Məhkəmə qərarları › İş №2(105)-1477/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1477/2025

08.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1477/2025 08.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X5 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının dəyişdirilməsi" tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(074)-997/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(074)-33/2025 nömrəli qərardadı ilə xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının azaldılaraq, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının yarısı, yəni 200 manat məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(074)-73/2017 saylı qətnaməsi ilə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, ondan hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində alimentin alınıb, Cavabdeh verilməsi qət edilmişdir. Təyin olunmuş alimenti hər ay vaxtlı-vaxtında ödəmişdir. Lakin, Rəvanə yenidən məhkəməyə ərizə ilə müraciət edərək, alimentin miqdarının çox az olduğunu göstərərək, 2025-ci ildə indeksasiyanı həyata keçirən zaman, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2025-ci il üzrə müəyyən edilmiş minimum əmək haqqının müvafiq misli iiə indenksasiya olunmalı olduğunu tələb etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(074)-33/2025 saylı qərardadı ilə ərizə qismən təmin olunaraq, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(074)-73/2017 saylı qətnaməsi ilə ondan xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,01 misli həddində indeksasiya edilmişdir. Alimentin azaldılması üçün mediasiya təşkilatına müraciət edilmişdir. Lakin, Rəvanə mediasiya təşkilatına gəlməmişdir. Onun heç bir gəliri, məşğuliyyəti və iş yeri yoxdur.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsində o, Ali Məhkəmənin Plenumunun qərarına müvafiq olaraq alimentin miqdarının indeksasiya olunması barədə ərizə vermişdir. Məhkəmə də qanuna müvafiq olaraq aldığı alimentin miqdarını Respublika üzrə minimum əmək haqqı məbləğinin 1,01 mislinə indeksasiya etmişdir. Bu isə hazırkı dövrdə konkret miqdarda 404 manat deməkdir. İddiaçının, yəni İddiaçı bu məbləği ödəməyə kifayət qədər imkanı var. Belə ki, o, valideynləri ilə bir təsərrüfatda yaşayır. Şamaxı şəhərində 3-4 yerdə kommersiya obyektləri var. Əlavə olaraq Rusiya Federasiyası Yekaterinburq şəhərində də kommersiya obyektləri vardır. İl ərzində 3-4 dəfə Rusiyaya gedib-qayıdır. Əyər məhkəmə sorğu verərsə ildə bir neçə dəfə Rusiyaya gedib-gəldiyini müəyyən edə bilər. Əlavə olaraq onu da qeyd etmək istəyir ki, öz uşağına aliment ödəmək istəməyən Raman, uşağına veriləsi pullarla valideynlərini və qardaşını Məkkəyə “həcc ziyarətinə” göndərmiş, hər yerdə də bunu fəxrlə danışırlar. 12 ildir uşağın haqqını yeyirlər. Bundan sonra da yemək istəyirlər. Odur ki, İddiaçı iddiasının təmin olunmamasını xahiş edir.

5. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(074)-33/2025 saylı qərardadı ilə həmin məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(074)- 73/2017 saylı qətnaməsi ilə İddiaçı xx.xx.2014-cü il təvvəlüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,01 misli həddində indeksasiya edilməsi qərara alınmışdır.

6. Şamaxı rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli arayışında göstərilir ki, İddiaçı Şamaxı Rayon Məhkəməsinin 2(074)-73/2017 saylı, xx.xx.2017-ci tarixli icra sənədinə əsasən, xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 117 manat sabit pul məbləğində aliment alınıb, X3 verilməsi qət olunmuşdur. İddiaçı yuxarıda göstərilən icra sənədi üzrə hər ay mütəmadi olaraq 117 manat alimenti X1 hesabına ödəmişdir. Şamaxı Rayon Məhkəməsinin 8(074)-33/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,01 misli həddində indeksasiya edilmişdir. İddiaçı artımdan sonra yaranmış fərqi ödəməmiş və indeksasiya məbləğindən borcu yaranmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

7. Şamaxı Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(074)-997/2025 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddianın qismən təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 8(074)-33/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində alimentin tutulması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.4, 100.2, 112.1 və 112.1-ci maddələri, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1 və 8.4-2-ci bəndləri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13 və 19-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələri və ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(074)-997/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının gəlirlərinin müəyyən olnması ilə bağlı bütün faktiki hallar araşdırılmamışdir. Real gəlirləri, son bir ildə Rusiyaya neçə dəfə gəlib-getməsi, valideynlərinə çəkilən xərcləri təsdiq edəcək hallar tam araşdırılmamışdır. Hansı ki, bu halların düzgün araşdırılması düzgün hüquqi nəticəyə gəlmək üçün məhkəmənin istinad edəcəyi mötəbər sübutlardır. İddiaçının təqdim etdiyi yaşayış yeri barədə arayış, işləməməsi barədə arayış, anasının xəstə olması barədə arayış, bunlar iddiaçının maddi vəziyyətinin pisləşməsinə səbəb olan halların təsdiqi üçün kifayət edən sübutlar deyil. 2017-ci il də ilk dəfə aliment təyin olunarkən də bu sənədlər təqdim olunmuşdur. Bunlar formal bir şeydir. Rusiyadan birdəfəlik yığışıb gəlməsini, burada onun və valideynlərinin adına ticarət və sair gəlir gətirən obyektlərin olub-olmamasını təsdiq edən halları sübut edəcək sübutlar yoxdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

14. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.İ. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34.İV Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

17. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

23. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X8 doğulmuş, tərəflər arasındakı nikah pozulduqdan sonra, uşaq anasının yanında qalmış və uşağın saxlanılması üçün İddiaçı hər ay 117 manat sabit pul məbləğində aliment alınıb, X3 verilməsi qət olunmuşdur. Daha sonra, tələbkar Cavabdeh müraciəti əsasında, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,01 misli həddində indeksasiya edilmişdir. Hazırda isə aliment ödəyən İddiaçı maddi vəziyyətində mənfiyə doğru dəyişikliklərin olmasını əsas gətirərək, alimentin miqdarının azaldılmasını xahiş etmişdir.

25. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət edilmişdir.

26. Məhkəmə iddiaçının maddi vəziyyətini, öhdəsində əmək qabiliyyəti olmayan valideynlərin olmasını, bununla belə, uşağın əvvəlki təminatının səviyyəsinin saxlanılmasını nəzərə alaraq İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində alimentin tutulması qənaətinə gəlmişdir.

27. Cavabdeh apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(074)-997/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

29. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

30. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı məhkəmə aktı ilə təyin edilmiş aliment miqdarının dəyişdirilməsini tələb etmişdir.

31. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.

32. Kollegiya qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımaqla yanaşı, aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.

33. Aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, hüquqlarını pozmamalıdır.

34. İşin müəyyən edilmiş faktiki hallarına istinadən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda alimentin daha yüksək həddə müəyyən edilməsi bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etməklə, alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş miqdarda alimentin müəyyən edilməsini məhkəmə hər iki tərəfə münasibətdə ədalətli və işin faktiki hallarına, tərəflərin əmlak vəziyyətinə uyğun hesab edir.

35. Kollegiya valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarını, tərəflərin əmlak mənafelərini, iddiaçının qazancı və ailə vəziyyəti, əmlak vəziyyətində məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, ötən müddət ərzində yaxşılığa doğru dəyişiklik olması ilə bağlı cavabdeh tərəfindən heç bir sübut təqdim edilməməsini nəzərə alaraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(074)-997/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kssasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar