Məhkəmə qərarları › İş №2(105)-1625/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1625/2024

07.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1625/2024 07.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənəvi zərərə görə təzminat) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdn ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərə görə təzminat” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “mənəvi zərərin tutulması” barədə qarşılıqlı iddialarlna dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(031)-405/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “mənəvi zərərə görə təzminat” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mənəvi zərərə görə 6600 manat pulun və 87 manat dövlət rüsumunun, cəmi 6687 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onun əsaslandırılmışdır ki, Cavabdeh onun tələbə yoldaşı olmuşdur. Cavabdeh onu Azərsu ASC-nin Xızı rayon su kanal idarəsində labarant vəzifəsinə işə düzəldəcəyini bildirmiş və bunun üçün 1500 manat pul vəsaitinin lazım olduğunu bildirmişdir. O da Cavabdeh 1400 manat məbləğində pul vermiş, 100 manatı da, sənədləşmə vaxtı verəcəyini bildirmişdir. O, işə düzəlmək üçün imtahandan və müsabiqələrdən keçmiş, lakin bir müddət sonra ona zəng gəlmişdir ki, işi alınmamışdır. Səbəbi barədə konkret bir söz deməmişlər. Bundan sonra o, Muradla danışmış və işinin alınmadığını bilmişdir. Murad da ona pulu qaytara biləcəyini demişdir. O, Murada bildirmişdir ki, pulu faizə götürdüyünə görə ona faizi ilə birlikdə 2500 manat ziyan dəymiş, o, 7-8 ay işləmədiyinə görə əlavə olaraq 5000 manat mənəvi-psixoloji zərərə görə təzminat pul istəmişdir. Murad ona 2500 manat verə biləcəyini demişdir. Lakin o, 2500 manatla razı olmamış və bundan sonra polisə müraciət etmişdir. Sumqayıt ŞPİ-nin 28 noyabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Onun cavabdehə pul köçürməyini whatsapp yazışmaları və "Cinayət işinin başlanmasının rədd edilməsi" haqqında qərar təsdiq edir. Həmin qərarda Cavabdeh ondan 1500 manat pul aldığını etiraf etmişdir. Cavabdeh hərəkəti nəticəsində mənəvi psixoloji sarsıntı keçirmişdir. Uzun müddət əsəb gərginliyi şəraitində 8 aydan artıq işsiz qalmışdır. Ona dəymiş maddi və mənəvi zərərə görə cavabdehdən 8000 manat pul istəmişdir. Lakin cavabdeh cəmi 1400 manat pul ona qaytarmışdır. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh İddiaçı qarşı “mənəvi zərərin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək onun şərəf və ləyaqətini alçaldan və onu fiziki və mənəvi iztirablara məruz qoyan cavabdeh İddiaçı 10000 manat məbləğində ona dəymiş mənəvi zərərin əvəzinin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında olan mübahisə zəminində Sumqayıt ŞPİ-yə onun barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Sumqayıt ŞPİ-də tərəflər dinlənilmiş, izahatları alınmış və xx.xx.2023-cü il tarixli qərarı ilə şikayətin əsassız olduğu və işdə cinayət tərkibi olmadığından rədd edilməsi barədə qərar çıxarılmışdır. İddiaçı yenidən mülki qaydada verdiyi “mənəvi zərərə görə təzminat” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçıdan aldığı 1400 manatı ona qaytarmışdır. Lakin o, əsassız olaraq ondan faizlə kimliyi bəlli olmayan şəxsdən pul götürdüyünü və 6600 manatı tələb edir. İddiaçı əsassız olaraq onun hərbi xidmətdən yayınması barədə aidiyyəti orqanlara şikayət etmişdir. Dəfələrlə əsassız yerə borcu qaytarmağı tələb edib. O, borcu qaytardığını bildirsə də, İddiaçı heç bir fakta söykənməyən, kiminsə şahidliyi ilə təsdiqlənməyən faizlə götürdüyünə görə 2500 manat borc yarandığını təkidlə tələb edir. Həmçinin guya 7-8 ay onun ucbatından işləmədiyinə görə 5000 manat borcun yarandığını hər dəfə bildirirdi. Bu zəmində o, onu təhdid edərkən evdə anası bu söhbətlərini eşidib və səhhətində çox ciddi problemlər yaranmışdır. Bütün bu olaylar əsasında ailələrində yaşayışları dözülməz həddə çatmışdır. Hesab edir ki, onun şərəf və ləyaqətini alçaldan və onu fiziki və mənəvi iztirablara məruz qoyan cavabdeh İddiaçı 10000 manat məbləğində ona dəymiş mənəvi zərərin əvəzi tutularaq ona ödənilməlidir.

5. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında olan mübahisə zəminində Sumqayıt ŞPİ-nə onun barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Sumqayıt ŞPİ-də tərəflər dinlənilmiş, izahatları alınmış və xx.xx.2023-cü il tarixli qərarı ilə şikayətin əsassız olduğu və işdə cinayət tərkibi olmadığından rədd edilməsi barədə qərar çıxarılmışdır. Bu səbəbdən iddiaçının yenidən mülki qaydada verdiyi “mənəvi zərərə görə təzminat” tələbinə dair iddia ərizəsinə etiraz edir. İddiaçı “mənəvi zərərə görə təzminat” tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Sumqayıt ŞPİ-nin 28 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarına əsasən toplanmış material üzrə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir.

7. 06.03.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ilkin iddia üzrə iddiaçı tərəfindən mülki işin Şabran Rayon Məhkəməsində baxılması üçün 87 manat dövlət rüsümu ödənilmişdir.

8. 16.04.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mülki işin Şabran Rayon Məhkəməsində baxılması üçün 120 manat dövlət rüsümu ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

9. Şabran Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(031)-405/2024 nömrəli qətnaməsi ilə (hakim Könül Mirzəfərova) ilkin iddia tələbinin qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pulun tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, ilkin iddia tələbi üzrə ödənilmiş 87 (səksən yeddi) manat dövlət rüsumunun ilkin iddia üzrə Cavabdeh aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənəvi zərərin tutulması tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin 1 və 2-ci hissələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 və 23.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 216-237-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

11. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(031)-405/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qətnamə ilə razı deyil. Belə ki, iddiaçı ilə aralarında olan mübahisə zəminində Sumqayıt ŞPİ-nə onun barəsində şikayət ərizəsi ilə müraciət edilmişdir. Sumqayıt ŞPİ-də tərəflər dinlənilmiş, izahatları alınmış və xx.xx.2023-cü il tarixli qərarı ilə şikayətin əsassız olduğu və işdə cinayət tərkibi olmadığından rədd edilməsi barədə qərar çıxarılmışdır. Bu səbəbdən iddiaçı yenidən mülki qaydada “mənəvi zərərə görə təzminat” tələbi ilə müraciət etmişdir. İddiaçıdan aldığı 1400 manatı ona qaytarmışdır. Lakin o, əsassız olaraq ondan faiz ilə kimliyi bəlli olmayan şəxsdən pul götürdüyünü və 6600 manatı tələb etmişdir. İddiaçı əsassız olaraq onun hərbi xidmətdən yayınması barədə aidiyyəti orqanlara şikayət etmişdir. Bildirmək istəyir ki, o, həqiqi hərbi xidmətə çağırılarkən USM-nə göndərilmiş və “öd kisəsi boşluğunda qatı öd və dib hissə, arxa divaryanı sahədə - 0,35x 0,33 sm ölçülü exopozitiv əlavə-polip” aşkar olunmuşdur. Bunun əsasında o, 3 il müddətinə hərbi xidmətdən azad olunmuşdur. Elçinin şikayəti əsasında o, təkrarən bir dəfə Qobuda, bir dəfə isə xx.xx.2024-cü il tarixdə Milli Onkologiya Mərkəzinə ultrasəs ilə müayinə olunması üçün göndərilmişdir. Həmin diaqnoz təkrarən çıxarılmışdır. Hər dəfə şüa qəbulundan səhhətində ciddi problemlər yaranıb, artıq saçları tökülüb. Dəfələrlə ondan əsassız yerə borcunu qaytarmağı tələb edib. Ona olan borcunu qaytarmağı bildirsə də, o heç bir fakta söykənməyən, kiminsə şahidliyi ilə təsdiqlənməyən faizlə götürdüyünə görə 2500 manat borc yarandığını təkidlə israr edib. Həmçinin guya 7-8 ay onun ucbatından işləmədiyinə görə 5000 manat borcun yarandığını hər dəfə bildirirdi. Bu zəmində onu təhdid edərkən evdə anası bu söhbətləri eşidib və səhhətində çox ciddi problemlər yaranıb. Belə ki, onun ürəyində problemlər yaranıb, damarlarında tıxanıqlıq yaranıb. Səhhətində çox ciddi fəsadlar yaranıb. Bütün bu olaylar əsasında ailələrində yaşayış dözülməz həddə çatıb. X2 da bütün bu xoşagəlməz olaylar zəminində çox stress yaşayıb. İddiaçı əməllərindən, onu əsassız yerə narahat etməsinə son qoyulmasından ötrü ona rəsmi xəbərdarlıq edilməsi, ona və ailəsinə qarşı hər hansı bir qeyri-qanuni hərəkətlərə yol verilməməsi (onları narahat etməməsi) üçün axırıncı xəbərdarlıq olunmaqla, haqqında ciddi tədbir görülməsi barədə Sumqayıt şəhər Polis İdarəsinə rəsmi məktub ünanlamışdır. Lakin bütün bunlara rəğmən onun və ailəsiin mənəvi zərər gördüyü halda məhkəmə əsassız olaraq, İddiaçı uzun müddət işsiz qaldığına görə 500 manat mənəvi zərər qismində, həmçinin 87 manat ilkin iddia tələbi üzrə ödənilmiş 87 manat dövlət rüsumunun cavabdeh kimi tutularaq ona ödənilməsini qət etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

15. İlk iddia üzrə İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(031)-405/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – təmin olunan hissədə ləğv olunmalı və ilk iddia rədd edilməlidir.

21. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı işə düzəltmək adı ilə 1400 manat məbləğində pul almışdır. İddiaçı özünün də etiraf etdiyi kimi Cavabdeh həmin pulu geri qaytarmışdır. Lakin iş düzəlmədiyi üçün İddiaçı mənəvi psixoloji sarsıntı, əsəb gərginliyi keçirdiyini, 8 aydan artıq işsiz qaldığını iddia edərək araşdırılan tələblər məhkəməyə müraciət etmişdir. Eləcə də X12 Novruzovun ondan əsassız olaraq artıq məbləğdə pul tələb etməsi nəticəsində, şərəf və ləyaqətinin alçaldığını fiziki və mənəvi iztirablara məruz qaldığını iddia etmiş və qarşılıqlı iddia tələbi ilə çıxış etmişdir.

22. Birinci instansiya məhkəməsi tərəfindən ilkin iddia tələbinin qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pulun tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, ilkin iddia tələbi üzrə ödənilmiş 87 (səksən yeddi) manat dövlət rüsumunun ilkin iddia üzrə Cavabdeh aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənəvi zərərin tutulması tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir.

23. İlk iddia üzrə Cavabdeh birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq, apellyasiya şikayəti vermişdir.

24. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

25. “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarının təfsirində səhvə yol vermiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, ilk iddianın qismən təmin olunması barədə düzgün qərara gəlməmişdir.

27. Göründüyü kimi ilk iddia tələbi mənəvi zərərə görə 6600 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədədir.

28. Birinci instansiyasi məhkəməsi ilk iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən göstərmişdir ki, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı işə düzəltmək adı ilə 1400 manat məbləğində pul almışdır. İlkin iddia üzrə Cavabdeh özünün də etiraf etdiyi kimi həmin pulu ilkin iddia üzrə İddiaçı geri qaytarmışdır. Lakin o, uzun müddət həmin pulu özündə saxlamış, nəticədə İddiaçı uzun müddət işsiz qalmış və mənəvi sarsıntı keçirmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə Cavabdeh 500 manat mənəvi zərər qismində tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməlidir.

29. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, qarşılıqlı iddia tələbi sübuta yetirilmədiyindən təmin edilməməlidir.

30. Kollegiya birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin edilməsinə dair gəldiyi nəticə ilə razılaşmır. Kollegiya mövqeyini aşağıda şərh olunanlarla əsaslandırır:

31. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.

33. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

35. Lakin Plenum izah edir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

36. Kollegiya hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün zərərin vurulmasına səbəb olan hadisənin və iş üzrə tərəflərin qarşılıqlı münasibətlərinin xarakteri, həmin hüquq münasibətləri ilə bağlı mənəvi təzminat ödənilməsinin qanuniliyi ilk növbədə müzakir edilməlidir.

37. Kollegiya qeyd edir ki, araşdırılan mübahisənin təhlili göstərir ki, ilk iddia üzrə İddiaçı işə düzəlmək istəmiş, bu barədə bilən ilk iddia üzrə Cavabdeh müəyyən pul məbləği müqabilində işə düzəldə biləcəyini bildirmiş, Elçin bu təkiflə razılaşaraq Murada tələb etdiyi pul məbləğini vermiş, lakin Elçin işə düzəlməmiş, nəticədə tərəflər arasında mübahisə yaranmışdır.

38. Kollegiya zərərin vurulmasına səbəb olan hadisənin xarakterini təhlil edərək hesab edir ki, tərəflərin qarşılıqlı hərəkətləri mənəvi zərərə görə təzminat tələbini irəli sürmək hüququnun istisna edilməsi kimi qiymətləndirmə aparmağa əsas verir. Kollegiyanın qənatincə bu mövqe qanunvericiliyin ümumi prinsiplərinə də uyğundur.

39. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(031)-405/2024 nömrəli qətnaməsi qismən - ilk iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və ilk iddia təmin olunmamalıdır. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İlk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(031)-405/2024 nömrəli qətnaməsi qismən – ilkin iddia tələbi qismən təmin edilsin, ilkin iddia üzrə Cavabdeh mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pulun tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin, ilkin iddia tələbi üzrə ödənilmiş 87 (səksən yeddi) manat dövlət rüsumu ilkin iddia üzrə Cavabdeh aid edilsin- hissəsində ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul edilsin, ilk iddia təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar