Məhkəmə qərarları › İş №2(105)-1583/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1583/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1583/2021 03.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X11 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi: X2 iştirakları ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddianın təmin edilməsi, Cavabdeh X4 təqsirindən baş vermiş, yol nəqliyyat hadisəsi nəticəsində 3-cü şəxslərin sağlamlığına dəymiş zərərə görə ödənilmiş 7250 manat, 3-cü şəxsin əmlakına dəymiş zərərə görə ödənilmiş 5000 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 12280 (on iki min iki yüz səksən) manat məbləğinin İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı" ASC-də sığortalanmış "Mersedes" markalı, ** Cİ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X4 təqsirindən baş vermiş, yol nəqliyyat hadisəsi nəticəsində 3-cü şəxslərin sağlamlığına dəymiş zərərə görə ödənilmiş 7 250 manat, 3-cü şəxsin əmlakına dəymiş zərərə görə ödənilmiş 5000 manat sağıorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 12 280 (on iki min iki yüz səksən) manat məbləğinin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “MERSEDES” markalı, 50 Cİ-502 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6 tərəfindən AC № 117464 nömrəli şəhadətnamə ilə 18.07.2017-cı il tarixdən 26.01.2014-cü il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. 18.08.2014-cü il tarixdə həmin avtomobili idarə etmək hüququ olmadan T.Cavabdeh Yasamal rayon ərazisində idarə edərkən yol hərəkəti qaydalarını pozmuş “Mersedes” Vita” markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə özü və “Mersedes” Vita” markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobildə olan sərnişin ölmüş 2 sərnişin isə xəsarət almışdır. Qeyd olunan yol nəqliyyat hadisəsində icbari sığorta olunmuş avtomobili idarə edən T.Cavabdeh təqsiri olması Yasamal prokurorluğununun “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 27.10.2014-cti il tarixli qərarı ilə təsdiqlənmişdir. Sığorta müqaviləsi və 4539/CML-4134/2014-1 sığorta aktına əsasən İddiaçı ASC tərəfindən sığorta hadisəsi nəticəsində ölmüş 3-cü şəxs X1 ailəsinə 5000 manat, ağır xəsarət almış X8ma 1,500 manat, yüngül xəsarət almış X9ma 750 manat, zərərə uğramış “Mersedes Vita” markalı **- HA-*** dövlət nömrə nişanlı avtomobilin sahibi X7 5000 manat, cəmi 12250 manat sığorta ödənişi ödənilmişdir. İddiaçı ASC “MERSEDES” markalı, **-Cİ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi R.N.Mustafayevə qarşı subqroqasiya qaydasında Sumqayıt şəhər Məhkəməsinə iddia verərək, üçüncü şəxslərə icbari sığortaya görə ödənilmiş 12 250 manat pulun R.Mustafayevdən tutularaq İddiaçı ASC-yə verilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, cavabdeh R.N.Mustafayevdən 12 250 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun R.N.Mustafayevdən alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12836/2016 saylı, 17 oktyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 08 fevral 2018-ci il tarixli qərarı ilə cavabdeh R.N.Mustafayevin kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2448/2017 saylı, 19 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 iyun 2018-ci il tarixli 2(105)-l808 saylı qətnaməsi ilə cavabdeh R.N.Mustafayev tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12836/2016 saylı, 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə İddiaçı ASC-nin R.N.Mustafayevə qarşı İddiaçı ASC-də sığortalanmış “Mersedes” markalı, **-Cİ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü T.Cavabdeh təqsirindən baş vermiş, yol nəqliyyat hadisəsi nəticəsində 3-cü şəxslərin sağlamlığına dəymiş zərərə görə ödənilmiş 7 250 manat, 3-cü şəxsin əmlakına dəymiş zərərə görə ödənilmiş 5000 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 12 280 manat məbləğinin R.N.Mustafayevdən “İddiaçı ASC-nin xeyrinə tutulması barədə iddia tələbi rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 iyun 2018-ci il tarixli 2(105)-l808 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, “MERSEDES” markalı, **-Cİ-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi R.N.Mustafayev həmin avtomobili idarə etmək hüququ ilə etibarnamə əsasında digər şəxslərin istifadəsinə vermiş, hadisə baş verən zamanı Cavabdeh sahibliyində olmuşdur. Bu səbəbdən avtomobilin mülkiyyətçisi R.Mustafayev İddiaçı ASC-nin subqroqasiya qaydasında iddia tələbinə görə cavabdeh hesab oluna bilməz. “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaramr. Cavabdeh “MERSEDES” markalı, **-Cİ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən və hadisə zamanı həlak olan T.İbrahimovun atasıdır. Cavabdeh heç bir hüquqi əsas olmadan avtomobili T.İbrahimovun istifadəsinə verdiyinə, həmin şəxsin törətdiyi yol nəqliyyat hadisəsi zamanı təqsirli olduğuna və İddiaçı ASC-nin zərərə görə 3-cü şəxslərə ödədiyi sığorta ödənişi görə hazırkı tələbə görə cavabdehdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. O, məhkəmə prosesində iştirak etməmişdir. Oğlu, T.İbrahimov 18 avqust 2014-cü il tarixdə avtonəqliyyat qəzası nəticəsində vəfat etmişdir. Oğlu Tural bu avtomobili evdən götürən zaman o, xəstə olmuş və ona bu avtomobili idarə etmək üçün heç bir etibarnamə nə də ki, sürməyə razılıq verməmişdir. İddiaçının və məhkəmənin buna dair gəldiyi qənaət tam olaraq əsassızdır. Məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(060)-3981/2020 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh və nümayəndəsi K.Ə.İbrahimova apellyasiya şikayətini müdafiə etdilər, ona oxşar izahat verdilər və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində ziyanın vurulmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşə əlavə edilmiş 17.12.2014-cü il tarixli 4539/ÇML-4134/2014-2 saylı işə dair “sığorta akt”ının surətindən görünür ki, R.N.Mustafayevə məxsus “Mercedes Benz-200” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilini 26.01.2014-cü il tarixdən 25.01.2015-ci il tarixə qədər 5000 manat sığorta məbləği dəyərində sığorta edilmiş, sığorta hadisəsi 18.08.2014-cü il tarixdə Bakı şəhəri Yasamal rayonunda sığortalanmış avtonəqliyyat vasitəsi idarə edilərkən digər avtomobili vurmuşdur. Hadisə zamanı xəsarət alan şəxs N.R.Məmmədova 1500 manat zərər hesablanmışdır. İşdə olan 25.11.2014-cü il tarixli 4539/ÇML-4134/2014 saylı işə dair “sığorta akt”ının surətindən görünür ki, R.N.Mustafayevə məxsus “Mercedes Benz200” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilini 26.01.2014-cü il tarixdən 25.01.2015-ci il tarixə qədər 5000 manat sığorta məbləği dəyərində sığorta edilmiş, sığorta hadisəsi 18.08.2014-cü il tarixdə Bakı şəhəri Yasamal rayonunda sığortalanmış avtonəqliyyat vasitəsi idarə edilərkən digər avtomobili vurmuşdur. “Mercedes-Benz Vito CDİ” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan, 5 925 manat məbləğində hesablanmışdır. İş materiallarında olan 18.12.2014-cü il tarixli, № 9074 saylı “Ödəniş tapşırığı”nın surətindən görünür ki, İddiaçı ASC tərəfindən V.A.Ələkbərovun hesabına 1500 manat pul köçürmüşdür. İşə əlavə edilmiş 25.11.2014-cü il tarixli, № 8365 saylı “Ödəniş tapşırığı”nın surətindən görünür ki, İddiaçı ASC tərəfindən A.A.Ələkbərovanın hesabına 750 manat pul köçürmüşdür. İşdə olan 25.11.2014-cü il tarixli, № 8364 saylı “Ödəniş tapşırığı”nın surətindən görünür ki, İddiaçı ASC tərəfindən V.A.Ələkbərovun hesabına 5000 manat pul köçürmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 24.09.2019-cu il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 84, mənzil 58-də qeydiyyatdadır. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, “Subroqasiya hüququ Mülki Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, “Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçı subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.” Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət (nəqliyyat vasitələrindən, mexanizmlərdən və ya istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusunu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.3-cü maddəsinə görə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri ( nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzini ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası Cavabdeh işə onun iştirakı olmadan baxılması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehin rəsmi qeydiyyatda olduğu yeri üzrə məhkəmə bildirişlər göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 20 noyabr 2020-ci il tarixli 2(060)- 3981/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki)ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar