Məhkəmə qərarları › İş №2(105)-1456/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1456/2022

04.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1456/2022 04.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(060)-1854/2022 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(060)-1854/2022 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Aynur Behbudova) İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.1999-cu il təvəllüdlü X4 və xx.xx.2004-cü il təvəllüdlü X1 üçün yaranmış 11073 manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Müseyib qızı ilə faktiki nikah münasibətində olmuş, bu nikahlarından iki övladları - xx.xx.1999-cu il təvəllüdlü X4 və xx.xx.2004-cü il təvəllüdlü X5 anadan olmuşlar. 2009-cu ilin yanvar ayında sosial yardım almaq məqsədilə aralarında razılığa gəlmiş, cavabdeh iki uşaq üçün hər ay onun qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulması tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və 16 yanvar 2009-cu il tarixli, 2(060)-534/2009 saylı məhkəmə əmri ilə ondan xx.xx.1999-cu il təvəllüdlü X4 və xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulmuşdur. Onlar ailə olaraq 2018-ci ilin sonuna kimi birlikdə yaşamışlar. Birgə ailə münasibətləri zamanı iki ev inşa etmiş və ailənin bütün dolanışığı onun tərəfindən qarşılanmışdır. Münasibətləri daha da pisləşdiyi üçün cavabdeh 2021-ci ilin əvvəllərində Şamaxı rayon İcra və probasiya şöbəsinə onun 19000 manat aliment borcu olmağı ilə bağlı müraciət etmişdir. Şamaxı rayon İcra və probasiya şöbəsi bu qədər borcun necə yarandığı ilə bağlı heç bir araşdırma aparmadan inzibati xəta haqqında protokol tərtib etmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(074)-267/2021 saylı qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. Cavabdehin aliment tələbi ilə bağlı məhkəməyə müraciəti sırf sosial müavinət almaq məqsədi daşımışdır. Onların ailə kimi bir yerdə 2018ci ilin sonuna kimi yaşamalarını sübut edən fotoşəkillər və toy diskləri vardır. Ailə olaraq 2018-ci ilin sonuna kimi bir yerdə yaşamaları ilə bağlı yaşayış yerindən arayışı da iddia ərizəsinə əlavə etmişdir. 2018-ci ilin sonunda ailə münasibətləri pozulmuş və o, birgə yaşadıqları evdən çıxıb başqa bir evdə yaşamağa başlamışdır. Təxminən 2019-cu ilin sentyabr ayından başlayaraq o, hər ay 600 manat pulu oğlu Nihad vasitəsilə cavabdehə yollamışdır. Bunu anası ilə bir yerdə yaşayan oğlu Nihad da təsdiq edə bilər. Əlavə olaraq xx.xx.2021-ci il tarixdə 1000 manat və kart vasitəsilə də 120 manat cavabdehə pul ödəmişdir. Cavabdehin ondan aliment tələbi qərəzli olmaqla onun ikinci dəfə ailə qurmasına görədir. Onun cavabdehə faktiki olaraq bir manat belə borcu yoxdur, o, cavabdehə artıqlaması ilə pul ödəmişdir. Şamaxı rayon İcra və probasiya şöbəsindən vəkil sorğusuna verilmiş cavabdan göründüyü kimi, onun cavabdehə borcu 11073 manat təşkil edir. Lakin o, cavabdehlə birlikdə yaşamış və həmin pulu da ailəsinə xərcləmişdir. Onun cavabdehə aliment borcunun olmaması səbəbindən məhkəməyə mövcud tələblə bağlı müraciət etmək qərarına gəlmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmuş, tərəflərin çəkişmə prinsipinə əməl etməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəblə də iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında ləğv edilməli və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi işə baxarkən məhkəmə baxış iclasında onun və nümayəndəsinin (vəkilinin) iştirakını təmin etmədiyindən qanunvericilikdə nəzərdə tutulmuş çəkişmə prinsipini pozmuşdur. Onun tərəfindən məhkəməyə teleqram ünvanlanmış, nə özünün, nə də nümayəndəsinin iştirak edə bilməyəcəyini, məhkəmənin ilkin baxış iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, məhkəmə bunu nəzərə almamış, nəticədə o, iddia tələbini əsaslandıran mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qətnaməsində qöstərmişdir ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən o və nümayəndəsi izahatlarında iddia tələbini müdafiə etdiklərini və bununla bağlı sübutlarını məhkəməyə təqdim edəcəklərini bildirmişlər. Həmin məhkəmə iclası hazırlıq iclası olduğundan və işə mahiyyəti üzrə baxılmadığından iddia tələbini əsaslandıran sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin şahidləri dindirmək mümkün olmamışdır. Məhkəmə işi araşdırarkən alimentin tutulması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(060)-534/2009 saylı icra sənədinin indiyə kimi nə üçün icra edilməməsinin səbəblərini araşdırmamışdır. Həmçinin məhkəmə cavabdehdən icra sənədinin icrasını indiyə kimi nə üçün tələb etmədiyini də araşdırmamış, ümumiyyətlə, işin bu hallarına heç bir hüquqi qiymət verməmişdir. Məhkəmədə iddia ərizəsində 2018-ci ilin sonlarına kimi Cavabdeh Müseyib qızı və ailəsi ilə birlikdə yaşadığını və ailəsini özünün saxladığını, həmçinin nikahlarının pozulmasının formal olduğunu, bu halı şahid kimi uşaqlarının da təsdiq edə biləcəyini göstərsə də, məhkəmə işin bu halını araşdırmamışdır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləgv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli arayışdan görünür ki, X5 24 may 2004-cü il tarixdə doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-534/2009 saylı, 16 yanvar 2009-cu il tarixli məhkəmə əmrinin surətindən görünür ki, borclu İddiaçı hər növ qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin xx.xx.2009-cu il tarixdən başlayaq hər ay tutulub, xx.xx.1999-cu il təvəllüdlü X4 və xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün tələbkar Cavabdeh verilməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 3(074)-267/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci tarixli, 666/6 saylı məktubundan görünür ki, borclu İddiaçı aliment borcu 2009-2021-ci illər üzrə 12193 manat təşkil edir. Borclu tərəfindən xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 120 manat ödənilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 534/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən aliment borcu 11073 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. İşin mübahisə edilməyən hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-534/2009 saylı, 16 yanvar 2009-cu il tarixli məhkəmə əmrinə əsasən borclu İddiaçı hər növ qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin xx.xx.2009-cu il tarixdən başlayaq hər ay tutulub, xx.xx.1999-cu il təvəllüdlü X4 və xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün tələbkar Cavabdeh verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinin mənasına görə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyi, aliment ödəməli şəxsin ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyi müəyyən edilərsə, məhkəmə onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normasının tələblərini hazırki mübahisəli hüquq münasibətinə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı iddia tələbini cavabdehlə ailə kimi bir yerdə 2018-ci ilin sonuna kimi yaşamalarını, təxminən 2019-cu ilin sentyabr ayından başlayaraq hər ay 600 manat pulu oğlu Nihad vasitəsilə cavabdehə yollaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia ərizəsində göstərdiyi hallar üzrlü səbəb sayıla və onun aliment borcunu ödəməkdən azad edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının məhkəmə aktı ilə üzərinə qoyulmuş aliment öhdəliyini üzürsüz səbəbdən yerinə yetirməməsi qanuni qüvvəyə minmiş Şamaxı Rayon Məhkəməsinin 3(074)-267/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə də təsdiq edilir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işə baxarkən məhkəmə baxış iclasında onun və nümayəndəsinin (vəkilinin) iştirakını təmin etmədiyini, bununla da çəkişmə prinsipinin pozulduğunu, məhkəmə hazırlıq iclasında işə mahiyyəti üzrə baxılmadığından iddia tələbini əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmədiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 02 mart 2022-ci il tarixdə, o və nümayəndəsi 16 mart 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclaslarında iştirak etmiş, zəruri sənədləri iddia ərizəsinə əlavə etdiklərini, başqa sübutları, şahidlərin çağırılması və sübutların tələb olunması barədə vəsatətlərinin olmadığını bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmçinin iddiaçı və onun nümayəndəsi məhkəmə baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(060)-1854/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar