Məhkəmə qərarları › İş №2(105)-158/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-158/2025

09.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-158/2025 09.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: nənədən aliment tələbi) X14 Süleymanovanın sədrliyi və məruzəsi, X3 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(060)-5870/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər 235 (iki yüz otuz beş) manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X12 ilə 14 noyabr 2007-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2010cu il təvəllüdlü X15 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4462/2017 saylı, 03 aprel 2017- ci il tarixli qətnaməsi ilə nikaha xitam verilməsi, həmçinin X5 birgə nikahdan olan X22 qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 136 (yüz otuz altı) manat 60 (altmış) qəpik sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5090/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq borclu X5 birgə nikahdan olan X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün 190 (yüz doxsan) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iş icra məmuru Toğrul Rüstəmovun icraatındadır. Bildirir ki, qətnamə icraya yönəldilsə də, bu günə qədər İddiaçı heç bir ödəniş edilməmişdir. X2 18000 manata qədər məbləğdə aliment borcu yaranmışdır. Qeyd edir ki, hal-hazırda İddiaçı qızı Səfərli Fatimə ilə birlikdə "Təmiz Dünya" Sığınacaq Mərkəzində yaşayır. Hazırkı halda iddiaçının qızı Səfərli Fatimənin normal həyat şəraitini təmin etmək üçün alimentin ödənilməsi zəruridir. Lakin iddiaçının keçmiş əri X12 artıq 8 ildir ki, aliment borcunu ödəmədiyi üçün X1 ilə bağlı alimentin buna imkanı olan cavabdeh tərəf olan nənə-Cavabdeh tutulması zərurəti yaranmışdır.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4462/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia və qarşılıqlı iddia təmin edilərək, İlham Əlizadə oğlu ilə X11 arasında Sumqayıt şəhər VVADQ şöbəsində 2007-ci ilin noyabr ayının 14-cü günündə akt qeydləri kitabında 1064 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulmasından sonra xx.xx.2010- cu il təvəllüdlü X13 anası X4 yanında qalması və xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün 07 mart 2017-ci il tarixindən başlayaraq X6 hər ay 136 manat 60 qəpik sabit pul məbləğində aliment tutularaq X7 verilməsi qət edilmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5090/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-4462/2017 saylı, qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq və qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh X5 İddiaçı xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment və 50 (əlli) manat məbləğində mediasiya xərcinin tutulması qət edilmişdir.

6. AZ-İV №037683 saylı, xx.xx.2018-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 xx.xx.2010-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur.

7. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4462 saylı, xx.xx.2017-ci il və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5090 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən borclu X8 hər iki iş üzrə olan aliment borcu 11094 manat təşkil edir. Borclu İ.Səfərlinin yeri məlum olmadığından xx.xx.2017-ci il tarixli axtarış qərarı ilə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət olunmuşdur. X12 barəsində xx.xx.2017-ci il tarixdə axtarış işi açılmış onun yerinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

8. Şəxs haqqında elektron məlumatdan görünür ki, Cavabdeh pensiyaçıdır, 363,86 manat pensiya alır.

9. Şəxs haqqında elektron məlumatdan görünür ki, İddiaçı "xxxx" MMC-də bank əməliyyatçısı vəzifəsində çalışır, 393 manat əmək haqqı alır.

10. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X18 xx.xx.2024-cü il tarixində saat 12:30-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir.

11. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

12. Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(060)- 5870/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsi, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

14. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(060)-5870/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv edilməli, Cavabdeh Qardaş xan qızına qarşı “aliment tələbinə dair” iddia təmin edilməlidir. Məhkəmə öz qətnaməsini belə əsaslandırmışdır ki, valideynlər sağ olduğu hallarda uşaqları saxlamaq öhdəliyinin yaşlı nənə və babanın üzərinə qoyulması dərindən təhlil edilməlidir. Eyni zamanda iş materiallarından göründüyü kimi cavabdeh 363 manat təqaüd alır və başqa gəlirə malik deyildir. Məhkəmə Kollegiyasına bildirir ki, işə baxan birinci instansiyası məhkəməsi öz qətnaməsində uşaq hüquq və mənafelərini məhdudlaşdırmış, cavabdehin xəstə olmasını, həyat yoldaşının vəfat etməsini, oğlu ilə əlaqəsinin olmamasını, 363 manat təqaüd almasını, aliment ödəməyə maddi imkanı olmamasını uşaq hüquqlarından üstün tutmuşdur. Nəticədə uşağın həyatına və sağlamlığına təhlükə yaratmışdır. Məhkəmə Kollegiyasına bildirir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə digərləri kimi səhvdir. Belə ki, iddia tələbini ana, uşağın qanuni nümayəndəsi kimi irəli sürmüşdür. İddia tələbi iddiaçının deyil, uşağın maraqlarına cavab verir. Uşaq öz atasından, ata öz uşağını saxlamaqdan qəsdən boyun qaçırması səbəbindən heç bir maddi təminat ala bilmədikdə, anadan isə aldığı maddi təminat qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olduqda, o (uşaq) maddi təminat almaq hüququnu cavabdehin (nənənin) gəliri hesabına bərpa etməlidir. Məhkəmələr isə uşaq hüquqlarının üstün tutulmasını təmin etməlidirlər. Lakin, işə baxan birinci instansiya məhkəməsi cavabdeh - nənənin hüquqlarını uşağın hüquqlarından üstün tutmuş və ədalətsiz qətnamə qəbul etmişdir. İşə baxan birinci instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, icra sənədi üzrə borclunun aliment öhdəliyini icra etməməsi, onun öhdəliyinin xitamına səbəb olmur. Bildirmək istəyir ki, iddianın məqsədi borclunun öhdəliyinə xitam verilib-verilməməsi deyil, azyaşlı uşağın maddi təminat almaq hüququnu təmin etməkdən ibarətdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, uşağın maddi təminat almaq hüququnu pozmaqla onun həyat və sağlamlığına zərər vurmaq təhlükəsini yaratmışdır. Bu isə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin pozulmasıdır. İşə baxan birinci instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89cu maddəsinin dispozitiv şərtlərinə əsasən, sözü gedən hüquq özünün hər iki valideynindən yardım ala bilməyən uşaqlara şamil edilir. Hazırkı mülki iş üzrə isə uşaq onun yanında yaşayır. İddia tələbini isə məhz o, irəli sürmüşdür. Məhkəmə tərəfindən işin hallarına düzgün qiymət verilməməsi, iş materiallarında olan sənədlərin lazımı qaydada araşdırılmaması düzgün olmayan qətnamənin qəbul olunmasına səbəb olmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

18. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

19. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.1. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

22. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

23. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

24. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 89. Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

27. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı, X12 ilə birgə nikahdan oln uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinin sonuncu tərəfindən icra edilmədiyini, uşağın təminatını ödəyə bilmədiyini əsas gətirərək araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

29. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddia təmin edilməmişdir.

30. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, müvafiq icra sənədi üzrə uşağın atası X12 aliment təyin olunan gündən heç bir aliment ödənişi etməmişdir. Hal-hazırda İlham Səfərlinin 11094 manat aliment borcu qalmaqdadır. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə borclunun aliment öhdəliyini icra etməməsi onun öhdəliyinin xitamına səbəb olmur. Bununla bağlı məcburi icra tədbirlərinin və digər hüquqi hərəkətlərin görülməsinin tələb edilməsi hüququ tələbkar İddiaçı izah edilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Yəni, maddənin dispozitiv şərtlərinə əsasən, sözügedən hüquq özünün hər iki valideynindən yardım ala bilməyən uşaqlara şamil edilir. Hazırki mülki iş üzrə isə uşaq iddiaçı, yəni anasının yanında yaşayır. İddia tələbini isə məhz ana irəli sürmüşdür. Uşağı saxlamaq hər iki valideynin borcudur, birinin digərinə nisbətən üstünlük hüququ və ya əlavə mükəlləfiyyətinin müəyyən edilməsi qanunla qadağandır. Valideynlər sağ olduğu hallarda uşaqları saxlamaq öhdəliyinin yaşlı nənə və babanın üzərinə qoyulması dərindən təhlil edilməlidir. Eyni zamanda iş materiallarından göründüyü kimi cavabdeh 363 manat təqaüd alır və başqa gəlirə malik deyildir.

31. Məhkəmə qətnaməsi ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni qətnamə qəbul edilmişdir.

33. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

34. Göründüyü kimi apellyator şikayətin dəlilini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiyası məhkəməsi öz qətnaməsində uşaq hüquq və mənafelərini nəzərə almamışdır.

35. Məhkəmə kollegiyası şikayətin dəlilini əsaslı hesab etmir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, araşdırılan iddia tələbinin hüquqi əsasını Ailə Məcəlləsinin 89-cu maddəsi təşkil edir.

37. Kollegiya həmin maddi hüquq normasının təfsir edilməsini mübahisənin qanuni həlli baxımından zəruri hesab edir və bununla bağlı aşağıdakıları bildirir:

38. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi qanunvericilik yetkinlik yaşına çatmayan nəvənin baba və nənədən aliment hüququnu tanısa da bu hüququn yaranmasını iki halla şərtləndirmişdir: 1) valideynlərindən maddi yardım ala bilməməsi, 2) baba və nənənin zəruri vəsaitə malik olması.

39. Göründüyü kimi qanunvericilik valideynlərin, yəni hər iki valideyndən maddi yardım alına bilməməsini dispozitiv şərt olaraq göstərir.

40. Araşdırılan mübahisədən görünür ki, atanın məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyi vardır, bu öhdəliyə xitam verilməmişdir.

41. Eləcə də ana- iş üzrə iddiaçı işləyir, 393 manat əmək haqqı alır.

42. Ailə qanunvericiliyinə görə valideynlər öz uşaqları barəsində bərabər vəzifələrə malikdirlər, uşaqlarını saxlamağa borcludurlar.

43. İkinci şərt - nənənin zəruri vəsaitə malik olmasıdır ki, işin faktiki hallarından görünür ki, cavabdeh- nənə 73 yaşı var, penisiyaçıdır, 383 manat pensiya alır, başqa gəliri yoxdur.

44. Kollegiya hesab edir ki, işin sadalanan halları Ailə Məcəlləsinin 89-cu maddəsinin əsaslarının yaranmadığını, iddianın əsassız olması qənaətinə gəlməyə əsas verir.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(060)-5870/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar