Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1657/2024 04.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1615/2024 nömrəli qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2024-cü il tarixli maliyyə arayşından görünür ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin "Binəqədi" fılialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 366 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh əldən çıxmış fayda üzrə ümumilikdə 3092,83 manat məbləğində borcu vardır.
2. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1555/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı “X5 Edilməsi Agentliyi” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(060)-1158/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, Cavabdeh kredit müqaviləsi əsasında əsas borc üzrə 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul vəsaitinin iddiaçı “X7 Edilməsi Agentliyi” MMC-nin xeyrinə tutulması, tələbin ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə cavabdeh X2 məxsus **-FS-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21723” markalı (buraxılı; ili 2013, BAN-XTA217230D0250849, rəngi-ağ) avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı QSC BOKT Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 3092,83 manat məbləğində dəymiş zərər və əldən çıxmış faydanın həmçinin ödənilmiş 50,93 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı QSC BOKT iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 10İS saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfin dən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1374 saylı, 10 noyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Belə ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin "Binəqədi" fılialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 366 nömrəli kredit müqaviləsinə əsasən, bank Cavabdeh 36 ay müddətinə 8 900 (səkkiz min doqquz yüz) manat məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə görə kredit üzrə istifadə olunmuş vəsaitə 20 % illik faiz borcı hesablanmalı və hər ay cədvələ uyğun olaraq banka ödənilməli idi. Borcalanın kredit öhdəliklərinin təmin edilməsi məqsədi ilə Cavabdeh və bank arasında xx.xx.2013-cü il tarixdə, 366 nömrəli ipoteka müqaviləsi bağlanmış və mülkiyyətində olan **-FS-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21723” markalı minik avtomobili (buraxılış ili 2013, Ban - XTA217230D0250849, rəngi - ağ) ipoteka müqaviləsi ilə ipoteka yüklü edilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. İddiaçı “X5 Edilməsi Agentliyi” MMC Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1555/2022 saylı qətnaməsində iddiaçı “X5 Edilməsi Agentliyi” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(060)-1158/2022 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmişdir. Cavabdeh kredit müqaviləsi əsasında əsas borc üzrə 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul vəsaitinin iddiaçı “X5 Edilməsi Agentliyi” MMC-nin xeyrinə tutulması, tələb ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus **-FS- *** dövlət qeydiyyat nişanlı, “VAZ-21723” markalı (buraxılış ili 2013, BANXTA217230D0250849, rəngi-ağ) avtomobilə yönəldilməsi, həmin əmlak açıq hərracda satılaraq, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməsi qət edilmişdir. Bildirmək istəyirlər ki, kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün kredit müqaviləsinin bitmə xx.xx.2016-cı il tarixindən xx.xx.2024-cü il tarixədək Cavabdeh əsas borc üzrə 8400 (səkkiz min dörd yüz) manat dəymiş zərər və əldən çıxmış fayda 3092,83 (üç min doxsan iki manat, 83 qəpik) manat təşkil edir. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifık xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Qeyd olunan maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini xx.xx.2016-cı il tarixədək icra etməmişdir. Həmçinin həmin maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanun qeyd edilən maddəsinə əsasən hesab edirlər ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 50,93 (əlli manat 93 qəpik) manat dövlət rüsumu cavabdehə həvalə edilməlidir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırkı işlə bağlı apellyasiya məhkəməsi qərar qəbul edib. Həmin qərara əsasən avtomobil açıq hərracda satılaraq, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməlidir. Bunun üçün avtomobil tapılmalı və onun dəyəri ölçülməlidir. Yalnız bu halda qalan məbləğ onun tərəfindən ödənilə bilər. O, bu qərar ilə razılaşmışdır. Qeyd edir ki, bank işçiləri onu aldadıblar. O, sadəcə olaraq müqaviləyə qol çəkib, müqavilənin məzmununu tam bilməyib. Əslində o, baş verən proseslərdən məlumatsız olub. Onun rəsmi iş yeri olsa da, o, 2013-cü ildən bu günə heç bir bankdan kredit götürə bilmir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, o, ümumiyyətlə bank qarşısında ipoteka ilə yüklü edilmiş qeyd edilən maşını görməyib. İcrada ödəniş etməməsinin səbəbi odur ki, o, maşının tapılmasını, dəyərləndirilərək satılmasını və onun payına qalan hissəni öyrənmək istəyir, bundan sonra ödəniş edəcəkdir. Bankın əməliyyatçıları maşını tapmış, ona zaminlik müqaviləsinə qol çəkməyi təklif etmiş və qarşı tərəfin ödəniş edəcəyini bildirmişlər. Hətta bununla əlaqədar onun qarşı tərəfə etibarnamə verməli olduğunu da bildirmişdirlər. Lakin o bu təkliflə razılaşmamışdır. Hesab edir ki, pulun ödənilməsində gecikmənin olmasının səbəbi o deyil, o, faiz məbləğini ödəməməlidir. Pulun gecikmə səbəbi bankdır. Bank istəsəydi, maşını tapa bilərdi. Hazırda maşın yaxşı vəziyyətdə tapılsa, o, həmin maşına özünə götürüb 8400 manat ödəniş etməyə də hazırdır. Bundan başqa onun maddi vəziyyəti yaxşı deyil. Ailəlidir, himayəsində 2 uşağı var, kirayədə yaşayır. Qeyd edilən hadisələrlə bağlı polisə və ya prokurorluq orqanlarına müraciət etməmişdir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1615/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 536,66 (beş yüz otuz altı manat altmış altı qəpik) manat borcun və ödənilmiş manat dövlət rüsumunun 10 (on) manat hissəsinin tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.2.1, 739.1, 743, 746.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı QSC BOKT apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1615/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisləndirilən qətnamədə məhkəmə qeyd etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə yalnız xx.xx.2016cı il tarixdən xx.xx.2024-cü il tarixədək (iddia tələbi həddində) illik 5 (beş) faizlə hesablanmış 536,66 (425.83+110.83) manat borcun tutulması qənaətinə gəlir. Mübahisələndirilən qətnamədə hakim qeyd etmişdir ki, mülki iş üzrə iddia ərizəsində və ərizəsinə əlavə etdiyi bəzi sənədlərdə cavabdehdən tutulmasını xahiş etdiyi pul məbləğini əldən çıxmış fayda adlandırsa da ərizənin məzmunundan görünür ki, iddiaçının cavabdehdən tutulmasını xahiş etdiyi 3092,83 manat 8400 manat əsas borca xx.xx.2016cı il tarixindən xx.xx.2024-cü il tarixədək illik 5 faizlə hesablanmış borc məbləğindən ibarətdir və cavabdehdən tərəflər arasında bağlanmış müqavilənin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşməsi ilə əlaqədar müqavilədə nəzərdə tutulmuş faiz borcu belə tutulmadığı halda, iddiaçının həmin dövrə görə (xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixədək (qətnamə çıxan günədək) yenidən illik 5 faizlə faiz borcunu tələb etməsi ədalətli və ağlabatan olmaması qənaətinə gəlir. Beləliklə Cəmiyyət tərəfindən görülmüş tədbirlər onu sübut edir ki, iddiaçı xx.xx.2022-ci il tarixli, 2(010)-1555/2022 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin qətnamənin icrasının təmin edilməsi üçün bütün zəruri tədbirləri görmüş, lakin cavabdeh öhdəliyin icrasını gecikdirir, bu da bilavasitə cavabdehin öhdəliklərini icra etmədiyinə dəlalət edir.
10. Bundan əlavə, iş materiallarında olan xx.xx.2024-cüil tarixli maliyyə arayışından da görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək 8400 (səkkiz min dörd yüz) manat əsas borca gecikdirilmiş vaxt üçün illik beş faizlə 3092,83 (üç min doxsan iki manat,83 qəpik) manat məbləğində gecikdirilmiş borc hesablanması açıq şəkildə göstərilsə də, məhkəmə bunu nəzərə almamışdır. Belə ki, cavabdehin öhdəliyini icra etməməsi onu sübut edir ki, borc öhdəliyi cavabdehin üzərindədir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məlumat verməmişdir.
14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
18. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.
19. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
20. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Apellyasiya şikayətindən görünür ki, İddiaçı QSC BOKT Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1615/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı qətnamənin tam ləğvini xahiş etsə də, iddia qismən təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının izahatınl dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbinin qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
35. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin "Binəqədi" fılialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 366 nömrəli kredit müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə əsasən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Hazırda İddiaçı QSC Cavabdeh xx.xx.2016-cı il tarixindən xx.xx.2024-cü il tarixədək ümumilikdə 3092,83 (üç min doxsan iki manat, 83 qəpik) manat məbləğində dəymiş zərər və əldən çıxmış faydanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Beləliklə, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək 8400 manat əsas borca gecikdirilmiş vaxt üçün illik beş faizlə 3092,83 manat məbləğində dəymiş zərər və əldən çıxmış faydanın tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi isə xx.xx.2022-ci tarixdən xx.xx.2024-cü tarixədək (iddia tələbi həddində) illik 5 faizlə hesablanmış məbləğin tutulmasını qət etmişdir.
37. İddiaçı apellyasiya şikayətinin dəlillərində ona istinad edir ki, cavabdeh öhdəliyin icrasını gecikdirir, bu da bilavasitə cavabdehin öhdəliklərini icra etmədiyinə dəlalət edir. Məhkəmə kollegiyası dəlillərlə razılaşmayaraq qeyd edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1555/2022 saylı qətnaməsi ilə iddiaçı cavabdehlə olan kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsində cavabdehə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməsinə və sonuncunun bundan imtina etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən, həmçinin cavabdehin restrukturizasiya ilə bağlı banka müraciət etməməsi iddiaçının keçmiş kredit borcuna görə ondan qalıq borcla yanaşı cərimə və faiz tələb etməsinə əsas vermədiyindən Cavabdeh kredit müqaviləsi əsasında ancaq əsas borc üzrə 8400 manat məbləğində pul vəsaitinin iddiaçı “X5 Edilməsi Agentliyi” MMC-nin xeyrinə tutulması qət edilmişdir.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1555/2022 saylı qətnaməsi ilə məhkəmə aktının qəbul edildiyi tarixə qədər tərəflər arasında olan əsas və faiz borcunun tutulması ilə əlaqədar münasibətlərə hüquqi qiymət verilmiş, cavabdehdən yalnız əsas borcun tutulması qət edilmişdir. İddia ərizəsinin məzmunundan, eləcə də apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçının cavabdehdən tutulmasını xahiş etdiyi 3092,83 manat məbləğində pul vəsaiti 8400 manat əsas borca xx.xx.2016-cı il tarixindən xx.xx.2024-cü il tarixədək illik 5 faizlə hesablanmış borc məbləğindən ibarətdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
40. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
41. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1615/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1615/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.