Məhkəmə qərarları › İş №2(105)-1564/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1564/2022

02.09.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1564/2022 02.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), İlqar Kamal oğlu Dəmirov və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(012)-211/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, ünvan 1 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzilə onun sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə arasında bağlanmış 09 aprel 2018-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzili ona verməyi öhdəsinə götürmüşdür. O, həmin mənzilin hər 1 kvadrat metrinin dəyəri 500 manat olmaqla, 30.600 manat ümumi dəyərini müqavilə bağlanan gün MMC-yə ödəmişdir. Bununla bağlı cavabdeh ona mənzilin 30.600 manat ümumi pay dəyərinin tam ödənilməsi və onun cavabdehə borcunun qalmaması barədə 09 aprel 2018-ci il tarixli maliyyə arayışı vermişdir. Yaşayış binasının tikintisi başa çatsa da, cavabdeh mənzili ona təhvil verməkdən boyun qaçırır. Bununla bağlı mənzilin 10 gündən gec olmayaraq onun istifadəsinə maneəsiz şərait yaratmaqla təhvil verilməsini özündə ehtiva edən 15 fevral 2021-ci il tarixdə pretenziya cavabdehə göndərilmişdir. Lakin hal-hazıradək dəyəri ödənilmiş və müqavilə əsasında ona məxsus olan mənzil MMC tərəfindən təhvil verilməmişdir. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. Abşeron Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(012)-211/2022 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) İddiaçı Cavabdeh MMC-yə qarşı ünvan 1 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzilə onun sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, Cavabdeh MMC ünvan 2 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzili payçı İddiaçı mülkiyyətinə verməyi, payçı İddiaçı isə Cavabdeh MMC-yə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 30.600 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 26 №-li maliyyə arayışından göründüyü kimi İddiaçı həqiqətən Cavabdeh MMC-yə məxsus Abşeron rayonu Xırdalan şəhəri, R.Axundov 39 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzilin dəyərini 30.600 manatı ödəmişdir. Lakin 09 aprel 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilədə mənzilin nömrəsi qeyd edilməmiş, iddiaçının nümayəndəsi bunu texniki səhv olduğunu bildirsə də, hansı nömrəli mənzilin mübahisə predmeti olduğunu göstərməmiş, bununla bağlı hər hansı bir sübut təqdim etmədiyindən, bu hal mübahisə predmetinin müəyyən edilməsini də qeyri-mümkün etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(012)-211/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instaniya məhkməsi onun konstitusion mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələnən qəqtnamə qəbul etmiş, qanuni mənafeyini heçə sayaraq, yalnız müqavilədə mübahisəli yaşayış sahəsinin nömrəsinin qeyd edilməməsi arqumentini irəli sürmüşdür. Lakin məhkəmə nəzərə almamışdır ki, mənzil nömrəsinin qeyd edilməməsi cavabdehi öhdəlikdən azad etmir. Adı çəkilən müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra edərək mənzilin dəyərini – 30.600 (otuzmin altı yüz) manat pulu cavabdehə tam şəkildə ödəmişdir və heç bir borcu yoxdur. İş materiallarında bu faktın əksini sübut edəcək hər hansı dəlil olmadığı halda qətnamədə cavabdehin heç bir öhdəliyinin olmaması nəticəsinə gəlinməsi qanunsuzdur. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385; 425; 430; 452-ci maddələrinə istinad etməli olduğu halda etməmişdir. Mübahisələndirilən qətnamənin birmənalı şəkildə ləğv olunmasının əsaslarından biri də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsidir. Həmin maddədə qeyd olunub ki, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarında olan 09 aprel 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 2 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzili payçı İddiaçı mülkiyyətinə verməyi, payçı İddiaçı isə Cavabdeh MMC-yə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 30.600 manat məbləğində müəyyən olunmuşdur. xx.xx.2018-ci il tarixli, 26 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh MMC-yə məxsus ünvan 2 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzilin dəyərini 30.600 manatı ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ünvan 2 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzilə dair Cavabdeh MMC və İddiaçı arasında bağlanmış 09 aprel 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilədə mənzilin nömrəsi qeyd edilməmiş, iddiaçının nümayəndəsi bunu texniki səhv olduğunu bildirsə də, hansı nömrəli mənzilin mübahisə predmeti olduğunu göstərməmiş, bununla bağlı hər hansı bir sübut təqdim etmədiyindən, bu hal mübahisə predmetinin müəyyən edilməsini qeyri-mümkün etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh MMC-yə məxsus ünvan 2 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzilin alınması ilə əlaqədar ödəmiş olduğu 30.600 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(012)-211/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar