Məhkəmə qərarları › İş №2(105)-1468/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1468/2024

24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1468/2024 24.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması və valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-549/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim K.Mirzəfərova) iddianın qismən təmin edilməsi, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 may 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X2 üç yaşı tamam olanadək 50 (əlli) manat əlavə xərc tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması və valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit məbləğində alimentin tutulmasına və hər ay 100 manat məbləğində uşağın üç yaşına çatana kimi saxlanılması üçün əlavə xərclərə cəlb edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X3 anadan olmuşdur. O, cavabdehlə uzun müddətdir ki, ayrı yaşayır. Cavabdeh onunla və övladı ilə xeyli vaxtdır ki, maraqlanmır. Uşaq hal-hazırda onun yanındadır. Cavabdehin imkanı yaxşı olsa da övladına baxmır. Onun üçün uşağa tək baxmaq çətin olur. Övladının saxlanması ilə bağlı xərcləri çatdıra bilmir. Uşaq tez-tez həkim müayinəsində olur. Uşaq azyaşlı olduğu üçün özü heç yerdə işləyə bilmir. Əlavə gəlir yeri yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şabran Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)- 549/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment və onun 3 yaşı tamam olanadək 30 (otuz) manat əlavə xərc tutulmaqla, ümumilikdə 130 manat aliment təyin olunması haqqında yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-549/2024 nömrəli qətnaməsi ilə razılaşmır, bu səbəbdən də apellyasiya şikayəti verir. İşə məhkəmədə baxılarkən hakim tərəfindən onun mövqeyi və ailə vəziyyəti nəzərə alınmamışdır. Belə ki, onun daimi iş yeri yoxdur. Əgər günəmuzd iş tapırsa, işləyib pul qazanıb çox çətinliklə də olsa ailəni dolandırmağa çalışır. Hal-hazırda atası və anası ilə birlikdə yaşayır. Ailəsinin gəlir mənbəyi odur. Ailəsinin başqa heç yerdən gəlir mənbəyi yoxdur. X6 hal-hazırda ürək xəstəsidir. O bir neçə ay bundan öncə açıq ürək əməliyyatı keçirmişdir. Müalicəsi hal-hazırda da davam etməkdədir. O, mütəmadi olaraq həkim müayinəsinə gedib gəlir. Bu səbəbdən də heç yerdə işləyə bilmir. Anası da ürək xəstəliyindən əziyyət çəkir. Ürək damarlarında 50%-ə qədər tutulma var. O da daimi həkim nəzarətindədir. Bütün bu səbəblərdən dolayı xəstə atasının və anasının saxlanılması və onların mülaicə və həkim müayinəsi xərcləri onun üzərinə düşür. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini tutulan alimentin miqdarı müəyyən edilərkən, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, tərəflərin maddi vəziyyəti və uşağın mənafeyi, cavabdehin hər ay 250 manat məbləğində aliment ödəmək imkanını təsdiq edən gəliri barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməməsinin nəzərə alınması ilə əsaslandırmışdır. Bu nəticədən narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın aildə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələri). Ailə Məcəlləsinin 76.1.1. maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Tərəflərin birgə nikahından olan xx.xx.2022-ci il təvəllüdlü X1 üçün 160 (yüz altmış) manat sabit məbləğdə alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Bütün maddi və mənəvi yükün ananın üzərində qalması, onun mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasını qaçılmaz edir. Halbuki övladın saxlanılması üçün hər iki valideyn birgə məsuliyyət daşıyır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmə kollegiyası uşağın saxlanılmasının yaşayış minimum həddindən az olmayan təminat hüququnun olmasını, uşaqların saxlanılması üçün hər iki valideynin birgə məsuliyyət daşıması, uşaqların ananın himayəsində olmaqla, onun qayğısına və tələbatının ödənilməsi yükünün ananın üzərinə düşməsi, uşaqların saxlanılması üçün müəyyən edilən aliment ödəniş ardıcıllığının təmin edilməsindən ötrü hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq xx.xx.2022-ci il təvəllüdlü X1 üçün 160 (yüz altmış) manat sabit pul şəklində alimentin tutulmalı olması qənaətinə gəlmişdir. İddianın xx.xx.2022-ci il təvəllüdlü X2 üç yaşı tamam olanadək 50 (əlli) manat əlavə xərcin tutulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər (Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qətnamənin qismən mübahisələndirilməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması ilə qəbul edildiyindən, qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən asılı olmayaraq mübahisəyə hüquqi qiymət verilməlidir. Məlum olduğu kimi valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı Ailə Məcəlləsinin 81-ci maddəsində öz əksini tapmışdır. Nəzərə alınmalıdır ki, valideynlərin aliment öhdəlikləri əlavə xərclərdən fərqləndirilməlidir. Aliment öhdəliklərinin əsasını valideynlərin uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, əlavə xərclərin əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş müstəsna hallar təşkil edir. Bu hallara uşağın ağır xəstə olması, şikəst olması, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Lakin hazırkı işdə iddiaçı həmin müstəsna halları təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya qaydasında işə baxan məhkəmə iddianın bu hissəsində işin şərh olunan hallarında düzgün hüquqi qiymət verməmiş, bu səbəbdən də iş üzrə bu hissədə səhv nəticəyə gələrək işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan qətnamə qəbul etməklə, bu hissədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qətnaməsi xx.xx.2022-ci il təvəllüdlü X2 üç yaşı tamam olanadək əlavə xərcin tutulması hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb birinci instansiya məhkəməsi tərəfindən tutulan 160 manat miqdarında alimentin azaldılaraq hər ay 100 manat miqdarda tutulması təşkil edir (160-100=60 manat). Həmin azalmanın bir il ərzində məcmusu isə (60 X 12 ay = 720 manat) təşkil edir. Həmçinin 50 manat məbləğində maddi yardımın bir il ərzində məcmusu (50x12=600 manat) təşkil edir. (720+600=1320) 1320 manat 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Mülki Prosessual Məcəllənin 234.2.1. maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1.., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qətnaməsi xx.xx.2022-ci il təvəllüdlü X2 üç yaşı tamam olanadək əlavə xərcin tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi xx.xx.2022-ci il təvəllüdlü X2 üç yaşı tamam olanadək Cavabdeh əlavə xərcin tutulmasına dair hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar