Məhkəmə qərarları › İş №2(105)-1640/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1640/2023

09.08.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1640/2023 09.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(060)-4704/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim A.Behbudova) İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvi tələbi barədə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılması, İddiaçı göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunması, İddiaçı xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılması, qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4704/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4704/2023 nömrəli qərardadından verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, sahəsi 65.3 kv.m olan 80 saylı mənzilin Cavabdeh bağışlanmasına dair Sumqayıt şəhər 1 saylı DNK-da bağlanmış 21 avqust 2022-ci ildə bağlanmış 4ə-328 reyestr nömrəli bağışlama müqaviləsinin ləğvi və həmin müqavilə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, Konkret halda notariat kontorunda bağlanmış bağışlama müqaviləsini mübahisələndirmiş, həmin müqavilənin ləğvi ilə bağlı onu bağlayan notariat kontoruna müraciət etmiş, ona bildirilmişdir ki, artıq həmin mənzilə dair çıxarışı cavabdeh öz adına aldığı üçün müqavilə hətta razılıq olduğu halda ləğv oluna bilməz, bunun üçün həmin çıxarış ləğv edilməlidir. Qarşı tərəflə bir ünvanda yaşayır və cavabdeh də müqaviləni ləgv etdirmək istəyindən xəbərdardır, lakin artıq çıxarış aldığı üçün məhkəmədənkənar ləğv edilməsi mümkünsüzdür, cavabdehlə hazırda da bir mənzildə yaşayır. Məhkəmə cavabdehin fikrini də öyrəndikdən, ona müqaviləni razılıq əsasında ləğv edilməsi ilə bağlı müraciət edib-etməməyini soruşmadan iddia ərizəsini geri qaytarmışdır. Cavabdeh hətta müqaviləni ləğv etməyə razılıq versə də, bu müqavilə yalnız məhkəmə qətnaməsi ilə ləğv oluna bilər. Məhkəmənin istinad etdiyi digər müqavilələr icra edilməyən müqavilələrə (məsələn borc, kredit, öhdəlik, malın satışı, alışı və s) aiddir ki, bu halda tərəf müqavilə üzrə öhdəliyi tələb edir, ilk öncə qarşı tərəfə könüllü icra barədə məktub-pretenziya göndərir, lakin onun mübahisələndirdiyi müqavilə artıq icra edilmiş və hətta tərəflərin iradəsi ilə geri dönüşü olmayan müqavilədir ki, bu müqavilənin pretenziya qaydasında həlli mümkünsüzdür. Qanunvericilikdə də «pretenziya qaydasına əməl olunması zəruri edən müqavilələr» anlayışı qeyd edilmişdir, lakin məhkəmə bu halı nəzərə almayaraq iddia ərizəsini geri qaytarmışdır. Ödənilmiş dövlət rüsumuna gəldikdə isə dövlət rüsumu tələb olunan məbləğdə-100 manat ödənilmiş və işin baxıldığı məhkəmənin hesabına mədaxil edilmiş və ödəyən də iddiaçıdır. Elektron sistemdə mövcud problemlər nəticəsində həmin məbləğin iddia ərizəsinə və ya apellyasiya şikayətinə görə ödənilməsi barədə qeyd belə hesab edir ki, xüsusi mahiyyət daşımır, məlum məsələdir ki, birinci insstansiya məhkəmələri iddia tələblərinə baxır və ödənilmiş vəsait də birinci instansiya məhkəməsinin hesabına daxil olmuşdur. Məhkəmənin bu formal məsələyə görə iddia ərizəsini geri qaytarması vətəndaşın lüzumsuz yerə vaxt itirməsinə xidmət edir və prosessual hüquqlarının pozulmasına gətirib çıxarır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardadlar ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi barədə məsələnin yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılmasını iddiaçı mübahisənin məhkəməyədək həllinə dair cavabdehin məlumatlandırılmasına dair müraciəti iddia ərizəsinə əlavə edilməməsi ilə əsaslandırmışdır. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Mülki Prosessual Məcəllənin 151.1. maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.1. maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə geri qaytarır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Qanuna əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (Mülki Prosessual Məcəllənin 149.1. maddəsi). Ərizədə ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir (MPM-nin 149.2. 149.2.1., 149.2.2., 149.2.3. 149.2.4. və 149.2.5. maddələri). Mülki Prosessual Məcəllənin 149.2.4-cü maddəsinin mənasına görə cavabdehlə mübahisənin məhkəməyəqədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatın iddia ərizəsində göstərilməsi yalnız o halda məcburidir ki, bu müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuş olsun. Əgər pretenziya qaydasına riayət edilməsinin məcburiliyi müqavilədə və ya qanunda nəzərdə tutulmamışdırsa, bu zaman həmin qaydaya riayət edilməsi barədə məlumatın iddia ərizəsində göstərilməsi bilavasitə iddiaçının öz mülahizəsindən asılıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2023-cü il və 18 iyul 2023-cü il tarixli qərardadları ləğv edilməli və iddia ərizəsinin icraata götürülməsi barədə məsələnin yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2023-cü il və 18 iyul 2023-cü il tarixli qərardadları ləğv edilsin. Şikayətin icraata götürülməsi barədə məsələnin qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər yenidən müzakirə edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar