Məhkəmə qərarları › İş №2(105)-1575/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1575/2022

13.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1575/2022 13.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulmasının dəyişdirilərək cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissə miqdarında müəyyən edilməsi və mediasiya xərcinin tutulması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(029)-268/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(029)-268/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(012)-1069/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxx 1986-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu, Aşağı Ləgər kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh İddiaçı xeyrinə 25 iyul 2014-cü il təvəllüdlü X9 və 02 dekabr 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün (iki uşağa görə) hər ay aylıq qazancının (başqa gəlirinin) üçdə bir hissəsi miqdarda alimentin tutulması, İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Adil Vəliyev). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(029)-268/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı nümayəndəsi və vəkili Quliyev X10 Abbas Şixəli oğluna qarşı alimentin tutulmasının dəyişdirilərək cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissə miqdarında müəyyən edilməsi və mediasiya xərcinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 2(012)-1069/2020 saylı qətnaməsi dəyişdirilərək cavabdehlə birgə nikahlarından doğulmuş 25 iyul 2014-cü il təvəllüdlü X14 və 02 dekabr 2017-ci il təvəllüdlü X12 üçün tutulan alimentin hər ay cavabdehin qazancının (başqa gəlirinin) üçdə bir hissəsi miqdarında müəyyən edilməsi və Mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat məbləğində rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsini əsassız sayır. Belə ki, məhkəmə qətnaməsinin 5-ci səhifəsinin 3-cü abzasında qeyd edilir ki; Cavabdeh xx.xx.2019-cu il tarixdən etibarən “X11 B.V. ” adlı şirkətin Azərbaycandakı filialında borunun qaynaq üçün tarazlaşdınlmas üzrə operator vəzifəsində çalışır və onun hesablanmış aylıq tarif əmək haqqı xx.xx.2020-ci il tarixdən etibarən 1.017.00 AZN təşkil edir. Tərəflər arasında olan nikah pozulmamışdan əvvəl, o cümlədən Abşeron Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 2(012)-1069/2020 saylı qətnaməsi ilə Cavabdeh aliment tutularkən də həmin şəxs həmin vəzifədə işləmiş və bununla da, həmin şəxsin uzun müddətdir ki, aylıq müntəzəm sabit və tez-tez dəyişməyən qazancı (gəliri) vardır, nikah pozulmamışdan əvvəl cavabdeh öz uşaqlarını məhz həmin gəlir hesabına dolandırmış, məhkəmə qətnaməsi ilə aliment tutularkən də, alimenti məhz həmin gəlirləri hesabına ödəmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə alimentin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq cavabdehin qazancının (gəlirlərinin) müvafiq hissəsi miqdarında tutulması azyaşlı uşaqlara mənafeyi baxımından daha məqsədə uyğundur. Odur ki, məhkəmə iddiaçı tərəfin dəliləri ilə razılaşaraq hesab edir ki, iddia təmin edilməlidir. Qeyd edilənlərlə bağlı nəzərə alınması zəruridir ki, məhkəmənin də qeyd etdiyi kimi o, daha əvvəldən həmin gəlir hesabına övladlarının xərclərini qarşılaya bilib. Lakin sonradan yeni bir ailə həyatı qurmağı, digər şəxsi öhdəliklərinin artması onu çətinliyə salmış və artırılmalı olan aliment məbləğini ödəyə bilməyəcəyi üçün də məhkəməyə iddia ərizəsinə etirazını təqdim etmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, onun əmək haqqı mütəmadi olaraq yüksəlir və bu səbəblə alimentin tutulması sabit məbləğdən cavabdehin gəlirlərinin müvafiq hissəsinin tutulmasına dəyişdirilməlidir. Bununla bağlı təkrarən qeyd edir ki, 01 dekabr 2020-ci il tarixindən rəsmi əmək haqqı 1017 manat təşkil edir. 2 il ərzində (hazırki tarixədək) əmək haqqında yüksəlmə olmamışdır. Bu müddət ərzində də cavabdehə onun tərəfindən ödənilməli olan aliment fasiləsiz və kəsintisiz şəkildə ödənilmişdir. Ailə Məcəlləsinin 76.1.2.2-ci maddəsinə əsasən iki uşaq üçün maksimum qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi qədər aliment tutula bilər. Buradan da göründüyü kimi iki uşağa görə əmək haqqı və digər gəlirlərin 1/3 hissəsi, yəni maksimum 339 (1017:3=339) manat pul tutula bilər. Ödədiyi aliment məbləği isə bir uşağa görə 170 manat olmaqla iki uşağa görə cəmi 340 manatdır. İddiaçıya dəfələrlə tərəfindən bu barədə ətraflı izah verilsə də o bütün bunları nəzərə almayaraq öz bildiyi qaydada ona qarşı əsassız və qərəzli mövqe doğuran iddia irəli sürmüşdür. Halbuki imkanı olduqca ona nəzərdə tutulmuşdan da artıq aliment ödəmişdir. Bundan başqa tərəfindən iddiaçıya bildirilmişdir ki, işlədiyi yerdə müvəqqəti olaraq çalışır. Hazırda da işçi kimi işlədiyi “X11 B.V” şirkətinin Azərbaycan Respublikası Filialı ilə onun arasında bağlanılmış əmək müqaviləsi 29 iyul 2022-ci il tarixində yəni üç ay sonra başa çatır. Yəni həmin tarixdən əmək müqaviləsi qüvvədən düşəcək və müqaviləyə əsasən işçi kimi öhdəliklərinə xitam veriləcəkdir. Belə olan halda da məhkəmə qətnaməsi ilə alimentin tutulması əmək haqqına yönəlsə dörd aydan sonra alimentin tutulması haqqında qətnamənin icrası mümkünsüz olacaqdır (arayış iş materiallarında mövcuddur). Bundan başqa iddiaçı ilə ayrıldıqdan sonra həm o, həm də iddiaçı başqa şəxslərlə ailə həyatı qurmuşdur. 30 aprel 2021-ci i tarixində 740 nömrəli akt qeydi ilə başqa şəxslə rəsmi nikaha daxil olmuşdur. Övladlarının qarşısında olan öhdəliyi kimi hazırki ailəsinin qarşısında da öhdəlikləri vardır. İddiaçının öz şəxsi öhdəliklərini qarşılamaq məqsədi ilə ona qarşı qaldırdığı iddia tələbi onu əlavə çətinliklərə salmaqdan başqa bir şey deyildir. Uşaqlarını saxlamaq valideyn olaraq hər ikisinin borcudur. İddiaçı uşaqların saxlanılması öhdəliyini yalnız onda görə bilməz. Həmçinin də nəzərə alınmalıdır ki, iddiaçı özü Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə xarici dil-ingilis dili üzrə müəllim kimi fəaliyyət göstərir və onun rəsmi əmək haqqısı 1253 manat (onun əmək haqqından artıq məbləğdə) məbləğindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu normanın mahiyyətindən aydın olur ki, valideynlərin hər biri uşaqların saxlanmasında onların təlim tərbiyəsində və maddi cəhətdən yardım edilməsində bərabər qaydada iştirak etməlidirlər. Övladlarının saxlanılması üçün alimenti ödəməkdən boyun qaçırmır. Lakin qanunvericiliyin tələblərinə uyğun olaraq uşağın saxlanılması vəzifəsinin hər iki valideynin borcu olduğunu rəhbər tutaraq, ödədiyi alimentin onsuzda əmək haqqının 1/3 hissəsi miqdarında olduğunu, gələcək aylarda əmək müqavilənsilə xitam veriləcəyini, yeni ailə həyatının olmasını və iddiaçının özünün də rəsmi gəlirlərinin olduğunu nəzərə alaraq mövcud şikayətini əsaslı hesab edir. Həmişə övladlarının maddi tələbatlarını qarşılamış, onların qayğısına qalmış və bir ata olaraq onları heç bir zaman biri-birindən ayırmamış hamısına eyni sevgi, qayğı və nəvaziş göstərmiş və hazırda da atalıq vəzifələrini lazımi şəkildə yerinə yetirməkdədir. Lakin məhkəmə tərəfindən bütün bu hallara qiymət verilməyərək, etirazı nəzərə alınmayaraq, qarşılıqlı iddiası da icraata qəbul edilməyərək hüquqlarını kobud şəkildə məhdudlaşdırmışdır. Beləliklə, qəbul edilmiş qətnamənin qanuni qüvvə alması onun və övladlarının hüquqları əsaslı şəkildə pozacaqdır. Bu səbəbdən də hesab edir ki, qətnamə ləğv edilməlidir. Qeyd edilməsi zəruridir ki, iddiaçı özü ondan çox əmək haqqı alır və övladının əlavə xərclərini qarşılamaq iqtidarındadır. Qusar Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(029)-268/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və ədalətlidir. Belə ki, cavabdeh apellyasiya şikayətində bildirir ki, o ikinci dəfə nikaha daxil olub və gündəlik xərclərinin miqdarı artıb. Bu səbəbdən alimentin azaldılmasını xahiş edir. Amma valideynin öhdəliyinin artması alimentin azaldılmasına və uşağın sosial vəziyyətinin pisləşməsinə əsas ola bilməz. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində qeyd edir ki, 339 manat aliment ödəyir. Məhkəmədən alimentin sabit pul məbləğində tutulmasını xahiş edir. Cavabdeh uşaqların mənafeyini düşünmür. Əgər düşünsə idi, alimentin azaldılmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdi. Cavabdehin digər bir dəlili odur ki, iddiaçı işləyir və yüksək məbləğdə əmək haqqı alır. Bununla bağlı məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı analıq məzuniyyətində olan başqa bir müəllimi əvəz etmişdir. Növbəti tədris ilinə onun əmək haqqı 1253 deyil, 800 manatdır. Tutulmalardan sonra bu məbləğ daha da azalır. Uşağın maddi təminatı birgə nikah dövründə necədirsə, ondan sonra da mənfiyə doğru dəyişməməlidir. Birgə nikah dövründə də tərəflər hər ikisi müəyyən gəlir əldə ediblər. İddiaçının əmək haqqı alması atanın öhdəliklərinə təsir etməməlidir. Ana öz gəlirindən kirayə haqqı ödəyir, uşaqlar əlavə kurslara gedirlər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(029)-268/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinin tələbinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Abşeron Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 2(012)1069/2020 saylı qətnaməsinin surətindən görünür ki, 25 iyul 2014-cü il təvəllüdlü X14 və 02 dekabr 2017-ci il təvəllüdlü X12 anaları X2 yanında saxlanılması, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq 25 iyul 2014-cü il təvəllüdlü X9 və 02 dekabr 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi, iddia tələbinin 02 dekabr 2017-ci il təvəllüdlü X12 üç yaşına çatanadək, yəni xx.xx.2020-ci il tarixinədək ehtiyaclarının ödənilməsi üçün Cavabdeh əlavə olaraq hər ay 100 manat aliment tutularaq iddiaçıya ödənilməsi hissəsinin rədd edilməsi qət edilmişdir. İşdə olan AZ-İİ 436550 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 nikahları 4 saylı Bakı “Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində” 30 aprel 2021-ci il tarixdə 740 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Həsənbəyova” soyadını qəbul etmişdir. İşdə olan “X11 B.V.” adlı şirkət tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli HR/AFA/4741/22 saylı arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2019-ci il tarixindən etibarən həmin şirkətin Azərbaycandakı filialının işçisidir. Hal-hazırda borunun qaynaq üçün tarazlaşdırılması üzrə operator vəzifəsində çalışır (müqavilə xx.xx.2022-ci il tarixinədək etibarlıdır) və onun hesablanmış aylıq tarif əmək haqqı (xx.xx.2020-ci il tarixindən etibarən) 1.017.00 AZN təşkil edir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən verilmiş 28 mart 2022-ci il tarixli 42(a)-a-160/10 saylı məktubdan görünür ki, X1 rayon Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə xarici dil müəllimi vəzifəsində işləyir və aylıq əmək haqqısı 1253.33 manat (min iki yüz əlli üç manat otuz üç qəpik) təşkil edir. Birinci instansiya məhkəməsi Cavabdeh xx.xx.2019-ci il tarixdən etibarən “X11 B.V.” adlı şirkətin Azərbaycandakı filialında borunun qaynaq üçün tarazlaşdırılması üzrə operator vəzifəsində çalışması, onun hesablanmış aylıq tarif əmək haqqının xx.xx.2020-ci il tarixindən etibarən 1.017.00 AZN təşkil etməsi, tərəflər arasında olan nikah pozulmamışdan əvvəl, o cümlədən Abşeron Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(012)-1069/2020 saylı qətnaməsi ilə Cavabdeh aliment tutularkən də həmin vəzifədə işləməsi, uzun müddətdir ki, aylıq müntəzəm, sabit və tez-tez dəyişməyən qazancı (gəliri) olmasını müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Ailə Məcəlləsinin 75, 78, 78, 112.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəmsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı tərəf qətnamə ilə müəyyən edilmiş alimentin hər ay cavabdehin qazancının (başqa gəlirinin) üçdə bir hissəsi miqdarında müəyyən edilməsini xahiş etmişdir ki, bu da iddiaçının qanunla tənzimlənən hüququdur. Uşaqların saxlanması üçün tutulacaq alimentin formasını müəyyən etmək iddiaçının öz istəyindən asılıdır. Həmçinin qətnamə ilə aliment müəyyən edildikdən sonra ölkə ərazisində uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu artırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini, yenidən ailə qurması, yeni övladının olması, iddiaçının özünün də işləyərək ondan artıq əmək haqqı alması barədə dəlilini əsaslı saymır. Belə ki, cavabdehin qeyd etdiyi hallar onu uşağı saxlamaq, uşağın qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə artırılmış aliment məbləğinin qətnamənin qanuni qüvvəsini aldıqdan sonra hesablanması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən mediasiya xərci kimi 50 manat məbləğində pul ödənilmişdir və hazırda iddia tələbi təmin edildiyi üçün qeyd edilən vəsait Cavabdeh tutularaq İddiaçı verilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsini qətnaməsinin ləğv edilərək ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Cavabdeh işə birinci instansiya məhkəməsində baxılan zaman qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 2(012)-1069/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin azaldılmasını xahiş etmiş, Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)268/2022 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmış, həmin qərardaddan Cavabdeh tərəfindən şikayət verilmiş, şikayətə apellyasiya qaydasında baxılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1227/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Göründüyü kimi, cavabdehin qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməmiş, geri qaytarılmışdır. Belə olan halda qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə cavabdehin xahişinə, birinci instansiya məhkəməsində baxılmayan tələbə münasibət bildirilməsi qanunvericiliyə uyğun deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(029)-268/2022 nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Qusar Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(029)-268/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar