Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-143/2022 19.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bunyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 02 iyul 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 02 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) iddia tələbinin qismən təmin edilməsi, 13.04.2015-ci il təvəllüdlü X2 və 22.06.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 04 iyun 2020ci ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2537/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 02 iyul 2020-ci il tarixli 2(067)- 1356/2020 saylı qətnaməsinin qismən ləğv edilməsi, xx xxxx 1988-ci il tarixdə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində anadan olan Cavabdeh 13.04.2015-ci il təvəllüdlü X2 və 22.06.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 04 iyun 2020ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi, iddianın 13.04.2015-ci il təvəllüdlü X2 müalicələri ilə əlaqədar hər ay 200 manat məbləğində əlavə xərcin tutulması hissəsində təmin edilməməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi və qətnamənin dərhal icra olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 30 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və V.Həsənov) Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2537/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən 13.04.2015-ci il təvəllüdlü X2 və 22.06.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit məbləğdə alimentin alınaraq ona verilməsi, habelə 13.04.2015-ci il təvəllüdlü X2 müalicəsi ilə əlaqədar hər ay 200 manat əlavə xərcin alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 24.06.2014-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından iki övladları anadan olmuşdur. Cavabdehlə 2020-ci ilin fevral ayından faktiki olaraq ayrılmışlar. Ayrı yaşadıqları bu müddət ərzində cavabdeh uşaqları ilə maraqlanmamış, uşaqların saxlanması üçün könüllü vəsait verməmişdir. Qızı 13.04.2015-ci il təvəllüdlü Dinara «Yumşaq və hissəvi sərt damağın yarığı» diaqnozu ilə müalicələr qəbul edir və «Uranostafiloplastika» əməliyyatı keçirmişdir. Onun müayinəsi, müalicəsi və əməliyyatı ilə əlaqədar 1000 manatdan yuxarı vəsait xərcləmişlər və müalicələr hələ də davam edir. Digər tərəfdən qızı Dinara anadangəlmə ürək qüsuru ilə bağlı ürəkdən əməliyyat olunub. Mütəmadi olaraq uşağı müayinə və müalicələrə aparır, hər dəfə üçün orta hesabla 200 manat xərci çıxır. Cavabdehin uşaqların saxlanması üçün hər ay ən azından hər uşağa görə 170 manat, cəmi 340 manat aliment ödəməyə real imkanı vardır. Bundan başqa qızının müalicələri ilə əlaqədar hər ay 200 manat əlavə vəsait ödəməlidir. Cavabdehin maddi imkanları kifayət qədər yaxşıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 02 iyul 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, D.Rəsulovanın və R.Rəsulovun saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat və Dinaranın hər ay müalicəsi üçün 200 manat və onun Dinaraya baxması ilə əlaqədar olaraq işləyə bilmədiyi üçün hər ay 50 manatın alınıb ona verilməsi barədə barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı qismən təmin edərək qanunsuz qətnamə qəbul etmişdir. O, Dinaranın xəstəliyi ilə əlaqədar olaraq heç yerdə işləyə bilmir və bununla da uşağa baxması ilə əlaqədər olaraq 50 manat və Dinaranın müalicəsi ilə əlaqədar 200 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə buna məhəl qoymamışdır. O, kasıb ailədir, onun imkanı çatmır qız uşağın hər ay müalicə etsin, cavabdehin imkanı var. Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 02 iyul 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, alimentin onun əmək haqqının 1/3 hissəsi məbləğində tutulması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə işin hallarını ətraflı araşdırmamış qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh apellyasiya şikayətini isə qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prossual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni valideynlər arasında uşaqlara alimentin ödənilməsi barədə sazişin olmamasını, uşağın əvvəlki təminat səviyyəsinin saxlanmasını əsas tutması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni cavabdeh mübahisələndirərək, apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv etmiş, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul etmiş, bu nəticədən narazı qalan cavabdehin kassasiya şikayəti əsasında işə baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası tərəfindən cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinə hüquqi qiymət verilmədiyini, hər iki tərəfin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə baxmaqla mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməli olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən hər iki tərəf apellyasiya şikayəti vermiş, iddiaçı iddianın təmin edilməyən hissəsində, cavabdeh isə iddianın təmin edilən hissəsində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Kollegiya həmçinin hər iki tərəfin apellyasiya şikayəti verməsini və alimentin məbləğinin mübahisələndirilməsini nəzərə alaraq hesab edir ki, hər iki tərəfin apellyasiya şikayətinə birlikdə qiymət verilməlidir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın aildə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələri). Ailə Məcəlləsinin 76.1.1. maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Tərəflərin birgə nikahlarından olan 13.04.2015-ci il təvəllüdlü X2 və 22.06.2016-cı il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit məbləğdə alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Bütün maddi və mənəvi yükün ananın üzərində qalması, onun mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasını qaçılmaz edir. Halbuki övladın saxlanılması üçün hər iki valideyn birgə məsuliyyət daşıyır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmə kollegiyası uşağın saxlanılmasının yaşayışı minimum həddindən az olmayan təminat hüququnun olmasını, uşağın saxlanılması üçün hər iki valideynin birgə məsuliyyət daşıması, uşaqların ananın himayəsində olmaqla, onların qayğısına və tələbatının ödənilməsi yükünün ananın, yəni İddiaçı üzərinə düşməsi, uşaqların saxlanılması üçün müəyyən edilən aliment ödəniş ardıcıllığının təmin edilməsindən ötrü hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq 13.04.2015-ci il təvəllüdlü X2 və 22.06.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul şəklində alimentin tutulmalı olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının onun Dinaraya baxması ilə əlaqədar olaraq işləyə bilmədiyi üçün hər ay 50 manatın alınıb ona verilməsi barədə apellyasiya şikayətinə gəldikdə isə qeyd edir ki, iddiaçı hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit məbləğdə alimentin alınaraq ona verilməsi, habelə 13.04.2015-ci il təvəllüdlü X2 müalicəsi ilə əlaqədar hər ay 200 manat əlavə xərcin alınaraq ona verilməsi barədə iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etməsinə baxmayaraq, apellyasiya şikayətində onun Dinaraya baxması ilə əlaqədar olaraq işləyə bilmədiyi üçün hər ay 50 manatın alınıb ona verilməsi barədə yeni tələb irəli sürmüşdür. Bu isə faktiki olaraq iddia tələbinin həcminin artırılmasına yönəlmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 372.4 və 372.5-ci maddələrinin tələblərinə cavab vermir. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Tərəflər apellyasiya instansiyasının baxışına yeni tələbləri yalnız o hallarda təqdim edə bilərlər ki, bunlar qarşılıqlı tələbin ödənilməsinə, əks tərəfin tələbinin rədd edilməsinə, üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın aşkar olunmasına və ya fakt haqqında məlumatın verilməsi əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun (MPMnin 372.3., 372.4. və 372.5. maddələri). Məhkəmə kollegiyası cavabdehin alimentin əmək haqqının 1/3 hissəsi məbləğində tutulması barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə qeyd edir ki, cavabdehin birinci instansiya məhkəməsində belə bir tələbi olmamış və iddia tələbi sabit pul məbləğində pulun tutulması barədədir. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili ilə razılaşmır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayətləri təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 02 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayətləri təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 02 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-143/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-143/2022
19.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver