Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1586/2024 05.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: iddia tələbinin qeyri-müəyyənliyi, ərizənin baxılmamış saxlanılması) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment üzrə yığılmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, e-2(027)-1433/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü qızı X1 üçün qət edilmiş aliment üzrə hazırkı vaxtadək hesablanmış aliment borcunun silinməsi və uşaq cavabdehə verilənə qədər bu öhdəliyə möhlət verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci ildə qeyri-rəsmi nikahla ailə həyatı qurmuş və birgə nikahdan onların 17 iyun 2019-cu il təvəllüdlü X8 adında bir övladı anadan olmuşdur. Quba rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli məhkəmə qətnaməsi ilə Cavabdeh ona qarşı uşağın himayəyə verilməsi və aliment tələbinə dair iddiası qismən təmin edilmiş və xx.xx.2019-cu il təvəllüdlü qızı X5 iddiaçının himayəsinə verilməsi və uşağın yetkinlik yaşına çatanadək hər ay üçün 130 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən verilmiş kassasiya şikayəti təmin olunmamış və bu müddət ərzində uşaq onun və daha sonra anasının himayəsində yaşasa da aliment üzrə borclar hesablanmaqda davam etmiş nəticədə aliment üzrə borclar yığılmışdır ki, hazırda həmin borcları icra məmuru ondan tələb edir. Halbuki uşaq cavabdehin yanında yaşamır və bu halda uşağın saxlanılması üçün alimentin hesablanması tam əsassızdır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1049/2020 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X8 adlı uşaq anası Cavabdeh himayəsinə verilməsi və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün uşağın ananın himayəsinə verilməsi hissəsində qətnamə icra olunduğu vaxtdan hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh verilməsi qərara alınmışdır.
5. AA1486036 nömrəli “şəxsiyyət vəsiqəsi”nin və “doğum haqqında şəhadətnaməsi”nin surətindən görünür ki, tərəflərin nikahından xx.xx.2019-cu il təvəllüdlü X8 doğulmuşdur. İddiaçı atası və X3 anası kimi müyyən edilmişdir.
6. X4 iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞQ-MT-027-2024-00753 saylı arayışına əsasən, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir.
7. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1433/2024 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı aliment üzrə yığılmış borcların silinməsi və uşaq cavabdehə verilənə qədər öhdəliyə möhlət verilməsi tələbinə dair iddiası üzrə icraata uşaq cavabdehə verilənə qədər öhdəliyə möhlət verilməsi hissəsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. Quba Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, e-2(027)-1433/2024 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) İddiaçı Cavabdeh qarşı aliment üzrə yığılmış borcun silinməsi tələbinə dair iddia tələbi təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 8, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayəti və onun dəlilləri
10. Quba Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, e-2(027)-1433/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və iddia tələbinin bütünlükdə təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli məhkəmə qətnaməsi ilə Cavabdeh ona qarşı uşağın himayəyə verilməsi və aliment tələbinə dair iddiası qismən təmin edilmiş və xx.xx.2019-cu il təvəllüdlü qızım X5 iddiaçının himayəsinə verilməsi və uşağın yetkinlik yaşına çatanadək hər ay üçün 130 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. AR Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən verilmiş kassasiya şikayəti təmin olunmamış və bu müddət ərzində uşaq onun və daha sonra anasının himayəsində yaşasa da, aliment üzrə borclar hesablanmaqda davam etmiş, nəticədə aliment üzrə borclar yığılmışdır ki, hazırda həmin borcları icra məmuru ondan tələb edir. Halbuki, uşaq cavabdehin yanında yaşamır və bu halda uşağın saxlanılması üçün alimentin hesablanması tam əsassızdır. AR AM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə və ya şəxsi aliment ödəməkdən azad edə bilər. Lakin uşağın maddi ehtiyaclarının onun tərəfindən qarşılanmasına baxmayaraq, məhkəmə iddia tələbini təmin etməmişdir. Göründüyü kimi, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Lakin məhkəmə bu normaya istinad etsə də, onu aliment ödəmək öhdəliyindən azad etməmiş və bu da onun ücün bir sıra problemlər yaradır, icra məmuru onun aliment borcunun olduğunu bildirməklə barəsində inzibati protokol da tərtib etmişdir. Mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə AzərbaycanRespublikasının MPM-nin 9.1-ci maddəsinin tələblərini pozmaqla qətnamə çıxarmışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Odur ki, kollegiya hesab edir ki, Quba Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, e-2(027)-1433/2024 nömrəli qətnaməsi tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.
Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ərizə baxılmamış saxlanılmalıdır.
17. Belə ki, İddiaçı Cavabdeh qarşı Quba Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsindən görünür ki, ərizədə iddia tələbi qeyri-müəyyən göstərilmişdir.
18. MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir.
19. Araşdırılan iddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbinə əsasən İddiaçı Cavabdeh qarşı Quba Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü qızı X1 üçün qət edilmiş aliment üzrə hazırkı vaxtadək hesablanmış aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Göründüyü kimi silinməsi tələb olunan aliment borcunun hansı tarixə hesablanması, həmçinin aliment borcunun miqdarı dəqiq ifadə olunmamış, birinci instansiya məhkəməsi isə göstərilən hallara əhəmiyyət vermədən iddia ərizəsini qaytarmalı olduğu halda icraata qəbul edərək baxmış və mübahisələndirilən qətnaməni çıxarmışdır.
21. Məhkəmə kollegiyası qeyd olunan halı iddia ərizəsində iddiaçının tələbinin göstərilməməsi kimi qiymətləndirir.
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə görə geri qaytarmalı və yaxud da icraata götürdükdən sonra MPM-in 259.0.12ci maddəsinə əsasən baxılmamış saxlamalı olduğu halda, heç bir dəqiqləşmə aparmadan işə baxmış və göstərilən qətnaməni çıxarmış, bununla da prosessual hüquq pozuntusuna yol vermişdir.
23. Azərbaycan Respublikası MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
24. Beləliklə, göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Quba Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, e-2(027)-1433/2024 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “aliment üzrə yığılmış borcun silinməsi” barədə ərizəsi baxılmamış saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, e-2(027)-1433/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “aliment üzrə yığılmış borcun silinməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçı yenidən ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.