Məhkəmə qərarları › İş №2(105)-1619/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1619/2024

30.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1619/2024 30.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin tutulması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4347/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 250 manat olmaqla, cəmi iki uşağa görə 500 manat sabit pul məbləğində aliment və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu ildə cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı iki övladı vardır. xx.xx.2024-cü ildən onlar ayrı yaşayırlar. Cavabdeh ailəsinə baxmır, uşaqların saxlanması üçün ona maddi cəhətdən heç bir köməklik etmir. İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 təkbaşına saxlaya bilmir. Uşaqları çətinliklə saxlayır. Cavabdeh həm pensiya, həm də president təqaüdü alır. Həmçinin, avtomobil ustası olmaqla, maşın ehtiyyat hissələrinin satışı ilə də məşğul olur və aylıq gəliri 2500-3000 manat civarındadır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşaq üçün 250 manat olmaqia cəmi iki uşağa görə 500 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4347/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, ümumilikdə hər ay üçün 360 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 60 manat mediasiya xərcinin əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı iki övladı doğulmuş, hal-hazırda ailənin mövcudluğu faktikidir. Cavabdeh uşaqlarının saxlanılmasında iştirak etməmiş, bugünədək aliment ödəməmişdir. Uşaqlar böyüdükcə onların maddi tələbatları da artır. İddiaçı təkbaşına uşaqlarının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və məbləği barədə razılıq olmadığı üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə bu hissədə də iddia tələbi qismən təmin edilməlidir.

6. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 75, 78, 100.2-ci maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər

7. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4347/2024 nömrəli qətnaməsini dəyişdirərək, iddia tələbimin tam təmin olunması barədə qətnamə edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 360 manat məbləğində alimentlə bir ay ərzində iki uşaq saxlamaq mümkün deyil. Çünki yaşayış minimumu 2024-cü ildə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunub. İddia tələbində hər uşağa görə 250 manat aliment tələb etmişdir. Hesab edir ki, məhkəmə 2024-cü il üçün yaşayış minimumum haqqında qanunun tələbinə əsasən 235 manat aliment müəyyən edə bilərdi. Lakin işə baxan məhkəmə əsassız olaraq alimenti az məbləğdə müəyyən etmişdir. Halbuki qanunverciliyin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Analoji işlərdə məhkəmə bir uşaq üçün 235 manat aliment müəyyən edir. Lakin məhkəmə bütün bu halları nəzərə almayaraq 2024-cü il üçün yaşayış minimumu haqqında qanunun və Uşaq Hüquqları haqqında Qanunun 13-cü maddəsini tətbiq etməməklə maddi normaları pozmuşdur. Ona görə də hesab edir ki, qətnamə dəyişdirilməli və ərizəmin tam təmin olunması barədə qətnamə çıxarılmalıdır. Cavabdeh 2ci qrup müharibə əlilidir və ümumilikdə 763,85 manat pensiya alır. Bundan əlavə o, maşın ustasıdır və maşının ehtiyyat hissələrinin satışı ilə məşğuldur. Aylıq gəliri 2500-3000 manat təşkil edir. Həmçinin o, vergi ödəyicisidir. Məhkəmə gedişatında alimentin az müəyyən olunması üçün o, VÖEN-ni bağlatdırmışdır. Bundan əlavə cavabdehin mülkiyyətndə və istifadəsində avtomobillər var. Bütün bunlarla təsdiq olunur ki, həmin şəxsin gəliri yüksəkdir. Həmçinin məhkəmənin diqqətinə çatdırır ki, özü də böyrək çatışmazlığından əziyyət çəkir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, qarşı tərəfin bu dəlilləri tam əsassızdır. Azərbaycanın Konstitusiya quruluşunun və ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə sağlamlığını itirməklə 2-ci qrup əlil olmuş, bir ayağı amputasiya edildiyi üçün normal hərəkət qabiliyyətindən məhrumdur. Vaxtı ilə vergi ödəyicisi olsa da sonradan yaşa dolduqca səhhətində ağırlaşmalar ona güc gələrək əmək qabiliyyətinin tamamilə itirilməsinə səbəb olmuş və bu səbəbdən də o, 2023-cü ilin noyabr ayından fəaliyyətini dayandırmış və hər hansı bir gəliri olmadığı üçün tərəfindən ödəmələr də aparılmamışdır. Bundan başqa 736 manat (Prezident təqaüdü ilə birlikdə) pensiya alır və hazırda özünü sərbəst idarə edə bilmədiyi üçün kənar şəxslərin yardımına ehtiyacı vardır. Belə ki, paltarlarını yuyan, yeməyini bişirən və onaə qulluq edən şəxs olmalıdır ki, yaşaya bilsin və bu məsrəfləri, məhkəmə qətnaməsi ilə qət edilmiş alimenti çıxdıqda isə ona yeməyə belə pul qalmır. Üstəlik mütəmadi dava-dərman müalicələri də qəbul etməlidir. Göründüyü kimi bu kimi maddi sıxıntılar yaşayır, Lakin iddiaçı pensiya aldığı və işlədiyi, qazanc və gəlirinin olduğu halda ondan tutulan alimentin az olduğunu bildirir. Apellyasiya şikayətində bir uşağın saxlanılması minimumunun 235 manat olduğunu vurğulayır və ondan tutulan pensiyanın hər uşaq üçün 180 manat olduğunu nəzərə alsa, hər uşağa çatmayan 55 manat vəsait xərcləməyi özünə çox bilir, bu məbləğ 2 uşağa 110 manat təşkil edir, əgər uşaqların saxlanılmasında hər 2 valideyn iştirak etməlidirsə, bərabər vəzifə daşıyırlarsa, onda nə üçün 2-ci qrup Müharibə əlili bütün məsrəfləri qarşılamalıdır? İddiaçı isə bir ana kimi 2 uşağa nə üçün 110 manat vəsait belə vermək istəmir, əgər o uşaqlarına pul sərf etmək istəmirsə, onda uşaqları ona versin, onları 380 manat vəsaitlə saxlaya bilər, uşaqları da ona hərəkət qabiliyyəti olmayan atalarına mənəvi dayaq olarlar. Onu da qeyd edir ki, məhkəmə qətnaməsi ilə aliment 2024-cü ilin iyun ayından tutulduğu üçün bu 4 ay ərzində toplanan borca görə pensiyasının 70 faizi tutulur, yerdə qalan vəsait bu gün onun qida tələbatını belə ödəmir, onu ağır bir maddi sıxıntıya salmışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, İİ qrup əlildir, əlillərə verilmiş nəqliyyat vasitələrinin təmiri ilə məşğul olmuş, indi isə səhhəti ilə əlaqədar işləyə bilmir. İş materiallarında olan fotoşəkildə ki nəqliyyat vasitəsi daha əvvəl torpağını sataraq almışdır, hazırda onu da satıb. İddiaçı işləyir, klinikada tibb bacısı işləyir, həm də İİİ qrup əlildir, 360 manat alır. Yığılıb qalan borcuna görə pensiyasının 70 faizini tutublar. Hazırki gündə müalicəyə ehtiyacı var, maddi imkanı aşağıdır. Həyətində, öz qarajında təmirlə məşğul olub. Təyin edilən alimentdən artıq ödəniş etməyə imkanı yoxdur.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir.

12. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Zeynalova (Məmmədova) Günay Ağaməmməd qızı arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1385 № ilə qeyd edilmişdir.

14. MŞS/MT030/2024-00902 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi barədə razılığa gəlməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci İddiaçı ödəmişdir.

15. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2011ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı iki övladı vardır.

16. “AZEMİS” sistemindən sorğu edilərək alınmış məlumatdan görünür ki, Cavabdeh 2-ci qrup müharibə əlilidir və ümumilikdə 763,85 manat (400 manat və 363,85 manat) pensiya və təqaüd alır. İddiaçı Ağamməd qızı İİ qrup əlildir və 363,87 manat pensiya alır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyası

17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsi

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.

21. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

22. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4347/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni aliment məbləğinin müəyyən edilməsi hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razışaraq qeyd edir ki, iddiaçı cavabehin aylıq 22500-3000 manat gəlir əldə etdiyini iddia etsə də buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa iddiaçı da müavinət almaqla, həmçinin cavabdeh iddiçının da işlədiyini iddia etmişdir. Məhkəmə kollegiyası iddiaçının da işləmək imkanlarının mövcudluğunu, cavabdehin 2-ci qrup əlil olmaqla əmək qabiliyyətinin məhdudluğunu, tərəflərin hər ikisinin valideyn kimi uşaqlarını saxlamaq vəzifəsini, 2024-cü il üçün yaşayış minumumu məbləğinin ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmasını və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş hər uşaq üçün 180 manat aliment məbləğinin qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən kəskin az olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehdən hər uşaq üçün tutulan alimentin miqdarının 180 manat sabit pul məbləğində müəyyən edilməsi işin faktiki hallarına uyğun olmuşdur.

25. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti isə təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4347/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4347/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar