266/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh vurulmuş mənəvi ziyana görə 1000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. 1999-cu il tarixindən bu günədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində xidmətçi kimi işləmişdir. Bütün bu müddət ərzində işində məsuliyyətli, gülərüz, kommunikativ və peşəkar işçi kimi çalışmışdır. O, bu gün də həmin agentlikdə nümunəvi xidmətçi kimi işləyir. 2010-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Cavabdeh xidmətçi qismində təyin edilmişdir. 2010-cu ildən 2022-ci ilədək Cavabdeh baxmış, onun qayğısına qalmışdır. Buna baxmayaraq cavabdeh iddia edir ki, ona baxmamış və onun qeydinə qalmamışdır. Cavabdehlə tanışlığının ilk vaxtlarında aralarında heç bir problem olmamışdır. Onun göstərdiyi xidmətdən çox razı idi. Hətta cavabdeh onun haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə iki dəfə təşəkkür xarakterli məktublar belə ünvanlamışdır. Lakin son 1-1,5 ildir ki, cavabdeh bilərəkdən, əsası olmayan şikayət ərizələri ilə müxtəlif orqanlara müraciət etmişdir. Cavabdeh öz şikayətlərində bildirmişdir ki, guya ona yaxşı baxmır, qulluq etmir, onunla kobud rəftar edir, hətta aralarında hər hansısa bir münaqişə olanda guya cavabdehin başına telefonla vurur. Cavabdehin öz ərizələrində bildirdikləri tamamilə yalan və böhtan xarakterlidir. O, vəzifəsini həmişə yetərincə layiqli yerinə yetirmiş, xidmətini xüsusi nəvazişlə, qayğıyla görmüşdür. Cavabdehə də hər zaman xüsusi nəvaziş və həssaslıqla yaxınlaşmış, onun qayğısına layiqincə qalmışdır. Buna baxmayaraq cavabdeh öz əməlindən əl çəkməmiş və onun barəsində müxtəlif şikayət ərizələri ünvanlamağa davam etmişdir. Bu isə öz növbəsində ona dərin sarsıntılar keçirtmişdir. Cavabdehin bu böhtanları nəticəsində ona mənəvi zərər dəymişdir. Bütün bunlar onun gündəlik və iş həyatına mənfi təsir göstərir. İddiaçı lazımsız gərginliklər, əsəbilik, stres yaratmışdır. Adını lazımlı-lazımsız orqanlarda hallandıraraq yalanlarla dolu şikayətlər yazmaqla sağlamlığına ciddi zərər vurmuşdur. Onun hərəkətləri nəticəsində iddiaçı psixiloji travma yaşamışdır. Həmçinin cavabdeh tərəfindən yazılan şikayətlər nəticəsində iddiaçının iş nüfuzuna da ciddi ziyan dəymişdir.

3. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq cavabdeh İddiaçı 5000 manat mənəvi ziyana görə təzminatın, dövlət rüsumu kimi köçürdüyü 70 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi 2018-ci ilin aprel ayının 9-dan tanıyır. Belə ki, o, 2-ci qrup əlildir. Tənha, kimsəsiz yaşadığı üçün ona Sumqayıt şəhər DSMF-dan həmin vaxtdan sosial işçi (baxıcı) kimi cavabdeh təyin olunmuşdur. Onun bacısı və qardaşı da təqaüdçüdürlər. Cavabdeh 2023-cü ilin yanvar ayının 19-dək ona xidmət etmiş və həmin vaxtdan sonra isə onun şikayəti əsasında onu X5 adlı bir baxıcı ilə əvəz etmişdirlər. Cavabdehlə münasibətləri ilk vaxtlar normal olmuş və o, bir ana kimi onu qəbul etmişdir. Lakin 2022-ci ilin əvvəllərində onda şübhələr yaranmış və o, cavabdehin işlədiyi orqandan ona baxıcının hansı vaxtdan təyin edilməsini öyrənmək qərarına gəlmişdir. 2022-ci ilin sentyabr ayının 1-də agentliyin əməkdaşı Məmmədli Faiq ilə cavabdeh onun yaşadığı ünvana gəlmiş və ondan xahiş etmişdir ki, ona baxıcının hansı vaxtdan təyin olunduğunu araşdırsın. Bir müddət sonra da Baxtilə onun yaşadığı ünvana gəlmiş və ondan hansı vaxtdan baxıcı təyin olunduğunu soruşduqda onu təhqir etmiş və demişdir ki, «sən kimsən, nəçisən, nəyinə gərək» demiş və bu sözləri onda əsəb və stres yaşatmışdır. 2022-ci ilin oktyabr ayında cavabdeh onun mənzilində olarkən o, yenə də ondan kimin təyin olunduğunu soruşduqda onu acılamış, kobud cavablar vermişdir. Əlacsız qalıb Məmmədli Faiqə zəng vurmuşdur. Bu zaman Faiq müəllim ona bildirmişdir ki, cavabdeh 2010-cu ildən ona baxıcı təyin olunmuşdur. Özü gələndə sənə deyəcəkdir. O, həmin xanımın yanında olduğunu bildirmiş və Faiq müəllim telefonu ona verməyini demişdir. O da telefonu cavabdehə vermişdir. O başqa bir otağa keçərək onunla nə isə danışmışdır. Bundan sonra o olan otağa keçərək oturduğu yerdə telefonu onun başına qaldırmışdır. Onu acı sözlərlə təhqir edərək demişdir ki, «sən kimsən, nəçisən, mənim maaşımı kəsəcəksən» demişdir. O, özünü müdafiə edərək başını yana əymişdir. Onun halı pisləşmişdir. O, əsəb-stres keçirtmişdir. Həkimə müraciət etmiş, müalicələr almış, 2 dəfə stasionar şəraitdə ayrı-ayrı vaxtlarda müalicələr qəbul etmişdir. Bundan sonra o, dəfələrlə AR SXA-nin Abşeron-Xızı Regional Sumqayıt filialına məktublar göndərmiş və bütün müraciətləri nəticəsiz qaldığı üçün yuxarı dövlət qurumlarına müraciətlərini göndərmişdir. Daha sonra o, Sumqayıt şəhər Prokurorluğuna da şikayət ərizəsi göndərmişdir. X13 Xidmətindən Məmmədli Faiqlə birlikdə nümayəndə gəlmişdir. Ondan izahatlar götürmüşdür. Hal-hazırda da həm prokurorluqda, həm də Maliyyə Nəzarət Xidmətində araşdırma gedir. 2023-cü il mart ayının 2-də Nazirliyin Daxili Nəzarət İdarəsinin rəisi Heybət İmanov onu qəbul etmişdir. 2023-cü ildə isə AR SXA-nin sədri X15 proqramı vasitəsi ilə onu video görüntü ilə qəbul etmiş, dinləmişdir. O, bütün hadisələr barədə onlara həm yazılı, həm də canlı məlumat vermişdir. Bu görüşlərdən sonra AR SXA-nin sədr müavini Faiq Ağayevin imzası ilə ona cavabdehin cəzalanması barədə məktub gəlmişdir. Lakin o, bu cəzalandırma ilə narazı qaldığı üçün yenidən müraciət etməli olmuşdur. Göründüyü kimi cavabdeh ona qarşı qanunsuzluğa yol vermiş və ona faktiki olaraq 2018-ci ildən xidmət etdiyi halda o, öz iddiasında da guya ona 2010-cu ildən xidmət etməsi barədə yalan məlumatlar vermiş və ona bu gün də stres yaşatmağa davam etmişdir. O hətta 3 dəfə onun evinə gəlmiş, sonuncu dəfə isə 2023-cü ilin fevral ayında bacısı Gülşənlə onun evinə gələrək şikayətlərini geri götürməyini xahiş etmiş, lakin o, buna etiraz etmişdir. Göründüyü kimi cavabdeh özü öz əməlləri ilə ona mənəvi ziyan vurmuş və o, həmin ziyanı 5000 manat məbləğində qiymətləndirir. Onun X2 onunla qonşuluqda yaşamaqla qeyd etdiyi faktları məhkəmədə təsdiqləyəcəkdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(060)-2266/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) ilk və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ilk iddiaçının sosial işçi olaraq fəaliyyəti ilə bağlı cavabdeh tərəfindən müxtəlif orqanlara şikayətlərin edilməsi cavabdehin hüququ olmaqla, onun qanunsuz hərəkəti kimi qiymətləndirilməklə mənəvi zərərin dəyməsinin və ödənilməsinin əsası ola bilməz. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onu təhqir etməsi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda iddia etdiyi kimi İddiaçı ona 2010-cu ildən sosial işçi olaraq təyin edilməsi ilə ona mənəvi zərərin dəyməsi (mənəvi sarsıntı və ya mənəvi iztirab keçirməsi) arasında səbəbli əlaqənin olduğunu təsdiq edən sübutu da məhkəməyə təqdim etməmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(060)-2266/2024 nömrəli qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməklə, qarşılıqlı iddianın təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehi 2010-cu ildən deyil, 2018-ci ilin aprel ayının 9-dan tanıyır, belə ki, 2-ci qrup əlildir, tənha, kimsəsiz yaşadığı üçün ona Sumqayıt şəhər DSMF-dan həmin vaxtdan sosial işçi (baxıcı) kimi cavabdeh təyin olunmuşdur. Bacısı və qardaşı da təqaüdçüdürlər. Cavabdeh 2023-cü ilin yanvar ayının 19-dək ona xidmət etmiş və həmin vaxtdan sonra isə şikayəti əsasında onu X5 adlı bir baxıcı ilə əvəz etmişdirlər. Cavabdehlə münasibətləri ilk vaxtlar normal olmuş və lakin 2022-ci ilin əvvəllərində onda şübhələr yaranmış və cavabdehin işlədiyi orqandan ona baxıcının hansı vaxtdan təyin edilməsini öyrənmək qərarına gəlmiş, 2022-ci ilin sentyabr ayının 1-də agentliyin əməkdaşı Məmmədli Faiq ilə cavabdeh yaşadığı ünvana gəlmiş və ondan xahiş etmişdir ki, baxıcının hansı vaxtdan təyin olunduğunu araşdırsın. Bir müddət sonra da Baxtilə yaşadığı ünvana gəlmiş və ondan hansı vaxtdan baxıcı təyin olunduğunu soruşduqda onu təhqir etmiş və demişdir ki, «sən kimsən, nəçisən, nəyinə gərək»dir. Bu sözlər onda əsəb və stres yaşatmış və 2022-ci ilin oktyabr ayında cavabdeh onun mənzilində olarkən yenə də ondan ona baxmağa kimin təyin olunduğunu soruşduqda cavabdeh onu acılamış, kobud cavablar verdiyindən və əlacsız qalıb Məmmədli Faiqə zəng vurmuş və bu zaman Faiq müəllim ona bildirmişdir ki, cavabdeh 2010-cu ildən baxıcı təyin olunub, özü gələndə deyəcək. Həmin xanımın yanında olduğunu bildirmiş və Faiq müəllim telefonu ona verməyini demiş, telefonu cavabdehə vermiş, cavabdeh başqa bir otağa keçərək onunla nə isə danışmışdır. Bundan sonra cavabdeh otağa keçərək telefonu onun başına qaldırmış və onu acı sözlərlə təhqir edərək dedi ki, «sən kimsən, nəçisən, mənim maaşımı kəsəcəksən». Özünü müdafiə edərək başını yana əymişdir. Halı pisləşmiş, o, əsəb-stres keçirtmişdir. Həkimə müraciət etmiş, müalicələr almış, 2 dəfə stasionar şəraitdə ayrı-ayrı vaxtlarda müalicələr qəbul etmişdir. Bundan sonra dəfələrlə AR SXA-nin Abşeron-Xızı Regional Sumqayıt filialına məktublar göndərmiş və bütün müraciətləri nəticəsiz qaldığı üçün yuxarı dövlət qurumlarına müraciətlərini göndərmişdir. Daha sonra Sumqayıt şəhər Prokurorluğuna da şikayət ərizəsi göndərmişdir. X13 Xidmətindən Məmmədli Faiqlə birlikdə nümayəndə gəldi, ondan izahatlar götürdü. Halhazırda da həm prokurorluqda, həm də Maliyyə Nəzarət Xidmətində araşdırma gedir. 2023-cü il mart ayının 2-də nazirliyin Daxili Nəzarət İdarəsinin rəisi Heybət İmanov onu qəbul etmiş, 2023-cü ildə isə AR SXA-nin sədri Vüqar Behbudov video görüntü ilə qəbul etmiş, dinləmişdir. Bütün hadisələr barədə onlara həm yazılı və canlı məlumat vermişdir. Bu görüşlərdən sonra AR SXA-nin sədr müavini Faiq Ağayevin imzası ilə ona cavabdehin cəzalanması barədə məktub gəldi. Lakin bu cəzalandırma ilə narazı qaldığı üçün yenidən müraciət etməli oldu. Göründüyü kimi cavabdeh ona qarşı qanunsuzluğa yol vermiş və ona faktiki olaraq 2018-ci ildən xidmət etdiyi halda o öz iddiasında da guya ona 2010-cu ildən xidmət etməsi barədə yalan məlumatlar vermiş və ona bu gün də stres yaşatmağa davam etmişdir. O hətta 3 dəfə evinə gəlmiş, sonuncu dəfə isə 2023-cü ilin fevral ayında bacısı Gülşənlə evinə gələrək şikayətlərini geri götürməyini xahiş etmiş, lakin buna etiraz etmişdir. Göründüyü kimi cavabdeh özü öz əməlləri ilə ona mənəvi ziyan vurmuş və həmin ziyanı 5000( beş min) manat məbləğində qiymətləndirir. X2 onunla qonşuluqda yaşamaqla qeyd etdiyi faktları təsdiqləyə bilər və qarşılıqlı iddia ərizəsində həmin şəxsin də dindirilməsini xahiş etmişdir. Cavabdehin qanunsuz hərəkətlərinin sübutu olaraq onun barəsində inzibati tədbir görülmüşdür. Bu da onun bu işdə təqsirli olmasını sübuta yetirir. Lakin məhkəmə bu halları nəzərə almayaraq qarşılıqlı iddia tələbini də rədd etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edrək bildirdi ki, qarşı tərəf iddia edir ki, 2010-cu ildən ona xidmət göstərir. Halbuki həmin dövrdə özü işləmiş və köməyə ehtiyacı olmamışıdır. Qarşı tərəf 2018-ci ildən xidmət göstərir. 2018-ci ildə çörək almağa gedəndə blokda 4 qadının olduğunu görüb. Baxtilə xanım onların arasında idi və əlində siyahı vardı. X1, sonra isə onun adını oxudu. Səmayənin qonşu olduğunu, Gülnazın isə özü olduğunu bildirib. Bundan sonra onun kim olması və haradan gəlməsi ilə bağlı suallar verib. Qarşılığında Sosial Xidmətlər Agentliyindən gəldiyini və qocalara, tənha insanlara xidmət etdiklərini bildirdi. Həmin ana qədər ahıllara, tənha insanlara bu şəkildə xidmət göstərildiyindən xəbəri olmamışdır. Sonradan bu məsələni araşdıranda, başına telefon qaldırdı. Təəssüf ki, evində kamera yox idi. Bununla bağlı əsəb, stress keçirib. Sosial Xidmətlər Agentliyinin nümayəndəsinə zəng edib xidmətçinin neçənci ildən xidmət etdiyini öyrənmək istəyirdi. Cavabdehin bu hərəkətinə görə stress keçirmişdir. Məhkəmədən öncə Sosial Xidmətlər Agentliyinə, nazirliyin özünə müraicət edib.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil3 bildirmişdir ki, Gülnaz xanım iddiaçının 2010-cu ildən ona xidmət göstərməsini bildirməsinə baxmayaraq, real olaraq 2018-ci ildən xidmətə başladığına, yəni onun tənhalığından istifadə edərək belə bir addım atdığı, həmçinin göstərilən xidmətdən narazı qaldığı üçün Sosial Xidmətlər Agentliyinə dəfələrlə şikayət etmiş və bu şikayətlər nəticəsində rəhbər vəzifədə işləyən Məmmədli Faiq adlı şəxslə İddiaçı arasında telefon danışığı olmuşdur. Təmsil etdiyim şəxsin bildirdiyinə görə yan otaqdan adı çəkilən şəxslə telefon danışığını bitirən İddiaçı, xidmət göstərdiyi şəxsin onun barəsində agentliyə şikayətlər verdiyini öyrənmiş və Gülnaz xanımın yanına əsəbi halda gəlmişdir. Bundan sonra əlindəki telefonu Gülnaz xanıma qaldırmışdır. Belə bir məqamda iddiaçı təmsil etdiyim şəxsə qarşı sakit, təmkinli davranmalı və sözügedən hərəkətə yol verməməli idi. İdarə şikayətdən sonra, Baxtiləni Gülnaz xanıma xidmət göstərməkdən ayırmış və başqa şəxs təyin etmişdir. Əsəb xəstəsi olan təmsil etdiyim şəxsə qarşı belə bir hərəkətin edilməsi onu məhv etmək deməkdir. 2010-cu ildən Gülnaz xanıma xidmət göstərdiyi iddiasına gəldikdə isə burada təqsir tək Baxtilə xanımda deyil, həm də idarədir. Hesab edir ki, 8 il ərzində sosial xidmətçini Gülnaz xanıma xidmət göstərib-göstərməməsi idarə tərəfindən yoxlanılmalı idi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 1999-cu ildən işləyir, 2010-cu ildən Gülnaz xanıma xidmət edir. Onun işlədiyini bilmiyib. Həftədə iki dəfə xidmət göstərib. Münasibətləri çox yaxşı olub. Hətta ad günlərində bir-birinə hədiyyələr də alıblar. Çox həssas insanlarla işləyib. Belə bir insan deyil ki, cavabdehə qarşı qeyd etdiyi hərəkəti etsin. Gülnaz xanıma saat 10:00-dan 12:00a qədər xidmət edib. Onunla heç bir problemi olmayıb. Gülnaz xanımın birdən-birə ondan şikayət yazmasını başa düşə bilmir. Barəsində cavabdeh o qədər şikayət verdi ki, axırda ona töhmət verildi. Töhmətdə nə qeyd olunduğunu bilmir. Cavabdehə telefon qaldırmamış, onu vurmağa çalışmamışdır. Cavabdeh xəstəxanada da yatmayıb.

İşdə olan sübutlar

14. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 49 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2007-ci il (Əmr 68,xx.xx.2007-ci il) tarixdən xx.xx.2018-ci il tarixədək (Əmr 2, xx.xx.2018-ci il) Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında kiçik tibb bacısı vəzifəsində işləmişdir.

15. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi X14 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizə ilə İddiaçı barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülməsini, ən azından şiddətli töhmətlə cəzalandırılmasını xahiş etmişdir.

16. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-3/2-H-10561/202 saylı məktubun surətindən görünür ki, ona evdə (səyyar) sosial-məişət xidməti göstərən Abşeron-Xızı regional filialının sosial xidmətçisi İddiaçı barəsində müvafiq intizam tənbehi tədbiri görülmüşdür.

17. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, Cavabdeh ikinci dərəcəli əlildir, əmək qabiliyyətsizdir.

18. Təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-3/3-4- 518/2023 nömrəli əmrdən görünür ki, Abşeron-Xızı regional Filialınında sosial xidmətçi vəzifəsində çalışan İddiaçı əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə töhmət verilmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

21. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(060)-2266/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, qarşılıqlı iddianın rədd edilməsi yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(060)-2266/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, mənəvi zərərlə bağlı qanunvericiliyə və həmin qanunvericiliyin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında qeyd edilmiş mövqelərə əsasən mənəvi zərərin hansı əsaslarla yarandığı və hansı hallarda ödənilməli olması məsələsi aydınlaşdırılmalıdır. 24.Belə ki, mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin bəndin 2-ci abzasına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır (“Mənəvi zərərin ödənilməsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı).

25. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarı).

26. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

27. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

28. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir.

29. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir.

30. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə qiymət verərək qeyd edir ki, qarşılıqlı iddiaçının iddiasından görünür ki, qarşılıqlı iddiaçı cavabdehin 2010-cu il tarixdən deyil, 2018-ci il tarixdən ona baxıcı təyin edilməsi ilə bağlı müvafiq araşdırma aparmaq istəməsi ilə əlaqədar onun arasında yaranmış mübahisə zamanı cavabdehin ona «sən kimsən, nəçisən, nəyinə gərək, maaşımı kəsəcəksən» sözlərini deməsindən və əlində olan telefonu onun başına qaldırması ilə bağlı hərəkətlərdən mənəvi zərərə məruz qaldığını iddia etməkdədir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan səbəbdən tərəflər arasında yaranan mübahisə zamanı cavabdehin «sən kimsən, nəçisən, nəyinə gərək, maaşımı kəsəcəksən» kimi ifadələr işlətməsi fakt kimi qəbul edildiyi təqdirdə belə, qeyd edilən fakt qarşılıqlı iddiaçının şüuruna təsir göstərməklə onda mənfi psixoloji reaksiyaya səbəb olması, buna müvafiq olaraq da mənəvi iztirab və sarsıntı keçirməsinə səbəb ola biləcək hal hesab edilə bilməz.

31. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, çətin həyat şəraiti ilə əlaqədar sosial xidmət göstərilən şəxsə təyin edilmiş sosial xidmətçi sosial xidmətlərin göstərilməsi sahəsində peşə etikası normalarına əməl etməklə, xidmət göstərdikləri şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, həmin şəxslərə münasibətdə ayrıseçkiliyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara yol verməmək vəzifəsi daşımaqdadır ki, kənar şəxsin xidmətinə ehtiaycı olan şəxsə qarşı mübahisə zamanı onu vurmaq məqsədi ilə əlin qaldırılması ilə bağlı edilən hərəkət onun şüuruna təsir göstərməklə onda mənfi psixoloji reaksiyaya səbəb olması, buna müvafiq olaraq da mənəvi iztirab və sarsıntı keçirməsinə səbəb ola biləcək hal hesab edilə bilər. Lakin, yuxarıda qeyd olunduğu kimi qeyd olunan səbəbdən tərəflər arasında mübahisənin yaranması və mübahisə zamanı cavabdehin «sən kimsən, nəçisən, nəyinə gərək, maaşımı kəsəcəksən» kimi ifadələr işlətməklə əlini qaldırması faktı qəbul edildiyi təqdirdə isə onu vurmaq məqsədi ilə qarşılıqlı iddiaçının başına əl qaldırması sübut olunmamaqdadır. İş materiallarında olan qarşılqılı iddiaçının cavabdeh barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazdığı şikayət ərizəsinin məzmunundan göründüyü kimi qarşılqılı iddiaçı cavabdehin mübahisə zamanı onu vurmaq məqsədi ilə əlini qaldırmasını deyil, ona qarşı sözlü etirazını qəzəb şəklində bildirməklə əlini qaldırmasını bidirmişdir. Hərçənd ki, ümumiyyətlə qarşılıqlı cavabdehin mübahisə zamanı hazırkı iş üzrə qarşılqılı iddia üzrə cavabdehin iddiaçıya qarşı əl qaldırması ilə bağlı hərəkətə yol verməsi iş materialları ilə sübut olunmamaqdadır. İş materiallarında olan Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-3/3-4-518/2023 nömrəli əmrində isə İddiaçı əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə töhmət verilmişdir ki, həmin əmrlə də İddiaçı məhz qeyd edilən hərəkətə görə töhmət verilməsi müəyyən edilməməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı rədd etməklə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

32. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(060)-2266/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar