Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1705/2025 15.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment miqdarının azaldılması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2(060)-4994/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdehə qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin artırılması və dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-270/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin azaldılaraq 0.3 misli həddində müəyyən olunması, alimentin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)- 198/2025 nömrəli qərardadı ilə artırıldığı vaxtdan azaldılması, 60 manat mediasiya xərci və 325 manat hüquqi yardıma görə ödənişin də cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 14 yanvar 2014-cü il tarixli, 2(060)-270/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-198/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 yanvar 2014-cü il tarixli, 2(060)-270/2014 saylı qətnaməsi ilə 29 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən olunmuş alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla indeksasiya olunaraq minimum aylıq əmək haqqının 0.85 misli miqdarında müəyyən edilmişdir. Hazırda məhkəmə qərarına əsasən o, cavabdehə 340 manat aliment ödəməlidir. Həmin məbləğ isə kifayət qədər yüksəkdir. Bundan əlavə onun himayəsində başqa bir övladı da var. Ona görə də hesab edir ki, alimentin məbləği azaldılmalıdır. Hazırda o, uşağın saxlanması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.3 misli həddində sabit pul məbləğində aliment (yəni hər uşağa 120 manat) ödəyə bilər. Hesab edir ki, uşağın saxlanılması üçün aliment tutulması barədə iddiaya baxarkən məhkəmə “Yaşayış minimumu haqqında” Qanunun yox, Ailə Məcəlləsinin tələblərinə əsasən mülki prosessual qanunvericiliyin normalarına müvafiq olaraq alimentin miqdarını müəyyən etməlidir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-198/2025 nömrəli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-270/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 29 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin sonrakı artımlar da nəzərə alınmaqla indeksasiya olunaraq minimum aylıq əmək haqqının 0.85 misli miqdarına müəyyən edilməsi qərara alınmışdır.
5. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası üçün 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir.
6. 31.07.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hüquqi yardıma görə 325 manat xərc İddiaçı tərəfindən ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2(060)-4994/2025 nömrəli qərardadı ilə (hakim Pərvin İmamverdiyeva) İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə alimentin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)- 198/2025 nömrəli qərardadı ilə artırıldığı vaxtdan azaldılması hissəsində xitam verilməsi qərara alınmışdır.
8. Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2(060)-4994/2025 nömrəli qətnaməsi ilə (hakim Pərvin İmamverdiyeva) İddiaçı Cavabdeh qarşı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-270/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin azaldılması tələbinə dair iddiasının təmin edilməməsi, mediasiya və hüquqi yardım xərclərinin iddiaçıya aid edilməsi, iddia tələbinə alimentin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-198/2025 nömrəli qərardadı ilə artırıldığı vaxtdan azaldılması hissəsində xitam verilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(075)-4994/2025 saylı qərardadının nəzərə alınması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 və 112.1-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119, 121.1, 217.1, 216-220, 227, 233, 358, 360-cı maddələri və ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2(060)-4994/2025 nömrəli qətnaməsinin dəyişdirilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-270/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin azaldılaraq 0.3 misli həddində müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 14 yanvar 2014-cü il tarixli, 2(060)-270/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)198/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 yanvar 2014-cü il tarixli 2(060)-270/2014 saylı qətnaməsi ilə 29 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən olunmuş alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla indeksasiya olunaraq minimum aylıq əmək haqqının 0,85 misli miqdarında müəyyən edilmişdir. Bildirir ki, məhkəmə qərarına əsasən o, hazırda cavabdehə 340 manat aliment ödəməlidir. Həmin məbləğ isə kifayət qədər yüksək məbləğdir. Bundan əlavə onun himayəsində başqa bir övladı da var. Ona görə də hesab edir ki, alimentin məbləği azaldılmalıdır. Hazırda o, uşağın saxlanması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3 misli həddində sabit pul məbləğində aliment (yəni hər uşağa 120 manat) ödəyə bilər. Ailə Məcəlləsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi onun maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişiklik olmayıb. Əksinə maddi vəziyyəti daha da ağırlaşıb. Belə ki, onun himayəsində başqa bir övladı da var. Hesab edir ki, alimentin azaldılması daha ədalətli olardı. Lakin işə baxan məhkəmə bunu nəzərə almamışdır. Maraqlıdır ki, 2025-ci ildə yaşayış minimumu uşaqlar üçün 246 manat, minimum əmək haqqı isə 400 manat müəyyən olunub. Belə olan halda onun hər ay 340 manat aliment ödəməsi qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə əsassız qətnamə qəbul etmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
14. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
15. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etsə də apellyasiya şikayətinin dəlillərindən görünür ki, apellyator məhkəmə qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.İ. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34.İV Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
17. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
21. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
22. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəfin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək yeni qətnamə qəbul olunmalı, iddia qismən təmin edilməlidir.
25. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən kollegiya qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və alimentin miqdarının dəyişdirilməsi üçün əsaslıdır.
26. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, 2014-cü ildə tərəflər arasında nikah pozularkən birgə nikahdan doğulmuş uşaq ananın yanında saxlanılmış, onun saxlanılması üçün məhkəmə qətnaməsinə əsasən hər ay 90 manat məbləğində aliment təyin edilmişdir. Həmin aliment məbləği məhkəmə qərardadı ilə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.85 misli həddində indeksasiya edilmişdir. Bundan sonra iddiaçının cavabdehə ödədiyi alimentin məbləği hər ay 340 manat olmuşdur.
27. İddiaçı alimentin bu miqdarda müəyyən edilməsinin onun maddi vəziyyətinə uyğun olmadığını, himayəsində yetkinlik yaşına çatmayan uşağı olduğunu əsas gətirərək məhkəmə qətnaməsi ilə təyin edilmiş məbləğin minimum əmək haqqının 0,3 misli həddində azaldılmasını xahiş etmişdir.
28. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir /bax bənd 8/.
29. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində iddiaçının maddi vəziyyətinin pisləşməsi (məsələn, işini və ya əmək qabiliyyətini itirməsi, himayəsində aliment tutulan digər uşaqlarının olması və s.) ilə bağlı hər hansı bir əsas göstərilməmiş, məhkəmə iclasında da bu hallar müəyyən edilməmiş, onun gəlirlərinin azaldığını və ya maddi vəziyyətini pisləşdirən digər obyektiv halların baş verməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir.
30. Məhkəmə qətnaməsində narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
31. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq məhkəmə kollegiyası aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
32. İlk növbədə qeyd olunmalıdır ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.
33. Qanunvericiliyin göstərişləri alimentin təyin edilməsində uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına yönəlsə də, bu zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.
34. Konstitutsiya Məhkəməsinin Plenum Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin, diqqətəlayiq olan başqa halların araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi, tərəflərin əmək qabiliyyəti və sağlamlıq vəziyyəti, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmaması və s. məsələlər nəzərə alılmalıdır.
35. Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən hallar Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbləri baxımından iddiaçının diqqətəlayiq maraqları kimi qiymətləndirilərək nəzərə alınmalıdır.
36. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçının iş yeri, o cümlədən vergi ödəyicisi kimi qeydə alınması, adına daşınar və dövlət qeydiyyatından keçən daşınmaz əmlaklar müəyyən edilmir. Ailə vəziyyətində dəyişiklik olmaqla, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı vardır.
37. Şərh olunanlara əsasən məhkəmə kollegiyası, azyaşlı uşağın saxlanmasında hər iki valideynin iştirak etməli olduğunu, müəyyən edilmiş diqqətəlayiq halları, habelə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu nəzərə alaraq hesab edir ki. birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyasının qənatincə İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin edilmiş aliment məbləği azaldılaraq sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində müəyyən edilməsi hazırkı mübahisənin halları baxımından ədalətli və ağlabatandır.
38. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
39. Kollegiya hesab edir ki, dəyişdirilmiş aliment məbləğinin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyindən hesablanmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2(060)-4994/2025 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-270/2014 saylı qətnaməsi ilə qət edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)- 198/2025 nömrəli qərardadı ilə indeksasiya olunaraq sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.85 misli miqdarında təyin edilmiş sabit pul məbləğində aliment azaldılsın, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı Cavabdeh xeyrinə sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kssasiya şikayəti verilə bilməz.