Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1492/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-462/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin 2(027)-462/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim S.Məmmədov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)- 462/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ona dəymiş 15000 manat maddi ziyanın və 30000 manat miqdarında mənəvi zərərin əvəzinin, o cümlədən dövlət rüsumunun əvəzi olan 30 manat pulun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 və Cavabdeh2 ona və atası Binəli Tosoyevə qarşı qərəzli şəkildə şər-böhtan ataraq, xüsusi ittiham qaydasında məhkəməyə şikayət verərək onu, atası Binəli Tosoyevi və Sakit Sultanovu cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişlər. Sonuncuların şikayəti əsasında Quba Rayon Məhkəməsində araşdırma aparılmışdır. Belə ki, cavabdehlər onun şərəf və ləyaqətini alçaldan, həqiqətə uyğun olmayan məlumatların yayılmasında ibarət olan hərəkətlərə yol vermişlər. Cavabdehlərin bu hərəkətləri nəticəsində o, əsəb xəstəliyinə tutulmuş və əmək qabiliyyətini itirmişdir. Nəticədə ona maddi və mənəvi zərər dəymişdir və göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə üzrə qəbul edilmiş qətnamə əsassızdır. Qətnamə qəbul edilən zaman maddi hüquq normaları pozulmuş, iş üçün əhəmiyyətli faktiki hallar tam araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar subut edilməmişdir. Buna görə də qətnamə ləğv edilməli, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayətlə razılaşmadılar və onun rədd olunmasını xahiş etdilər. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 20.11.2020-ci il tarixli, 1(027)- 128/2020 saylı qərarından görünür ki, İddiaçı, Tosoyev Binəli Adil oğlu və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair Cavabdeh1 və Cavabdeh2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Yenə iş materiallarında olan Quba Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(027)-996/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Tosoyev Binəli Adil oğlunun cavabdeh X5 qarşı sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddiası qismən təmin edilmiş, X2 hər ay 190 manat məbləğində pulun tutularaq Tosoyev Binəli Adil oğluna ğdənilməsi qət edilmişdir. Yenə də iş materiallarında olan Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 1(027)-28/2019 saylı hökmündən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, iş üzrə zərərçəkmiş şəxs Tosoyev Binəli Adil oğlunun mülki iddiası qismən təmin edilmiş, X2 vurduğu maddi ziyana görə 17.500 (on yeddi min beş yüz) manat və mənəvi ziyana görə 1.000 (bir min) manat məbləğində pulun alınaraq Tosoyev Binəli Adil oğluna verilməsi hökm edilmişdir. İşdə olan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 1(105)-164/19 saylı hökmündən görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli hökmü mülki iddianın təmin edilməsi hissəsində dəyişdirilmiş, mənəvi ziyana görə X2 alınaraq Tosoyev Binəli Adil oğluna verilməli olan pulun məbləği 1000 (bir min) manatdan 4.000 (dörd min) manata qədər artırılmış, hökm qalan hissəsində dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs X3 apelyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxs Tosoyev Binəli Adil oğlunun nümayəndəsi X1 apeyasiya şikayəti qismən təmin edilmişdir. Yenə işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 1(102)-793/2020 saylı qərarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs Tosoyev Binəli Adil oğlunun kassasiya şikayəti təmin olunmamışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-462/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlərdən Cavabdeh1 atası X6 yol-nəqliyyat hadisəsi törətmiş, bunun nəticəsində iddiaçının atası Tosoyev Binəli Adil oğlu xəsarət almışdır. Bundan sonra, bu şəxslər arasında münasibətlər pisləşmiş, ailələr arasında ədavət yaranmışdır. Cavabdeh1 və Cavabdeh2 iddiaçıya və atası Binəli Tosoyevə qarşı xüsusi ittiham qaydasında məhkəməyə şikayət verərək iddiaçını, atası Binəli Tosoyevi və Sakit Sultanovu cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmiş, məhkəmə qərarı ilə xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Hazırda İddiaçı iddia edir ki, cavabdehlər onun şərəf və ləyaqətini alçaldan, həqiqətə uyğun olmayan məlumatların yayılmasında ibarət olan hərəkətlərə yol vermişlər. Buna görə də o, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ona dəymiş 15000 manat maddi ziyanın və 30000 manat miqdarında mənəvi zərərin əvəzinin, o cümlədən dövlət rüsumunun əvəzi olan 30 manat pulun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yenə həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Mülki Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Yuxarıdakı normaların tələblərindən də görünür ki, hər bir şəxs ona dəyən zərərin əvəzini zərərvurandan tələb edə bilər. İddia ərizəsindən görünür ki, İddiaçı cavabdehlər tərəfindən ona 15000 manat maddi və 30000 manat mənəvi zərər vurulduğunu əsas gətirmişdir. İş materiallarından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin hazırkı tərəflərə aidiyyatı olmamışdır. Həmin hadisəyə məhkəmə tərəfindən hüquqi qiymət verilmiş, cinayət törətmiş şəxsə cəza təyin edilmiş, məhkəmə qətnaməsilə isə zərərçəkmiş şəxsin mülki iddiası qismən təmin edilmişdir. Bundan başqa, Quba Rayon Məhkəməsinin 20.11.2020-ci il tarixli, 1(027)-128/2020 saylı qərarı ilə İddiaçı, Tosoyev Binəli Adil oğlu və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair Cavabdeh1 və Cavabdeh2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Bu məhkəmə çəkişmələri nəticəsində iddiaçıya cavabdehlər tərəfindən maddi ziyanın vurulması, habelə onun mənəvi izdirab keçirməsi nəticəsinə gəlmək mükün deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya cavabdehlər tərəfindən maddi və ya mənəvi zərər vurulması faktı öz təsdiqini tapmamış, iddiaçı məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsas gətirilməmiş, cavabdehlər tərəfindən ona maddi və mənəvi zərərin vurulması ilə bağlı məhkəməyə əsaslı şübhələrdən kənar heç bir mötəbər sübutlar təqdim edilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 2(027)-462/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1492/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1492/2021
21.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver