Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1521/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(060)-766/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(060)-766/2021 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı Cavabdeh qarşı «alimentin 50 faizinin bank hesabına köçürülməsi tələbinə» dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(060)-766/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, 2(060)- 9149/2019 saylı qətnaməsi ilə ondan 19 iyun 2008-ci təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. O, hərbi təqaüdçüdür və N saylı hərbi hissədə sex rəisi vəzifəsində çalışır və hazırda onun orta aylıq gəliri 2000 manatdan artıqdır. Belə ki, əmək haqqı 700 manat, təqaüdü isə 1334 manat təşkil edir. Bu isə, o deməkdir ki, hər ay ondan 500 manatdan artıq aliment tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, ondan tutulan alimentin məbləği ölkə üzrə yaşayış minimumunun 3 qatıdır. O, övladının saxlanılmasını, yaxşı qidalanmasını və normal şəraitdə böyüyüb tərbiyə almasını hamıdan çox istəyir və aliment ödəməkdən yayınmır. Övladı hələ yaşca balacadır, 12 yaşı vardır. 500 manat pul bu yaşda uşağın saxlanması üçün həddən artıq yüksək məbləğdir və demək olar ki, bu məbləğ bir ailənin aylıq dolanışıq xərcinə bərabərdir. Həmin məbləğin hazırda kor-koranə xərclənilməsi uşağın mənafeyinə və gələcək təminatına zərər vurur. Ona görə də, Sumqayıt şəhər Məhkəməsinin 22.11.2019-cu il tarixli, 2(060)-9149/2019 saylı qətnaməsi ilə ondan 19.06.2008-ci il təvəllüdlü X1 üçün tutulan aliment məbləğinin 50 faizinin X3 xeyrinə, onun adına açılacaq bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 05 fevral 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3, 56.1, 58.1, 75-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, 2(060)-9149/2019 saylı qətnaməsi ilə İddiaçı 19 iyun 2008-ci təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qazancının və başqa gəlirlərimin 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə hesab etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)9149/2019 saylı qətnaməsi ilə tutulan aliment məbləği ilə Cavabdeh İddiaçı tutulan alimentin miqdarına uyğun olaraq uşağın geyim, yemək, təhsil və başqa xərclərini qarşılayır. İddiaçıdan tutulan alimentin məbləğinin 50 faizinin bank hesabına yönəldiyi halda, birgə nikahdan olan uşağın geyim, təhsil və başqa xərclərinin əvvəlki vəziyyətə uyğun olaraq ödənilməsində çətinliklər yaranacaqdır. 19 iyun 2008-ci təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh xeyrinə tutulan alimentin cavabdeh tərəfindən uşağın aylıq tələbatının ödənilməsi üçün istifadə edilmədiyinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisənin hazırki qaydada həlli tərəflərə, xüsusən də uşaqlara münasibətdə ədalətli olub, qanuni və əsaslıdır. İddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(060)-766/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1521/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1521/2021
26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver