Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1542/2021 17.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Ələmşah oğluna qarşı aliment tələbinə dair mülki iş üzrə Qubadlı rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(028)-33/2021 saylı qətnaməsindən Cavabdeh Ələmşah oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qubadlı rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Ruvinov) iddia tələbinin təmin edilməsi, Cavabdeh Ələmşah oğlundan hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment 16.11.2020-ci il tarixdən başlayaraq tutulub 15.12.2004-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment 16.11.2020-ci il tarixdən başlayaraq tutulub 23.09.2006-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment 16.11.2020-ci il tarixdən başlayaraq tutulub 30.01.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh Ələmşah oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən hər bir uşağının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 manat məbləğdə alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 2003-cü ildə rəsmi nikah bağlamışdır. Birgə nikahdan üç övladları var. Ailə qurduqdan sonra münasibətləri yaxşı olsa da, son dövrdə pisləşmişdir. Münasibətləri normalaşdırmaq cəhdləri heç bir nəticə verməmişdir. Birgə nikahdan olan övladları onun himayəsindədirlər.Cavabdeh uşaqları saxlamaqda köməklik göstərmir. Bu səbəbə görə cavabdehdən uşaqların saxlanması üçün aliment tutulmalıdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Nəbiyev X4 rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, qətnamədə müəyyən olunmuş nəticələr işin hallarına uyğun gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Birinci instansiya məhkəməsi hər uşaq üçün 170 manat məbləğində aliment ödənilməsini təyin edərkən bu halları nəzərə almamışdır. Hər uşaq üçün 100 manat olmaqla, 300 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh Ələmşah oğlu apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 372.6. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslağını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın aildə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələri). Ailə Məcəlləsinin 78.1. maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Əgər valideynlər ayrı yaşayırsa, övladı yanında yaşayan valideynə digər valideyn övladının maddi tələbatının ödənilməsinin təmin edilməsindən ötrü aliment ödəməlidir. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Hər iki valideynin övladın tələbatının ödənilməsində birgə məsuliyyət daşısa da, övladı yanında qalan valideyn övladının maddi və mənəvi tələbatının ödənilməsində daha artıq məsuliyyət daşıyır. İddiaçı övladının saxlanılması üçün alimentin təyin edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi bir uşaq üçün 170 manat olmaqla, 510 manat məbləğində alimentin tutulmalı olması qənaətinə gəlmişdir. Cavabdeh maddi imkanın aşağı olduğunu, səhhətində ciddi problemlər olduğundan müalicəyə ehtiyacı olduğunu, işləyə bilmədiyini və başqa gəliri olmadığını əsas gətirərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Lakin cavabdehin maddi imkanının aşağı olması onun bir valideyn kimi məsuliyyətdən azad etməsə də, uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının təmin edilməsi, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balansın təmin edilməsi zəruridir. Çünki alimenti vaxtlı-vaxtında ödənilməməsi uşağın mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasına səbəb olacaqdır. Belə ki, alimentin vaxtında ödənilməməsi uşağın maddi tələbatının təmin edilməsində məhdudiyyətlər yaradacaqdır ki, bu da uşağın mənafeyinə uyğun hesab edilə bilməz. Çünki, uşağın saxlanılması, onun maddi tələbatının ödənilməsində hər iki valideyn birgə məsuliyyət daşıyır. Odur ki, uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının təmin edilməsi, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balansın təmin edilməsinin zəruriliyini nəzərə alaraq məhkəmə kollegiyası Cavabdeh Ələmşah oğlundan tutulmalı olan alimentin məbləğinin azadılması barədə dəlilini qismən əsaslı hesab edir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən alimentin miqdarı dəyişdirilməli, uşaqların tələbatının ödənilməsinin vaxtında təmin edilməsindən ötrü alimentin məbləği bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qubadlı rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə kollegiyası hesab edir ki, alimentin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə uyğun olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217.2, 234.2.1, 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Qubadlı rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh Ələmşah oğlundan 15.12.2004-cü il təvəllüdlü X1, 23.09.2006-cı il təvəllüdlü X3, 30.01.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 100 (yüz) manat, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1542/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1542/2021
17.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver