Məhkəmə qərarları › İş №2(105)-1674/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1674/2023

05.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1674/2023 05.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin sabit pul məbləğində tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndə və vəkili Vəkil1, Cavabdeh nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(067)-1487/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün 06 yanvar 2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 2 uşaqları doğulmuşdur. Cavabdehlə faktiki olaraq ayrılmışlar. Cavabdeh uşaqları ilə maraqlanmır, uşaqların saxlanması üçün ona vəsait ödəmir. Uşaqların saxlanması üçün maddi cəhətdən çətinlik çəkir.

3. Cavabdeh tərəfdən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(067)-1487/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 aprel 2023cü ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat məbləğində sabit pul şəklində alimentin alınaraq Qurbanova (Əmirmətova) Zümrüd Hacırəhim qızına verilməsi, qətnamənin dərhal icra olunması, Cavabdeh 46 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə).

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2023cü il tarixli, 2(067)-1487/2023 saylı qətnaməsinin dəyişdirilməsini və iddianın tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm onun, həm cavabdehin rəsmi iş yerləri mövcuddur və hər ikisi demək olar ki, eyni məbləğdə əmək haqqı alırlar. Məhkəmənin iş üzrə qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır, aşağıda göstərilən səbəblərə görə dəyişdirilməlidir. Belə ki, məhkəmə iddia tələbini qismən təmin edərək, cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 150 manat məbləğində aliment tutulması barədə qərara gələrkən bunu işin hansı hallarına əsasən etdiyi başa düşülən deyil. Qətnamədə tərəflərin əmək haqqı barədə arayışlara istinad olunur və qeyd edilir ki, həm iddiaçının, həm cavabdehin rəsmi iş yerləri mövcuddur və hər ikisi demək olar ki, eyni məbləğdə əmək haqqı alırlar. İddiaçı uşaqların anası olaraq daima onlara qulluq göstərir, ərzaqlarını təmin edir, paltarın səliqəli olmasını təmin edir və s. Yəni iddiaçının uşaqlara göstərdiyi bu qayğılar cavabdehə aid deyildir. Ona görə də məhkəmənin tərəflərin demək olar ki, eyni məbləğdə əmək haqqı alması əsası ilə alimentin məbləğinin hər ay hər uşaq üçün 150 manat müəyyən edilməsi əsassız hesab edir. Bundan da əlavə məhkəmə alimentin tutulmasının başlanğıcının xx.xx.2023-cü il tarixdən, yəni iddia ərizəsinin məhkəmədə qeydiyyatdan keçdiyi gündən hesablanmasın düzgün hesab etmir. İddia ərizəsində iddiaçı Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən alimentin cavabdehə mediasiya təklifinin verildiyi tarixdən hesablanmasını xahiş etmişdir. Hesab edir ki, həqiqətən də, alimentin tutulması məhz mediasiya təklifinin göndərildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Əks halda mediasiya institutunun əhəmiyyəti sual altına düşür. Yəni iddiaçı mediasiya prosesi keçməli olmasaydı o, birbaşa məhkəməyə müraciət edərdi və alimentin hesablanması tarixi xeyli qabağa düşərdi. Hesab edir ki, cavabdeh hər ay hər uşağa görə 220 manat məbləğində aliment ödəmək iqtidarındadır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Cavabdeh tərəfindən apellaysiya şikayətinə qarşı etiraz verilməmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iki övladı var. Məhkəmə tərəfindən ona ödənilməsi qət olunmuş məbləğ azdır. Uşaqların ehtiyacları getdikcə artır. Qızı 10-cu sinifdə oxuyur. Repetitorlarla universitetə qəbul olmaq üçün hazırlaşır.. 2022-ci ilin noyabr-dekabr aylarından cavabdeh uşaqlara qətiyyən maddi yardım etmir. Eyni ünvanda yaşayırlar. Amma bir-biri ilə heç bir münasibəti yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(067)-1487/2023 saylı qətnaməsinin dəyişdirilməsini və iddianın tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə alimentin həcminin müəyyən olunması və tutulma vaxtının hesablanması hissəsində düzgün nəticəyə gəlməmişdir. Hesab edir ki, aliment iddia ərizəsi məhkəməyə daxil olduğu gündən deyil, mediasiya təklifi qarşı tərəfə göndərildiyi gündən hesablanmaqla tutulmalıdır. Bu Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsaslanmaqla tətbiq olunmalıdır. Əks halda mediasiya mexanizminin işləkliyi şübhə altına alınmış olur. Çünki tərəf mediasiyaya müraciət etməyə ehtiyac olmasa idi, birbaşa məhkəməyə müraciət edərdi və vaxt itirməzdi. Uşaqların yaşı az deyil. Onların ehtiyacları durmadan artır. Cavabdeh ayda rəsmi 945 manat əmək haqqı alır. Onun üçün tələb etdiyi məbləği ödəmək böyük problem deyil. 150 manat bir uşağın minimum tələbatının təmin olunması üçün çox azdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(067)-1487/2023 saylı qətnaməsinin dəyişdirilməsini və iddianın tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iş materiallarında tərəflərin əmək haqqına dair rəsmi arayışlar var. Cavabdeh 945 manat, iddiaçı 963 manat əmək haqqı alır. Uşaqları saxlamaq hər iki valideynin borcudur. Cavabdeh hazırda qət olunmuş məbləği ödəməyə razıdır. İddiaçının 1 hektara yaxın həyətyanı torpaq sahəsi, 500 ədəd fındıq ağacı var. Burdan da gəlir götürürlər. Keçən ilki gəlir 4570 manat olub. Nikahın pozulması üçün məhkəməyə müraciət ediləcəkdir. Məbləğin artırılmasına razı deyil. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2023cü il tarixli, 2(067)-1487/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər

13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”.

14. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir.

15. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

18. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, iddiaçı qətnaməni alimentin məbləği və tutulma vaxtı hissəsində mübahisələndirir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(067)-1487/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. İş materiallarından müəyyən olunur ki, tərəflərin rəsmi nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Aysu və xx.xx.2014-cü il təvəllüdlü Ülvi adlı uşaqlar doğulmuşdur.

21. İş materiallarında olan Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli 3-29-32/2-283/2023 saylı arayışdan müəyyən olunur ki, İddiaçı həqiqətən xx.xx.2005-ci il tarixdən Xaçmaz rayonu Yaquboba kənd ibtidai məktəbində ibtidai sinif müəllim vəzifəsində işləyir və ona 2023-cü ilin mart ayında 963.17 manat əmək haqqı ödənilmişdir.

22. İş materiallarında olan Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli 3-29-32/2-282/2023 saylı arayışdan müəyyən olunur ki, Cavabdeh həqiqətən xx.xx.2005-ci il tarixdən Xaçmaz rayonu Düztahiroba kənd ibtidai məktəbində ibtidai sinif müəllim vəzifəsində işləyir və ona 2023-cü ilin mart ayında 945.08 manat əmək haqqı ödənilmişdir.

23. Birinci instansiya məhkəməsi valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alaraq alimentin məbləğini hər uşaq üçün 150 manat, eləcə də Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulma vaxtının iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən tutulması qənaətinə gəlmişdir.

24. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

25. Belə ki, birinci instansiya məhkəməsi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən alimentin məbləğini 220 manat müəyyən etmişdir.

26. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir.

27. Konstitusuya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir.

28. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər.

29. Hazırki işdən görünür ki, iddiaçı müəllim vəzifəsində işləməklə 963.17 manat, cavabdeh müəllim vəzifəsində işləməklə 945.08 manat əmək haqqı alır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normalarına əsasən uşağı saxlamaq hər iki valideynin borcu olduğunu, eləcə də iddiaçının da cavabdehin aylıq gəlirindən çox qazancı olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən nəticədə də haqlı olmuşdur.

31. Bundan başqa məhkəmə kollegiyası alimentin tutulma vaxtının iddia ərizəsi ilə məhkəməyə müraciət edilən vaxtdan tutulması barədə birinci instansiya məhkəməsini gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

32. Göründüyü kimi, qanunvericilikdə bir qayda olaraq alımentin tutulma vaxtının məhkəməyə müraciət edildiyi vaxtdan tutulması birmənalı olaraq qeyd edilmişdir.

33. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticələrdə haqlı olmuşdur.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməli, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslı hesab edilməməlidir. Belə ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilməsi üçün üçün əsaslar mövcud deyil.

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

36. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(067)-1487/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır.

37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(067)-1487/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar