Məhkəmə qərarları › İş №2(105)-1445/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1445/2021

15.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1445/2021 15.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı mənzilin alqı-satqı müqaviləsinin, təminatlı kredit müqaviləsinin ləğv edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(012)-853/2020 saylı qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(012)-853/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binadakı 65.4 kv.metrdən ibarət 2 otaqlı 56 nömrəli mənzilə dair 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsi ləğv edilmiş, həmin mənzilə görə ödənilmiş 42510 manat məbləğində pulun, maddi ziyan olaraq 3896,75 manat pulun, vəkil xərci kimi 80 manat pulun və dövlət rüsumuna görə 20 manat pulun, cəmi 46 506,75 manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakim C.Səfiyeva) Qətnamədən narazı qalan İddiaçı ondan apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(012)-853/2020 saylı qətnaməsinin qismən ləğv edilməsini, iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC də qətnamədən apelyasiya şikayəti verərək onun iddianın təmin edilmiş hissəsində ləğv olunması və iddianın tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin və "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, "xxxx" MMC-dən dəymiş zərərin əvəzi olaraq 77750 manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65,4 kv.metrdən ibarət 2 otaqlı 56 nömrəli mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddətdə ərzində ödəməyi öhdəsinə götürmüşdür. 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi bağlandıqdan sonra, mənzilin dəyərini ödəmək məqsədilə "xxxx" ASC-dən ipoteka müqaviləsi əsasında 38250 manat məbləğində illik 10 % olmaqla kredit götürmüş, ilkin olaraq 4260 manat və kreditlə götürdüyü 38250 manat məbləğində pulu vəsaitini "xxxx" MMC-yə ödəmişdir. Müqavilə bağlanan zaman, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65,4 kv.metrdən ibarət 2 otaqlı 56 nömrəli mənzilin qısa müddət ərzində təhvil veriləcəyi bildirilsə də, həmin vaxtdan 4 ildən artıq vaxt keçməsinə baxmayaraq, mübahisəli mənzil İddiaçı təhvil verilməmişdir. "xxxx" MMC tərəfindən hər dəfə müxtəlif bəhanələr gətirilərək növbəti üç il ərzində mübahisəli predmeti olan mənzilin təhvil veriləcəyi bildirilsə də, heç bir nəticə olmamışdır. İddiaçı tərəfindən mənzilin alqı-satqı müqaviləsinin və ipoteka müqaviləsinin ləğv edilməsi, maddi zərərin ödənilməsi barədə "xxxx" MMC-yə müraciət edilmiş, lakin Cəmiyyət tərəfindən məhkəməyə müraciət edilməsi bildirilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı vurulmuş maddi zərərin ümumi məbləği 77750 manat təşkil edir. Həmin məbləğin 42510 manatı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF- Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65,4 kv.metrdən ibarət 2 otaqlı 56 nömrəli mənzilin alqı-satqı müqaviləsi rəsmilərdirilərkən İddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Bundan başqa, "xxxx" MMC-nin mənzili təhvil verməməsi nəticəsində İddiaçı 58 ay ərzində kirayə yaşamaqla aylıq 300 manat kirayə haqqı ödəmiş və həmin məbləğ ümumilikdə 17400 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, onunla "xxxx" MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, "xxxx" MMC-dən dəymiş zərərin əvəzi olaraq 77750 manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, onunla "xxxx" MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65,4 kv.metrdən ibarət 2 otaqlı 56 nömrəli mənzilin dəyəri olaraq ödənilmiş 42510 manat, kredit müqaviləsinə görə faiz olaraq ödənilmiş 5700 manat, əldən çıxmış faydaya görə 23450 manat, yeni mənzilin alınması üçün çəkməli olduğu əlavə xərcə görə 3270 manat, hüquqi yardıma görə ödənilmiş 110 manat, iddia ərizəsinə görə ödənilmiş 30 manat, ümumilikdə maddi zərər üçün 75070 manat pulun "xxxx" MMC-dən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onunla "xxxx" MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF- Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65,4 kv.metrdən ibarət 2 otaqlı 56 nömrəli mənzilin dəyəri olaraq ödənilmiş 42510 manat, kredit müqaviləsinə görə faiz olaraq ödənilmiş 17506,04 manat, əldən çıxmış faydaya görə 23450 manat, yeni mənzilin alınması üçün çəkməli olduğu əlavə xərcə görə 3270 manat, hüquqi yardıma görə ödənilmiş 110 manat, iddia ərizəsinə görə ödənilmiş 30 manat, ümumilikdə maddi zərər üçün 86876,04 manat pulun "xxxx" MMC-dən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, iddiasının tam şəkildə təmin edilməsi üçün iddianın təmin edilməmiş hissəsindən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Məhkəmə kredit borcu üzrə onun tərəfindən banka ödənilmiş 18238,92 manat məbləğində faiz borcunun təmin edilməməsi ilə əlaqədar qeyd etmişdir ki, kredit borcu üzrə faiz məbləğinin cavabdeh "xxxx" MMC-nin müqavilə öhdəliyini icra etməməsinin nəticəsində yaranmış ziyan kimi qiymətləndirilməsinin hüquqi və məntiqi əsası mövcud deyildir. Lakin, onun tərəfindən lazımi hüquqi və məntiqi əsaslandırılma həyata keçirilmişdir. Onun "xxxx" ASC ilə təminatlı kredit müqaviləsi bağlamasının səbəbi digər cavabdeh "xxxx" MMC-dən mənzil alması olmuşdur. Tələb olunan qaydada müqavilə bağlanmış və o, öz üzərinə düşən öhdəliyi icra edərək aylıq ödənişlər həyata keçirmişdir. Lakin cavabdeh "xxxx" MMC öhdəliyini icra edib mənzili ona təhvil verməmişdir. Belə olan halda, banka bu günə qədər ödənilmiş məbləğin faiz borcuna dair hissəsi onun üçün maddi zərərdir. Ona təhvil verilməyən mənzil üçün təminatlı kredit müqaviləsi bağlamış, 5 ildən artıq müddətə həmin müqavilə üzrə bank qarşısında öhdəliklər icra etmişdir və həmin mənzil təhvil verilsəydi ödənişləri etməyə davam edəcəkdi. Göründüyü kimi, cavabdeh "xxxx" MMC-nin müqaviləni əhəmiyyətli dərəcədə pozması nəticəsində ona maddi ziyan dəymişdir. Digər tərəfdən, onun tərəfindən əldən çıxmış faydaya görə 23450 manat məbləğində pul vəsaiti tələb edilmiş, lakin məhkəmə tərəfindən Mülki Məcəllənin 439.3-cü maddəsinə əsaslanaraq yalnız 3896,75 manat məbləği təmin edilmişdir. Bu hissədə də qətnamə əsassızdır. Onun tərəfindən əldən çıxmış faydanın hesablanması ilə bağlı qiymətləndirmə təşkilatının rəyi məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən qətnamə qismən ləğv edilməli, iddianın tamamilə təmin edilməsi barədə yeni qətnamə çıxarılmaldıır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamənin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, həmin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir, bu səbəbdən qətnamə ləğv edilməklə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə mübahisəli mənzilə görə vəsaitin iddiaçı tərəfindən deyil, bank tərəfindən ödənilməsinə, mübahisənin pretenziya qaydalarına əməl edilmədən məhkəmə qaydasında baxılmasına, yaşayış binalarının inşasını həyata keçirən MMC-nin maliyyə təşkilatı olmamasına, buna görə də ikitərəfli əqd üzrə alıcı tərəfindən ödənilmiş vəsaitin geri qaytarılmasının qanunsuzluğuna düzgün qiymət verməmiş, qətnamədə maddi hüquq normaları tam əsaslandırılmamış və gələcəkdə yarana biləcək hüquq münasibətləri qiymətləndirilməmişdir. Göstərilənlərə əsasən qətnamə qismən - iddianın təmin edilməsinə dair hissədə ləğv edilməli, iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 Cəmiyyətin apelyasiya şikayətini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. O, iddiaçının apellyasiya çikayətinə etiraz edərək, onun rədd olunmasını xahiş etdi. Nümayəndə qeyd etdi ki, MMC-nin inşa etməli olduğu mənzil 2022ci ilin mart ayınadək tam hazır olacaqdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçının apelyasiya şikayətini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. O, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətilə razılaşmadı və bildirdi ki, müqavilənin şərtləri məhz cavabdeh MMC tərəfindən pozulub. İddiaçıya artıq "xxxx" MMCdəki heç bir mənzil lazım deyil. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmasını, MMC-nin şikayətin rədd olunmasını xahiş edir. Digər cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 07 mart 2015-ci il tarixli, ABB YM-0220 saylı (ABB tərəfindən ipoteka ilə satılmış təmirsiz mənzil) mənzilin alqı-satqısı müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65,4 kv.metrdən ibarət 2 otaqlı 56 nömrəli mənzili İddiaçı təhvil verməyi, İddiaçı tərəfindən isə həmin mənzilin hər kv.metrinə görə 650 manat olmaqla, müqavilənin cəmi qiyməti 42510 manat müəyyən edilmişdir. Müqavilə qiymətinin 4260 manatı İddiaçı şəxsi vəsaiti hesabına, qalan 38250 manat isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış kredit müqaviləsi əsasında ödənilməsi nəzərdə tutulmuşdur. Yenə iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.03.2015-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65,4 kv.metrdən ibarət 2 otaqlı 56 nömrəli mənzilə görə 4260 manat ödənilmişdir və borc qalığı 38250 manatdır. Yenə də iş materiallarında olan 10 mart 2015-ci il tarixli 5-10-03-2015-YS-AAF-RO saylı təminatlı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF- Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65,4 kv.metrdən ibarət 2 otaqlı 56 nömrəli mənzilə görə İddiaçı 180 ay müddətinə 38250 manat məbləğində kredit verilməsi, İddiaçı isə hər ay 411 manat 10 qəpik məbləğində pulu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürür. İşdə olan "xxxx" ASC-nin 17.11.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ilə bank arasında bağlanmış 10 mart 2015-ci il tarixli, 5-10-03-2015-YS-AAF-RO saylı təminatlı kredit müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65,4 kv.metrdən ibarət 2 otaqlı 56 nömrəli mənzilin əldə edilməsinə görə 38250 manat məbəğində kredit verilmişdir. Həmin müqavilə üzrə İddiaçı 17.11.2020-ci il tarixə qədər 7527,46 manat əsas, 17506,04 manat faiz, cəmi 25033,50 manat məbləğində ödəniş etmişdir. İddiaçı həmin kredit müqaviləsi üzrə 17.11.2020-ci il tarixinə bank qarşısında icra edilməmiş 30722,54 manat əsas, 2099,37 manat faiz borcu olmaqla, cəmi 32821,91 manat kredit öhdəliyi mövcuddur. Yenə işdə olan "xxxx" ASC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərdiyi 19.11.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 10 mart 2015-ci il tarixli, 5-10-03- 2015-YS-AAF-RO saylı təminatlı kredit müqaviləsi üzrə bank qarşısında 30722,54 manat əsas, 2116,43 manat faiz borcu olmaqla, cəmi 32838,97 manat kredit öhdəliyi mövcuddur. Bundan başqa, İddiaçı kredit üzrə gündəlik 8,53 manat məbləğində faiz hesablanır. Yenə də işdə olan İddiaçı "xxxx" MMC-yə göndərdiyi təklifdən görünür ki, o, 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, "xxxx" MMC-dən dəymiş zərərin əvəzi olaraq 77750 manat pul vəsaitinin qatarılmasını təklif etmişdir. İşə əlavə edilmiş Abşeron RİH-in 12.10.2020-ci il tarixli,2045 saylı məktubundan məlum olur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasının 10-cu mərtəbəsində kalon-pərdə işləri görülüb. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, "xxxx" MMC-nin apelyasiya şikayəti isə qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(012)-853/2020 saylı qətnaməsi 3896,75 manat maddi zərərin tutulması hissəsində ləğv edilərək, bu hissədə iddia rədd olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası nəzərə alır ki, İddiaçı iş üzrə "xxxx" ASC-yə qarşı 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğvinə dair iddia tələbi Abşeron Rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2(012)-853/2020 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi 65,4 kv.metrdən ibarət 2 otaqlı 56 nömrəli mənzilə dair 07 mart 2015-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması, İddiaçı tərəfindən mənzilin dəyərinin 38250 manat hissəsinin "xxxx" ASC-dən aldığı kredit hesabına, 4260 manat hissəsinin isə ilkin olaraq özünün ödəməsi, onun tərəfindən həmin mənzil üçün cavabdeh MMC-yə cəmi 42510 manat pul ödənilməsi işin mübahisəsiz halıdır. Qeyd edildiyi kimi, tərəflər arasında imzalanmış müqavilənin şərtlərində cavabdeh tərəfindən mənzilin iddiaçıya hansı müddətə təhvil verilməsi barədə heç bir müddəa-şərt nəzərdə tutulmamış, belə bir öhdəlik götürülməmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, mənzilin tikilib təhvil verilməsi müddəti tərəflər arasında bağlanmış müqavilədə göstərilməyibsə, tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağılabatan müddətdə müəyyən edilməlidir. Ağılabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədə müvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC üçün çoxmənzilli binanın tikib müqavilə tərəflərinin istifadəsinə verilməsi bəlli bir zaman tələb etdiyindən ağalabatan müddət, təxmini olsa da 3 il müəyyən edilə bilər. İşdən göründüyü kimi İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan mübahisəli mənzillə bağlı müqavilə hüquqi təbiətinə görə podrat münasibətlərinə uyğun gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Yenə həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Daha öncə qeyd olunduğu kimi iddiaçıya verilməsi nəzərədə tutulan mənzillə bağlı sifariş ağlabatan müddət ərzində yerinə yetirilməmiş, cavabdeh MMC bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Başqa sözlə, iddiaçı sifarişçi olaraq müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Mülki Məcəllənin 421.1-ci maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Yenə həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yenə də həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Qeyd olunan hüquq normalarının tələblərindən də görünür ki, müqavilənin ləğvinə onu bağlayan tərəflərin razılığı xaricində yalnız müqavilə əhəmiyyətli dərəcədə pozulduqda və ya şərait əhəmiyyətli dərəcədə dəyişdiyi halda yol verilir. Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Yenə həmin Məcəllənin 424.4-cü maddəsinin tələblərinə görə əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Yenə həmin Məcəllənin 441.1-ci maddəsinə görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Yenə də həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Yenə də həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, ötən 6 il ərzində mənzil iddiaçıya təhvil verilməmişdir, belə olan halda, təhvil verilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanunidir. Bu hissədə qətnamə qanunidir və işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC mənzilin dəyərini əvvəlcədən və tam şəkildə almasına, həmçinin həmin puldan tam şəkildə yararlanmasına baxmayaraq, sonuncu tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş və nəticədə iddiaçının ümid etdiklərindən məhrum olmasına səbəb olmuşdur, halbuki hər bir tərəf vicdanlığın tələb etdiyi tərzdə hərəkət etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müqavilə şərtlərinin pozulması nəticəsində İddiaçı zərər vurulmuşdur və bu zərər onun mənzil almaq üçün "xxxx" MMC-yə ödədiyi 42510 manat həcmindədir və o, həmin pulu geri tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Bununla belə işdən görünür ki, iddiaçı kredit müqaviləsinə görə faiz olaraq ödənilmiş 17506,04 manat, əldən çıxmış faydaya görə 23450 manat, yeni mənzilin alınması üçün çəkməli olduğu əlavə xərcə görə 3270 manat, hüquqi yardıma görə ödənilmiş 110 manat pul məbləğinin də onun xeyrinə tutulmasını xahiş etmişdir. İşə baxan məhkəmə bu hissədə iddianı qismən 3896,75 manat maddi zərər və 80 manat vəkil xərci olaraq təmin etmişdir. Bu hissədə qətnaməni həm iddia tələbi tam təmin olunmayan iddiaçı, həm də "xxxx" MMC mübahisələndirmişdir. Məhkəmə kollegiyası həmin hissədə iddianın əsasən rədd olunması ilə razılaşır. Bununla belə hesab edir ki, o, hissədə iddianın qismən də olsa təmin olunması tam əsaslı sayıla bilməz. Əvvəla, iddiaçının kredit müqaviləsinə görə faiz ödəməsi onunla kreditor bank arasında bağlanmış kredit müqaviləsinə uyğun həyata keçirilir, yəni borclu olaraq o, müqaviləyə əsasən kredit almaq hüququndan istifadə etdiyi kimi, alınmış kredit məbləğinin, o cümlədən faiz məbləğinin qaytarılması onun borcudur. Bu müqavilənin şərtidir və həmin müqavilə üzrə tərəf olmayan MMC-dən ödənilmiş 17506,04 manat fazi məbləğinin tələb edilməsi əsassızdır. Məhkəmə kollegiyası 23450 manat əldən çıxmış fayda tələbini də əsassız hesab edir. İddiaçı bununla bağlı heç bir ağalabatan dəlil irəli sürməmiş, məhkəməyə sübut təqdim etməmişdir. O, həmin tələbin hüquqi əsasını da göstərə bilməmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İşin tədqiq olunan faktiki hallarından görünür ki, iddiaçıya müqavilə əsasında verilməsi nəzərdə tutulmuş mənzilin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında, “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binanın 10-cu mərtəbəsində işlər gedir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasma dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, MM-nin 449-cu maddəsinin "ondan faydalanmağa görə" müddəası özgənin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində MM-nin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımm bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında həmçinin göstərilmişdir ki, MM-nin 449-cu maddəsinə əsasən faydalanmağa görə fazilərin tutulması-pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki - hüquqi məsuliyyət tədbiridir. Məhkəmə kollegiyası işin faktiki hallarına qiymət verərək hesab edir ki, cavabdeh "xxxx" MMC-nin iddiaçının pul vəsaitini qanunsuz saxlaması, həmin pul vəsaitini əsassız əldə etməsi və faydalanması, yəni gəlir, bəhər, artım və s. əldə etməsi sübut olunmur. Lakin işə baxan məhkəmə "xxxx" MMC-yə ödənilən vəsaitə əldən çıxmış fayda hesablayaraq, 3896,75 manat məbləğində pulun MMC-dən tutulması və İddiaçı ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə qanunsuzdur və heç bir hüquqi əsası yoxdur. Ona görə də qətnamə həmin hissədə ləğv edilməklə iddia o hissədə də təmin edilməməlidir. Qeyd edildiyi kimi iddiaçı cavabdeh "xxxx" MMC-dən yeni mənzilin alınması üçün çəkməli olduğu əlavə xərcə görə də 3270 manat pul tələb edir. Lakin həmin tələb də əsaslandırılmamışdır. Həmin məbləğin necə hesablanması, nədən yarandığı barədə işdə heç bir sübut yoxdur. Ona görə də bu tələb də təmin oluna bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassızdır, təmin edilə bilməz, lakin cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və buna görə də, onun apelyasiya şikayəti qismən təmin olunmalı, qətnamə maddi ziyan olaraq 3896,75 manat pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı qaytarılması hissəsində ləğv edilməli, bu barədə iddia təmin edilməməli, qalan hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, cavabdeh "xxxx" MMC isə öz apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətlərinin verilməsi üçün tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. "xxxx" MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(012)- 853/2020 saylı qətnaməsi, maddi ziyan olaraq 3896,75 manat pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı qaytarılması hissəsində ləğv edilsin. Bu hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və həmin hissədə də iddia tələbi təmin edilməsin. Qalan hissələrdə, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF- Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binadakı 65.4 kv.metrdən ibarət 2 otaqlı 56 nömrəli mənzilə dair 07 mart 2015-ci il tarixli mənzilin alqısatqısı müqaviləsinin ləğv edilməsi, həmin mənzilə görə ödənilmiş 42510 manat məbləğində pulun, vəkil xərci kimi 80 manat pulun və dövlət rüsumuna görə 20 manat pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı qaytarılması hissəsində qətnamə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar