Məhkəmə qərarları › İş №2(105)-1587/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1587/2022

21.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1587/2022 21.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh) qarşı “yaşayış sahəsinin sahibinə təhvil verilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(012)-4015/2021 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(012)-4015/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzilin İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzilə köçürülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumuna görə pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(012)-4015/2021 nömrəli qətnaməsini ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh) qarşı “yaşayış sahəsinin sahibinə təhvil verilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Cavabdeh) üzərinə 12 mart 2007-ci il tarixli müqavilə üzrə öhdəliyi olan ünvan 2 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış evinin 1-ci blokunun (Giriş 1) 13cü mərtəbəsində yerləşən sahəsi 52 kv.m təşkil edən 1 (bir) otaqlı 64 nömrəli mənzilin ona təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Apellyasiya şikayətindən və iş materiallarından görünür ki, hüquqlarını müdafiə etdiyi Maraqlı şəxs iki dəfə bu məsələ ilə bağlı məhkəmədə iddia qaldırmış, iddiası təmin olunmuşdur. Qətnamə hazırda qüvvədədir. İcra məhələsində məlum olmuşdur ki, həmin mənzil Cavabdeh tərəfindən başqa bir şəxsə satılmışdır. Bununla bağlı təkrarən iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmiş, xx.xx.2021-ci il tarixdə iddia qismən təmin edilmiş və mənzilin ikinci dəfə satılmasına dair müqavilə etibarsız hesab edilmişdir. Həmin qətnamə də hazırda qüvvədədir. Qətnamələrdən də görünür ki, həmin mənzilin İddiaçı satılmasına dair məhkəmədə heç bir məlumat olmamışdır. Məhkəmədə eyni vaxtda,1 ay fasilə ilə eyni mənzilə dair iki qətnamə qəbul edilib. İddiaçı ilə bağlanılmış müqavilə qanunsuzdur. İddiaçı cavabdeh təşkilatda mühafizəçidir və orada payçı ola bilməzdi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(012)-4015/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Maraqlı şəxs izahatında apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(012)-4015/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, Maraqlı şəxs ilə cavabdeh arasında müqavilə 2009cu ildə, hüquqlarını müdafiə etdiyi İddiaçı ilə isə bundan daha əvvəl, 2007-ci ildə bağlanılmışdır. Cavabdeh tərəfindən öhdəliklər icra edilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Mənzil iddiaçıya xx.xx.2012-ci ildə təhvil verilib. Hal-hazırda həmin ünvanda İddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. Maraqlı şəxs müqaviləsinin qüvvədə olması və ödəniş etməsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. İki cinayət işi üzrə araşdırma aparılıb və Maraqlı şəxs heç bir işdə zərərçəkmiş şəxs qismində tanınmayıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(012)- 4015/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh) rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki işin materiallarında olan 12 mart 2007-ci il tarixli kooperativ binada mənzil tikintisi müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh inşa etdiyi ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzili İddiaçı verməyi, İddiaçı isə həmin mənzilin hər kv.metrinə görə 300 ABŞ dollarına razılaşmaqla ümumilikdə 15600 ABŞ dolları və ya 13572 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 12 mart 2007-ci il tarixli, 00026 nömrəli kassa mədaxil orderinin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdehnə mənzilə görə 15486 manat (17400 ABŞ dolları) pulu ödəmişdir. X1 Cəmiyyətinin dairəvi möhürü ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh (hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) ilə İddiaçı arasında bağlanmış 12 mart 2007-ci il tarixli koorperativ binada mənzil tikintisi müqaviləsi üzrə ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzilə görə 13572 manat pulu Cavabdehnə ödəmiş, onun hüquqi varisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzil İddiaçı ötən müddət ərzində binanın tikilməsinə baxmayaraq, iddiaçıya təhvil verilməmişdir. Məhkəmə iş materiallarına əsasən iddianı təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 385.1, 442, 445.1, 448.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə əsaslı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış 12 mart 2007-ci il tarixli koorperativ binada mənzil tikintisi müqaviləsi bağlanmış, ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzilə görə 13572 manat pulu Cavabdehnə iddiaçı tərəfindən ödənilmiş, lakin qeyd edilən mənzil hüquqi varis "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya təhvil verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bununla da iş materialları ilə müəyyən edilir ki, müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, maraqlı şəxs apellyasiya şikayətində mənzilə dair müqavilələrin etibarsız hesab edilməsini bildirsə də, hazırki işin əsasını təşkil edən Cavabdeh ilə İddiaçı arasında bağlanmış ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzilin satılmasına dair 12 mart 2007-ci il tarixli müqavilə qanuni qüvvəsindədir, hər hansı formada mübahisələndirilməmiş, məhkəmə qaydasında ləğv və ya etibarsız hesanb edilməmişdir. Bundan başqa iş materiallarında olan aktdan görünür ki, mübahisəli mənzil iddiaçıya təhvil verilmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. AR Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(012)-4015/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar