Məhkəmə qərarları › İş №2(105)-1597/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1597/2025

24.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1597/2025 24.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1416/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları

1. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə, X5 xx.xx.2020-ci il tarixdə və X4 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. Ataları Cavabdeh2, anaları Cavabdeh1dır.

2. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 iddiaçının qəyyumluğunda olmaqla, Şamaxı rayonu, Qaravəlli kəndində yaşayırlar.

3. xx.xx.2022-ci il tarixli, 49 nömrəli Sərəncamdan görünür ki, İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 qəyyumu təyin edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “aliment tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində alimentin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının himayəsində olan azyaşlı nəvələri xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək cavabdehlərdən alimentin alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə etdiyi notarial qaydada təsdiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, hər üç uşağın atası və anası hazırki iş üzrə cavabdehlərdir. Şamaxı RİH Başçısının 49 nömrəli, xx.xx.2022-ci il tarixli Sərəcamı ilə iddiaçı nəvələrinə qəyyum təyin edilmişdir. Nəvələrini özü saxlayır, cavabdehlər uşaqları ilə maraqlanmırlar və onların saxlanılması üçün heç bir maddi köməklik göstərmirlər. Aliment tələbi ilə yanaşı cavabdehlərin valideynlik hüququndan məhrum edilməsi ilə bağlı iddia ərizəsi ilə müraciət etmək istəsə də, yalnız aliment tələbi ilə müraciət etmişdir.

6. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1416/2025 qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı xeyrinə hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulması, iddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh2 və Cavabdeh1 84 manat 80 qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin.qət edilmişdir (hakim Qürur Abasov).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 79.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh1 apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(074)-1416/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, övladlarının İddiaçı tərəfindən qəyyumluğa götürülməsindən onun məlumatı olmamışdır. Uşaqlarını tərk etməmişdir, keçmiş yoldaşı Cavabdeh2 özündən xeyli yaşlı bir qadınla münasibəti olmuş, buna görə də aralarında tez-tez söz-söhbət yaranmışdır. Cavabdeh2 onu vəhşicəsinə döyməsi nəticəsində məcbur qalaraq canını qurtarmışdır. Onu vəhşicəsinə döydüyü üçün uşaqlarını ala bilməmişdir. Eyni zamanda ondan xəbərsiz olaraq nənələri uşaqları qəyyumluğa götürmüş, ondan aliment tələb edirlər. Belə ki, uşaqlarını almaq üçün dəfələrlə əlaqə saxlamasına baxmayaraq 2 ildir ki, uşaqları ona göstərmirlər. Heydər Səməndarov onun anası tərəfdən qohumudur, anası da onun tərəfini tutmuş, bundan sonra məcburən atasına sığınmışdır, uşaqlarını tələb etdikdə isə onu, atasını öldürəcəkləri ilə hədələmişlər. Buna görə də o artıq ata evinə belə gedə bilmir. Bacısı da iddiaçının qaynının oğlu ilə evlidir. Buna görə döyülsə də, hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Özü kirayə qalır, atası ürək xəstəsidir, eyni zamanda təzyiq problemləri də var. İmkanı da yaxşı deyil, özü də işləmir. Buna görə də məhkəməyə müraciət edərək uşaqlarını ala bilməmişdir. Keçmiş yoldaşı onu aldadaraq uşaqların onun himayəsinə verilməyinə dair razılıq ərizəsini almış və həmin ərizədən istifadə edərək uşaqların qəyyumluğunu anasına vermişdir. Qeyd etdiyi halları təsdiq edən fotoşəkilləri də apellyasiya şikayətinə əlavə edir. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmayıb, sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə ona hər hansı məlumat verilməmişdir. Onun məlumatı və xəbəri olmadan sözügedən qətnamə çıxarılmışdır. İddia ərizəsində nömrələr isə səhv qeyd edilib, Cavabdeh2 adına olan bildirişlər ona, ona aid olan bldirişlər isə Heydərə göndərilmişdir. Cavabdeh2 anası İddiaçı ilə əlbir olaraq həm uşaqları ona göstərməmiş, həm aliment tələb etmişdir. Bu halı təsdiq edən vatsap yazışmaları da vardır ki, orada qeyd edir ki, “3 ayın, bir də bu gündən kağız ələ gələn günə kimi olan alimenti sənə ödətdirməsən mən də əclafam”. Məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmayıb. Məhkəmə işə baxarkən sübutlara obyektiv, qərəzsiz və hərtərəfli qiymət verməyərək, iş üçün əhəmiyyəti olan halları araşdırmamış, nəticədə əsassız bə qanunsuz qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

16. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. Maddə 112.1. Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

21. Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

22. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

23. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

24. Maddə 19.1. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Cavabdeh1 apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1416/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, həmin apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və qətnamənin dəyişdirilməsi üçün əsaslıdır.

35. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

36. İşin mübahisə olunmayan hallarına görə, cavabdehlər iddiaçının qəyyumluğunda olan uşaqların valideynləridir.

37. İddiaçı uşaqların saxlanması üçün cavabdehlərdən aliment tutulmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdehlərdən hər ay sabit pul məbləği şəklində aliment tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, alimentin məbləği və alimentin müştərək qaydada tutulması barədə düzgün nəticəyə gəlməmişdir.

38. Kollegiya qeyd edir ki, cavabdehlər hər ikisi uşaqların valideyni olmaqla onları saxlamağa borcludurlar. Lakin məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin hər birinin ayrılıqda maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmalı olduğundan, aliment məbləği cavabdehlərdən müştərək qaydada tutula bilməz. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, cavabdehlərdən tutulan aliment məbləği ayrı-ayrılıqda müəyyən edilməlidir.

39. Alimentin məbləğinin müəyyən edilməsinə gəldikdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

40. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri, digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.

41. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

42. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

43. Qeyd olunanları, həmçinin uşağın üstün mənafelərinin qorunması, habelə prosessual qənaət prinsipləri rəhbər tutularaq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı xeyrinə hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulması hissəsində dəyişdirlməli, Cavabdeh1 tutulmalı olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli həddində sabit pul məbləğində, hər ay hər uşağa görə Cavabdeh2 tutulmalı olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,23 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1416/2025 nömrəli qətnaməsi – “xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı xeyrinə hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulması” hissəsində dəyişdirilsin. xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə Cavabdeh1 tutulmalı olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli həddində sabit pul məbləğində, hər ay hər uşağa görə Cavabdeh2 tutulmalı olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,23 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar