Məhkəmə qərarları › İş №2(105)-757/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-757/2025

04.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-757/2025 04.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qarşı mülki iş üzrə (Açar söz: dəymiş ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-214/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı “dəymiş ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1427 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli nisyə satış müqaviləsi ilə cavabdehin Sumqayıt filialından 1872 manat qiyməti olan televizor almışdır. Televizorun qarantiya müddəti 1 il olub. İddiaçı 1 il 3 ay müddətində həmin pulun 1427 manatını ödəmiş, 445 manat məbləğində borcu qalmış, lakin 1 il 3 aydan sonra televizor göstərməmiş, onda xətlər əmələ gəlmiş, daha sonra isə tamamilə sönmüş və bir daha göstərməmişdir. Televizora heç bir müdaxilə olmadan xarab olduğunu, işləmədiyini cavabdehin Sumqayıt şəhərindəki filialına bildirmiş, filial nümayəndəsi cavabdeh təşkilatla əlaqə saxlamış və ona bildirilmişdir ki, əgər qüsur zavod qüsuru olsa dəyişə bilərlər və onların məsləhəti ilə evə televizoru yoxlamağa usta göndərdilər. Usta televizoru yoxlamış və bildirmişdir ki, televizorda istehsal xarakterli qüsur var. Satış müqaviləsi bağlananda satıcı televizorun rəngini qəsdən elə tündləşdiribmişdir ki, ondakı defekt qarantiya müddəti ərzində, yəni 1 il ərzində bilinməsin. Usta onun yanında filial nümayəndəsi ilə əlaqə saxlayıb ona televizorun istehsal qüsurlu olduğunu bildirmişdir. Bu barədə akt tərtib etməsini xahiş etsə də usta buna cavabdeh tərəfindən icazə verilmədiyini demişdir. Bundan sonra dəfələrlə cavabdehin Sumqayıt filialına müraciət etmiş, lakin onlar televizoru dəyişməmiş, əlavə 800 manat ödədiyi təqdirdə televizordakı qüsuru aradan qaldıra biləcəklərini bildirmişlər. Bunun müqaviləyə və qanuna zidd olduğunu, əlavə 800 manat ödəməli olmadığını və televizordakı qüsurun istehsal qüsuru olduğunu bildirsə də faydası olmamış, cavabdeh təşkilat nə televizoru geri götürüb ödəmiş olduğu pulu geri qaytarmış, nə də ki, televizoru dəyişib yenisini verməmişdir. Buna görə də iddiasının təmin edilməsini xahiş etmişdir.

3. Daha sonra İddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edilərək, Cavabdeh MMC-dən iddiaçıya vurulan 1427 manat məbləğində ziyanın, 150 manat ekspertiza, 35 manat icraçıya ödənən xərc və 450 manat kredit qalığının tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

4. Cavabdeh MMC iddia tələbinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, iddiaçı qeyd olunan qüsurla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunan qüsuru təsdiq edən hər hansı sənəd olmaması öz əksini tapmışdır. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi daxil olan vaxtdan işin mahiyyəti üzrə araşdırılması üçün tədbirlər görülmüşdür. Qeyd olunan televizorda yaranan qüsurla bağlı Baku Service Companiyə müraciət etdikdən sonra qeyd olunan məhsulla bağlı texniki rəyin olması barədə məlumat verilmişdir. Baku Service Company tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli texniki rəydə cihazın əmtəə görünüşünün pozulması, ekran açılmır və televizorun LCD panelində qüsur aşkarlanması qeyd olunmuşdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi “TV SAMSUNG UE50AU8000UXRU” markalı məhsula qarantiya müddəti 1 il təyin edildiyi üçün servis tərəfindən məhsulun düzəldilməsi üçün ödənişli xidmət göstəriləcəyi bildirilmişdir. Satıcı tərəfindən hər hansı satılmış məhsula yalnız qarantiya dövründə ödənişsiz xidmət göstərilir. Qeyd olunan “TV SAMSUNG UE50AU8000UXRU” markalı məhsulda yaranan qüsur qarantiya müddətinə şamil edilmədiyi üçün ödənişsiz xidmət göstərilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən BL665386 saylı 29.122021-ci il tarixli nisyə satış müqaviləsinə əsasən əldə etdiyi “TV SAMSUNG UE50AU8000UXRU” markalı məhsul İddiaçı saz vəziyyətdə təhvil verilmişdir. 5.Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-214/2025 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdehndən 1404 (bir min dörd yüz dörd) manat məbləğində pul və 150 (bir yüz əlli) manat mütəxəssis xərcinin əvəzinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdehndən 35,54 (otuz beş manat, əlli dörd qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı “Samsung” markalı televizoru almış, həmin televizor iddiaçıya təhvil verildikdən sonra (1 il 3 ay sonra) onda müəyyən qüsurlar yaranmış, həmin əşyanın zəmanət müddəti 1 il müəyyən edilmişdir. Alıcı, yəni iddiaçı müəyyən edilmiş zəmanət müddəti bitdikdən sonra, lakin əşyanın ona verildiyi vaxtdan iki il ərzində qüsurla bağlı müraciət etmişdir. Satın alınmış televizorun istehsal qüsurlu olmasının sübut etmə vəzifəsini iddiaçı daşıyır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02- 11/25 nömrəli mütəxəssis rəyinə əsasən UE50AU8000UXRU modelli, “Samsung” markalı televizorda aşkar edilmiş qüsurlar istehsal qüsurlarıdır. “X5” MMC texniki rəyinə əsasən UE50AU8000UXRU modelli, “Samsung” markalı televizorda yaranan qüsur istismar zamanı yaranan qüsurdur. Məhkəmə bu mütəxəssis rəyində əks olunan halların digər mötəbər sübutlarla öz təsdiqini tapmadığını əsas götürərək hesab edir ki, bu rəyin sübut qismində dəyərləndirilməsi qeyri-mümkündür. Qüsurun əşya alıcıya verildiyi həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyi müəyyən edilmişdir. Sözügedən televizorun dəyəri 1849 manat olmuşdur. İcra qeydinə əsasən iddiaçının cavabdehə 445 manat borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə 1404 manat ödəniş həyata keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 1404 manat pul tutulmalıdır. İddiaçı tələbini “450 manat və 35 manat” hissəsini təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə iclası zamanı Elektron Məhkəmə Sistemində “digər məhkəmə və icra işləri barədə məlumatlar” bölməsinin “icra işləri” hissəsində e223540/2024-47-53 saylı icra işi üzrə (445 manat və 25 manat) “status” qrafasında “icraatdadır” qeyd olunmuşdur.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600.1, 600.2, 390.1, 581.1, 581.2, 587.1, 587.2, 587.2.1, 587.2.2, 587.5, 588, 589.1, 589.7-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci bəndinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-214/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Şikayətin dəlilləri:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz ərizəsində "xxxx" MMC ilə müqavilə bağlayarkən satıcı özü televizorun rəngini qəsdən elə tündləşdirib ki, qüsurlar bilinməsin. Satıcı tərəfindən TV məhsul təhvil verilən zaman yoxlanılır və təhvil təslim aktına əsasən saz vəziyyətdə verilməsi alıcı tərəfindən imzalanır. Alıcı məhsulu aldığı müddətdən 1 il 3 ay keçməsinə baxmayaraq əgər məhsulda qüsur mövcuddursa onun görünməməsi qeyri-mümkün olan bir haldır. Tələbkar "xxxx" MMC borclu İddiaçı tərəfindən müqavilə üzrə qalan 445 manat borc öhdəliyinin icra etməməsi səbəbindən Notariat qaydada borcun ödənilməsi üçün xx.xx.2024-cü il tarixli, 8i-10081 saylı icra qeydi çıxarılmışdır. İddiaçı cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixində nisyə satış müqaviləsi bağlasa da 2 il səkkiz aydan sonra məhkəməyə müraciət etmişdir. Əgər məhsulda qüsur mövcud olmuş olsaydı iddiaçı öz hüquqlarını cavabdehin notariat qaydada icra qeydi çıxarmamışdan öncə məhkəməyə müraciət etmiş olardı. "X6" MMC tərəfindən tərtib edilən texniki rəydə yaranan qüsur istismar zamanı yaranması bildirilsə də məhkəmə iddiaçının təşəbbüsü ilə ekspertizanın keçirilməsi barədə qərardad qəbul edərək mütəxəssis rəyinin alınması üçün "xxxx" MMC yə göndərmişdir. Məhkəmə iclası zamanı mütəxəssis rəyinin alınması zamanı qeyd olunan işin gedişində "xxxx" MMC-nin nümayəndəsinin də cəlb edilməsi xahiş olunsa da nümayəndənin iştirakı olmadan keçirilmişdir. Bundan başqa tədqiqat obyekti barədə rəy vermək üçün dəvət edilmiş şəxsin mütəxəssis səlahiyyətinin olmasını təsdiq edən sənədi olmadan rəy verilmişdir. Məhkəmə iclası zamanı iddiaçı özü etiraf edərək bildirmişdir ki, Əhmədov Fərid adında şəxs mənzilə gələrək TV-yə baxış keçirib və onun kartına 200 manat pulunun olmadığını bildirərək 150 manat ödəyib. Məhkəmə iclası zamanı tədqiqat obyektinin ekspertiza mərkəzinə verilməməsi və "xxxx" MMC-nin nümayəndəsinin cəlb edilməməsi, qeyd olunan vəsaitdən az 150 manat məbləğin mütəxəssis qismində cəlb edilən şəxsin kartına göndərilməsi, ekspertizanın aparılması qaydalarının kobud surətdə pozulmasına dəlalət edir. "xxxx" MMC-nin rəsmi əməkdaşı ilə əlaqə saxlanıldığı zaman (055 5170101) mütəxəssis qismində cəlb edilən şəxsin onların rəsmi işçisi olmamasını etiraf etmiş və iddiaçıdan vəsaitin rəsmi surətdə bank hesabına ödənilməməsini, onlara qane etmədiyi üçün nağd qaydada karta göndərildiyi bildirildi. Məhkəmə iclasında ekspertizanın aparılması qaydalarının pozulması məhkəmənin diqqətinə çatdırılsa da bununla bağlı heç bir tədbir görülməmişdir. Mütəxəssis qismində cəlb edilən şəxsin xüsusi biliyi olan mütəxəssis olmaması və qeyd olunan "xxxx" MMC-nin rəsmi əməkdaşı olmaması məhkəmənin nəzərinə çatdırılsa da məhkəmə pozuntuları nəzərə alınmamışdır. Cavabdeh tərəfindən rəsmi qaydada əlavə ekspertizanın keçirilməsi üçün vəsatət verilsə də məhkəmə tərəfindən təmin edilməmiş və bununla bağlı qərardad qəbul edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsi mütəxəssis kimi fəaliyyət göstərməsini təsdiq edən heç bir sənəd olmadan Fərid adlı şəxsin verdiyi rəyi sübut kimi nəzərə alaraq əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Qanunda qeyd olunduğu kimi tərəflər ekspertizanın keçirilməsini tələb etdikdə əvvəlcədən qeyd olunan vəsait məhkəmənin depozit hesabına köçürülməlidir. İddiaçı isə bildirdiyinə görə mütəxəssis kimi cəlb edilən şəxsin kartına pulu göndərir (150 manat) və "xxxx" MMC isə aparılan tətqiqatın dəyəri kimi 200 manatı qeyd olunan depozit hesabına köçürülməsini bildirir. Məhkəmə qeyd olunan halın prosessual pozuntu kimi deyil sadəcə ekspertiza keçirilməsi ilə əlaqədar ödənilənməli olan məbləğin azaldılması kimi nəzərə alaraq, iş üzrə yekun məhkəmə qətnamə çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhsulda qüsur zəmanət müddətindən sonra yaranmışdır. İşdə olan rəyə əsasən qüsur istismar zamanı yaranmışdır. Məhkəmədən ekseprtiza keçirilməsini xahiş etmişlər, ekspertiza təyin olunsa da predmetə baxışda iştirakları təmin olunmamışdır. Hansıki iddiaçı izahatında da bildirib ki, ekspertiza qiyməti 200 manat məbləğində müəyyən olunsa da iddiaçı ekspertlə aralarında olan razılığa əsasən ekspertə məxsus bank kartına 150 manat köçürmüşdür. Ona görə də ekspert rəyi əsassızdır. Mütəxəssisin həmin rəyi vermək səlahiyyətinin olması belə şübhə altındadır. İcra qeydinə gəldikdə isə iddiaçı icra qeydini mübahisələndirmədən birbaşa məhkəməyə müraciət edib. İcra qeydi verilməsəydi iddiaçı pul tələbi ilə məhkəməyə müraciət etməyəcəkdi. 150 manatın hansı əsasla ödənilməsi məlum deyil.

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İcra qeydinə əsasən əmək haqqından tutulmalar aparılmış və onun tərəfindən icra qeydi mübahisələndirilməmişdir. İlk üç ayı əlbəəl ödəmiş, qüsur çıxdığından ödənişi dayandırmışdır. Ekspert rəyinə gəldikdə isə ekspertə imkanının olmadığını bildirərək 150 manat ödəmişdir. Yenidən ekseprtiza təyin edilməsinə etirazı yoxdur. 2023-cü ilin iyulunda televizorun xarab olduğunu bildirmiş, cavabdeh tlelvizoru təhvil almamışdır. Televizor hazırda evindədir. Bir il qarşı tərəfdən xəbər gözləmiş, yeni televizor almamışdır. Mütəxəssis məhsula baxış keçirərək qüsurlu olduğunu müəyyənləşdirmişdir. Məhkəməyə müraciət etmək üçün 1 il gözləməyinin səbəbi cavabdehdən xəbər gözləməyi olub. Servis ustası bildirmişdir ki, zavod qüsurudur. Lakin buna dair sənəd təqdim etməmişdir.

İşdə olan sübutlar

13. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BL665386 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavəyə əsasən, Cavabdeh MMC dəyəri 1849 manat olan əşyanı cavabdeh İddiaçı satmış, cavabdeh İddiaçı isə alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə, hər ay 78 manat, sonuncu ay 55 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

14. “X5” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli texniki rəyin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli müraciəti əsasında UE50AU8000UXRU modelli, “Samsung” markalı televizor (zamənət müddəti 1 il) diaqnostika olundu. LCD paneldə (ekranda) qüsur aşkarlandı. Qüsur istismar zamanı yaranan qüsurdu. Nəticədə televizorun LCD paneli (ekran) yenisi ilə əvəz olunmalıdı. Zəmanət müddəti bitdiyi üçün ödənişli xidmət təklif olundu.

15. Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli, № 8İ-10081 saylı icra qeydindən görünür ki, Sumqayıt qəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Cavabdeh MMC-nin xeyrinə İddiaçı BL665386 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 445 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 470 manat pul tutulmalıdır.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualın cavablandırılması, yəni televizorun işlək vəziyyətdə olub-olmaması, televizorda olan qüsurlar və onların yaranma səbəblərinin müəyyən edilməsi müvafiq istehsalçı şirkətin məhsullarına texniki xidməti həyata keçirən, qeyd edilən sahədə ixtisaslaşmış mütəxəssis tərəfindən həll edilə bilər.

17. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02-11/25 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında mülkiyyətçi İddiaçı ilə birlikdə UE50AU8000UXRU modelli, “Samsung” markalı televizora baxış keçirildi. Məlumat üçün bildirildi ki, UE50AU8000UXRU modeli “Samsung”-un 50 düymlük 4K Smart TV seriyasına aiddir. İstehsal illəri 2020-2021-ci illərə aiddir. Televizorda mövcud vəziyyəti müşahidə etmək üçün ilk öncə elektrik təchizatı və əlaqələnin olduğu yoxlanıldı. Enerji axınının mövcudluğu müəyyən edildi. İkinci mərhələdə distansiyalı idarəetmə pultunun işlək olması təftiş edildi. Onun da batareya ilə təmin və işlək olduğu qeydə alındı. Nəticə olaraq televizor ekranında mavi və rəngsiz sahələr yaranmağa başladı. Dərhal yenidən qaralma baş verdi. Heç bir səs effekti müşahidə edilmədi. Müəyyən edildi ki, bu hal televizorda istehsal qüsurunun olması ilə əlaqədardır. Ümumilikdə həmin dövrlərdə UE50AU8000UXRU modelli “Samsung” markalı televizorların ekranlarında qüsurların olması tez-tez rast gəlinən hallara çevrilmişdir. Beləliklə, aparılan təhlillərin nəticəsi olaraq təsdiq edildi ki, ünvan 2 ünvanında mülkiyyətçi İddiaçı məxsus mənzildə mövcud olan UE50AU8000UXRU modelli, “Samsung” markalı televizorda aşkar edilmiş qüsurlar istehsal qüsurlarıdır. Mütəxəssis rəyi X1 (BQS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Tədqiqatın dəyəri 200 manat təşkil etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını və ya əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi tələb etsin. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. Alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. Lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

588. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.7. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 614.1. Pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.3. Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (qida məhsulları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. 624.4. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

19. “Notariat haqqında” Azərbaycan Respublikasının qanunu:

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.

20. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

21. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-214/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-214/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

23. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BL665386 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC dəyəri 1849 manat olan əşyanı cavabdeh İddiaçı satmış, cavabdeh İddiaçı isə müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə, hər ay 78 manat, sonuncu ay 55 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı televizorun alındığı vaxtdan təxminən 1 il 3 ay sonra televizorda qüsur aşkarlandığını və həmin qüsurun istehsal qüsuru olduğunu iddia edərək, yaranmış nasazlıqla əlaqədar xx.xx.2023-cü il tarixdə “X5” MMC-yə müraciət etmiş, həmin hüquqi şəxsin verdiyi rəyə əsasən isə televizorun LCD panelindəki (ekranda) qüsurun istismar zamanı yaranan qüsur olması müəyyən edilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə ödənişlər edilmədiyindən, vaxtında ödənilməmiş 445 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 470 manat pulun tutulması ilə bağlı icra qeydi verilməsi üçün notariat orqanına müraciət edilmiş və tələbə dair Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-10081 saylı icra qeydi verilmişdir. İcra qeydi iddiaçı tərəfindən mübahisələndirilməmiş, lakin icra qeydinin verilməsindən təxminən bir ay sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

24. İşə baxan birinci instansiya məhkəməsi "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02-11/25 nömrəli mütəxəssis rəyini mötəbər sübut qismində qiymətləndirərək iddianı təmin etsə də həmin mütəxəssis rəyi mötəbər olmamaqla yanaşı, birinci instnasiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına da uyğun olmamışdır.

25. Belə ki, mütəxəssis rəyində televizorda enerji axınının mövcudluğu müəyyən edilmiş, ikinci mərhələdə distansiyalı idarəetmə pultunun işlək olması təftiş edilmiş, onun işlək olduğu qeydə alınmış, lakin televizor ekranında mavi və rəngsiz sahələr yaranmağa başlamış və dərhal yenidən qaralma baş verməklə, heç bir səs effekti müşahidə edilməmişdir. Buna görə televizorda istehsal qüsurunun olması qənaətinə gəlinmişdir. Göründüyü kimi mütəxəssis rəyində bu halların hansı səbəbdən yaranması əsaslandırılmamaqla, qüsurun istehsal qüsuru olması nəticəsinə gəlinmişdir. Hərçənd ki, həmin qüsurların kənar təsir nəticəsində də yaranması istisna olunmur. Nəzərə alınmalıdır ki, bir ildən çox müddət ərzində televizorun fəaliyyətində hər hansı bir nöqsan mövcud olmamışdır.

26. Bundan başqa məhkəmə kollegiyası nəzərə almışdır ki, iddiaçı televizordakı qüsurun 2022-ci ilin fevral ayında yarandığını iddia etsə də yalnız icra qeydinin verilməsindən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, televizordakı qüsurun yarandığı tarixdən iddia qaldırdığı tarixədək keçən 1 il 6 ay ərzində yuxarıda istinad olunan Mülki Məcəllənin 624-cü maddəsində nəzərdə tutulan hüquqlarından istifadə etməmiş və əşyanın qüsurları ilə bağlı tələblərini satıcıya qarşı irəli sürməmişdir.

27. Ən əsası isə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi xx.xx.2021-ci il tarixli, BL665386 saylı alqı-satqı müqaviləsi üzrə vaxtında ödənilməmiş 445 manat pula dair Sumqayıt şəhər 4 saylı Notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixli, 8İ-10081 saylı icra qeydi verilmişdir ki, həmin icra qeydi iddiaçı tərəfindən mübahisələndirilməmiş, icra qeydi icraya yönəldilərək tutulmalı olan pul məbləği iddiaçının əmək haqqından tutulmuş və tam olaraq icra edilmişdir. Yuxarıda istinad olunan “Notariat haqqında” Azərbaycan Respublikasının qanunun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda verilir ki, iddiaçının da icra qeydini mübahisələndirməməsi faktı cavabdeh tərəfindən iddiaçıya qüsürlu əşya verilməsi faktını istisna etmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarına düzgün qiymət verməmiş və əsassız nəticəyə gəlmişdir.

28. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-214/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-214/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən şikayət verilə bilməz. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar