Məhkəmə qərarları › İş №2(105)-1538/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1538/2023

11.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1538/2023 11.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üçüncü şəxs qismində cəlb olunmaqla) vurulmuş mənəvi ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2123/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Sumqayıt şəhər Məhkəməsinin 4(060)-80/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərar ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində 3 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbirinin seçilməsi və həbs müddətinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin 4(105)-16/2022-ci il traixli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla təqsirləndirilən şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-80/2022 saylı, 05 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sumqayıt şəhər Polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Namiq Mirzəzadənin vəsatəti və Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanovun təqdimatının təmin edilməməsi, təqsirləndirilən İddiaçı saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən həbsdən dərhal azad edilməsi qərara alınmışdır..

3. 21 may 2022-ci il tarixli “İttiham aktının təsdiq edilməməsi, cinayət təqibi üzrə icraata hissəvi xitam verilməsi və cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin ləğv edilməsi, ********* nömrəli cinayət işi üzrə Sumqayıt şəhər Pİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X1 tərəfindən tərtib olunmuş 16 may 2022-ci il tarixli ittiham aktının təsdiq edilməməsi, 03 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilmiş 1,361 qram narkotik vasitə olan heroinin kimə məxsus olmasının müəyyən edilməsindən ötrü əlavə istintaq aparılması üçün cinayət işinin göstərişlə birlikdə qaytarılması, cinayət işinin ibtidai istintaqın davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə göndərilməsi qərara alınmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin xx.xx.2022-ci il tarixli 283 nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxs, 1965-cı il təvəllüdlü, İddiaçı xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq təcridxanasından təcili qaydada “Kəskin miokard infarktı” diaqnozu ilə ağır vəziyyətdə Müalicə müəssisəsinə köçürülmüşdür. O, klinik, laborator və instrumental müayinələrdən keçirilmişdır. Aparılan müayinələr nəticəsində xəstədə “Ü.İ.X. Sol mədəciyin ön divarının yayılmış kəskin miokard infarktı, koronar damarların stendlənməsindən sonrakı vəziyyət” diaqnozu müəyyənləşdirilərək sonrakı müayinə və müalicəsi üçün terapiya şöbəsinə köçürülmüşdür. Aparılan müalicə tədbirləri nəticəsində müsbət dinamika izlənilmişdir. Hazırda K.Əİiyevin vəziyyəti nisbi kafidir, müalicə tədbirləri davam etdirilir.

5. Sumqayıt Hospital tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xəstə İddiaçı xx.xx.2022 tarixində Koronar Anjiyoqrafiya əməliyyatı icra olundu. 3.5 x 28 mm Biomatrix (DES) stent implatasiyası olundu. Açıqlıq tam sağlandı. Əməliyyat fəsadsız keçdi. Əməliyyat sonrası xəstənin şikayətləri keçdi. Əməliyyat sonrası gün xəstə reanimasiya təqibinə alındı. Şikayətləri qalmayan, ümumi vəziyyəti stabil olan xəstə xx.xx.2022-ci il tarixində sahə kardioloqunun nəzarətinə yazılaraq xəstəxanadan çıxarıldı.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, İddiaçı ”stenokardiyanın digər formaları, ÜİX Gərginlik stenokardiyası, İİİ f.s, İnsulindən asılı olmayan şəkərli diabet, Koma ilə, Şəkərli diabet İİ tip, orta ağır forma, durğunluq ürək çatışmazlığı, Xroniki ürək çatışmazlığı İİİ f.s.EF=30%. Koronor angioplastik implantatın olması və transplantatın olması, stend implantasiyasından sonrkı vəziyyət” diaqnozu qoyulmuşdur.

7. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, İddiaçı orqanizminin funksiyaları 75% faiz pozulmuş və ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş fiziki və mənəvi ziyan olaraq 20000 manatın dövlət büdcəsindən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, 03 fevral 2022-ci il tarixdə Sumqayıt şəhərində “İdeal” servisin qabağında avtomaşının təmiri ilə əlaqədar durduğu zaman Sumqayıt şəhər Polis İdarəsinin 15-20 polis əməkdaşı üstünə hücum çəkmiş, dərhal əlini qandallayıb, üstünü axtarmış, heçnə tapa bilməmişlər. Bundan sonra hamının gözünün qabağında onu zorla polis maşınına mindirib polis idarəsinə aparmışlar. Orada ikinci mərtəbədə yerləşən 211 saylı otağa aparıb döyməyə başlamışlar. Onlara bildirmişdir ki, 20 gün əvvəl ürək əməliyyatı keçirmişdir, onu döyməsinlər, ölə bilər. Onun bu xəbərdarlığı və yalvarışları da bir nəticə verməmiş, yenə də döyməyə davam etmişlər. Polislərdən biri cibindən narkotik çıxarıb başında olan papağın arasına qoymuş və bildirmişdir ki, indi təhqiqatçının yanına gedəcəklər, bu 8 qram heroini üstündən çıxaracaqlar, deyərsən ki, Saray bağları tərəfdə tanımadığı adamdan almışdır. O, hirslənib papağı əli ilə vurub başından atmış və bildirmişdir ki, bunu etiraf edən deyil. Yenə də döyməyə başlamışlar. Bu vaxt otaqda olan rəis Azər soruşmuşdur ki, haralısan, demişdir ki, Naxçıvanlıdır, Şərur rayonundandır. Bundan sonra həmin rəis polisləri otaqdan çıxartmış, demişdir ki, o, da Culfadandır, yerlidirlər, ona yazığı gəlir, onu sifariş veriblər, o, tutulmalıdır, yaxşısı budur, o, yuxarıdakılarla məsləhətləşər, deyər ki, onu ondan xahiş ediblər, amma sən heç olmasa az etiraf elə, canını qurtar, yoxsa külli miqdarda gedəcəksən türməyə. O da ürək əməliyyatından təzə çıxdığına, işgəncələrdən ölə biləcəyindən, üstəlik külli miqdarda narkotiklə yüklənəcəyindən qorxaraq razılaşmışdır. Sonradan rəis ad çağırmış, demişdir ki, buna narkotiki az qoyun. Polislərdən biri bükülü bir şeyi onun şalvarının üstündə olan “pistonun” içinə qoymuşdur. Başqa cibindəki əşyaları yenidən cibinə qoymuş, onu təhqiqatçının yanına 4-cü mərtəbəyə qaldırmışlar. Onu tutandan təhqiqatçının otağına gedənə qədər ən azı 3-4 saat keçmişdi. Otaqda təhqiqatçı və vəkil var idi. Çəkilişə başlamışlar, təhqiqatçı demişdir ki, cibində nə var qoy stolun üstünə. O, cibində olanları çıxartmış, amma pistonda olana əl vurmamışdır. Pistondan o narkotiki təhqiqatçı özü çıxartmışdır. Hər şeyi polisin ssenarisi ilə rəsmiləşdirmiş, izahat yazmış, ona imza etdirmiş və həbs eləmişdirlər. Məhkəməyə gətirəndə hakimə demişdir ki, onu şərləyiblər, hətta polislərin ünvanına söyüşlər də işlətmiş, amma hakim heç nəyə əhəmiyyət vermədən barəsində həbs qərarı vermişdir. Onu Şüvəlana aparandan sonra ilk olaraq apellyasiya şikayəti, həm də Prokurora, polisə şikayətlər yazmışdır. Onun şikayətinə Apellyasiyada baxılan vaxtı artıq qardaşı tərəfindən vəkil tutulmuşdu, vəkil həbs sənədləri ilə tanış olub, qanunsuzluqlar barəsində Apellyasiya Məhkəməsinə bildirmiş və məhz bundan sonra Apellyasiya Məhkəməsi onu buraxmış və öz qərarında polisin, müstəntiqin, prokurorun yol verdiyi qanun pozuntuları barədə göstərmiş və elan etmişdir ki, əməlliyyatı keçirənlər, müstəntiq və prosessual rəhbərlik edən porkuror barədə xüsusi qəraradad çıxarır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olmuşdur. Onu da qeyd edir ki, qanunsuz olaraq saxlanıb fıziki təsirlərə düçar olduğu üçün İstintaq Təcridxanasında xx.xx.2022-ci il tarixdə ikinci infarkt keçirtmiş və onu təcili olaraq xəstəxanaya yerləşdirmişlər, onu Apellyasiya Məhkəməsinin qərarı ilə məhz xəstəxanadan azadlığa buraxmışlar. İndi artıq əlil olmuşdur, ona məhz ikinci infakta görə 2-ci qrup əlillik müəyyən edilmişdir. Polislərin qanunsuz hərəkətləri, işgəncələri nəticəsində bu yaşında artıq əlilliyə məhkum olmuşdur. Bu fiziki və mənəvi işgəncələrə görə polislər qanun qarşısında cavab verməlidirlər və ona vurulmuş maddi və mənəvi ziyana görə ona kompensasiya verilməlidir. O polisdə olarkən ona edilən fiziki və mənəvi təzyiqlər zamanı çox böyük stress və həyəcan yaşamışdır, şəxsiyyəti təhqir edilib, hətta ölümü də gözünün önünə almışdır. Çünki ürək əməliyyatından təzə çıxmışdı və fikirləşirdi ki, bu təzyiqlərə təzə əməliyyat olunmuş ürəyi dözməyəcək və öləcək. Bütün bu təzyiqlər nəticəsində guya onda narkotik olmasını da “etiraf” etməyə məcbur olmuş və həbsə atılmışdır. Həbs yerində onun iztirablarını və fiziki və mənəvi əziyyətlərini izah etməyə ehtiyac yoxdur. Bu yaşında polislərin işgəncə və təhqirlərinə məruz qalmaq, ürək xəstəsi olaraq həyat və ölüm təhlükəsini yaşamaq böyük streslərə və həyəcana səbəb olmuşdur. İstintaqın sonunda ona qarşı irəli sürdükləri ittiham təsdiq edilmədiyinə və əldə edilmiş sübutlar qanunsuz yolla əldə edildiyinə görə Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanovun 21 may 2022- ci il tarixli qərarı ilə barəsində olan cinayət işinə AR CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Ona görə də hazırkı cinayət ittihamına və ona qarşı edilmiş fiziki və mənəvi təhdidlərə görə kompensasiya tələbi ilə məhkəməyə müraciət edir. İşin hallarından görünür ki, o, polisin qeyri-qanuni hərəkətləri nəticəsində fiziki və rnənəvi ziyan çəkmişdir, onların qanunsuz ittihamları əsasında həbsə düşmüş, onların bu zoraklıqları və təzyiqləri nəticəsində istintaq təcridxanasında ikinci dəfə infarkt keçirmişdir, Penitensiar Xidmətin Müalicə müəssisəsinə yerləşdirilmişdir, həbsdən azad ediləndən sonra dəfələrlə ikinci infakta görə müalicə alsa da, sonda bu ikinci infakt onu əlilliyinə səbəb olmuş və bütün bunlar da polislərin qeyri-qanuni, zorakı hərəkətləri, təhqiqatçı və müstəntiqin, eləcə də məhkəmənin qanunsuz qərarları nəticəsində qazanmışdır. Fiziki məhrumiyyətlərdən əlavə, mənəvi ziyan da çəkmişdir, bu yaşında heç bir təqsiri olmadan ailəsi, yaxınları, dostları arasında adı narkoman kimi hallanmış, qanunsuz həbsə atılıb orada infarkt keçirməyinə görə ölümlə üzləşmiş, mənəvi iztirablar səhhətini köklü surətdə pisləşdirmiş və bütün bunlar sonda onun əlillik qazanmağı ilə nəticələnmişdir. Ona görə də polis əməkdaşlarının, istintaq orqanının və məhkəmənin qanunsuz hərəkətləri və qərarları ilə ona vurulmuş fıziki və mənəvi ziyan ona ödənməlidir. Ona qarşı edilmiş qanunsuzluqlar nəticəsində vurulmuş fiziki və mənəvi zərərin miqdarını 20000 manat miqdarında qiymətləndirir və bu məbləğin dövlət büdcəsi tərəfindən ona ödənilməsini tələb edir.

10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2123/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı 5000 (beş min) manat pulun ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı barəsində cinayət işi başlanılmış, o, 25 gün həbsdə qalmış, həmin müddətdə kəskin miokard infarktı keçirtmiş, daha sonra həbsdən azad edilmiş, barəsində başlanılmış cinayət təqibi üzrə icraata isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, yəni bəraətverici əsaslarla xitam verilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbinin əsas kimi istinad etdiyi halları təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan vurulmasını sübuta yetirə bilmişdir. Bu səbəbdən İddiaçı cinayət təqibini həyata keçirən orqanların səhvi nəticəsində ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır.

13. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçının müəyyən müddətə həbs olunması ona mənəvi zərər vurmaya bilməzdi. İddiaçının bununla bağlı məhkəməyə əlavə sübut təqdim etməsinə də ehtiyac yoxdur. Belə ki, bu barədə ən mötəbər sübut iddiaçı barəsində başlanılmış cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1101.1, 1101.2, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun 1, 4, 5, 6, 7-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2123/2023nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin həbsə alınması barədə qərar qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır.

16. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarla r qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur.

17. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır.

18. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydınolur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır.

19. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin tələblərinə görə hər hansı şəxsə qarşı hətta xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manat müəyyən edilmişdir. Bu baxımdan məhkəmə tərəfindən təmin edilən kompensasiya məbləği ağlabatan deyildir.

20. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Sumqayıt Şəhər Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. İddiaçı tərəfindən apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

27. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi” haqqında Azərbaycan Respublikasının Qanunu

28. Maddə 1. bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.

29. Maddə 4. Şəxsin barəsində bəraətverici hökm, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda, inzibati xəta haqqında işə xitam verildikdə vurulmuş ziyanın müəyyən edilmiş miqdarda və qaydada ödənilməsini tələb etmək hüququ vardır.

30. Maddə 5. bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

32.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2020-ci il tarixli qərarında göstərilir ki, Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010- cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.

33.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, ...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. ... Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

39. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

42. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2123/2023 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsini mübahisələndirmişdir.

43. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməyən hissəsində qətnamədən apellyasiya şikayəti verilmədiyindən, qətnamə AR MPM-nin 372.6-cı maddəsinə görə həmin hissədə apellyasiya baxışının predmeti ola bilməz.

44. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin yalnız mübahisələnidirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

46. İşin tədqiq olunan faktiki hallarından görünür ki, İddiaçı barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Sumqayıt şəhər Məhkəməsinin 4(060)-80/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində 3 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin 4(105)-16/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-80/2022 saylı, 05 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş və təqsirləndirilən İddiaçı saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən həbsdən azad edilmişdir. Sumqayıt şəhər Prokurorunun 21 may 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs İddiaçı barəsində cinayət təqibi üzrə icraata xitam verilmişdir.

47. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

48. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər.

49. Yenə həmin Qərarın 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirilməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

50. Kollegiya qeyd edir ki, mənəvi zərər müəyyən edilərkən hər bir işin konkret halı nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir.

51. Belə ki, Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə 18 sentyabr 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.

52. Həmçinin Avropa Məhkəməsi qərarlarında dəfələrlə qeyd etmişdir ki, işdə pozuntu faktının təsbit edilməsi ərizəçinin məruz qaldığı istənilən mənəvi ziyana görə qənaətbəxş kompensasiyanı təşkil edir. Buna görə də məhkəmə mənəvi ziyana görə kompensasiya ödənilməməsini qət edir (“Zeynalov Azərbaycana qarşı” 30 may 2013-cü il tarixli iş).

53. Göründüyü kimi, İddiaçı barəsində xx.xx.2022-ci il tarixdə cinayət işi başlanılmış, o, 25 gün həbsdə qalmış, həmin müddətdə kəskin miokard infarktı keçirtmiş, daha sonra həbsdən azad edilmiş, barəsində başlanılmış cinayət təqibi üzrə icraata isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, yəni bəraətverici əsaslarla xitam verilmişdir.

54. Beləliklə birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, İddiaçı cinayət təqibini həyata keçirən orqanların səhvi nəticəsində ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır.

55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlsə də, cavabdehdən tutulmalı olan mənəvi zərərin məbləğini 5000 manat müəyyən etməklə səhvə yol vermişdir.

56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası mənəvi zərərin məbləğinin 2000 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.

57. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.

58. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli, “X3rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

59. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin hazırkı formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir.

60. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

61. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2123/2023 nömrəli qətnaməsi dəyişdirilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərə görə İddiaçı 2000 manat məbləğində pul vəsaiti ödənilməlidir.

62. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2123/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində pul vəsaiti İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar