Məhkəmə qərarları › İş №2(105)-1458/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1458/2024

25.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1458/2024 25.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: cehiz əmlakının qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-106/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı "cehiz əmlakının qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 25 fevral 2020-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Cavabdehlə ailə qurduqları ilk günlərdən aralarında normal ailə münasibəti olmuşdur. Lakin son vaxtlar münasibətləri pisləşmişdir. Bu səbəbdən də nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi hal-hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. Ona məxsus cehiz əmlakları, qızıl-zinət əşyaları cavabdehin ünvanında qalmışdır. O cavabdehdən əmlaklarını tələb etsə də cavabdeh onları qaytarmamışdır. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət edir. Ona məxsus olan və hazırda cavabdehin qeyri-qanuni sahibliyində qalan cehiz əmlakları bunlardan ibarətdir: Qonaq və yataq otağı dəsti-1 qapılı mebel, komod, stol-stul, şkaf, komod, 4 mərtəbəli tumba, taxt 1 ədəd 9000 manat, künc divan 1 ədəd 1200 manat, televizor (LC) 1 ədəd 1300 manat, soyuducu (Sharp) 1 ədəd 2500 manat, paltaryuyan maşın (Beko) 1 ədəd 1200 manat, mikrodalğalı soba 1 ədəd 300 manat, çilçıraq (işıqlandırma) 1 ədəd 200 manat, ütü stolu 1 ədəd 120 manat, qonaq dəsti (boşqab) 24 ədəd 700 manat, qonaq dəsti (çay dəsti daxil) 12 ədəd 400 manat, qonaq dəsti 12 ədəd 200 manat, gündəlik qablar (nabor) 6 ədəd 100 manat, gündəlik qab 6 ədəd 50 manat, komod üstü qablar 5 ədəd 400 manat, bakal (Tom) 6 ədəd 140 manat, böyük bakal (Tom) 6 ədəd 140 manat, rumka (Tom) 6 ədəd 140 manat, meyvə qabı (Tom) 1 ədəd 250 manat, qənd qabı (Tom) 2 ədəd 400 manat, xrustal meyvə qabı 2 ədəd 100 manat, xrustal meyvə qabı (yumru) 1 ədəd 80 manat, xrustal meyvə qabı 2 ədəd 60 manat, güldan (Xrustal) 1 ədəd 30 manat, rəngli bakal 6 ədəd 120 manat, qaşlı bakal 6 ədəd 40 manat, stəkan (Tom) 12 ədəd 280 manat, xrustal stəkan (Rusiya) 12 ədəd 100 manat, xrustal nəlbəki 12 ədəd 100 manat, nəlbəki gündəlik 12 ədəd 30 manat, mürəbbə qabı 12 ədəd 25 manat, armudu stəkan nəlbəki 12 ədəd 25 manat, mürəbbə qabı (sadə) 12 ədəd 15 manat, xrustal mürəbbə qabı 2 ədəd 120 manat, xrustal qənd qabı 2 ədəd 120 manat, sadə xrustal ləpə qabı (böyük) 2 ədəd 60 manat, sadə xrustal ləpə qabı (balaca) 2 ədəd 50 manat, 2 mərtəbəli qab 1 ədəd 50 manat, ləpə qabı (qutuda) 6 ədəd 50 manat, xrustal qab (qoz-fındıq üçün) 1 ədəd 40 manat, xrustal qab (qoz-fındıq üçün) 2 ədəd 60 manat, külqabı sadə 2 ədəd 20 manat, borcam 2 ədəd 40 manat, zibil qabı (böyük) 1 ədəd 40 manat, Zibil qabı (balaca) 1 ədəd 10 manat, qaşıq dəsti (çamadan) 1 ədəd 120 manat, qaşıq (gündəlik) 12 ədəd 25 manat, çəngəl (gündəlik) 12 ədəd 25 manat, çay qaşığı (gündəlik) 12 ədəd 20 manat, limon qabı 6 ədəd 10 manat, meyvə bıçağı 12 ədəd 25 manat, bıçaq (nabor) 1 ədəd 50 manat, plasmas qablar (mətbəx üçün) 30 manat, setqa qab (paltar yığmaq üçün) 1 ədəd 10 manat, tort qabı dəsti 1 ədəd 80 manat, tort qabı (sadə) 1 ədəd 30 manat, aş qazanı (Gülsan ) 1 ədəd 100 manat, qara qazan (Gülsan) 1 ədəd 100 manat, qazan dəsti (Evim saray) 1 ədəd 180 manat, qazan dəst 1 ədəd 150 manat, şirəli qazan dəsti 5 ədəd 100 manat, tava (tefal) 1 ədəd 40 manat, qazan (tefal) 1 ədəd 50 manat, böyük tava (tefal) 1 ədəd 60 manat, sini dəsti 3 ədəd 100 manat, adi sini (böyük) 2 ədəd 30 manat, çörək qabı 1 ədəd 80 manat, saxlama qabı 1 ədəd 40 manat, şüşə saxlama qabı 3 ədəd 15 manat, elektrikli çaydan (tefal) 1 ədəd 60 manat, qablı mikser 1 ədəd 70 manat, blender (King) 1 ədəd 100 manat, doğrayıcı aparat 1 ədəd 45 manat, ətçəkən 1 ədəd 100 manat, termos 1 ədəd 50 manat, toster 1 ədəd 50 manat, çaydanlıq dəsti 1 ədəd 80 manat, çaydanlıq dəsti 1 ədəd 100 manat, çaydanlıq dəsti 1 ədəd 160 manat, xalça (zal otağı üçün) 1 ədəd 500 manat, xalça (yataq otağı üçün) 1 ədəd 350 manat, taxt döşək 1 ədəd 100 manat, tək döşək 2 ədəd 100 manat, tək yorğan 2 ədəd 100 manat, taxt yorğan 80 manat, sintifon yorğan 1 ədəd 40 manat, tük yastıq 6 ədəd 300 manat, sintifon yastıq 4 ədəd 80 manat, pərdə (yataq otağı üçün) 1 ədəd 300 manat, taxt üstü dəst 1 ədəd 400 manat, taxt üstü dəst 300 manat, buxovu ədyal 1 ədəd 150 manat, buxovu ədyal (soft) 1 ədəd 150 manat, taxt üstü (yay üçün) 1 ədəd 70 manat, pastel (taxt üçün) soft 1 ədəd 150 manat, pastel (taxt üçün) Altın başak 1 ədəd 100 manat, qırmızı atlas pastel (taxt üçün) 1 ədəd 120 manat, ağ pastel (taxt üçün) 1 ədəd 100 manat, ağ pastel dəsti (taxt üçün ) 1 ədəd 70 manat, sadə xallı pastel (taxt üçün ) 1 ədəd 70 manat, pastel (tək) 1 ədəd 80 manat, böyük can dəsmalı 5 ədəd 100 manat, əl-üz dəsmalı 10 ədəd 100 manat, qaşlı dəsmal 2 ədəd 30 manat, dəsmal dəst 3 ədəd 50 manat, adi dəsmal 6 ədəd 60 manat, can dəsmalı 1 ədəd 20 manat, qaşlı çay dəsmalı 6 ədəd 30 manat, çay dəsmalı dəsti 6 ədəd 30 manat, çay dəsmalı dəsti 4 ədəd 40 manat, əl dəsmalı (mətbəx üçün) 6 ədəd 60 manat, villur süfrə 1 ədəd 100 manat, villur süfrə 1 ədəd 100 manat, süfrə (soft) 1 ədəd 60 manat, qaşlı villur süfrə 1 ədəd 80 manat, koja süfrə 1 ədəd 100 manat, süfrə (adi) 1 ədəd 40 manat, sadə süfrə 1 ədəd 30 manat, toxunma süfrə 1 ədəd 50 manat, hava feni (Braun) 1 ədəd 45 manat, ütü feni (Braun) 1 ədəd 45 manat, saç buran fen 1 ədəd 30 manat, daraqlı fen 1 ədəd 25 manat, saç darağı 1 ədəd 20 manat. Qızıl-zinət əşyaları: 1 ədəd qarnitur (3kr 60 sot briliant)-33 qram 750 əyarlı 4500 manat, nişan üzüyü 5 qaş (1kr 40 sot briliant)- 6,4 qram 750 əyarlı 1900 manat, ağ qaşlı üzük (nənəsinin hədiyyəsi)- 45 qram 583 əyarlı 350 manat, alyans-3,0 qram 750 əyarlı 350 manat, sep-3,1 qram 750 əyarlı 360 manat, 1 ədəd komplekt (sırğa, üzük, klon)-17 qram 750 əyarlı 2080 manat, cəmi qızıl-zinət əşyalarının məbləği 9540 manat təşkil edir. Həmçinin iddiaçıya məxsus olan 925 əyarlı gümüş sep 100 manat, tək klon 40 manat, bijuteriya 3 dəst-qiymətləri 60, 50, 20 manat olmaqla və saat (chanel) 45 manat hazırda cavabdehin qeyri-qanuni sahibliyində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçıya məxsus olan yuxarıdakı göstərilmiş 123 adda cehiz əmlakının və ya dəyərinin, 6 adda qızıl-zinət əşyalarının, eləcədə bijuteriyaların və ya dəyərinin alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-106/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə aşağıdakı 123 adda cehiz əmlakı və 6 adda qızıl-zinət əşyalarının (1 ədəd qarnitur (3kr 60 sot briliant)-33 qram, 750 əyarlı- 4500 manat; Nişan üzüyü 5 qaş (1kr 40 sot briliant)- 6,4 qram, 750 əyarlı- 1900 manat; Ağ qaşlı üzük- 4,5 qram, 583 əyarlı- 382,5 manat; Alyans-3,0 qram, 750 əyarlı- 330 manat; Sep-3,1 qram, 750 əyarlı- 341 manat; 1 ədəd komplekt (sırğa, üzük, klon)-17 qram, 750 əyarlı- 1870 manat.) natura şəklində tutulması, AR MPM-nin 222.1-ci maddəsinə əsasən qətnamə icra olunan vaxt qeyd edilən yuxarıda qeyd olunan əmlaklar mövcud olmazsa Cavabdeh İddiaçı xeyrinə mövcud olmayan əmlakların yuxarıda qeyd olunan məbləğdə dəyərinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manatın Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh birgə nikaha daxil olaraq ailə qurmuşlar və iddiaçı cavabdehə məxsus mənzilə köçmüş, birgə nikahlarından uşaqları yoxdur, ailə münasibətləri pozulduqdan sonra iddiaçı həmin mənzili tərk etmişdir. Hazırda iddiaçı ona məxsus cehiz və qızıl-zinət əşyalarını cavabdehdən tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edir. iddia ərizəsində sadalanan cehiz əmlakları cavabdehin yaşadığı evdə qalmışdır. Mübahisəli qızıl-zinət əşyaları hədiyyə şəklində iddiaçıya verildiyi üçün həmin əmlaklar onun mülkiyyəti hesab edilir. Digər tərəfdən həmin əmlakların mövcudluğu, onların hazırki mübahisə yaranan vaxtadək tərəflərin birgə yaşadığı evdə olması iddiaçının mənzildən çıxarılarkən qızıl əşyalarının evdə qalması, bununla əlaqədar cavabdehlə telefon vasitəsilə əlaqə saxlaması məhkəmə iclasında öz təsdiqini tapmışdır və bu hal işin mübahissəsiz halıdır. Məhkəmə tərəfindən tərəflərin səs yazısı olan xx.xx.2023-cü il tarixli CD diski dinlənilmiş, qeyd edilən diski dinləmə zamanı və həmin səs yazısı (1:19-1:55) ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus olan qızıl-zinət əşyalarını geri qaytarmayacağını bildirmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2, 135.4, 135.5, 152.1, 157.2, 225.2, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-106/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçının iddiasının tam şəkildə rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə xx.xx.2020-ci ildə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuş, birgə nikahdan övladı olmamışdur. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060-4896/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Aralarında olan ailə münasibətləri pozulmuş, artıq birgə yaşamırlar, iddiaçı özü evi tərk edərək getmişdir. Evdən gedərkən özü ilə bütün qızılzinət əşyalarını aparmışdır. Onda heç bir qızıl-zinət əşyası yoxdur. Birgə yaşadıqları müddətdə onun gətirdiyi cehiz əmlakları demək olar ki, istifadə edilməmişdir. Ümumilikdə iddia tələbində qeyd etdiyi siyahıda əmlakların olub-olmamasından məlumatı yoxdur. Tələbdə qeyd olunan siyahı üzrə inventar yoxlama aparmaq məcburiyyətində deyil. Evi tərk edib getdikdən sonra dəfələrlə özünə və atasına gəlib cehiz əmlaklarını aparılması bildirilmişdir. Lakin bu günə qədər qarşı tərəfdən heç bir addım atılmamışdır. Əksinə məhkəməyə boş-boş müraciət edilmişdir. İddiaçının alınmış qızılların qiyməti haqqında qaldırdığı iddiada qeyd olunan qiymətlər şişirdilmişdir. Əslində qızıllar aşağıdakı qiymətlərə alınmışdır. 1 ədəd 750 əyarlı qarniturun dəyəri 4500 manat deyil, 3500 manatdır. Nişan üzüyü 750 əyarlı 1900 manat deyil, 1200 manatdır. Ağ qaşlı üzük (nənəsinin hədiyyəsi) 583 əyarlı 350 manat, üzüyün nənəsi tərəfindən hədiyyə verilməsi haqqında məlumatı yoxdur. Alyans 750 əyarlı 350 manata alınmayıb. Sep (boyunbağı) 750 əyarlı 360 manata alınmayıb. 1 ədəd komplekt 750 əyarlı 2080 manat deyil, 1500 manatdır. Məhkəmə qərarı qarşı tərəfin telefonda yazdığı səs yazısında olan bir cümləyə əsaslanaraq çıxardır. Halbuki həmin cümləni o, əsəbi vəziyyətdə demişdir və həmin danışığın konteksindən çıxarılıb. Həmin səs yazısının göstərildiyi xx.xx.2023-cü il tarixində qarşı tərəf onunla 3 dəfə telefonda danışıb. Həmin danışıqların məzmunu nəzərə alınmır. İddiaçının şişirdilmiş şəkildə ilk siyahıda təqdim etdiyi qızılların qiyməti sonda məhkəmə tərəfindən olduğu kimi ondan tələb olunur. Belə isə iki dəfə ekspertiza və dəfələrlə məhkəmə iclasına nə ehtiyac vardı. Halbuki 1-ci və 2-ci sırada göstərilmiş qızılların qiymətini hər iki ekspertiza müəyyən etməyib və 0 manat göstərilib. Ekspertizanın rəyi nəzərə alınmayıb. Məhkəmə iddiaçının göstərdiyi 1-ci sıradakı qızılın qiymətini 4500 manat, 2-ci sradakı qızılın qiyməti 1900 manat olduğunu necə müəyyənləşdirib. Ekspertizanın rəyi nəzərə alınmadığı halda, ondan 150 manat ekspertiza haqqı tələb olunur. Məhkəmə iclasında iddiaçı özü də qeyd etdi ki, birgə yaşadıqları dövrdə hər ikisinin müalicəsinə 15000 manat (on beş min) məbləğində pul xərclənib. Müalicə vaxtı pul çatmadığı üçün təqdim olunan siyahıda göstərilən 6-cı sıradakı qızılın satıldığı haqqında dəfələrlə vəsatət qaldırsa da iddiaçının öz xətti ilə yazılan və müalicə üçün xərclənmiş 1400 manat məbləğində siyahı təqdim etsə də vəsatəti qəbul edilməmiş və birtərəfli qərar çıxarılmışdır. Məhkəmə iddiaçının formal mülahizələri əsasında qanunsuz qərar qəbul etmiş və iş üzrə sübutları qiymətləndirmədən iddiaçının sözlərinə əsasən iddia tələbini təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, səs yazısında iddiaçıdan qızılları ona verməsini və cehiz əşyalarını aparmasını istəmişəm. Elə deməsə də bunu nəzərdə tutmuşdur. Səs yazısı yarımçıqdır. Qızılları verərək, cehizini aparmasını tələb etmişdir. Belə hesab etmişdir ki, qızıları onlar aldığından ona qaytarılmalıdır.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qızıl-zinət əşyaları ilə bağlı hissədə məhkəmə qərarı çaşqınlıq yaradır. Məhkəmə 2 dəfə ekspertiza təyin etmiş, ekspertin qiymətləndirməsinə əhəmiyyət vermədən qərar çıxarmışdır. Halbuki ekspertizanın təyin edilməsi məhkəmənin öz təşəbbüsü ilə olmuşdur. Rəy qeyri-dəqiq olduğundan cavabdeh tərəfindən vəsatət qaldırılmış ikinci dəfə ekpsetiza təyin olunmuşdur. İkinci dəfə ekspertiza təyin olunanda rüsum cavabdehdən tutulmuş, qərar qəbul edilərkən ekspert rəyi nəzərə alınmamış və ona münasibət bildirilməmişdir. Bununla yanaşı iş materiallarında mütəxəssis rəyi də var. Ekspert rəyinin nəzərə alınmayacağı halda espertiza keçirilməsi maraq doğurur. Məhkəmənin bu şəkildə qərar qəbul etməsi qanunsuz və qərəzlidir. Qarşı tərəf məhkəməyə səs yazısı təqdim etmişdir. Həmin səs yazısı yarımçıqdır. Bütövlükdə dinlənildiyi təqdirdə fərqli nəticəyə gəlmək mümkündür. Səs yazısı məhkəmə tərəfindən sübut kimi qiymətləndirilmişdir. Amma hər şeyin səs yazısı ilə həll olunmasının doğru olmadığını düşünürük. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qızılların hamısı cavabdehdədir, yalnız biri onda olmuşdur. Hansıki evdən ayrlanda qulağında idi. Günlük istifadə üçün nəzərdə tutulmuş qızıldır. Birinci instansiya məhkəməsinə onda olan qızılı taxıb getmişdir. Bir dəfə isə sosial şəbəkədə həmin qızılla şəklini paylaşmışdır. Qarşı tərəf buna görə də iddia edir ki, qızılların hamısını götürüb getmişdir. Cavabdeh ona birgə nikahdan övladı olmadığında görə asan yolla boşana biləcəyini bildirmişdir. Buna görə də qızılların onların evində qaldığını bildirmişəm, qaytarılmasını təklif etmişəm, cavabdeh qızılları qaytarmayacağını demişdir.

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qarşı tərəf birinci instansiya məhkəməsində başqa səs yazılarının mövcudluğunu, iddiaçı tərəfindən təqdim edilmiş səs yazısının yarımçıq olduğunu bildirsə də bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Səs yazısında açıq-aşkar qızılların onda olduğunu və gətirib qaytaracağını bildirir. Birgə nikahdan övladları olmadığı üçün nikahın qeydiyyat şöbəsində pozulması mümkün olmuşdur. Bununla bağlı razılığa gəlmək və sivil yolla ayrılmaq istəmişlər. Birinci instansiya məhkəməsində səs yazısı bir neçə dəfə dinlənilmiş, cavabdehin iddia etdiyi səs yazısının yarımçıq kəsilməsi, anlaşılmaz olması ilə bağlı məsələlər öz əksini tapmamışdır. Qarşı tərəf məhkəməyə bu barədə mötəbər sübut təqdim edə bilməmişdir. Qızılların dəyərinin qiymətləndirilməsi məsələsinə gəldikdə isə onlar məhkəmə ekspertizasının keçirilməsini istəməmişlər. Mütəxəssis rəyini iddia ərizəlsinə əlavə edərək məhkəməyə müraciət etmişlər. Təmsil etdiyi şəxsin niyyəti hazırda cavabdehdə olan qızılların dəyərinin deyil, məhz özünün qaytarılması olmuşdur. Qarşı tərəf qızılların dəyərini mübahisələndirmiş, nəticədə məhkəmə ekspertizası təyin olunmuşdur. Cavabdeh ekspert rəyi ilə razılaşmamış, beləliklə ikinci dəfə məhkəmə ekspertizası keçirilmişdir. Proses həddindən artıq uzanmışdır. Qarşı tərəf rəydə bəzi hissələrdə 0 (sıfır) yazdığını iddia edir, halbuki ekspert rəyində qızılın çəkisi, əyarı aydın şəkildə qeyd olunmuşdur. Qarşı tərəf ekspert rəyində ziddiyyətin olduğunu bildirərək təkrar ekspertiza üçün vəsatət qaldırmış, işin obyektiv araşdırılması üçün buna etiraz etməmişlər. Birinci instanisya məhkəməsində qızılın birinin müalicə üçün 1400 manata satıldığını iddia edilsə də, bu barədə məhkəməyə sübut təqdim olunmamışdır. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

İşdə olan sübutlar

14. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 25 fevral 2020ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 385479 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 xx.xx.2020-ci il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 444 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Həsənəliyeva soyadı verilmişdir.

15. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-01227 saylı arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

16. X7 tərəfindən tərtib edilmiş “qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli rəydən görünür ki, qiymətləndirilməsi nəzərdə tutulan qızıl-zinət əşyaları naturada mövcud olmadığı üçün İddiaçı təqdim etdiyi fotoşəkillərdə (həmin şəkillərin nişan və toy mərasimində çəkildiyi bildirilmişdir) olan və ona alındığı bildirilən qızıl-zinət əşyalarına və həmin qızıllların çəki və əyyarları ilə bağlı müraciət edənin verdiyi məlumata əsasən qeyd edilən qızıl-zinət əşyalarının hazırki bazar qiymətlərinə uyğun qiymətləndirilməsi aparılmış və onların təxmini bazar qiyməti 1 ədəd qarnitur- çəki 33, əyyar 750, 3 kr 60 sot briliant qiyməti 4500 manat, 1 ədəd nişan üzüyü- çəki 6,4, əyyar 750, 1 kr 40 sot briliant qiyməti 1900 manat, 1 ədəd nənə hədiyyəsi üzük- çəki 45, əyyar 583, ağ qaşlı qiyməti 350 manat, 1 ədəd alyans- çəki 3, əyyar 750, qiyməti 350 manat, 1 ədəd sep- çəki 3,1, əyyar 750, qiyməti 360 manat, 1 ədəd komplekt (sırğa üzük, klon)çəki 17, əyyar 750, qiyməti 2080 manat müəyyən olunmuşdur. Cəmi qızıl-zinət əşyalarının məbləği 9540 manat təşkil edir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8352 saylı ekspert rəyinə əsasən, ekspertiza təyini haqqında qərardadda və mülki iş materiallarında göstərilən 4 adda qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 6069 manat müəyyən edilir. Digər 2 adda qızıl-zinət əşyalarının üzərilərində olan brilliant qaşların sayı, keyfiyyəti, istehsal yeri və s. haqqında kifayət qədər məlumat olmadığından həmin qızıl-zinət əşyaları üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin qızıl-zinət əşyalarının ayrıayrılıqda adları və qiymətləri - 1 ədəd qarnitur- çəkisi 33 qram, əyarı 750, 3 kr 60 sot briliant qiyməti 0 manat, 1 ədəd nişan üzüyü- 5 qaş, 1 kr 40 sot briliant, çəkisi 6,4 qram, əyarı 750 qiyməti 0 manat, çəkisi 45 qram 583 əyar olan 1 ədəd ağ qaşlı üzük qiyməti 3825 manat, çəkisi 0,3 qram əyarı 750 olan 1 ədəd alyans qiyməti 33 manat, çəkisi 3,1 qram, əyarı 750 olan sep qiyməti 341 manat, çəkisi 17 qram əyarı 750 olan 1 ədəd komplekt (sırğa, üzük, klon) qiyməti 1870 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1153 saylı ekspert rəyinə əsasən, ekspertiza təyini haqqında qərardadda və mülki iş materiallarında göstərilən 04 adda zərgərlik məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2923,50 manat müəyyən edilir. Digər 02 adda qızıl-zinət əşyalarının üzərilərində olan brilliant qaşların sayı, keyfiyyəti, istehsal yeri və s. haqqında kifayət qədər məlumat olmadığından həmin qızıl-zinət əşyaları üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin qızıl-zinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri 1 ədəd qarnitur- çəkisi 33 qram, əyarı 750, 3 kr 60 sot briliant qiyməti 0 manat, 1 ədəd nişan üzüyü- 5 qaş, 1 kr 40 sot briliant, çəkisi 6,4 qram, əyarı 750 qiyməti 0 manat, çəkisi 4,5 qram 583 əyar olan 1 ədəd ağ qaşlı üzük qiyməti 382,5 manat, çəkisi 3 qram əyarı 750 olan 1 ədəd alyans qiyməti 330 manat, çəkisi 3,1 qram, əyarı 750 olan sep qiyməti 341 manat, çəkisi 17 qram əyarı 750 olan 1 ədəd komplekt (sırğa, üzük, klon) qiyməti 1870 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər arvadın ümumi birgə mülkiyyətindədir. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

21. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

22. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-106/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 106/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası ilk öncə 123 adda cehiz əmlakın qaytarılması ilə bağlı məhkəmənin gəldiyi nəticəyə qiymət verərək qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında cehiz əmlaklarının iddiaçıya qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Buna baxmayaraq cavabdeh apellyasiya şikayətində iddia tələbində qeyd edilən əmlakların hansının mövcud olub-olmamasından məlumatı olmadığını bildirmişdir. Bununla bağlı isə qeyd olunur ki, cavabdeh tələb olunan cehiz əmlaklardan hansının mövcud olmaması ilə bağlı məhkəməyə hər hansı bir məlumat verməmişdir. Hərçənd ki, cavabdeh hər bir əmlaka münasibətdə öz etirazını irəli sürmək hüququna malik olmaqla, etirazının əsası kimi istinad etdiyi halları sübut etməyə borclu olmuşdur. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilini əsassız hesab etmişdir.

25. Məhkəmə kollegiyası qızıl-zinət əşyalarına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, iş materiallarına əlavə edilmiş diskdə olan və məhkəmə kollegiyasının iclasında dinlənilmiş səs yazısından müəyyən edilir ki, cavabdeh iddiaçıya məxsus olan qızıl-zinət əşyalarını ona geri qaytarmayacağını bildirmişdir ki, bununla da həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olması sübut olunmuşdur. Cavabdeh apellyasiya şikayətində əsəbi olduğu üçün danışıqda belə bir ifadəni işlətdiyini deməklə yanaşı, həmçinin ümumi danışığın konteksindən çıxarılmış səs yazısı olduğunu iddia etmişdir ki, cavabdehin bu dəlilləri də əsassız olmuşdur. Belə ki, məhkəməyə təqdim edilmiş səs yazısından cavabdehin qeyd etdiyi nəticəyə gəlinməsi mümkünsüz olmaqla, iddiaçının cavabdehlə danışığının ümumi məzmunu qızılların cavabdehdə qalmasını təsdiq etməkdədir. Tərəflər arasında isə məhkəməyə təqdim edilmiş səs yazısından başqa isə hər hans bir səs yazısı məhkəməyə təqdim edilməmişdir.

26. Məhkəmə kollegiyası qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, məhkəmə qeyd edilən əmlaklardan çəkisi 4,5 qram 583 əyar olan 1 ədəd ağ qaşlı üzük, çəkisi 3 qram əyarı 750 olan 1 ədəd alyans, çəkisi 3,1 qram, əyarı 750 olan boyunbağı, çəkisi 17 qram əyarı 750 olan 1 ədəd komplektin (sırğa, üzük, klon) qiymətini Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1153 saylı ekspert rəyinə uyğun müəyyən etmiş, çəkisi 33 qram, əyarı 750, 3 kr 60 sot briliant 1 ədəd qarnitur və 5 qaş, 1 kr 40 sot briliant, çəkisi 6,4 qram, əyarı 750 olan 1 ədəd nişan üzüyünün qiyməti isə qızıl-zinət əşyalarının üzərilərində olan brilliant qaşların sayı, keyfiyyəti, istehsal yeri və s. haqqında kifayət qədər məlumat olmadığından ekspert tərəfindən müəyyən edilməişdir ki, həmin əşyaların dəyəri iş materiallarında olan xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyi ilə müəyyən edilmişdir. Hərçənd ki, ekspert rəyi ilə müəyyən edilmiş qızıl-zinət əşyalarının dəyəri mütəxəssis rəyi ilə müəyyən edilmiş qiymətlərə uyğun olmuşdur ki, bu hal mütəxəssis rəyinin mötəbər olmamasını istisna etmişdir. Cavabdeh tərəf isə həmin mütəxəssis rəyinin əsassızlığına dair hər hansı bir əsaslandırılmış dəlil irəli sürə bilməmiş və ya buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq mütəxəssis rəyi ilə müəyyən edilmiş dəyəri sübut qismində qəbul etmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdehin qızıl-zinət əşyalarının dəyəri ilə bağlı apellyasiya şikayətinin dəlilini də əsassız hesab etmişdir.

27. Məhkəmə kollegiyası ekspert xərcinin ondan tutulması barədə cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, məhkəmənin təşəbbüsü ilə ekspertiza təyin edilmiş, ekspert rəyi cavabdeh tərəfindən mübahisələndirilmiş, onun vəsatəti əsasında əlavə ekspertiza təyin edilmiş və iddia tələbi təmin edilmişdir ki, bu səbəbdən ekspertizanın dəyərinin cavabdehdən tutulması barədə məhkəmənin mövqeyi düzgün olmuşdur.

28. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab olunur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-106/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar