Məhkəmə qərarları › İş №2(105)-1597/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1597/2024

17.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1597/2024 17.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(060)-4349/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, birgə nikahdan anadan olmuş övladları - 05 yanvar 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 manat və 05 yanvar 2024-cü il təvəllüdlü X7 üç yaşına çatanadək hər ay 100 manat miqdarında alimentin sabit pul məbləğində tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 30 may 2022-ci il tarixdə nikaha daxil olmuş və nikahları Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1369 nömrə ilə qeydə alınmışdır. Onların birgə nikahlarından bir övladları - 05 yanvar 2024-cü il təvəllüdlü X7 anadan olmuşdur. Birgə nikah dövründə cavabdehlə münasibətləri əvvəlcə yaxşı olsa da, daha sonra pisləşmişdir. Hazırda cavabdehlə ayrı yaşayır və uşaqlarının saxlanması üçün ona heç bir köməklik etmir. O isə uşaqlarının maddi ehtiyaclarını qarşılamaqda çox çətinlik çəkir. Bu səbəbdən hesab edir ki, uşaqlarının saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Həmçinin qeyd edir ki, mediasiyaya müraciət etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə 03 iyun 2024-cü il tarixli arayış təqdim edilmişdir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. AZ-İİ 505753 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 30 may 2022-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1369 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Nəsirova” soyadı verilmişdir.

5. AZ-İV 966871 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2024-cü ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır.

6. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.

7. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş “Qohumluq məlumatları”ndan görünür ki, Cavabdeh X5 və X11 adlı başqa övladları da vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(060)- 4349/2024 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 210 (iki yüz on) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixindən hesablanması, Cavabdeh ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin alınaraq İddiaçı verilməsi, Cavabdeh dövlət rüsumu qismində 45 (qırx beş) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.3, 60.4, 78.1, 78.2 və 100.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 218.3, 112.1.3, 216-220, 227, 358- 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti və onun dəlilləri

10. Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(060)- 4349/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə aliment məbləğini müəyyən edərkən “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin, “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinin və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunun tələbini pozmuşdur. Belə ki, məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, 210 manat məbləğində alimentlə bir ay ərzində uşaq saxlamaq mümkün deyil. Çünki yaşayış minimumu 2024-cü ildə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunub. O, iddia tələbində uşağa görə 235 manat aliment tələb etmişdir. Hesab edir ki, məhkəmə 2024-cü il üçün yaşayış minimumu haqqında qanunun tələbinə əsasən 235 manat aliment müəyyən edə bilərdi. Lakin işə baxan məhkəmə əsassız olaraq alimenti az məbləğdə müəyyən etmişdir. Halbuki, qanunverciliyin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qəbul etdiyi qətnamədə uşaqların mənafelərini üstün tutmamışdır. Məhkəmə qanunun tələbini pozmuşdur. Axı analoji işlərdə məhkəmə bir uşaq üçün 235 manat aliment müəyyən edir. Ona görə də hesab edir ki, qətnamə aliment tələbinə dair hissədə dəyişdirilməli və həmin hissədə ərizənin tam təmin olunması barədə qətnamə çıxarılmalıdır. 05 yanvar 2024-cü il təvəllüdlü X7 üç yaşına çatanadək hər ay 100 manat miqdarında alimentin sabit pul məbləğində tutularaq ona verilməsinə dair hissəyə gəlincə isə bildirir ki, məhkəmə həmin hissədə də düzgün nəticəyə gəlməyib. Çünki oğlu körpədir. Ona görə də o, işləyə bilmir. Daimi olaraq ona baxır. Qanunun tələbinə görə də cavabdeh uşaq üç yaşına çatana kimi ona maddi cəhətdən köməklik etməlidir. Hesab edir ki, qətnamə həmin hissədə ləğv olunmalı və iddia tələbi həmin hissədə də tam təmin olunmalıdır. Məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

14. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34.İV Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Maddə 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi andan tutulur. Maddə 101.2. Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır.

18. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyası: Maddə 18. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin.

19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

22. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə Nəsirova (Orucova) Aygün Təhməddin qızı arasında 30 may 2022-ci il tarixdə Sumqayıt Asan xidmət mərkəzi qeydiyyat şöbəsində rəsmi nikah bağlanmışdır. Onların birgə nikahdan bir yetkinlik yaşına çatmayan övladları vardır. Hal-hazırda iddiaçı cavabdehin uşağın saxlanılmasına laqeyd münasibətinin olmasını bildirərək yetkinlik yaşına çatmayan uşağına görə 235 manat sabit pul məbləğində alimentin təyin edilməsini və üç yaşına çatanadək hər ay 100 manat miqdarında pul vəsaitinin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir.

24. Göründüyü kimi məhkəmə qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 210 (iki yüz on) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixindən hesablanması, Cavabdeh ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin alınaraq İddiaçı verilməsi, Cavabdeh dövlət rüsumu qismində 45 (qırx beş) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

25. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin digər nikahdan olan uşağının qanunla qorunan mənafeləri iddiaçı ilə nikahından olan uşağının mənafeyindən üstün deyildir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Məhkəmə hər iki nikahdan olan uşaqların mənafelərini eyni dərəcə qorumağa çalışmalıdır. Beləliklə, məhkəmə hər iki tərəfin mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 210 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir.

26. Bundan başqa məhkəmə iddianın X3 3 yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulan alimentdən əlavə 100 manat məbləğində pul tutulmasına dair hissəsinə münasibətdə bildirmişdiir ki, ər-arvadın bir-birini saxlamaq vəzifəsinin əsasları Ailə Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi ər-arvadın uşağın doğulduğu andan üç il ərzində bir-birinə maddi cəhətdən kömək etməsi onların bunun üçün zəruri vəsaitə malik olduqları halda mümkündür. Lakin hazırkı işdə iddiaçı tərəfindən məhkəməyə cavabdehin ona maddi cəhətdən kömək etməsi üçün zəruri vəsaitə malik olduğunu təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir.

27. Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(060)- 4349/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Kollegiya hesab edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gələrək iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

30. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edir.

31. Belə ki, göründüyü kim apellyatorun şikayətinin əsas dəlili uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ ilə bağlı olmaqla iddianın tam təmin edilməsi mübahisələndirilmişdir.

32. Kollegiya qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımaqla yanaşı, aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.

33. Aliment məsələləri həll edilərkən, alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, hüquqlarını pozmamalıdır.

34. İşin müəyyən edilmiş faktiki hallarına istinadən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda alimentin daha yüksək həddə müəyyən edilməsi bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etməklə, alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş miqdarda alimentin müəyyən edilməsini məhkəmə hər iki tərəfə münasibətdə ədalətli və işin faktiki hallarına, tərəflərin əmlak vəziyyətinə uyğun hesab edir.

35. Kollegiya valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarını, tərəflərin əmlak mənafelərini, cavabdehin qazancını və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, aliment məbləğinin müəyyən olunmuş hissədə dəyişdirilməsi üçün əsas yoxdur.

36. Məhkəmə kollegiyası həmçinin uşağın üç yaşınadək ananın saxlanılması üçün hər ay 100 manat miqdarında aliment tutulması hissədə də şikayətin dəlilini əsaslı hesab etmir. Belə ki, göründüyü kimi qanunverici ər və arvadın bir-birinə maddi cəhətdən kömək etmək vəzifəsini tanımaqla yanaşı bu vəzifəni digər tərəfin zəruri vəsaitə malik olması ilə şərtləndirmişdir. Araşdırılan mübahisədən görünür ki, iddiaçı bu barədə tələb irəli sürməklə kifayətlənərək qarşı tərəfin zəruri vəsaitə malik olması, ümumiyyətlə əmlak vəziyyəti ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(060)-4349/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar