Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1683/2025 10.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, X10 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-6063/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa görə 246 manat, ümumilikdə 738 manat sabit pul məbləğində alimentin, 50 manat mediasiya ödənişinin, 300 manat vəkil xərcinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-6063/2025 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-6063/2025 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi iddia ərizəsi və ona əlavə olunan sənədləri aidiyyət qaydalarına riayət olunmadığından geri qaytarmışdır. Məhkəmənin qənaətinə görə işə tərəflərin qeydiyyatda olduğu yer üzrə məhkəmədə baxılmalıdır, çünki şəxsiyyət vəsiqəsi üzrə Salyan rayonunda qeydiyyatdadırlar. Ona görə də məhkəmə qərardadı ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-6063/2025 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli şikayətə əlavəsində qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş iş yerindən arayışdan da görünür ki, iddiaçı Nərimanov Rayonu DİN Daxili Qoşunların N saylı hərbi hissəsində cərrahiyyə şöbəsində tibb bacısı vəzifəsində çalışır. İş materiallarına əlavə olunmuş yaşayış yerindən verilmiş arayışdan da görünür ki, iddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, Saray MTK, bina 1, mənzil 58-də yaşayır. Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə 31 yanvar 2003-cü il tarixli qərarında qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. Onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı yer (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə özünün, qohumunun, tanışının və başqa yaşayış binası) isə vətəndaşın olduğu yer sayılır. Yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır və yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qanunun müddəalarından göründüyü kimi qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Qeydiyyat orqanları isə Qanunla müvəkkil olunurlar ki, vətəndaşın iradəsinə uyğun olaraq daimi və ya müvəqqəti yaşadığı yerin azad seçilməsi aktını təsdiq etsinlər. Buna görə, vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması vətəndaşların özünə yaşayış yerini azad seçmək hüququnu pozmamalıdır. Digər tərəfdən özünə yaşayış yerini azad seçmək hüququ mütləq xarakter daşımır və bəzi hallarda isə məhdudlaşdırıla bilər. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsinin üçüncü hissəsində müəyyən olunduğu kimi bu hüququn məhdudiyyətləri qanunla müəyyən olunmalı, dövlət təhlükəsizliyinin, içtimai asayişın, əhalinin sağlamlığının və ya mənəviyyatının və yaxud digər şəxslərin hüquq və azadlıqlarının mühafizə olunması baxımından zəruri olmalıdır. Bu ictimai və xüsusi maraqların arasında tarazlaşma axtarışının zərurəti ilə əlaqələndirilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda dəqiq göstərilmişdir. Özünə yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıra biləcək hallar Qanunda göstərilənlərdən artıq olmamalı və geniş şəkildə şərh edilməməlidir. Mülki Məcəllənin 27.1ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslardan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllədə iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət edilməli olduğu halda, iddiaçının seçiminə görə aidiyyatda iddiaçının yaşadığı yerin məhkəməsinə verilməsini şərtləndirir. İddiaçının seçiminə görə aidiyyatda qeyd edilir ki, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Maddənin məzmununa diqqət yetirilsə görünür ki, qanun iddiaçıya hüquqlarını yaşadığı yerin məhkəməsinə müraciət etməklə müdafiəsinə şərait yaradır. Bu iddiaçının sağlamlığı, məhkəmədə hüquqlarının müdafiəsinin məhdudlaşdırılması və bu hüquqların həyata keçirilməsində çətinliklər olmaması səbəbindən verilmişdir. Belə olduğu halda formal mülahizələrə əsaslanan qərardadla, ondan asılı olmayan səbəblərdən qeydiyyatda olduğu ünvanda yaşamasının faktiki mümkün olmadığı halda, yanında olan 3 körpə uşaqla Salyan Rayon Məhkəməsinə müraciət edilməyə məcbur edilir. Bu qanunun, istinad etdiyi normanın ruhuna ziddir. Bundan əlavə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda 2 anlayış mövcuddur: 1.Şəxsin yaşayış yeri, 2.Şəxsin olduğu yer-onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Məhkəmə qeyd edir ki, qanunverici şəxsin yaşayış yerinin və yaxud olduğu yerin aydın və birmənalı müəyyən edilmiş olmasına xüsusi əhəmiyyət verir və məhz bu zərurətdən çıxış edərək sözügedən məsələ (Azərbaycan Respublikasının vətəndaşının yaşayış yeri məsələsi) üzrə birmənalılığı (hüquqi müəyyənliyi) təmin edən vasitə rolunda müstəsna olaraq şəxsiyyət vəsiqəsində əks olunmuş yaşayış yeri üzrə qeydiyyat barədə məlumatı görür (Azərbaycan Respublikasının vətəndaşının yaşayış yeri haqqında məlumatın rəsmi mənbəyi olaraq yalnız şəxsiyyət vəsiqəsini göstərir). O, qanunvericilik tərəfindən ona verilmiş hüquqdan, hansı ki, yanında körpə uşaqları ilə qeydiyyatda olduğu ünvandan yox, yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Formal mülahizələrə əsaslanaraq ərizəsinin geri qaytarılması məhkəməyə müraciət hüquqlarını pozur. Normativ hüququ aktların iyerarxiyasına əsasən Mülki Məcəllə və Qanunlar qəbul edilmiş digər qərarlardan daha üstün qüvvəyə malikdir. Aralarında ziddiyət olduğu təqdirdə Məcəllə və ya qanun üstün qüvvəyə malik olur. Mülki Məcəlləyə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə isə qeyd edir ki, şəxsin yaşayış yeri, şəxsiyyət vəsiqəsində qeydiyyat alındığı yerdir. Göründüyü kimi, qanunvericilikdə verilmiş anlayışla, məhkəmənin gəldiyi nəticə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası MPM-inin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)- 434/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə onun yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə siyahısı həmin qanunda nəzərdə tutulmuş sənədləri təqdim etməlidir. Həmin Qanunun 10-cu maddəsinə görə vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan göründüyü kimi, qanunverici şəxsin yaşayış yerinin və yaxud olduğu yerin aydın və birmənalı müəyyən edilmiş olmasına xüsusi əhəmiyyət verir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsində “şəxsin yaşayış yeri” anlayışına aid edilən yerlər özü-özlüyündə, yəni şəxsiyyət vəsiqəsində yaşayış yeri qismində göstərilib-göstərilməməsindən (şəxsin həmin yaşayış yeri üzrə qeydiyyata alınıb-alınmamasından) asılı olmayaraq deyil, yalnız bu qisimdə şəxsiyyət vəsiqəsində göstərilmiş yer olduğu halda sözügedən qanunun məqsədləri baxımından şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Göstərilənlərə əsasən kollegiya hesab edirik ki, ərazi aidiyyəti qaydalarının müəyyən edilməsində şəxsin “yaşayış yeri” kimi yalnız onun yaşayış yeri üzrə qeydiyyata alındığı ünvan qəbul edilməlidir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, tərəflər Salyan rayonunda qeydiyyatdadırlar. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin MPM-in 152.1.3-cü maddəsinə əsasən geri qaytarılması barədə gəldiyi nəticə əsaslı olduğundan, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-6063/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 395-396, 398, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-6063/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1683/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1683/2025
10.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver