Məhkəmə qərarları › İş №2(105)-1593/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1593/2022

25.07.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1593/2022 25.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 4 saylı notariat kontorunda cavabdehlə onun arasında bağlanmış AN-1 ******* saylı 17 iyun 2014-cü ilə tarixli alqısatqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Rusiya Federasiyasında yaşayan qardaşı Saray qəsəbəsində özünə məxsus torpaq sahəsini sataraq Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 27, 88 saylı mənzili onun üçün almışdır. Həmin mənzil 2008-ci ildə etibarnamə əsasında alınmışdır. Mənzilin pulunu özü ödəsə də, etibarnamə bacısı X3 verilmişdir. Səbəbi isə o idi ki, əgər etibarnamə onun adına verilsəydi, sonradan həmin mənzili öz adına keçirə bilməyəcəkdi. xx.xx.2013-cü il tarixdə o, bacısı (Aynurənin anası) ilə formal şəkildə alqı-satqı etmişdir. Aynurənin özü və anası borca düşdüklərindən ondan xahiş etmişdirlər ki, mənzili banka girov qoyub pul götürsünlər. Bacısı qızına ürəyi yanaraq evin banka girova qoyulmasına razılıq vermişdir. Özü heç bir yerdə işləmədiyi üçün ona kreditə pul verilməyəcəyini bildirmişlər. Bacısı ona təklif etmişdir ki, mənzili qızının adına keçirərək ipoteka qoyub pul götürərək, öz borclarını bağlasınlar. Bacısına güvənib buna etiraz etməmişdir. xx.xx.2014-cü il tarixdə o, bacısı qızı Cavabdeh ilə Sumqayıt şəhəri, 6cı mikrorayon, ev 27, 88 saylı mənzili formal olaraq alqı-satqı etmişdirlər. Həmin formallıq mənzilin dəyərinin 25.000 manat göstərilməsində də öz əksini tapmışdır. Hesab edir ki, cavabdehlə aralarındakı alqı-satqı müqaviləsinə onun hərfi mənasında deyil, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri, müqaviləyə qədərki və sonrakı danışıqları, onun digər şərtləri və mənası baxımından qiymət verilməlidir. Alqı-satqı müqaviləsi formal olaraq, yəni başqa əqdin həyata keçirilməsi üçün bağlanmışdır. Belə ki, o, cavabdehin bankdan girov götürmək məqsədi ilə cavabdehlə alqı-satqı müqaviləsi bağlamış, lakin bunun müqabilində ona pul verilməmiş, mənzil cavabdehə təhvil verilməmişdir. Eləcə də, onunla cavabdeh arasında xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanandan sonra, yəni xx.xx.2014-cü il tarixdə cavabdeh bankdan kredit götürmüş, o, zamin durmuş və mübahisəli mənzil ipotekaya qoyulmuşdur. Bundan başqa alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq o, indiyədək həmin mənzildə yaşayır. "xxxx" MMC-nin 03 iyul 2019-cu il tarixli rəyinə əsasən müəyyən olunmuşdur ki, mübahisəli mənzilin 2014-cü il tarixə bazar dəyəri 56.000 manat, 2019-cu il tarixə bazar dəyəri 60.000 manat təşkil etmişdir. "xxxx" ASC-nın Sumqayıt filialı ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit, eyni tarixli zaminlik və ipoteka müqavilələri, “S Əmlak” qiymətləndirmə mərkəzinin xx.xx.2019cu il tarixli məktubu ilə əsasən tərəflər arasında alqı-satqı müqaviləsi formal olaraq, başqa əqdi pərdələmək üçün bağlanması sübuta yetirilir. Cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında ona təklif edilməsinə baxmayaraq əvvəllər özünə məxsus olmuş bir otaqlı mənzilin hansı ünvanda yerləşməsi, mənzilin neçə kvadratmetr sahədən ibarət olması, mənzilin nə vaxt alınması və satılması, həmin mənzilin məhz dayısının problemlərinin həll olunması üçün satılması və həmin vaxt dayısına nə qədər pul vəsaitinin verilməsi faktlarını təstiq edən, ilk iddianın təmin olunmasına dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə alıcı Cavabdeh ilə Sumqayıt şəhəri, 6-cı mikrorayon ev 27, 88 saylı mənzilin alqı-satqı öhdəliyini yerinə yetirməməsinə nəzərə almamışdır. Məhkəmə şahid ifadəsini sübut növü kimi qəbul etməmişdir. Cavabdehin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Həmin mənzilin alqı-satqısı üçün cavabdehə pul verilməmişdir. Həmin mənzilin alqı-satqısına dair pulu depozitə o qoymuş və özü də götürmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı, nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı rədd edərkən, mübahisə olunan müqavilənin ləğvi üçün qanunda nəzərdə tutulan halların olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evin 88 saylı mənzilini 25000 manata İddiaçı almışdır. Həmin müqavilənin 13-cü bəndinə görə satıcı xx.xx.2017-ci il tarixədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 2(060)- 517/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilkin iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı Sumqayıt şəhəri, 6 mikrorayon., 27 saylı evin, 88 nömrəli mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi və İddiaçı Sumqayıt şəhəri, 6 mikrorayon, 27 saylı evin, 88 nömrəli mənzilindən çıxarılması, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə" dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2822/2019 nömrəli iş üzrə 26 avqust 2019-cu il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-517/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv olunması, iddiaçı Cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk iddiasının təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, Sumqayıt şəhər 4 saylı notariat kontorunda Cavabdeh ilə İddiaçı arasında bağlanmış AN-İ ******* saylı, 17 iyun 2014-cü il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2014-cü il tarixli, seriya RX, ******* saylı çıxarışın ləğv edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-659/2020 saylı qərarından görünür ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli, 2(105)2822/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1750/2020 nömrəli iş üzrə 24 iyul 2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2019-cu il tarixli 2(060)-517/2019 saylı qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin qəbul edilməsi, Cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk iddiasının təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etıbarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı və Cavabdeh arasında Sumqayıt şəhər 4 saylı notariat kontorunda bağlanmış AN-İ ******* saylı, 17 iyun 2014-cü il tarixli 4-Ə № ilə Reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına qeydiyyata alınmış 19 iyun 2014-cü il tarixli, seriya RX, ******* saylı Çıxarışın ləğv edilməsi qət edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-471/2021 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1750/2020 nömrəli iş üzrə 24 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1480/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 517/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5606/2021 saylı qərarından görünür ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1480/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə olan "xxxx" MMC-nin 03 iyul 2019-cu il tarixli rəyindən görünür ki, mübahisəli mənzilin 2014-cü il tarixə bazar dəyəri 56.000 manat, 2019-cu il tarixə bazar dəyəri 60.000 manat müəyyən edilmişdir. İşdə olan Sumqayıt şəhəri üzrə icra İdarəsinin 13 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-517 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evin 88 saylı mənzilinin alqı-satqısı barədə xx.xx.2014-cü il tarixdə müqavilə bağlanmışdır. Hazırda iddiaçı həmin müqavilənin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Azərbaycan Respublikası Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissəhissə birtərəfli imtina etdikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin məhkəmə tərəfindən ifadəsinə düzgün qiymət verilməməsi barədə dəlili qəbul etmir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi ilk növbədə mübahisəli mənzilin dəyərinin Cavabdeh tərəfindən ona ödənilməməsinə istinad edir. İddiaçı bu halı təsdiq etmək üçün məhkəməyə şahid ifadəsi (X2) təqdim etmişdir. Şahid ifadəsində bildirmişdir ki, mənzilin dəyəri olan 25000 manat pulu alqı-satqı zamanı o banka qoymuş, sonra götürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5606/2021 saylı qərarının məzmununda qeyd edilmişdir ki, məhkəmələrin sorğusu əsasında notariusun göndərdiyi və işə əlavə olunmuş çek kötüyünün surətindən görünür ki, əmlaka görə ödənilən pulu özü təsdiq etməsə də İddiaçı şəxsən götürmüşdür. Məhkəmə hesab edir ki, şahid S.X.Allahverdiyevin ifadəsi başqa sübutlarla təsdiqlənmədiyindən onun ifadəsi əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə iddiaçı mənzilin dəyərinin ona ödənilməməsi, yəni müqavilə şərtinin cavabdeh tərəfindən icra edilməməsi əsası ilə mübahisələndirilən müqavilənin ləğvini tələb etməkdə haqlı deyildir. Belə ki, məhkəmə hesab edir ki, cavabdehin sözügedən mənzilin dəyərini ödəmədiyi qəbul edilsə belə (mötəbər sübutlarla təsdiq olunduğu halda), bu hal müqavilənin ləğvinə əsas ola bilməz. Belə ki, İddiaçı özü də xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin mənzilin cavabdehə təhvil verilməsi barədə şərtini icra etməmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə icra İdarəsinin 13 aprel 2022-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-517 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Belə ki, icra məmurları tərəfindən tərtib olunmuş aktdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evin 88 saylı mənzili icra qaydasında xx.xx.2022-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. Göründüyü kimi, mübahisəli mənzil yalnız İddiaçı Sumqayıt şəhəri, 6 mikrorayon, 27 saylı evin, 88 nömrəli mənzilindən çıxarılması barədə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-517/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan və icraya yönəldikdən sonra, qətnamənin icrası ilə əlaqədar 13 aprel 2022-ci il tarixdə, müqavilənin bağlanmasından 8 il sonra məhkəmə yolu ilə İddiaçı alınaraq Cavabdeh təhvil verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi digər əsaslar – müqavilənin yalnız görünüş üçün, formal olaraq bağlanması, tərəflərin həqiqi niyyətinin fərqli olması müqavilənin ləğv edilməsi üçün deyil, onun etibarsız hesab edilməsi üçün əsas ola bilər. İddiaçı isə xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlılığını məhkəməyə qarşılıqlı iddia ərizəsi verməklə mübahisələndirmiş, onun iddiası Sumqayıt şəhər Məhkəməsinin 2(060)-517/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə sonda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5606/2021 saylı qərarına əsasən qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər sübutlar (iddiaçının bacılarının şahid ifadələri, cavabdehin səs yazıları, mənzilin qiymətləndirilməsi ilə bağlı rəy və s.) müqavilənin etibarsızlığı ilə bağlı yuxarıda qeyd edilən məhkəmə icraatı zamanı araşdırılmış və onlara müvafiq hüquqi qiymət verilmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn və müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5606/2021 saylı qərarından görünür ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında mübahisə 2017-ci ildən başlamışdır. İddiaçı isə xx.xx.2019cu il tarixdə müqavilənin etibarsızlığı barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (380.1). Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (380.2). Məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsini cavabdehlə arasında mübahisəli münasibətlər başlayan vaxtdan (2017-ci il) müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ötmədən (xx.xx.2019-cu il tarixdə) bu və ya digər formada mübahisələndirdiyindən, sözügedən məhkəmə mübahisəsi isə xx.xx.2021-ci il tarixdə yekunlaşdığından hazırki iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 21 aprel 2022-ci il tarixli 2(060)-895/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar