Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1534/2024 30.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X12rşı mülki iş üzrə (Açar sözlər: ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X13 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, cavabdeh Peşə Təhsili üzrə X10 Peşə Liseyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-896/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Peşə Təhsili üzrə Dövlət X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X22 tərəfindən ona xx.xx.2020-ci il tarixdən xx.xx.2023-ci il tarixə qədər olan müddət ərzində ödənilməmiş aylıq əmək haqqı və son haqq hesabın cəmi olan 10800 (on min səkkiz yüz) manat məbləğində pulun və cavabdeh tərəfindən onun qanunsuz işdən çıxarıldığına görə işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2023-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 28 oktyabr 2020-ci il tarixdə X15 təlim-təsərrüfat müdiri vəzəfəsinə işə qəbul olunmuşdur. Ona aylıq əmək haqqı 350 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən heç bir qanunu əsas və səbəb olmadan xx.xx.2023-ci il tarixli, 48 saylı əmrlə barəsində əmək intizamının pozulması ilə bağlı intizam tədbirinin görülməsi barədə əmr çıxarılmışdır ki, “Liseyin təlim-təsərrüfat müdirinə Pedaqoji Şuranın 24 noyabr 2023-cü il tarixli iclasında qəbul edilmiş qərara əsasən, ona 01 dekabr 2023-cü il tarixədək verilmiş vaxtın bitməsinə baxmayaraq sahəyə məxsus dövlət əmlakı olan qoyunlar liseyə təhvil-təslim edilmədiyi, əvvəlki aylarda olduğu kimi mühasibatlığa hesabat təqdim etmədiyi üçün sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir. X15 20 dekabr 2023-cü il tarixli, 53 nömrəli əmri ilə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə uyğun olaraq işdən azad edilmişdir. O, işdən çıxarılarkən onun xx.xx.2020-xx.xx.2023-ci il ərzində əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olan son haqq hesabı ödənilməmişdir. O, cavabdeh X22 ilə aralarında olan mübahisəni mediasiyada həll etməyə müraciət etmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. O, xx.xx.2023-ci il tarixdən hal-hazıra kimi işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Cavabdeh ilə dəfələrlə əlaqə yaradılsa da o hər dəfə müxtəlif bəhanələr gətirərək ödənilməyən əmək haqqı və son haqq-hesabını ödəməkdən boyun qaçırır. İddiaçı, cavabdeh tərəfindən işdən azad olunarkən “İşdən azad olunması” barədə əmrlə tanış olmamış və ona Əmək qanunvericliyilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Göstərilən xüsusatları nəzərə alaraq hesab edirik ki, cavabdeh X22 tərəfindən onun xx.xx.2020-ci ilxx.xx.2023-ci il ərzində olan ödənilməmiş aylıq əmək haqqını və son haqq hesabını ödəməli, həmçinin X22 tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdeh ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2023-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borcludur.
3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz verilərək qeyd edilmişdir ki, İddiaçı ilə 28 oktyabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlanaraq o, X16 təlim-təsərrüfat müdiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatları cədvəlinə əsasən Tədris-istehsalat emalatxanaları və təlim-təsərrüfat sahələri üzrə ştatlar (eyni ilə təlimtəsərrüfat müdiri vəzifəsi üzrə) istehsalatdan və təsərrüfatdan gələn gəlir (büdcədənkənar) hesaba saxlanılır. Yəni təlim-təsərrüfat müdiri vəzifəsini tutan şəxsin əmək haqqı büdcədən yox, onun rəhbərlik etdiyi təsərrüfatdan gələn gəlirlə (büdcədənkənar) maliyələşdirilir. 28 oktyabr 2020-ci il tarixdə həmin vaxt Peşə liseyin direktoru vəzifəsini icra edən X6 ilə təlim-təsərrüfat müdiri vəzifəsinə təyin olunan İddiaçı arasında Tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və Eynalov tutduğu vəzifəyə uyğun olaraq əmək müqaviləsi prosesində ona işəgötürən tərəfindən etibar edilmiş qoyunların və digər sərvətlərin saxlanılması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanılmasına və mühafizəsinə və sair hallara görə tam maddi məsuliyyət daşıyır. Həmin müqaviləyə əsasən işçi vəzifəsini tam qanuni yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində İşəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə tam maddi məsuliyyət daşıyır. 28 oktyabr 2020-ci il tarixdə tərəflər arasında Təhvil təslim aktı komissiya üzvülərinin iştirakı ilə bağlanaraq Liseyin təsərrüfatında olan 159 baş ana qoyun, 2 baş törədici qoç, 33 baş şişək, 5 baş erkək quzu, 24 baş dişi quzu - cəmi 223 baş, çəkiləri 5766 kq olmaqla İddiaçı təhvil verilmişdir. Eynalov tutduğu vəzifədə olan zaman 2023-cü il ərzində heç bir hesabat verməmiş, 2022-ci il üzrə verdiyi hesabatda isə təhvil aldığı heyvanların sayı və çəkiləri azalaraq cəmi 211 baş xırda buynuzlu heyvan və çəkiləri 4276 kq olmuşdur. Yəni rəhbərlik etdiyi təsərrüfat Liseyə heç bir gəlir gətirmədiyi üçün Nazirlər Kabinetinin qeyd edilən qərarına əsasən ona əmək haqqı hesablanmamışdır. 2022-ci ilin hesabatından göründüyü kimi o, işinə məsuliyyətsiz yanaşması nəticəsində Liseyə ziyan dəymişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin 28 dekabr 2022-ci il tarixli 75 nömrəli əmri ilə 05 yanvar 2023-ci tarixdən X1 Peşə Liseyinə direktor təyin edilmişdir. 19 yanvar 2023-ci il tarixdə müəssisənin 05 nömrəli Əmri ilə İnventarizasiya Komissiyası yaradılmış və onlar Liseyin balansında olmaqla ayrı-ayrı vəzifəli maddi-məsul şəxslərin hesabında olan və öhdəsində olan maddi qiymətlərin yoxlanılmasını apararaq müvafiq Aktlar bağlanmışdır. Maddi-məsul şəxs olan iş üzrə İddiaçı isə komissiya üzvülərinin çağırışlarına tabe olmayaraq son günə kimi öhdəsində olan xırda buynuzlu heyvanların inventarizasiyasının aparılmasına şərait yaratmamış, onun qanunsuz hərəkəti nəticəsində Liseyin balansında olan və saxlanması üçün təsərrüfat müdirinə iş üzrə İddiaçı təhvil vermiş liseyin əmlakının olub-olmamasını, harada olmasını müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar edilsə də, ona rəsmi xəbərdarlıq məktubları (15 fevral 2023-ci il tarixli, 12 iyul 2023-ci il tarixli, 19 oktyabr 2023-ci il tarixli) göndərilsə də heç bir nəticə verməmişdir. X20 baş mühasibi X9 direktoruna ünlanladığı İddiaçı işə çıxmaması, öhdəsində olan əmlakla (qoyunlar) əlaqədar hesabat verməməsi, inventarizasiya aparılmasına imkan yaratmaması, nəticədə Liseyə ziyan vurması haqqında təqdimatlarla müraciət edərək tədbir görülməsini xahiş etmişdir. Əmək intizamını pozduğu üçün, vəzifə öhdəliklərini icra etmədiyi üçün İddiaçı 01 noyabr 2023-cü il tarixdə 43/5 nömrəli əmrlə töhmət elan olunmuşdur. Bundan əlavə 24 noyabr 2023-cü il tarixdə 46 nömrəli əmrlə ona pedaqoji şuranın iclasında iştirak etmədiyi və vəzifə borcunu icra etmədiyi üçün ikinci töhmət elan olunmuşdur. Bundan əlavə 01 dekabr 2023-ci il tarixdə 48 nömrəli əmirlə ona əmək intizamına əməl etmədiyi üçün şiddətli töhmət elan edilmişdir. 01 dekabr 2023-ci il tarixdə X22 həmkarlar təşkilatına məktub ünvanlanaraq liseyin təlim-təsərrüfat sahəsinin müdiri İddiaçı qanuna zidd əməllərini həmkarlar təşkilatın yığıncağında müzakirə edilməsi və onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. X22 Həmkarlar təşkilatının 12 dekabr 2023-ci il tarixli komitə iclasında məktub müzakirə olunaraq 28 nömrəli protokol tərtib edilmiş və liseyin təlim-təsərrüfat müdiri işləyən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına razılıq verilmişdir. Bütün bu qanuni tədbirlər heç bir nəticə vermədiyi üçün İddiaçı X22 Direktorunun 20 dekabr 2023-ci il tarixli 53 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin” ç” bəndi ilə işdən azad edilmişdir. X15 Pedaqoji Şurasının 24 noyabr 2023-ci il tarixli iclasında liseyin təlim-təsərrüfat müdiri İddiaçı qanunsuz əməlləri, liseyin əmlakını mənimsəməsi məsələsi müzakirəyə çıxarılmış və onun tabeçiliyində, maddi-məsul şəxs kimi öhdəsində olan 211 baş xırda buynuzlu heyvanın 01 dekabr 2023-ci il tarixə kimi təhvil verməsi tələb edilmişdir. Qeyd olunanlar heç bir nəticə vermədiyi üçün İddiaçı liseyin əmlakını mənimsəməsi faktının araşdırılması üçün 26 dekabr 2023-ci il tarixdə 120 nömrəli məktubla Şamaxı rayon Prokurorluğuna müraciət edilərək bütün materiallar Şamaxı rayon Prokurorluğuna göndərilmiş və hal-hazırda materiallar araşdırılma mərhələsindədir. Göründüyü kimi İddiaçı X18 təlim-təsərrüfat müdiri təyin olunduğu vaxtdan əmək müqaviləsinin şərtlərinə əməl etməyib, müqavilə ilə müəyyən olunmuş vaxt ərzində iş yerində olmayıb, ümumiyyətlə işə gəlməyib, maddiməsul şəxs kimi öhdəsinə verilmiş əmlakla əlaqədar müəssisənin mühasibatlığına hesatlar təqdim etməyib, çağırışlara cavab verməyib, (əmək intizamını kobud surətdə dəfələrlə pozub) işlədiyi müddətdə rəhbərlik etdiyi sahədən müəssisəyə heç bir gəlir gətirməyib, sonda öhdəsində olan əmlakın mənimsəməsi hallarına yol vermişdir. İddianın əmək haqqı və digər tələbləri ilə əlaqədar da bildirir ki, yuxarıda göstərdikləri kimi iddiaçının tutduğu vəzifə “təlim-təsərrüfat müdiri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996cı il 29 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə məktəblərinin və peşə litseylərinin nümunəvi ştatları cədvəlinə əsasən Tədris-istehsalat emalatxanaları və təlimtəsərrüfat sahələri üzrə ştatlar (eyni ilə təlim-təsərrüfat müdiri vəzifəsi üzrə) istehsalatdan və təsərrüfatdan gələn gəlir (büdcədənkənar) hesaba saxlanılır. Yəni, Eynalov işlədiyi zaman ərzində rəhbərlik etdiyi sahədən müəssisəyə gəlir gətirmədiyi üçün ona əmək haqqı hesablanmamışdır. Göstərilən bütün hallar etiraza əlavə elədikləri rəsmi sənədlərlə sübut olunur. Həmçinin iddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, iddiaçının işdən azad edilməsinə dair əmr 21 dekabr 2023-cü il tarixdə ona poçt vasitəsilə göndərilmiş və onun tərəfindən rəsmi qəbul edilmişdir. İddiaçı isə qanunla nəzərdə tutulmuş 1 aylıq müddəti ötürərək məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddətini tətbiq etməklə iddia ərizəsinin rədd edilməsini xahiş edir.
4. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-896/2024 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 28 oktyabr 2020-ci il tarixdə X15 təlim-təsərrüfat müdiri vəzəfəsinə işə qəbul olunmuş və 20 dekabr 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilmişdir. Bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixdə məktub göndərilmiş və ona əmək müqaviləsinə xitam verilməsi bildirilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı daha sonra xx.xx.2024-cü il tarixdə hazırki iddia tələbi ilə bağlı Sumqayıt 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2024-cü il tarixdə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı isə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz hüquqlarının pozulduğunu həmin tarixdən bilməli olması nəzərə alındıqda belə iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 375-ci, Əmək Məcəlləsinin 296.5-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarına istinad edərək iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-896/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Peşə -Litseyində Təlim-Təssərrüfat bölməsinin müdiri vəzifəsində 28 oktyabr 2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək işləmişdir. Həmin dövr üçün işə götürənlə əmək müqaviləsini bağlamış və əmək kitabçasında tutduğu vəzifəyə və çalışdığı quruma uyğun qeydlər aparılıb. Cavabdehlə onun münasibəti əmək münasibətləri olduğu üçün əmək məcəlləsinin tənzimi altına düşmüş olur. Əmək məcəlləsinin tələblərinə əsasən işə götürən işə gütürdüyü işçisinin əmək haqqını, məzuniyyət haqqını, staj haqqını və digər ödənişlərini hesablamaqla aylıq haqlarının verilməsini təmin etməlidir. Cavabdeh isə əmək qanunvericiliyi ilə hesablaşmadan əmək hüquqlarını kobud sürətdə pozur. Bundan başqa Əmək Məcəlləsinin 70-ci maddəsininn Ç bəndi ilə işdən azad edir. Yəni hansı halda o, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Liseyin balansında olan mal-qaraya vaxtı-vaxtında baxılıb. Sayı, sağlamlığı nəzarətdə saxlanılıb. O ki qaldı mühasibatlığa, hesabatın verilməsinə o, mühasib deyil və hesabatı bacardığı kimi vermişdir. Başqa bir tərəfdən cavabdeh Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə məktəblərinin və peşə litseylərinin nümunəvi ştatları cədvəlinə əsasən Tədris-istehsalat emalatxanaları və təlim-təsərrüfat sahələri üzrə ştatlar (eyni ilə təlim təsərrüfat müdiri vəzifəsi üzrə) istehsalatdan və təsərrüfatdan gələn gəlir (büdcədənkənar) hesabına saxlanılır. Yəni təlim-təsərrüfat müdiri vəzifəsini tutan şəxsin əmək haqqı büdcədən yox, onun rəhbərlik etdiyi təsərrüfatdan gələn gəlirlə (büdcədənkənar) maliyyələşdirildiyini bildirib. Cavabdeh unudur ki, hal hazırda Peşə Litseyi sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Bu dövlət qurumudur və qurum öz işçiləri ilə bir mənalı əmək müqaviləsini bağlamalıdır. Onun əmək kitabçasının işə götürən tərəfindən verilib, verilməməsi halı aydınlaşdırılmayıb. Çünki ona əmək kitabçası verilmədiyi halda iddia müddətinin axını həmin dövürdən başlanılır. Əmək kitabçası verilmədiyindən iddia müddəti də başlanılamayıb. Bu halın özü iş üçün mühüm əhəmiyyət kəsb edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında cavabdeh X15 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçıya əmək haqqı ödənilməmişdir. Əmək haqqı ödənilməməsinin səbəbi ondan ibarətdir ki, işlədiyi vəzifə təsərrüfat xarakterlidir. Belə ki, iddiaçı özü işləyərək, qazanc gətirməli, daha sonra isə gətirdiyi qazanca uyğun əmək haqqı almalıdır. Qoyunlar X18 məxsus olan, dövlətin vermiş olduğu qoyunçuluq təsərrüfatıdır. Qoyunçuluq təsərrüfatı isə təxminən 30 ildən çoxdur ki, təhsil ocağının təlimtəsərrüfat sahəsində saxlanılır.İddiaçı hər ay liseyə hesabat verməli, hesbata uyğun olaraq mühasibatlıq tərəfindən əmək haqqı hesablanmalıdır. Müqavilədə qeyd olunan əmək haqqı iddiaçı liseyə qazanc gətirdiyi təqdirdə ödənilməlidir. 2021-ci ildən qoyunlar yoxa çıxıb. Dövlətin əmlakını talayıb. Hazırda barəsində cinayət işi gedir. İddiaçı liseyə hər hansı hesabat təqdim etməyib ki, ona əmək haqqı məbləği hesablansın. 260 manat məbləğində əmək haqqı şəxsə əmək fəaliyyətini düzgün şəkildə həyata keçirdiyi təqdirdə verilir. Odur ki, apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir.
11. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. İddiaçı növbəti dəfə ərizə ilə müraciət edərək qohumunun yas mərasimi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edərək, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. X22 ilə İddiaçı arasında bağlanmış 28 oktyabr 202-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı X18 təlim təsərrüfat müdiri vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 260 manat əmək haqqı ödənilməlidir.
13. 28 oktyabr 2020-ci il tarixli “Tam məsuliyyət haqqında” müqavilənin surətindən görünür ki, X15 direktoru vəzifəsini icra edən X4 (işəgötürən) və təlim-təsərrüfat müdiri İddiaçı (işçi) arasında “Tam maddi məsuliyyət haqqında” Müqavilə bağlanmış və Müqaviləyə əsasən Eynalov tutduğu vəzifəyə uyğun olaraq əmək müqaviləsi prosesində ona işəgötürən tərəfindən etibar edilmiş qoyunların və digər sərvətlərin saxlanılması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanılmasına və mühafizəsinə və sair hallara görə tam maddi məsuliyyət daşıyır. Həmin müqaviləyə əsasən işçi vəzifəsini tam qanuni yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə tam maddi məsuliyyət daşıyır.
14. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, 159 baş ana qoyun, 2 baş törədici qoç, 33 baş şişək, 5 baş erkək quzu, 24 baş dişi quzu - cəmi 223 baş, çəkiləri 5766 kq olmaqla İddiaçı təhvil verilmişdir.
15. X15 əmək intizamının pozulması ilə bağlı intizam tədbirinin görülməsi barədə 01 noyabr 2023-cü il tarixli, 43/5 saylı əmrinin surətindən görünür ki, Liseyin təlim-təsərrüfat müdiri İddiaçı qoyunları liseyə təhvil-təslim etmədiyi, mühasibatlığa hesabat təqdim etmədiyi üçün töhmət verilmişdir. 16.X15 əmək intizamının pozulması ilə bağlı intizam tədbirinin görülməsi barədə 24 noyabr 2023-cü il tarixli, 46 saylı əmrinin surətindən görünür ki, Liseyin təlim-təsərrüfat müdiri İddiaçı təlim-təsərrüfat sahəsində vəziyyətin müzakirəsi ilə bağlı pedaqoji şuranın iclasında üzürlü səbəb olmadan iştirak etmədiyinə və qoyunları liseyə təhvil-təslim edilməsi üçün heç bir cəhd göstərmədiyinə görə töhmət verilmişdir.
17. X15 əmək intizamının pozulması ilə bağlı intizam tədbirinin görülməsi barədə 01 dekabr 2023-cü il tarixli 48 saylı əmrinin surətindən görünür ki, Liseyin təlim-təsərrüfat müdiri İddiaçı Pedaqoji Şuranın 24 noyabr 2023-cü il tarixli iclasında qəbul edilmiş qərara əsasən, ona 01 dekabr 2023-cü il tarixədək verilmiş vaxtın bitməsinə baxmayaraq sahəyə məxsus dövlət əmlakı olan qoyunlar liseyə təhvil-təslim edilmədiyi, əvvəlki aylarda olduğu kimi mühasibatlığa hesabat təqdim etmədiyi üçün sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir.
18. X15 direktorunun 01 dekabr 2023-cü il tarixli X15 həmkarlar təşkilatına unvanladığı müraciətdən görünür ki, İddiaçı 01 dekabr 2023-cü il tarixədək verilmiş vaxtın bitməsinə baxmayaraq sahəyə məxsus dövlət əmlakı olan qoyunlar liseyə təhvil-təslim edilmədiyi, əvvəlki aylarda olduğu kimi mühasibatlığa hesabat təqdim etmədiyi üçün sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verildiyi bildirilərək, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsinə baxılması xahiş edilmişdir.
19. X15 həmkarlar təşkilatının 12 dekabr 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.
20. İş materiallarında olan X15 20 dekabr 2023-cü il tarixli 53 nömrəli “əmək funksiyasını yerinə yetirməyən işçinin əmək müqaviləsinə xitam verilməsi” barədə əmrinin surətindən görünür ki, Liseyin təlim-təsərrüfat müdiri İddiaçı əmək funksiyasını kobudcasına pozduğuna, müqavilə öhdəliklərinə əməl etmədiyinə, barəsində görülən intizam tənbehlərindən (01 noyabr 2023-cü il tarixli və 24 noyabr 2023-cü il tarixli töhmətlər, 01 dekabr 2023-cü il tarixli sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət) nəticə çıxarmadığına görə onunla bağlanmış 28 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilmişdir.
21. xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsi və öhdəsində olan maddi qiymətliləri (xırdabuynuzlu heyvanları) təcili olaraq liseyə təhvil verməklə əmək kitabçasını götürməsi bildirilmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;
Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları
ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar
Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması.
Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.
Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
Maddə 189. İntizam tənbehinin verilməsi şərtləri
1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
24. 29 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş, “Azərbaycan Respublikası dövlət peşə məktəblərinin və peşə litseylərinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş Peşə məktəblərinin və peşə litseylərinin nümunəvi ştatlarının
Orta peşə məktəblərinin və peşə litseylərinin təlim təsərrüfatı Vəzifələrin adı:
1. Müdir
2. Aqronom, zootexnik, baytar həkim, bütün ixtisaslar üzrə mühəndis, mühasib
3. Bütün ixtisaslardan olan texnik, baytar, feldşer
Qeyd:
1. Tədris-istehsalat emalatxanaları və təlim-təsərrüfat sahələri üzrə ştatlar istehsalatdan və təsərrüfatdan gələn gəlir (büdcədənkənar) hesabına saxlanılır.
2. Tədris-istehsalat emalatxanalarının və təlim təsərrüfatının ştat cədvəli təsdiq olunarkən, vəzifə maaşlarının məbləği xalq təsərrüfatının ayrı-ayrı sahələrinin təşkilat, müəssisə və idarələrində qüvvədə olan normativlərə əsasən müəyyən olunmalıdır.
3. Tədris emalatxanasının və təlim təsərrüfatının müdiri vəzifələri istehsalatdan müvafiq məbləğdə gəlir olduqda müəyyən edilir.
4. Mexanik vəzifəsi istehsalatdan gələn gəlirin hesabına saxlanıla bilər.
5. Peşə məktəblərində stasionar kinoqurğular və kinoaparaturalar olan hallarda istehsalatdan gələn gəlir hesabına 0,5 ştat vahidi kinomexanik saxlanıla bilər.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri:
26. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-896/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-896/2024 nömrəli qətnaməsi xx.xx.2020-ci il tarixdən xx.xx.2023-ci il tarixə qədər olan müddət ərzində aylıq əmək haqqının və son haqq hesabın ödənilməsi tələbinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı və iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilməsinin qanuniliyinə qiymət vermədən, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətibiqi barədə ərizəsinə əsasən yalnız iddiaçının fərdi əmək mübahisəsi üzrə Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmiş 1 aylıq iddia müddətinin ötürülməsinə əsas gətirərək iddianı rədd etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının hüquqununun cavabdeh tərəfindən pozulub-pozulmamasını araşdırmadan və hüquqi qiymət vermədən, birbaşa olaraq mübahisəyə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi lazımi əsasa söykənməyən qətnamənin çıxarılmasına əsas vermiş olur. Qeyd olunan hüquqi mövqe “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında da qeyd olunmuşdur. Plenum qeyd etmişdit ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Lakin, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsini məhz qeyd edilən əsasa görə tam ləğv edilməsini məqbul hesab etməmişdir.
29. Bununla yanaşı məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi bütün tələblər üzrə 1 aylıq iddia müddətini tətbiq etməklə və iddianı tam rədd etməklə düzgün nəticəyə gəlməmişdir.
30. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsini və işə bərpa olunması ilə bağlı tələbini birmənalı olaraq iddia tələbində göstərməmişdir. Lakin, iddiaçı cavabdeh tərəfindən onun qanunsuz işdən çıxarıldığına görə işdən çıxarıldığı gündən sonrakı, yəni xx.xx.2023-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir ki, iddiaçının qeyd olunan tələbini məhkəmə kollegiyası həm də iddiaçının bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa olunması kimi qəbul etmişdir.
31. İşin müəyyən edilmiş hallarından göründüyü kimi işəgötürən qismində cavabdeh iddiaçını təlim-təsərrüfat müdiri qismində təhvil aldığı qoyunlarla bağlı mühasibatlığa hesabat təqdim etməməsini və qoyunların liseyə təhvil verilməsinin tələb edilməsinə baxmayaraq, qoyunları işəgötürənə təqdim etməməsini, bununla da əmək funksiyasını kobudcasına pozduğuna, müqavilə öhdəliklərinə əməl etmədiyinə, barəsində görülən intizam tənbehlərindən nəticə çıxarmadığına görə onunla bağlanmış 28 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. İddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində onunla bağlanmış əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsini qanunsuz olduğunu iddia etsə də bu iddiasına dair hər hansı əsaslandırılmış dəlil irəli sürməmişdir.
32. İddiaçı apellyasiya şikayətində liseyin balansında olan mal-qaraya vaxtıvaxtında baxdığını, sayının və sağlamlığının nəzarətdə saxladığını, mühasibatlığa hesabatı isə bacardığı kimi verdiyini qeyd etsə 28 oktyabr 2020-ci il tarixli “Tam məsuliyyət haqqında” müqaviləyə və xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən işəötürən tərəfindən ona təhvil verilmiş qoyunların aqibəti, o cümlədən işəgötürənin tələbinə əsasən qoyunları qaytarmamasının səbəblərinə dair hər hansı bir açıqlama verməmişdir. Müvafiq hesabatı isə bacardığı kimi verdiyini qeyd etsə də hesabatı nə vaxt, hansı qaydada və kimə verməsinə dair də hər hansı bir açıqlama verməmiş və buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı onunla bağlanmış əmək və tam maddi məsuliyyət haqqında müqavilə üzrə əmək funksiyalarını kobud şəkildə pozmasını dolayısı ilə etiraf etmişdir.
33. İş materiallarından görünür ki, X15 əmək intizamının pozulması ilə bağlı intizam tədbirinin görülməsi barədə 01 noyabr 2023-cü il tarixli, 43/5 saylı, 24 noyabr 2023-cü il tarixli, 46 saylı əmrləri ilə İddiaçı töhmət, 01 dekabr 2023-cü il tarixli 48 saylı əmri ilə isə şiddətli töhmət verilmiş, daha sonra isə işəgötürən elə həmin tarixdə, yəni 01 dekabr 2023cü il tarixdə eyni intizam xətasına görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsinə razılıq verilməsi üçün X15 həmkarlar təşkilatına müraciət etmişdir. X15 həmkarlar təşkilatı isə 12 dekabr 2023-cü il tarixli qərarı ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq vermiş, bunun əsasında da X15 20 dekabr 2023-cü il tarixli, 53 nömrəli əmr ilə əmək funksiyasını kobudcasına pozduğuna, müqavilə öhdəliklərinə əməl etmədiyinə, barəsində görülən intizam tənbehlərindən (01 noyabr 2023-cü il tarixli və 24 noyabr 2023-cü il tarixli töhmətlər, 01 dekabr 2023-cü il tarixli sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət) nəticə çıxarmadığına görə onunla bağlanmış 28 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilmişdir. Əmək məcəllənin 186-cı maddəsinin tələbinə əsasən işçiyə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi və işçi ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi hər ikisi intizam tənbehi sayılır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən Əmək Məcəllənin 189-cu maddəsinin 1-ci hissəsinin tələbi pozularaq iddiaçıya eyni intizam xətasına görə həm şiddətli töhmət, həm də onunla bağlanmış 28 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsi formasında tənbeh tədbiri tətbiq olunmuşdur.
34. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hal iddianın əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa olunması ilə bağlı tələbin təmin edilməsi üçün əsas verməmişdir. Məhkəmə kollegiyası qeyd olunan tələb hissəsində birinci instansiya məhkəməsinin iddia müddətinin ötürməsi əsası ilə iddianı rədd etməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müaviləsinə 20 dekabr 2023-cü il tarixdə xitam verilmiş və bu barədə ona 20 dekabr 2023-cü il tarixli, 118 nömrəli məktubla rəsmi qaydada məlumat verilmiş, iddiaçı isə həmin məlumatı 22 dekabr 2023-cü il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza etməklə qəbul etmişdir. Lakin, iddiaçı 16 fevral 2024-cü il tarixli təkliflə mediasiya orqanına müraciət etmişdir ki, bununla da Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddəti ötürmüş, ötürülmüş müddətin üzürlü hesab edilməsi ilə bağlı da məhkəməyə müraciət etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia müddətini tətbiq etməklə iddia tələbini qeyd olunan hissədə rədd etməsi qanuni və əsaslı olmuşdur.
35. Lakin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-ci il tarixə qədər olan müddət ərzində aylıq əmək haqqının və son haqq hesabın ödənilməsi tələbinə 1 aylıq iddia müddətini tətbiq etməklə iddianı rədd etməsi ilə razılaşmamışdır. Belə ki, Əmək Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul tələbləri ilə bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququna malikdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək hüquqlarının pozulması ilə bağlı medisiya oranına müraciət etdiyi tarixdən 1 il əvvəlki tarixdən, yəni 16 fevral 2023-cü il tarixdən əmək müqaviləsinə xitam verildiyi 20 dekabr 2023-cü il tarixədək olan dövr üzrə ödənilməmiş əmək haqqını və həmin dövr üzrə son haqq hesabı tələb etməklə bağlı iddiası əsaslı olmuşdur.
36. Məhkəmə kollegiyası cavabdeh tərəfin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə məktəblərinin və peşə litseylərinin nümunəvi ştatları cədvəlinə əsasən Tədris-istehsalat emalatxanaları və təlim-təsərrüfat sahələri üzrə ştatların (eyni ilə təlim-təsərrüfat müdiri vəzifəsi üzrə) istehsalatdan və təsərrüfatdan gələn gəlir (büdcədənkənar) hesabına saxlanılmasl, iddiaçının isə işlədiyi zaman ərzində rəhbərlik etdiyi sahədən müəssisəyə gəlir gətirmədiyi üçün ona əmək haqqı hesablanmaması və ona ödənilməli olmaması ilə bağlı etirazını isə əsassız hesab edərək qeyd edir ki, 29 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş, “Azərbaycan Respublikası dövlət peşə məktəblərinin və peşə litseylərinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996cı il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş Peşə məktəblərinin və peşə litseylərinin nümunəvi ştatlarının Orta peşə məktəblərinin və peşə litseylərinin təlim təsərrüfatının Qeyd hissəsinə əsasən Tədris-istehsalat emalatxanaları və təlim-təsərrüfat sahələri üzrə ştatlar istehsalatdan və təsərrüfatdan gələn gəlir (büdcədənkənar) hesabına saxlanılması nəzərdə tutulsa da müdir vəzifəsinə görə əmək haqqının məhz həmin təsərrüatın gəliri hesabına ödənilməsi qeyd olunan normativ hüquqi aktda öz əksini tapmamışdır. Bundan başqa iddiaçı ilə əmək müqaviləsi bağlanılmış və həmin əmək müqaviləsinə görə əmək haqqı müəyyən olunmaqla, əmək müqaviləsində əmək haqqının təlim təsərrüfatının müvafiq məbləğdə gəliri olduğu halda ödənilməsinə dair şərt nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə kollegiyası cavabdeh tərəfin qeyd olunan etirazını əsassız hesab etmişdir.
37. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-896/2024 nömrəli qətnaməsi xx.xx.2020-ci il tarixdən xx.xx.2023-ci il tarixə qədər olan müddət ərzində aylıq əmək haqqının və son haqq hesabın ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, 16 fevral 2023-cü il tarixdən əmək müqaviləsinə xitam verildiyi 20 dekabr 2023-cü il tarixədək olan dövr üzrə ödənilməmiş əmək haqqı və həmin dövr üzrə son haqq hesabı hesablanaraq, cavabdeh tərəfindən iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-896/2024 nömrəli qətnaməsi xx.xx.2020-ci il tarixdən xx.xx.2023-ci il tarixə qədər olan müddət ərzində aylıq əmək haqqının və son haqq hesabın ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. 16 fevral 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək olan dövr üzrə ödənilməmiş əmək haqqı və həmin dövr üzrə son haqq hesab hesablanaraq, cavabdeh Peşə Təhsili üzrə X5 Peşə Liseyi tərəfindən İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.