Məhkəmə qərarları › İş №2(105)-165/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-165/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-165/2021 10.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(060)-6868/2019 saylı qətnaməsindən cavabdeh İ.Q.Khudayevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(060)-6868/2019 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddiaçı “xxxx” ASC-nin cavabdeh X3 qarşı borcun geriyə tələb edilməsi tələbinə dair iddiası təmin edilib, X2 3990 (üç min doqquz yüz doxsan) manat sığorta ödənişi məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4020 (dörd min iyirmi) manat məbləğində pulun alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh İ.Q.Khudayev apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(060)-6868/2019 saylı qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı onunla əsaslandırmışdır ki, “xxxx” ASC və Khudaev İalchın arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “İnfiniti FX-35” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh İ.Q.Khudayev xx.xx.2018-ci il tarixdə “İnfiniti FX-35” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “BMW 528” markalı, AZ555ZE dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 3990 (üç min üç yüz doxsan) manat məbləğində sığorta ödənişi həyata keçmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı Xətai RPİ DYPŞ-nin “xxxx” ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 101-122 saylı arayışa əsasən cavabdeh İ.Q.Khudayev yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Cəmiyyətə təqdim olunmuş MYİ 00391804 saylı icazə vəsiqəsinin surətinə əsasən cavabdeh İ.Q.Khudayev xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə almışdır. Hadisə ilə bağlı təqdim olunmuş cavabdeh İ.Q.Khudayev “İnfiniti FX-35” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili Gürcüstan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. Cavabdeh Khudaev İalchın yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “İnfiniti FX-35” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Ona görə də, 3990 (üç min doqquz yüz doxsan) manat sığorta ödənişi məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4020 (dörd min iyirmi) manat məbləğində pul vəsaitinin cavabdeh İ.Q.Khudayevdən tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh İ.Q.Khudayev apelyasiya şikayətini onunla əsaslanıdrmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 125, 129-cu maddələrinin, Azərbaycan Respublikası MPM-nin 9, 88, 106.1, 217, 218.1, 220.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh İ.Q.Khudayev apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırki iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlmədiklərinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib və apelyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 19-00518/01/AA-160/19 saylı “sığorta akt”ından görünür ki, xx xxxxxx 2018-ci il tarixində «İnfiniti FX-35» makralı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış “BMW 528” markalı AZ555ZE dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Maddi ziyanın ümumi məbləği 3990 (üç min doqquz yüz doxsan) manatdır. “xxxx” ASC-nin “Qüsur aktın”ın surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində, “BMW 528” markalı, AZ555ZE dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün tədqiq edilən zədələnmiş avtomobilin dəyişilməli ehtiyyat hissələrinin və təmir-bərpa işlərinin adları aşağıdakı kimi olmuşdur: İ. Ehtiyyat hissələri: ön sol təhlükəsizlik kəməri-1 ədəd 250 manat; ön bufer-1 ədəd 800 manat; ön sol fara-1 ədəd 1500 manat; ön sol dumannı-1 ədəd 250 manat; ön sol fara alt plasması-1 ədəd 150 manat; ablisovka-1 ədəd 170 manat; radar-2 ədəd 240 manat, cəmi ehtiyyat hissələri: 3360 manat. İİ. Əmək haqqı: dəmirçi-220 manat; boyaçı-280 manat; elektrik-20 manat; armaturçu-110 manat; cəmi əmək haqqı: 630 manat; yekun məbləğ 3360 manat təşkil edir. “İcbari Sığorta müqaviləsinə dair məlumat”ın surətindən müəyyən olunur ki, “İnfiniti FX-35” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə PAA********** saylı sığorta şəhadətnaməsi ilə İalchın Khudaevin adına “xxxx” ASC-də sığortalanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin AP ******* №li xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə saat 23:30-da idarə etdiyi “İnfiniti FX-35” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomaşınla Gəncə prospekti “Fovorit” marketin yaxınlığında yola bitişik ərazidən yola çıxarkən sol tərəfdən yolda hərəkət edən “BMW 528” markalı, AZ555ZE dövlət nömrə nişanlı avtomaşına yol verməyərək maşınla toqquşaraq sahibinə maddi ziyan vurmuşdur. AC seriyalı 698692 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “İnfiniti FX-35” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. ƏN-Vİ N-368075 saylı, xx.xx.2018-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X5 mülkiyyətində olan “İnfiniti FX-35” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşını bir il müddətinə Khudaev İalchına etibar etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/4019 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən nəzəri hesablama yolu ilə “xxxx” MMC tərəfindən tədim edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “BMW 528” markalı AZ555ZE dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3696 manat olduğu müəyyən edilir. İş materialları ilə müəyyən olur ki, cavabdeh İ.Q.Khudayev tərəfindən törədilmiş və onun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi ziyan dəymişdir. Avtomobil sığortalı olduğunda iddiaçı Sığorta şirkəti tərəfindən həmin məbləğ sığortalı “BMW 528” markalı, AZ555ZE dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 ödənilmiş və hazırki tələb əsasında subroqasiya qaydasında zərərvuran şəxsdən tələb edilir. Yaranmış mübahisə ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki - hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsində Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilib. Həmin qanunun 25.1.2-ci madəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması subroqasiya hüququnun yaranmasına səbəb olur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. “Subroqasiya hüququ” sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh İ.Q.Khudayev apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmişdir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi üçün əsas ola bilməz. Cavabdehin apelyasiya şikayətindən və məhkəmə kollegiyasının iclasında verdiyi yazılı vəsatətdən məlum olur ki, “BMW 528” markalı, AZ555ZE dövlət qeydiyyat nişanlı avtomobilin yararsız vəziyyətə düşməsi halı onun tərəfindən qəbul edilir, lakin o, vurulmuş ziyan məbləği ilə razılaşmır və həmin məbləğin şişirdildiyə istinad etmişdir. İş materiallarında müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisənin düzgün həll olunması üçün məhkəmə əmtəəşünaslıq-qiymətləndirmə ekspertizası təyin edilib, “BMW 528” markalı, AZ555ZE dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci müəyyən edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/4019 saylı məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən nəzəri hesablama yolu ilə “xxxx” MMC tərəfindən tədim edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “BMW 528” markalı AZ555ZE dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3696 manat olduğu müəyyən edilir. Məhkəmə kollegiyası ekspert rəyini iş üzrə toplanmış digər sübutlarla müqayisəli surətdə tədqiq edərək hesab edir ki, ekspert rəyi qanuni və əsaslı olub, işin faktiki hallarına uyğun olduğuna görə sübut kimi qəbul edilməli və hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/4019 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədiyindən ekspertiza tədqiqatına xərclənmiş 100 (bir yüz) manat məbləğində pul cavabdeh İ.Q.Khudayevdən alınıb müvafiq hesaba keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qətnaməsi - «X2 3990 (üç min doqquz yüz doxsan) manat sığorta ödənişi məbləği tutulsun» hissəsində dəyişdirilib, həmin məbləğ 3696 (üç min altı yüz doxsan altı) manat məbləğində müəyyən edilməli, qətnamə –qalan hissəsində dəyişdirilmədən saxlanılmalı və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul cavabdeh X2 alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İ.Q.Khudayevin verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(060)-6868/2019 saylı qətnaməsi – «X2 3990 (üç min doqquz yüz doxsan) manat sığorta ödənişi məbləği tutulsun» hissəsində dəyişdirilib, həmin məbləğ 3696 (üç min altı yüz doxsan altı) manat məbləğində müəyyən edilsin. Qətnamə – «X2 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı “xxxx” ASC-yə ödənilsin» hissəsində dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul cavabdeh X2 alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar