Məhkəmə qərarları › İş №2(105)-1475/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1475/2021

19.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1475/2021 19.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.V.Kazımov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2020-ci il təvəllüdlü X2 3 (üç) yaşı tamam olanadək hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2020-ci il təvəllüdlü X2 3 (üç) yaşı tamam olanadək hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 2019-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənmiş və birgə nikahlarından xx xxxx 2020-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar, lakin aralarındakı nikah pozulmamışdır. Cavabdehdən ayrıldıqları vaxtdan xx xxxx 2020-ci il təvəllüdlü Əmir onun himayəsində qalmışdır. Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(029)-700/2020 saylı qətnaməsinə əsasən Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2020-ci il təvəllüdlü Əmirin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh həmin alimenti tam ödəmir, hər ay 50-80 manat aliment ödəyir. Hazırda azyaşlı Əmirin bir yaşı var, yəni körpədir və ona görə də, uşağı tək buraxıb işləyə bilmir. Bu səbəbdən də, həmin uşağa baxmağı ilə əlaqədar olaraq Cavabdeh onun xeyrinə xx xxxx 2020-ci il təvəllüdlü X5 adlı uşaq 3 yaşına çatana kimi aliment tutulmalı, alimentin miqdarı sabit pul məbləğində hər ay 200 (iki yüz) manat miqdarda müəyyən edilməlidir.. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. o, xx xxxx 2019-cu il tarixdə nikahı rəsmi qeyd etirməklə iddiaçı ilə evlənmiş və birgə nikahlarından xx xxxx 2020-ci il təvəllüdlü Əmir adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar, lakin aralarındakı nikah pozulmamışdır. İddiaçı ilə ayrıldıqları vaxtdan azyaşlı uşaq iddiaçının himayəsində qalmışdır. Məhkəmənin qətnaməsinə əsasən uşağın saxlanılması üçün ondan iddiaçının xeyrinə hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Özü ustalıqla məşğuldur. Lakin hazırda pandemiya ilə əlaqədar olaraq heç bir yerdə işləmir. Maddi vəziyyəti yaxşı deyildir. İmkanı olduqda alimenti ödəyir. İddiaçının tələb etdiyi məbləği ödəyə bilməyəcək. Lakin məhkəmə bunları nəzərə almamışdır. Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(029)-998/2020 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı məhkəməyə teleqram göndərərək, maddi vəziyyəti ağır olduğu üçün məhkəməyə gələ bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən uşağın saxlanılmasında maddi köməklik edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, tərəflər xx xxxx 2019-cu il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından xx xxxx 2020-ci il tarixdə Əmir adlı uşaqları anadan olmuşdur, nikahları pozulmamışdır. İşdə olan Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(029)-700/2020 saylı qətnaməsindən örünür ki, xx xxxxxx 1987-ci ildə Xaçmaz rayonu Müqtədir qəsəbəsində anadan olmuş, həmin qəsəbədə yaşayan Cavabdeh İddiaçı xeyrinə xx xxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşə əlavə olan Xaçmaz RİHB-nın İstisu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 600 nömrəli Arayışdan görünür ki, Cavabdeh halhazırda heç bir yerdə işləmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci, 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının hazırki aliment hüquq münasibətlərinə tətbiq edib alimentin miqdarının uşağın 3 yaşına çatanadək hər ay 80 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətli sayır, bu iddiaçının maddi və ailə vəziyyətinə uyğun oaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(029)-998/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar