Məhkəmə qərarları › İş №2(105)-1697/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1697/2024

22.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1697/2024 22.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının müəyyən edilməsi məsələsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəmələrində icraat

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində icraat

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2(002)-2478/2024 nömrəli qərardadı ilə (hakim Qamət Əbilov) İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə mülki işin aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “AZEMİS” Elektron Məhkəmə Sistemində qeydiyyat yeri ilə bağlı verilmiş sorğulardan görünür ki, Cavabdeh qeydiyyatı Şamaxı rayonu Məlhəm kəndi, İddiaçı qeydiyyatı isə Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5 massiv, ev 47-dir. Məhkəmə qeyd edir ki, iş materiallarına Bakı şəhəri, Qaradağ rayonun ərazisində yaşamasına dair arayış əlavə edilsə də, iddiaçı məhkəmə iclasında izahatında qeyd etdi ki, o, qeydiyyatda olduğu ünvanda yox, ünvan 1 Belə ki, hazırkı işə əlavə edilmiş arayış formal xarakter daşıyır. Məhkəmə hesab etmişdir ki, mülki prosessual qanunvericiliyə görə iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə və yaxud özünün faktiki yaşadığı yerin məhkəməsinə müraciət etməlidir.

Abşeron Rayon Məhkəməsində icraat

4. Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(012)- 5486/2024 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə məhkəmələr arasında ərazi aidiyyətinə görə fikir ayrılığı olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən ərazi aidiyyətinə görə hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi üçün mülki işin Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində özünün qeydiyyatda olduğu ünvan kimi Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2ş, bu fakt iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsi ilə öz təsdiqini tapmışdır. Lakin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi öz qərardadında yalnız iddiaçının faktiki olaraq ünvan 3 ünvanında yaşaması barədə izahatına əsaslanaraq hazırkı mülki işə Abşeron Rayon Məhkəməsində baxılmalı olduğunu qeyd etmişdir. Halbuki iş materiallarında İddiaçı izahatında qeyd etdiyi kimi ünvan 3 ünvanında Daxili İşlər Nazirliyinin inzibati ərazi vahidi üzrə müvafiq qurumu tərəfindən müvəqqəti qeydiyyata alınması ilə bağlı hər hansı sənəd mövcud deyildir. Bundan əlavə iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, Cavabdeh iddia ərizəsində qeyd edildiyi kimi Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatdadır. Bu səbəbdən məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, hazırkı mübahisəyə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində və ya cavabdehin qeydiyyatda olduğu Şamaxı Rayon Məhkəməsində baxılmalıdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası araşdırılan məsələyə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Göründüyü kimi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi ilə Abşeron Rayon Məhkəməsi arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı baş vermiş, ərazi aidiyyətinin müəyyən edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərardadına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Məhkəmə kollegiyası məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə bağlı məsələyə baxaraq aşağıda şərh olunanları qeyd edir:

11. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə təhlil edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir.

12. Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur.

13. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.

14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1ci bəndinin tələblərini pozur.

15. Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir.

16. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağılabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin; ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir.

17. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

18. Qeyd edilən maddədə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir.

19. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 maddə)

20. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsində özünün qeydiyyatda olduğu ünvan kimi Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2ş, bu fakt iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsi ilə öz təsdiqini tapmışdır.

21. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, Cavabdeh iddia ərizəsində qeyd edildiyi kimi Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatdadır.

22. İddiaçı MPM-nın 36-cı maddəsinə əsasən seçim hüququndan istifadə edərək rəsmi qeydə alındığı yer üzrə Qaradağ Rayon Məhkəməsində iddia qaldırmışdır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

24. Göründüyü kimi iddiaçı iddia ərizəsi ilə Qradağ Rayon Məhkəməsinə müraciət edərkən şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən rəsmi qeydə alındığı yer üzrə yaşayış yeri Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, ev 47 ünvanı olmaqla, ərazi aidiyyət qaydalarının pozulmasına yol verilməmişdir.

25. Qeyd olunmalıdır ki, mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir və ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.

26. Kollegiya vurğulayır ki, məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).

27. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə ərazi aidiyyətinə görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmalıdır.

28. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar