Məhkəmə qərarları › İş №2(105)-144/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-144/2025

17.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-144/2025 17.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X10 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(060)-5895/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2008-ci il tarixdə doğulmuş X5 və xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında, mediasiya üçün ödənilmiş 50 manat rüsumun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı 2017-ci il tarixində nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11789/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh və İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhər Nikah evində bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il tarixdə doğulmuş X7 və xx.xx.2015-ci il tarixdə doğulmuş X4 İddiaçı yanında qalınması, nikahın pozulması ilə əlaqədar X2 15 manat dövlət rüsumunun alınması qət olunmuşdur. Məhkəmə qətnamə qət edərkən, uşaqların saxlanılması üçün aliment miqdarını müəyyən etməmişdir. Cavabdeh könüllü surətdə aliment ödəməsinə baxmayaraq hazırda alimentin miqdarı ilə bağlı aralarında narazılıq olduğuna görə aliment miqdarının rəsmiləşdirilməsinə zərurət vardır. Bununla bağlı mediasiya şurasına müraciət etsə də, cavabdeh ilkin mediasiya prosesində iştirak etmədiyinə görə mediasiya prosesi baş tutmamışdır. Ona görə də cavabdehdən məcburi qaydada alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(060)-5895/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2024- cü il tarixdən başlayaraq hər ay Cavabdeh qazancı və digər gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-5895/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismənalimentin tutulmağa başlandığı tarixə (xx.xx.2024-cü il tarixdən başlayaraq) aid hissədə dəyişdirilməsi, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay Cavabdeh qazancı və digər gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə alimentin hansı tarixdə tutulmalı olmasını düzgün həll etməmiş, onun ödədiyi 4285 manat məbləğində alimentin ondan alimentin tutulması və hesablanması zamanı nəzərə almamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı ona artıq ödənilmiş aliment məbləğinin qətnamənin icrası vaxtı əvəzləşdirilməsinə etiraz etmədiyini bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştiak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZ-İİ 246214 saylı və AZİİİ 661237 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı iki uşaqları doğulmuşdur. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11789/20174 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh və İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhər Nikah evində bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il tarixdə doğulmuş X7 və xx.xx.2015-ci il tarixdə doğulmuş X4 İddiaçı yanında qalması qət olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 60 (altmış) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində təşkilati hissə müdiri vəzifəsində işləyir və 5699 manat əmək haqqı alır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyini nəzərə alan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən normanın tələbinə əsasən həmin vaxtdan alimentin tutulmasına dair düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdehin iddiaçıya 4285 manat məbləğində aliment ödəməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələ icra icraatı qaydasında həll edilməli olduğundan qeyd edilən dəlil qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, alimentin hesablanma tarixi yuxarıda göstərilən maddi hüquq norması ilə təsbit olunmuşdur və cavabdeh artıq ödənilmiş alimentin aliment borcunun əvəzləşdirilməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilə hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(060)-5895/2024 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilə hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar